Məhkəmə qərarları › İş №1(012)-573/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-573/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-573/2023 27.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsində qeydiyyatda olmaqla həmin ünvanda nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhərində “Kolxoz bazarı” kimi tanınan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil olan təmiz çəkisi 1,528 qram ağ rəngli kristal maddədən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 15 manat müqabilində qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla Abşeron rayonu Saray qəsəbəsi X8 küçəsinə daşımış, 16 fevral 2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsində şübhəli şəxs qismində saxlanılaraq Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına gətirilərək bölmənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən həmin 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,528 qram ağ rəngli kristallik formalı maddədən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində özünü təqsirli bilərək bildirdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayon, Saray qəsəbəsi X8 küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayır. Narkotik vasitə olan heroin istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı küçədə piyada hərəkətdə olarkən mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərdikdən sonra onun anket məlumatlarını soruşmuşlar. O da polis əməkdaşlarına lazımi məlumatları vermişdir. Daha sonra, onun hərəkətləri polis əməkdaşlarına şübhəli gəldiyi üçün polis əməkdaşları onun narkotik vasitələrin istifadəçisi olmasından şübhələndiklərini bildirib, birlikdə Abşeron RPİ-nin Saray PB-nə getməli olduğunu söyləmişlər. O da polis əməkdaşlarına səmimi etiraf edərək üzərində şəxsi istifadəsi üçün aldığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Polis bölməsində onun üzərinə şəxsiaxtarış keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və bundan sonra üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxtı o da əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan kəsiyinə bükülmüş içərisində “şüşə” kimi tanıdığı psixotrop maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış keçirmişlər. Lakin heç nə tapmayıb təqdim etdiyi bükümə baxış keçirib bükümdəki kütləni haradan və nə vaxt aldığını soruşmuşlar. O da həmin 1 büküm psixotrop maddəni xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhərində “Kolxoz” bazarı kimi tanıdığı yerdə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini və psixotrop maddəni aldığı şəxsi tanımadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış-götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçisi ilə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Qeyd etdiyi proses videoçəkiliş vasitəsilə qeydə alınmış və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonda o, etdiyi əməl üzrə peşmançılıq çəkdiyini əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 16 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar olaraq o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra ondan və Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşı ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsində məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1985-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsində qeydiyyatda olmaqla həmin ünvanda nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxsdur. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin Saray PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun və Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və prossesə dəvət edilmiş vəkil X3 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffav rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxararq təqdim etdiyi bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümün içərisindəki psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “təqdim etdiyi psixortop maddə metamfetamini 16 fevral 2023-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhərində “Kolxoz” bazarı kimi tanınan ərazidə tanımadığı şəxsdən 15 manata alıb əynində olan boz rəngli şalvarının sağ yan cibində qoyaraq özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşımışdır. Onun narkotik vasitə və ya psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffav rəngli sellofan kəsiyi bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlarda həmin protokola imaza etmişlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır.Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfindən DVD formatlı kompak diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibində bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini üzərində saxlayaraq daşıdığını və həmin kütlənin ona məxsus olduğunu qeyd etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində “Kolxoz bazarı” adlanan ərazidə tanımadığı şəxsdən istifadə etmək üçün 15 (on beş) manat müqabilində almışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekstertizanın 17 fevral 2023-cü il tarixli 6/988 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “DİN-nin Zərflət üçün №246 saylı” dairəvi möhür əksi, “Hüseynov P;...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,528 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil (Siyahı 1) daxildir”. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi - 1,528 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,478 qram. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından qalıq qalmış 1,478 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və bir ədəd “GOLD” sözü yazılmış DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində metafetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan ambulator məcburi- narkoloji tibbi yoxlamanın 01 avqust 2023-cü il tarixli, 4879 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir.Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1,478 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən ağ rəngli üzərində qırmızı hərflərlə “GOLD” sözü yazılmış DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1,478 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan ağ rəngli üzərində qırmızı hərflərlə “GOLD” sözü yazılmış 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar