Məhkəmə qərarları › İş №1(012)-575/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-575/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-575/2021 16.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, hakim Həsənov Vaqif İskəndər oğlu Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X4 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X3 müdafiəçisi Müdafiəçi1nın iştirakları ilə, Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X5 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayətinə üzrə Abşeron rayon məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X3 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X4 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 şikayəti onunla əsaslandırdı ki, X2 rayonu, Qobu qəsəbəsi Körpələr eviuşaq bağçasının müdiri vəzifəsində çalışır. X5 həmin bağçada tərbiyəçi köməkçisi vəzifəsində çalışır. X1 Kəmalə Faiq qızının barəsində şərəf və ləyaqətini ləkələyən, qeyriəxlaqi sözlər işlədərək K.Nəcəfovanı bütün bağça işçilərinin gözü qarşısında nalayiq formada təhqir etmişdir. Aradan iki-üç aydan artıq müddət keçməsinə baxmayaraq hələ də bağçaya daxil olarkən K.Nəcəfova bağçada çalışan bütün işçilər qarşısında özünü təhqir edilmiş hiss edir, Bildirirəm ki, bağçanın tərbiyəçi köməkçisi X5 dəfələrlə kollektivi və K.Nəcəfovanı təhqir etmiş, bu səbəbdən də işçilərin ona bu barədə şikayətləri üçün X5 ilə söhbət etmək üçün dəfələrlə onunla danışmağına baxmayaraq, etdiyi qeyri etik hərəkətlərə son qoymaq əvəzinə K.Nəcəfovanı kollektiv içində əxlaqsız sözlərlə təhqir etmiş və ləkələmişdir. Bu azmış kimi həyat yoldaşı tərəfindən də təhqir və təhdid edilmişdir, X3 adıçəkilən bağçada qeyri-etik davranışını müzakirə etmək üçün təşkil edilmiş 24 may 2021-ci il tarixli iclasda qeyri-etik davranışlar sərgiləyərək K.Nəcəfovanı təhqir etmişdir. X3 bu təhqir və təhdidlərini aktlaşdırmışlar, Bundan başqa 23 iyun 2021-ci il tarixdə X5 qrupda səs- küy edərək uşaqları qorxutmuş, bu hərəkət azmış kimi işçilərin yanında əlini stola çırparaq “tərbiyəsiz-əxlaqsız qadın, şərəfsiz, və polisin qucağında oturub işlərini həll edirsən” sözlərini yüksək səslə çəkinmədən deyərək K.Nəcəfovanı qeyri-etik, alçaldıcı, insan ləyaqətini tapdalayan ifadələr ilə təhqir etmiş və iş vaxtı icazə almadan işi yarımçıq qoyub getmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Onun bu söyüş və təhqirləri K.Nəcəfovanı çox sarsıtdı. Ona öz dilində cavab vermək nə onun şəxsiyyətinə, nə də ailə tərbiyəsinə uyğundur. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Ona görə də onun bu əməlləri barədə Abşeron Rayon Məhkəməsinə müraciət etmək və lazımi ölçülərin qanun çərçivəsində görülməsini qərara alınmışdır. X3 K.Nəcəfovanın ünvanına dediyi sözlər və ifadələr açıq-aşkar təhqir xarakterlidir. Hadisə məhkəməyə dəvət edəcəyi şahidlər tərəfindən də sübut olunacaq. Kəmalə Nəcəfova barəsində həqiqətə uyğun olmayan məlumatlar verilməsi onun şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzuna xələl gətirmiş, hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Göründüyü kimi X8 həmin cinayəti bütün kollektivin eşidə biləcəyi, uca səslə törətdiyi üçün həmin maddə ilə də cinayət məsuliyyətinə cəlb edilməldir. Sonda o, 10.08.1994-cü il tarixdə Yardımlı rayonu, Abasabad kəndində anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbə Ərazi Dairəsi, Qobu qəsəbəsi, Sovxoz evi, ev.2 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X3 müdafiəçisi Müdafiəçi1 bildirdi ki, X4 barəsindədə xüsusi ittiham qaydasında verdiyi şikayət həqiqəti özündə ehtiva etmir. K.Nəcəfovanın şikayətdə qeyd etdiyi hallar tamamilə yalan məlumatlardır, sadəcə olaraq o R.Mirzəyevanın işə getməməyi üçün bu cür yollara əl ataraq ona təsir etməyi düşünür. Aşağıda qeyd olunan işin hallarından və qanunvericilik aktlarından açıq-aşkar bəlli olur ki, X4 şikayətinin hüquqi əsası yoxdur və bu səbəbdən də icraata xitam verilməlidir. 01.08.2014-cü ildən Abşeron rayonu, Qobu qəsəbəsi 11 saylı körpələr evi- uşaq bağçasında dayə-texniki işçi kimi çalışır. Cari ilin aprel ayına kimi fəaliyyətində hansısa problem yaranmasa da nədənsə, hansı maraqdansa R.Mirzəyevanın hüquqları kobud şəkildə pozulmağa başlanıldı. R.Mirzəyeva qanunsuz şəkildə işdən çıxarılmışdır. R.Mirzəyeva heç kimi təhqir etməmişəm, yəni onun əməlimdə hansısa cinayətin tərkibi yoxdur, yalnız və yalnız pozulmuş hüquqlarının qanuni şəkildə bərpa edilməsi üçün qanunauyğun şəkildə çalışmışdır. Sonda o, X4 xüsusi ittiham qaydasındakı şikayətinin əsassız və qanunsuz olduğundan, şikayətin əsaslılığını təsdiq edəcək mötəbər sübutlar olmadığından, tərtib edilmiş aktlar bir-birilə ziddiyyət təşkil etdiyindən, R.Mirzəyevanın əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibi olmadığından verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməməsi, yəni məhkəmə tərəfindən şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etdi. Xüsusi ittiham qaydasında şikayəti öyrənib hesab edirəm ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədən göründüyü kimi, ərizədə şikayət verilən şəxs haqqında məlumatlar tam şəkildə öz əksini tapmamış, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X5 tərəfindən törədilməsinə dair sübutlar göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinin tələbinə görə isə şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X6 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar