Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-575/2024 10.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmuş, Kəlbəcər rayonu, Çəpli Ərazi Dairəsi, İlyaslar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilərək Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, hazırda cəzasını çəkib qurtarmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində arvadı X5 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivi Gənclik küçəsi 256 nömrəli fərdi yaşayış evinə azyaşlı uşaqlarını görmək üçün gəldikdə həmin vaxt, əvəllər tanımadığı Zərərçəkmiş şəxs arvadı Rüfanə Musayevanın evindən çıxması səbəbindən aralarında yaranmış mübahisə zamanı masanın üzərində olan kül qabını götürüb Zərərçəkmiş şəxs sağ əlinə vuraraq sağ əlin V barmağının dırnaq falanqası sümüyünün kənar qopuğu ilə müşaiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, eyni zamanda qarşı tərəfin də təqsirli olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Eyni zamanda bildirdi ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilindiyi 08 ay azadlıqdan məhrum etmə cəzasını 25 mart 2024-cü il tarixdə çəkib qurtarmışdır. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki onun heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. X7 ilə təxminən 2016-cı ildə tanış olmuş, 2017-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladları doğulmuşdur. Evləndikdən sonra onlar atasına məxsus olan Sumqayıt şəhəri Yaşıl dərə yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamışlar. Bir müddət sonra işi ilə əlaqədar olaraq onlar Şəmkir rayonuna köçüb Rüfanənin anası Saraya məxsus evdə yaşamağa başlamışlar. Qızı orada dünyaya gəlmiş, bir müddət sonra keçmiş arvadı X9 adlı şəxslə telefonla yazışmasını tutmuş, bunun üstündə aralarında mübahisə baş vermiş, valideynləri imkan verməmişlər ki, onlar boşansınlar, hətta onların Şəmkir rayonu Kür qəsəbəsində yerləşən polis bölməsində araşdırmaları olmuşdur, onlar barışandan sonra Goranboy rayonu Veyisli kəndi Yeni qəsəbəsinə köçüb bir müddət orada yaşamışlar. Təxminən 2020- 2021-ci illərdə Bakı şəhərinə gəlmiş, gecə evdə olarkən görmüşdü ki, kimsə evin qapısını açıb içəriyə daxil olub, o yuxudan oyanan zaman həmin şəxs qaçıb getmiş, bununla bağlı polisə şikayət etmişdir, Rüfanə ona yalvarmışdr ki, evə gələn onun tanışı Elxandır, o da Elxandan polis şöbəsinə şikayət etmişdir. O, Bakı şəhərində olan vaxtı Rüfanə evdən 3 gün yoxa çıxmış, sonradan məlum olmuşdur ki, o Elxan adlı şəxslə bir yerdə olub, sonra qohumlar yalvar-yaxar etdikdən sonra onlar barışmışlar. Bundan sonra, Bakı şəhərinə köçüb, bir müddət kirayə qaldıqdan sonra Rüfanənin anası Abşeron rayonu Saray qəsəbəsi Üzümlük massivində torpaq sahəsi almış, o da təxminən 20000 manat evin tikilməsinə pul qoymuş, qalan pulu da Sara qoymuş onlar evi tikib oraya köçmüşlır. Yeni evə köçdükdən sonra Rüfanənin telefonuna baxmış və görmüşdür ki, o, tanımadığı oğlanla əl-ələ tutub gəzməkləri barədə videoları var. Onların bununla bağlı mübahisəsi olmuş, sonra o, Rüfanədən ayrı qalmağa başlamışdır. Həmin ərəfədə Rüfanə ona demişdir ki, onun problemləri var o da ona aparıb 4150 ABŞ doları pul vermiş, onlar söhbət edərkən Rüfanə masanın üzərinə olan cin nömrəsini sındırmış, o da ondan soruşmuşdur ki, bu nə gizli nömrədi, o, da demişdir ki, hərbiçi oğlanın bacısı ilə danışıb, onun bacısı onu hərbiçi oğlanla barışdırmaq istəyib, o, isə barışmayıb. O da bu sözlərdən sonra pulu Rüfanədən alıb oradan çıxıb getmişdir. Bir neçə gün sonra o uşaqlarına dəyməyə getmişdir. Rüfanənin telefonla kişi ilə danışdığını eşitmişdir. O, da demişdir ki, onun danışdığı oğlan onu boşanma gözü ilə görmür uşaqlarına yaxşı baxacaqdır. Həmin günün gecəsi o, evin zirzəmisində gizlənmiş, səhər saatlarında Rüfanənin kiminləsə danışdığını eşitmişdir, o da ondan telefonu almaq istəyərkən aralarında mübahsiə baş vermiş, Rüfanə ondan Abşeron rayon Polis İdarəsinə şikayət etmiş və işləri məhkəməyə göndərilmiş və ona qolbaq cəzası verilmişdir. Bir müddət sonra Rüfanə ondan boşanmaq üçün Abşeron rayon məhkəməsinə müraciət etmiş, həmin ərəfədə o uşaqları ilə görüşmüş, qızları ona demişlər ki, evə tez-tez bir oğlan gəlib gedir. O da Rüfanədən soruşmuş ki, evə gəlib-gedən kimdir, o, isə yalandan demiş ki, guya evə gələn onun dayısı nəvəsidir. xx.xx.2023-cü il tarixdə Rüfanə ona zəng vuraraq demiş ki, anasıgilə gedəcək, ağrıyır, gedib uşaqları aparsın. O da demiş ki, hazırda gələ bilmir işdədir, gecə saatlarında gələcək. Həmin gün gecə saat 22:00 radələrində Rüfanənin istifadəsində olan mobil telefona zəng vurmuş, lakin ona zəng çatmamışdır. Evin qarşısına çatanda görmüş ki, darvazanın yan hissəsində Hyundai markalı avtomobil park edilmişdir. Evə yaxınlaşıb qapını döyməmiş ki, bəlkə evdə Rüfanənin qohumları olar və gözləmək qərarına gəlmişdir. Təxminən 15-20 dəqiqə sonra Rüfanə özü ona sms yazmış ki, gəlmə uşaqlar yatıb, o da ona demiş ki, burdadır gözləyir. Rüfanə isə demiş ki, çıx get, sabahları gəl, o da evdən səs-küy gəldiyini eşitmiş və ondan soruşmuş ki, evdə kimlər var. Rüfanə də and içmiş ki, evdə heç kim yoxdur, o, onun sözlərinə inanmamış və qapını döymüşdür. Bundan sonra Rüfanənin anasından ona zəng gəlmiş, o, onu yığmaq istəyərkən onun telefonu məşğul olmuşdur. Bundan sonra, evdən uzaqlaşmış, elə fikirləşmiş ki, Rüfanənin anası evdədir, avtomobil ona tanış gəlmədiyi üçün gözləmiş ki, evdən kim çıxacaqdır. Təxminən 30 dəqiqəyə yaxın gözlədikdən sonra görmüş ki, evdən əvəllər tanımadığı sonradan adlarının Zamin və Xəyal bildiyi şəxslər çıxmışlar. O, onlardan soruşmuş ki, siz kimsiz, onlar cavab verməmiş, o, onaların üstünə qışqırmış, görmüş ki, hər ikisi sərxoşdur. Zamin daha çox içkili olmuşdur. Onlar onu evə dəvət etmiş, Zamin öndə getmiş, o da onun arxasında, Xəyal isə dalda gəlirmiş. Zamin evə daxil olandan sonra o, onun arxasında evə daxil olub, evin seyf qapısını içəridən bağlamış, həmin vaxt Xəyal həyətdə qalmışdır. Evə daxil olanda Rüfanədən soruşmuş ki, bunlar kimdir, gecə vaxtı burada neynəyirlər. Rüfanə ona demiş ki, gecə vaxtı burada nə işin var, həmin vaxt uşaqlar səsini eşidib o biri otaqdan çıxmış və hər birinin əlində mobil telefon olmuşdur. O, uşaqları görən kimi Rüfanəyə demiş ki, bəs sən nəyə görə yalan danışırsan ki, güya uşaqlar yatıb. O, Rüfanəyə demiş ki, əgər belə işin varıydısa, gedib oteldə edərdin uşaqlar bunu görməzdi. Zamin də demiş ki, o nə sözdür deyirsən, o, Zaminə demiş ki, səninlə işim yoxdur, səni Rüfanə çağırıb gəlmisən, mənim işim hazırda məhkəmədədir uzaq dur, işim Rüfanəynəndir. O, Rüfanəyə demiş ki, bu neçənci əxlaqsız hərkətlərindir, bu sözlərindən sonra Zamin qəfildən yumruqla sinə və çiyin nahiyəsindən vurmuş. O, əlindən tutub kənara itələmiş, Xəyalın içəriyə daxil olduğunu görmüş, Xəyal üstünə gələndə ona tərəf çevriləndə Zamin arxadan boğmağa başlamışdır. Halsız olduğu üçün yerə yıxılmış, həmin vaxt Zamin onu boğurmuş. Xəyal yerdə olduğunu görüb Zaminə qışqırmış ki, burax öldü. Həmin vaxt uşaqların yerdə uzandığını görüb, qışqıraraq yanına gəlmişlər. Xəyal da demiş ki, uşaqlar qorxdu, burax, Zamin də ayağa qalxıb sağ bel nahiyəsindən təpik zərbələri ilə 3-4 dəfə vurmuşdur. Bundan sonra, ayağa qalxıb uşaqları o biri otağa aparmış ki, ağlamasınlar.Həmin vaxt telefonu cibindən çıxardıb DİN-nin 102 xidmətinə zəng vurmaq istəyərkən Xəyal əlindən telefonu alıb verməmişdir. Xəyal qolundan tutub divanda otuzurdurmaq istəyəkən oturmamış, Zamin də arxadan itələmiş ki, otu söhbət edək, işimiz var səninlə, o da oturandan sonra Zamin demiş ki, səni kameradan görüb özü çıxmamış, buraya tez-tez gəlib-getdiyini bilmiş, bir də buraya gəlmə Rüfanəni narahat etmə.O da bildrimiş ki, Rüfanə ilə rəsmi nikahı var, evə bazarlıq alıb gəlir. Bir müddət sonra Xəyal araq butulqasını götürüb gəlmiş və Rüfanəyə demiş ki, araq rumkası gətir araq içək. O da demiş ki, araq içmir. Onlar bir az mübahisə etmiş, Xəyal da cibində qara qulplu açılıb bağlanan bıçağı çıxardıb onu vurmaq istəmiş, lakin Zamin imkan verməmişdir və Xəyalın qolundan tutub demiş ki, hələ gözlə. Rüfanəyə demiş ki, uşaqları ver çıxıb gedim, o, da uşaqları verməyəcəyini demişdir. Zamin də demiş ki, nə lazımdırsa Rüfanəyə kömək edəcəkdir. O, da demiş ki, sən kimsən ki, mənim uşaqlarıma yeyəlik edirsən. Rüfanəyə demiş ki, bu adam kimdir, Socarda işləyən, danışdıqlarından hansıdır. Zamin də Rüfanəyə demiş ki, bu nə danışır, Rüfanə də and içdi ki, bu yalan danışır, nə danışdığım, nə də ki görüşdüyüm olub. Zamin demiş ki, DİN-nin 102 xidmətinə zəng vurub gələcəklər. Bir neçə dəqiqə sonra gördü ki, Vüsal adlı şəxs evin qarşısna gəlmiş, Zamin küçəyə çıxıb onunla söhbət etmiş. Təxminən 30 dəqiqə sonra Sara evə gəlmiş və onu danlamağa başlamışdır. Bundan sonra, evə getmək isdəmiş, Xəyal üstünə bıçaq çıxardıb demiş ki, onunla avtomobilə minib evinə getməlidi, yoxsa vuracaqdır. O, avtomobilə əyləşəndən sonra Xəyal bıçağı avtomobilə qoyub telefonunu özünə qaytarmış və Vüsalla birlikdə onu yaşadığı ünvana aparmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Aliyev Elvin İbrahim oğlu ilə barışdığını, ona qarşı şikayəti, tələbi olmadığını və işin icraatına xitam verilməsini xahiş etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Rüfanənin anası Sara ondan xahiş etmişdir ki, qızına aptekdən dərman alıb evinə aparsın. O, da aptekdən dərman alıb Rüfanənin yaşadığı evə dostu Xəyalla idarə etdiyi avtomobillə getmişdir. Onlar evə çatıb dərmanları Rüfanəyə vermiş, həmin vaxt evdə Rüfanənin azyaşlı uşaqları olmuşdur. Rüfanə onlara təklif etmişdir ki, onlar 1 stəkan çay içib getsinlər. O və Xəyal evdə çay içərkən kiminsə evin darvazasını daşla vurmasının səsini eşitmişlər. Bundan sonra o və Xəyal darvazadan küçəyə çıxmaq istəyərkən Rüfanə demişdir ki, gələn onun keçmiş əridir, küçəyə çıxmasınlar əks halda aralarında mübahisə yarana bilər. Buna baxmayaraq o və Xəyal küçəyə çıxmışlar. Darvazanın qarşısında Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Elvin onlardan kim olduqlarını soruşmuşdur. O, da Elvinin içkili olduğunu görüb bildirmişdir ki, evə keçib söhbət etsinlər.Elvin ondan qabaq evə keçerək Rüfanəni döymək isdəmişdir. O, da Elvinin dalınca evə keçmiş, evə keçən kimi Elvin qapını içəridən bağlamış, Xəyal da həyətdə qalmışdır. Elvin Rüfanəni vurmaq istəyərkən o Elvini tutub imkan verməmişdir ki, onu vursun və kənara çəkmişdir. Bundan sonra, Elvin əlinə keçən nə varıydısa onun üzərinə atmışdır. Masanın üzərində olan külqabını, stəkanları ona tərəf atan zaman şüşə qabların biri sağ əlinin çöçələ barmağını kəsmişdir. Bundan sonra, Elvinlə əlbəyaxa olmuşlar, ikisi də yerə yıxılmışdır. O, da Rüfanəyə demişdir ki, qapını tez aç Xəyal içəriyə girib onları aralaşdırsın. Rüfanə qapını açandan sonra Xəyal içəriyə keçib onları aralaşdırmışdır və Elvinə demişdir ki, içkilisən gəl söhbət edək. Elvin isə Rüfanənin və onun ünvanına nalayiq söyüşlər işlətmişdir. Xəyal Elvini sakitləşdirəndən sonra demişdir ki, Elvini küçəyə aparmaq istəyir, Xəyal qazi olduğu üçün və çənəsi zədəli olduğundan o, imkan verməmişdir ki, onlar küçəyə getsinlər. Bundan sonra o, Vüsala zəng vurub demişdir ki, tez taksiyə oturub gəlsin Xəyalın avtomobili ilə onları aparsın. Rüfanə də anası Saraya zəng vurub gəlməsini tələb etmişdir. Bir neçə dəqiqə sonra Sara evə gəlmiş və Elvinə demiş ki, evdən çıx get. Bundan sonra küçəyə çıxmış Elvin avtomobilə əyləşmiş və Xəyal Elvini evlərinə aparıb düşürtmüşdür. O, Elvinin yalan danışmasını bildirmiş, Xəyalın Elvinin üzərinə bıçaq çıxartmadığını, Elvinin onu vurmasını, onun da Elvini əlbəyaxa olan zaman vurmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. xx.xx.2023- cü il tarixdə saat 21 radələrində qohumu Zaminlə birlikdə ona məxsus “Hyundai İ30” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xırdalan şəhərində olan zaman Zaminə zəng gəlmişdir. O, sonradan öyrənmişdir ki, Zaminin Rufanə adlı tanışı ona zəng edərək suçiçəyi xəstəliyi tutması səbəbilə aptekdən ona dərman alaraq və anasının ona göndərəcəyi ərzağı Xırdalan şəhəri, AAAF park yaşayış kompleksindən götürərək Abşeron rayonu Saray qəsəbəsinə Rufanənin yaşadığı evə aparmağını Zamindən xahiş etmişdir. Zamin ondan xahiş etmişdir ki, maşını ilə Rufanənin anasının evinə gedərək deyilən ərzağı götürərək və aptekdən dərman alsınlar. O da, Zaminlə razılaşmışdır və həmin gün əvvəlcə Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə avtomaşınımı sürmüşdür. Zamin maşından enərək getmiş və Rufanənin anası ilə görüşərək onun verdiyi ərzağı götürmüşdür. Bundan sonra, avtomaşına əyləşmişdir. O, hərəkətə davam etmiş və yolda aptekdə saxlamışdır və Zamin təkrar enərək aptekə getmişdir və Rufanənin dediyi dərmanları alıb gəlmişdir. O avtomaşını idarə edərək Zaminlə birlikdə Saray qəsəbəsinə Rufanənin yaşadığı evə gəlmişdir. Zamin Rufanənin yaşadığı evinin darvazasını döymüş və Rufanə qapını açmışdır. Zamin gətirdiyi ərzaq və dərmanları ona vermişdir. Rufanə onları evə çay içməyə dəvət etmişdir. Zamin də ondan xahiş etmişdir ki, onunla birlikdə evə gəlsin. O da, etiraz etməyərək evə daxil olmuşdur. Həmin vaxt evdə Rufanə və 2 azyaşlı övladı olmuşdur. Onlar çay içmiş və təxminən 40 dəqiqə sonra saat 23:30 radələrində qapı döyülmüşdür. Rufanə qapını döyənin əri Elvin olmasını demişdir. Onlar bir qədər həyəcan keçirtmiş və sonradan qapını açmağı qərara almışlardır. O, həyətin darvazasının qapısını açmış və Elvin həyətə daxil olmuşdur.Elvin Zamini tanımışdır. Həmin vaxt Elvin içkili vəziyyətdə olmuşdur. Elvin Zaminin qolundan tutaraq onu evin içərisinə aparmışdır. Onlar birlikdə evə daxil olmuş və Elvin qapını içəridən bağlamışdır.Buna görədə o, həyətdə qalmışdır. Bir neçə dəqiqə sonra içəridən gələn səs- küyə görə qapını döymüş və Rufanə qapını açmışdır. O, Zaminlə Elvinin əlbəyaxa dava etmələrini görmüşdür. Zamin Elvinin baş və bədəninə bir neçə dəfə yumruqla zərbələr vurmuşdur. O da, onları aralaşdırmışdır və Elvini aparıb divanda əyləşdirmişdir. Elvin Zaminlə yenə sözlə mübahisə etmiş və bir-birini təhqir etmişlər. Elvin yenidən özündən çıxaraq masanın üzərindəki külqabını Zaminə tərəf atmış və külqabı Zaminin sağ əlinə dəymişdir. Elvin təkrar masanın üzərində olan stəkanı da Zaminə tərəf atmışdır. Lakin ona dəyməmişdir. Onlar yenə aranı sakitləşdirmiş və Rufanə anasına zəng etmişdir. Anası təxminən 30 dəqiqə sonra onların olduğu evə gəlmişdir. Rufanənin anası Elvinə Rufanədən əl çəkməsini və ondan uzaq durmasını, Elvinin Rufanənin həyatına qarışmasını irad bildirmişdir. Bundan sonra Elvin evinə getmək qərarına gəlmişdir. O, Elvinə onu evinə apara biləcəyini demişdir. Elvin onunla razılaşmışdır və o Elvini yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə adlanan əraziyə aparmışdır. Elvin maşından enərək getmişdir.O da, yenidən Rufanənin yaşadığı evə geri qayıtmışdır. O, yolda olarkən tanışı Vüsala zəng edərək yorğun olduğunu deyərək maşınını sürməyi ondan xahiş etmişdir. Yolda Vüsalla görüşmüş və birlikdə Rufanənin evinə çatmışlar. O, Rufanənin evinə çatdıqda orada Rufanə, Zamin, Rufanənin anasının və azyaşlı övladlarının olmasını görmüşdür. O, onlara gedəcəyini dedikdə Rufanənin anası onunla birlikdə getməyi onu Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinə aparmağı xahiş etmişdir. O, da onun xahişi ilə onu dostu Vüsalla birlikdə Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinə aparmış və yaşadığı evə getmişdir. Sonradan Elvinin polisə şikayət etməsini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir sinifdə oxumuşdur, 20 ilə yaxındır ki, bir birilərini tanımışlar və əvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır.xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Zamin ona zəng vuraraq demişdir ki, Elvin adlı şəxs içkilidir, Xəyal Elvini aparacaq problem olmasın deyə ondan xahiş etmişdir ki, onun qeyd etdiyi ünvana, yəni Abşeron rayonu, Saray qəsəbəsinə getsin. Bundan sonra o, yaşadığı ünvandan taksi ilə Zaminin qeyd etdiyi ünvana getmişdir. Həmin ünvana çatanda qapıda əvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs görmüşdür. Bundan sonra o, Elvin və Xəyal avtomobilə əyləşmişlər. Xəyal avtomobillə Elvini göstərdiyi ünvana aparmış, Elvin sərxoş olmuşdur, göstərdiyi ünvana aparıb düşürdüb geriyə qayıtmışlar. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birgə nikahlarından 2 övladı olmuşdur.xx.xx.2023-cü il tarixdə suçiçəyi xəstəliyi tutduğundan evdən çıxa bilməmişdir. Həmin vaxtdan bir neçə gün əvvəl Elvinə zəng edərək övladlarını gəlib aparmasını və bir neçə gün baxmasını xahiş etmişdir. Lakin, Elvin buna məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə isə anasına zəng edərək evdə ərzaq olmamasını, həmçinin dərman alınmalı olduğunu bildirmişdir. Anası yemək göndərə biləcəyini bildirmişdir. Anası ona bildirmişdir ki, tanışı Zamindən xahiş etmişdir ki, evə gələrək həmin yeməyi Xırdalan şəhəri, AAAF park yaşayış kompleksindən götürərək onun yaşadığı evə gətirməsini demişdir. O da, bunun əsasında Zaminə zəng etmişdir. Zamin də etiraz etməyərək onun dərmanlarını və anasının dediyi yeməyi alıb gətirə biləcəyini demişdir. Həmçinin, özü ilə birlikdə əmisinin oğlu Xəyalın da gələcəyini əlavə etmişdir. Saat 23 radələrində Zamin və Xəyal yaşadığı evə gəlmişlər. Zamin anasından aldığı ərzağı və onun dediyi dərman preparatlarını ona vermişdir. O, onlara çay təklif etmişdir.Bir neçə dəqiqə keçməmiş həyətin qapısı döyülmüşdür. Evin dam örtüyünə daş atılmışdır. Bir qədər sakitlik olmuş və Zaminlə Xəyal getmək qərarına gəlmişlər. Onlar küçəyə çıxan zaman Elvinlə qapıda rastlaşmışlardır. O, bir neçə dəqiqə sonra evin qapısının açılmasını və Elvinlə Zaminin evə daxil olmsını görmüşdür. Elvin qapını arxadan bağlamışdır. Sonra Elvin onun üzərinə hücum çəkmiş, bu zaman Zamin onu saxlamışdır. Onlar əlbəyaxa olan zaman Elvin Zaminə bir neçə dəfə vurmüşdür. O vəziyyətin gərgin olmasını görüb evin qapısını açmış və Xəyalı evə daxil etmişdir. Xəyal onları aralaşdırmaq isdəmiş və çətinliklə onları aralaşdırmışdır. Elvin söyüşlər söyməyə başlamışdır. Bu zaman masanın üzərində olan külqabını götürərək Zaminə tərəf atmışdır. Zamin əlini qaldırıb sifətini qoruyarkən külqabı əlinə dəymişdir. Xəyal Elvini başa salmaq istəmişdir ki, onlar onun üçün dərman gətiriblər və başqa heç bir niyyətləri olmamışdır. Lakin Elvin başa düşməmişdir. O, anası X8ma zəng edərək dərhal gəlməsini xahiş etmişdir. Elvinin onlara getməsini bildirmişdir. Zamin ona Xəyalla getdikdən sonra onu döyəcəyini ona görə də Elvinin də getməli olduğunu demişdir. Zamin Elvinə hətta hara gedirsə apara biləcəyini demişdir. Anasıda onların olduğu evə gəlmişdir. Bundan bir neçə dəqiqə sonra Zaminin tanışı Vüsal da ora gəlmişdir. Elvin onlarla razılaşaraq birlikdə evdən getmişdir. Anası isə həmin gün onunla birlikdə qalmışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, anası Şahid1 ilə birlikdə yaşayırlar. Dəqiq tarix yadında deyil o, anası və bacısı Sona su çiçəyi xəstəliyinə tutulmuşdurlar, Zamin və Xəyal adlı əmilər onlara dərman və yemək gətirmişdilər. Həmin dərmanları onlara nənəsi Sara göndərmişdirlər. Zamin və Xəyal dərmanı verəndə evə quraşdırılmış müşahidə kamerasından görmüşdürlər ki, atası qonşuda yerləşən yarı tikilidə gizlənib. Bundan sonra Zamin və Xəyal küçəyə çıxmışlar və bir neçə dəqiqə sonra atası ilə Zamin evə keçmişlər, bundan sonra atası anasına hücum etmiş və vurmaq istəyəndə Zamin araya girmiş, həmin vaxt atası külqabını anasına tərəf atmış, kül qabı anasının əlinə dəyib əlini kəsmişdir. Bundan sonra, Zaminlə atası dalaşmışlar, anası da qapını açıb və Xəyalı evə buraxmışdır. Xəyal və Zamin atasını döymüşlər. Yerdə olandan sonra atasını onlar vurmuş, sonra sakitləşib və söhbət etməyə başlamışlardır. Anası nənəsi Saraya zəng vurmuş və bir neçə dəqiqə sonra nənəsi gələndən sonra atasına demişdir ki, çıx get burdan və atası, Zamin və Xəyal çıxıb getmişlər. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş üzləşmə protokolu ilə iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs istintaqa vemiş olduqları ifadələrini təsdiq edərək bir-biriləri ilə üzləşmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mübahisə zamanı onunla mübahisə etdiyi zamanı sonuncu onu döydüyünü, kül qabının atması nəticəsində sağ əlindən xəsarət almasını bildirmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 16 iyun 2023-ci il tarixli 1175 saylı rəyində göstərilmişdir ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət-sağ əlin V barmağının dırnaq falanqası sümüyünün kənarı qopuğu ilə müşayət olunan qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər göstərilən xx.xx.2023-ci il tarixə uyğun gələ bilər.Müxtəlif şəraitdə törənə bildiyindən dəqiq hasm şəraitdə törənməsi təhqiqat yolu ilə aydınlaşa bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinə əlavə olunmuş məhkumluğa dair Azərbaycan Respublikası DlN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128 və 66.5-ci maddələrinə əsasən 08 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan işə Azərbaycan Respublikasının CM-in 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib ona 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilmiş və CM-in 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 06 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə qismən birləşdirilməklə qəti olaraq 08 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azadığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 ay 05 gün hissəsi 18 gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmış üzərində qəti olaraq 08 ay azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzanın əvvəli 25 iyul 2023-cü il tarixdən hesablanmışdır. Hazırda Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Aliyev Elvin İbrahim oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Aliyev Elvin İbrahim oğlunun əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. CM-in 59-cu maddəsinə əsasən zərərçəkəmiş şəxslə barışması cəzanı yüngülləşdirən hal kimi müəyyən edildi. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs Aliyev Elvin İbrahim oğlu islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Aliyev Elvin İbrahim oğluna törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Aliyev Elvin İbrahim oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə onun barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə təqsirli bilinib CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 08 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün artıq icra olunduğu 8 ay və CM-nin 68.1.1-1-ci maddəsinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 ay 05 gün hissəsi olan 18 gün, yəni cəmi 8 ay 18 gün çıxılmalı və qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Aliyev Elvin İbrahim oğlunun barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməli, cəzasının əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Aliyev Elvin İbrahim oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Aliyev Elvin İbrahim oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 3 ay azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 8 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, ona 9 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 ay 05 gün hissəsi olan 18 günü və azadlıqdan məhrum etmə cəzasının 8 ayı, cəmi 8 ay 18 gün çıxılsın, Aliyev Elvin İbrahim oğlunun üzərində qəti olaraq 1 ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Aliyev Elvin İbrahim oğlunun cəza çəkməsinin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Aliyev Elvin İbrahim oğlu barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalndan həbs edilsin, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri qüvvədə qalsın. Aliyev Elvin İbrahim oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Aliyev Elvin İbrahim oğluna məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-575/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-575/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver