Məhkəmə qərarları › İş №1(012)-576/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-576/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-576/2023 30.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Sərdar oğlunun, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Abdal Gülablı kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Nurlu” yaşayış massivində nömrəsiz ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 noyabr 2022-ci il tarixdə saat 03 radələrində çilingər-rəngsaz işlədiyi Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şosesi 78, döngə 12 ünvanında yerləşən avtomobil təmir sexində təmirə saxlanılmış Zərərçəkmiş şəxs2 Sərdar oğluna məxsus Chevrolet Cobalt markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 1100 manat dəyərində katalizatoru qaynaq aparatı ilə kəsib çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 1100 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 2 gün əvvəl həmin sexə təmir üçün gətirib saxlanılan “İnfiniti M37” markalı ** KD *** dövlət qeydiyyat nişanlı minik avtomobili tanışı Şahid1 işlətdiyi Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsində yerləşən “RR” avtoservisə gətirib həmin avtomobilin qohumuna məxsus olduğunu deyib orada avtomobilin üzərindən 1200 manat dəyərində olan 2 ədəd katalizatoru qaynaq aparatı ilə kəsib çıxarmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.2-ci ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, özü ailəsinin maddi cəhətdən ehtiyacını təmin etmək üçün yaşadığı yerin yaxınlığında “qum bazarı” deyilən yerlə üzbəüz avtomobil təmiri sexində dəmirçi-malyar kimi fəaliyyət göstərir. 07 noyabr 2022-ci il tarixdə Mehman özünə məxsus Chevrolet Cobalt markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilini sol tərəfi əzilmiş vəziyyətdə sexiə gətirmişdir. Onun avtomobilini iş yoldaşı Seymur təmir etməli olmuş, lakin Seymurun sexində başqa avtomobil olduğundan Seymur həmin avtomobili 2-3 gecəlik Mehmanın avtomobilini sexində saxlamsağı ondan xahiş etmişdir. O, da etiraz etməmiş və həmin gecə avtomobil sexində qalmışdır. Sexin açarını isə Seymura vermiş, həmin gecə sexinin ehtiyat açarını götürüb saat 02-03 radələrində sexə gəlmiş və sexin qapısını açıb orada olan Mehmana məxsus Chevrolet Cobalt markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin katalizatorunu kəsib yerindən çıxarmışdır. Sonra həmin katalizatoru səhəri günü Abşeron rayonu, Masazır kəndində yerləşən «RR» avtoservisə gətirib Ruslan adlı ustaya özünə məxsus maşina aid olduğunu bildirərək ona 150 manata satmışdır. Ruslana həmin katalizatorun oğurluq deyil, özünə məxsus olduğunu demişdir. Həmin günün səhəri işə gəldikdə Seymur avtomobili sexdən çölə çıxardığını görmüş, o da sexə gəlib öz işi ilə məşğul olmuşdur. Həmin gün avtomobil sexin qarşısında qalmış, bundan sonrakı 2 gün ərzində həmin avtomobil yalnız gecə onun sexində qalmışdır. 3-cü gün isə Seymur artıq həmin avtomobili öz sexinə salıb təmir etdirməyə başlamış, sonradan avtomobilin katalizatorunu oğurlanması xəbərini Mehmandan eşitmişdir. O, bu barədə heç kəsə deməmiş, bundan sonra polis dəvət edildikdə katalizatoru oğurladığını etiraf etməmiş, lakin sonradan işin üstünün açılacağından ehtiyat edib atası ilə birlikdə Mehmanla görüşüb ona dəymiş 1100 manat ziyanı ödəmişdir. Şahid3 atasıdır. Şahid2 qonşusu və uşaqlıq dostudur. Onunla münasibətləri yaxşı olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Onun Asabilə 400 manat borcu olmuşdur. Asabil də ondan həmin pulu qaytarmağı dəfələrlə demiş, o da maddi imkanı olmadığı üçün ən yaxın zamanda borcunu qaytarcağını demişdir. 28 dekabr 2022-ci il tarixdə atası Əbülfət idarə etdiyi yük avtomobili ilə Biləcəri qəsəbəsində sonradan tanıdığı Zərərçəkmiş şəxs1 idarə etdiyi “İnfiniti M37” markalı ** KD *** dövlət nömrə nişanlı minik avtomobili toqquşmuşdu. Hadisədə heç kim xəsarət almasa da Samidin avtomobilinə maddi zərər dəymişdir. Atası da onunla razılaşmışdır ki, usta olduğu üçün Samidin avtomobilinin zədələnmiş hissəsini təmir etsin. Samid də atası ilə razılaşıb səhəri gün, yəni 29 dekabr 2022-ci il tarixdə həmin avtomobili onun işlədiyi təmir sexinə gətirib ona təhvil vermişdir. Samid avtomobilin açarını ona verib “3-4 gün müddətində təmiri yekunlaşdır gəlib götürəcəm” deyib getmişdir. Həmin gün axşam təmir sexində olarkən dostu Asabil onun yanına gəlib ona olan borcunu istəmiş, o da Asabilə “səbirli ol sabah bir yerdən tapıb verəcəm” demişdir. Daha sonra Samidin maşınıı soruşanda o, hadisəni danışmışdır. Səhəri gün, yəni 30 dekabr 2022-ci il tarixdə işdə olarkən Asabil yenədə onun yanına gəlib borcunu istəyəndə ona pul tapa bilmədiyini demiş, sonuncu da, ona “mənə dəxli yoxdur, pulumu qaytar” demişdir. O da bu vaxt “onda gəl mənimlə gedək Samidin avtomobilinin səsboğucularını satım, sənin ordan pulunu verim” demişdir. Asabil də onunla razılaşmışdır. O, Samidin avtomobilinin sükanı arxasına Asabil isə yanında oturub avtomobili sürərək Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “RR” avtotəmir sexinə gəlmişlər. Orada həmin avtomobilinin səsboğucularını nasaz olduğu üçün satmaq istədiklərini demişdir. Adını xatırlamadığı usta maşının onlara məxsus olub-olmadığını soruşanda o “hə yeznəmizin avtomobilidir” demişdir. Bundan sonra həmin usta avtomobilin alt hissəsində səsboğucuya baxıb ikisinə 150 manat pul verə biləcəyini demişdir. O da bu vaxt ustaya “150 manat çox azdır”, satmaq istəmədiyini deyib Asabil ilə geriyə onun iş yerinə gəlmişlər. Asabil ona “pulunu kimdən tapırsan tap qaytar” deyib getmişdir. Səhəri gün, yəni 31 dekabr 2022-ci il tarixdə saat 11 radələrində evdə olarkən Asabil ona zəng edib borcunu istəmişdir. O da başqa yolu olmadığını avtomobilin səsboğucusunu aparıb həmin yerdə satacağını deyəndə Asabil ona “dəxli yoxdur borcumu qaytar” demişdir. O da yenidən Samidin avtomobilinə minib Masazır kəndindəki “RR” avtotəmir yerinə gəlmiş, həmin Rauf adlı ustanın oğluna səsboğucuları satmaq istədiyini demiş, sonuncu da həmin səsboğucuları sökəndən sonra ona cəmi 270 manat pul təklif etmişdir. O da həmin pulu götürüb avtomobili idarə edərək iş yerinə gəlmiş, maşını sexin qabağında saxlayıb evə gedərkən məhlədə Asabil ilə görüşüb ona səsboğucuları 150 manata satdığını deyib pulu vermiş, Asabil də çıxıb getmişdir. O, qalan 120 manat pulu isə şəxsi ehtiyacına xərcləmiş, bundan sonra Samidin avtomobilinin zədələnmiş hissəsini rəngləyərək təmir edib işini qurtarmışdır. 02 yanvar 2023-cü il tarixdə Samid onun işlədiyi sexə gəlib avtomobilə baxıb yaxşı rəngləndiyini deyib açarı da ondan alıb çıxıb getmiş, fikirləşmişdir ki, yəqin Samid onun səsboğucunu gizlin olaraq satmasını bilməyəcəkdir. Lakin, 1 aydan sonra Samid atası Əbülfəti yığıb avtomobilin səsboğucularının oğurlandığını demiş, atası da ondan soruşanda o, həmin səsboğucuların onun tərəfindən oğurlandığını etiraf etmişdir. Atası da Samidə zəng edərək səsboğucuları onun oğurladığını deyib şikayət etməməsini və ən qısa zamanda pulunu ödəyəcəklərini demişdir. Lakin, onlar nə pulu nə də ki, həmin səsboğucunu ala bilmədiklərindən Samid axırda ondan şikayət etmişdir. Avtomobili idarə etməsinə Samid özü icazə vermiş, belə ki, o həmin avtomobilin təmiri üçün rəng almağa gedib-gəlmişdir. Göstərmişdir ki, Asabilə 400 manat borcu olmuş və həmin borcdan 150 manatını Samidin avtomobilinin katalizatorunu satıb vermiş, Asabil ona pul verəndə katalizatoru satdığını bilmişdir. Asabil ona olan borcunu qaytarmaq üçün Samidin avtomobilinin səsboğucusunu oğurluq yolu ilə əldə edib satacağını bilmiş, ilk dəfə də onunla birlikdə “RR” avtotəmir sexinə getsə də həmin vaxt o katalizatoru satmamış, lakin, sonradan özü tək gedib katalizatoru satmışdır. Həmin səsboğucuları satanda tək olmuş, Asabil həmin vaxt öz işləri ilə bağlı onunla birlikdə olmamışdır. O, Raufun oğluna həmin avtomobilin yeznəmə məxsus olduğunu və maşının idarə edərkən boğulduğu üçün katalizatoru söküb satmaq istədiyimi demişdir. Həmin katalizatoru 270 manata satmış, həmin puldan 150 manatını Asabilə olan borcundan vermiş, qalan 120 manatını isə şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus “İnfiniti M37” markalı ** KD *** dövlət nömrə nişanlı minik avtomobili vardır. 28 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Binəqədi rayonu 7-ci mikrorayon ərazisində sonradan tanıdığı Şahid3 idarə etdiyi yük avtomobili ilə toqquşmuş, nəticədə heç kim xəsarət almasa da idarə etdiyi avtomobilin arxa sağ qanadında zədə əmələ gəlmişdir. Əbülfətdən nə etməli olduğunu soruşmuş, sonuncu da ona oğlu Əmrahın avtomobil ustası olduğunu və onun avtomobilini öğlunun təmir edəcəyini təklif etmişdir. O da sonuncu ilə razılaşmış, səhəri gün, yəni 29 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Əmrahın işlədiyi Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən avtotəmir sexinə gəlmişdir. Orada avtomobili və açarını Əmraha təhvil verib nə vaxt avtomobilinin təmirini qurtaracağını və gəlib götürəcəyini soruşmuşdur. Əmrah da ona “təxminən 3 gün sonra gəl maşını apar” demiş, o da çıxıb getmişdir. Bundan sonra 3 gün gözləyib 02 yanvar 2023-cü il tarixdə Əmrahın işlədiyi yerə gəlmiş, orada avtomobili Əmrahdan təhvil almışdır. Avtomobili idarə edib oradan kənarlaşmış, avtomobilin cihazlar panelinə baxarkən avtomobili Əmraha verdiyi vaxtdan təhvil aldığı vaxtadək əlavə 126 km idarə edildiyini aşkar edib bu barədə soruşanda Əmrah ona avtomobilinə təmir üçün rəng almağa sürdüyünü demiş, o da sonuncu ilə razılaşmışdır. Bundan sonra şəxsi işləri ilə əlaqədar olaraq xarici ölkəyə getmiş, təxminən 10-15 gün sonra geri qayıtmış, bu vaxt avtomobilini idarə edərkən mühərrikin səsinin çox gəldiyini və avtomobilin narahat vəziyyətdə işlədiyini görüb ustaya apararkən məlum olmuşdur ki, avtomobilinin üzərində olan iki ədəd original səs boğucusu Əmraha təmir verən zaman gizlin olaraq sökülüb çıxarılmışdır. Dərhal bu barədə Əbülfətə zəng edib soruşanda ona oğlundan soruşub xəbər edəcəyini demişdir. Təxminən 3-4 dəqiqə sonra ona zəng edib oğlu Əmrahın həmin səsboğucularını (katalizatoru) söküb satdığını etiraf etmişdir. Belə olan halda dəymiş ziyanı ödəməsini deyəndə Əbülfət ona “narahat olma nə lazımdı həll edərik” demişdir. O da “yaxşı gözləyirəm gəlin həll edin” demişdir. Əbülfət ona qiymətin nə olacağını soruşanda ona “servisə gedib rəsmi nə xərc varsa sənə soruşub deyərəm” demişdir. Daha sonra avtomobilini Bakı şəhərində Babək prosepektində yerləşən “İnfiniti” servisə aparıb usta baxışı etdirmiş, orada ona rəsmi qayimə vermişlər. Həmin qayimədə 2 ədəd katalizatorun qiyməti 6790 manat, usta xərcləri isə 172 manat olmaqla ümumilikdə 6962 manat olduğunu görüb Əbülfətə bu barədə demişdir. Əbülfət də ona “yox qoy mən xaricdən sənə katalizatorları alıb gətizdirəcəm həll edək” demişdir. O da razılaşmayıb “yox mənim avtomobilimi rəsmi servisdən detalını alıb düzəltdir” bildirmişdir. Lakin, oğurlanmış katalizatoru alınmadığı üçün bu barədə DİN-nin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan Meqa Sığorta ASC tərəfindən tam ödənilmişdir. Məhkəmə iclasnda Zərərçəkmiş şəxs2 Sərdar oğlu ifadəsində göstərmişdir ki, hazırda Qəbələ istiqamətində sərnişin daşıması ilə bağlı sürücü işləyir. 2022-ci ildə Chevrolet Cobalt markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili Babək prospektində yerləşən Chevrolet servisdə alaraq idarə etməyə başlamışdır. 2022-ci ilin oktyabr ayının 18-də baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar idarə etdiyi avtomobilin sağ tərəfi zədələnmiş, bu səbəbdən də özünə məxsus həmin avtomobili təmir etdirmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən avtoservisə qoymuşdur. Həmin servisdə işləyən X3 adlı şəxslə razılaşmışdır ki, avtomobili təmir etsin. Seymuru bir müddət əvvəl ortaq tanışlarını vasitəsi ilə tanımış, avtomobili bir gün cərimə meydançasında qaldıqdan sonra çıxarmış və avtomobilinin sol tərəf qapıları əzilmiş vəziyyətdə 3-4 dəfə Qəbələ rayonuna gedib qayıtmışdır. 07 noyabr 2022-ci il tarixdə avtomobili Seymura vermiş və sonuncu da avtomobilini həmin təmir sexində işləyən Əmrahın sexində 3 gün, Vasifin sexində isə 2 gün saxlamış, daha sonra isə öz sexində 15 gün saxlamışdır. Həmin gün müddətində qalmağa yeri olmamış, Seymurun sexində olan divanda, həmçinin avtomobilinin salonunda gecələmişdir. 26 noyabr 2022-ci il tarixdə avtomobil tam saz vəziyyətdə Seymurdan təhvil almış, 26 noyabr 2022-ci il tarixdən isə avtomobili idarə etməyə başlamışdır. Bundan 5 gün sonra avtomobilin mühərrik yağını dəyişmək üçün NZS qəsəbəsində yerləşən yağdəyişmə sexinə aparmış, həmin sexdə usta avtomobilinə baxdıqda katalizatorun yerində olmadığını görmüş, bu barədə Seymura zəng edib bildirsə də, sonuncu katalizatoru götürmədiyini bildirmiş, bundan sonra katalizatorun Əmrah tərəfinedən oğurlandığını bilmiş, bundan sonra 2023-cü ilin fevral ayında Əmrah və atası onunla görüşüb dəymiş 1100 manat maddi ziyanı ona ödəmişlər. Ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsdə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Əmrah Binəqədi-Xırdalan şossesində yolun kənarında avtomobil təmiri sexində çilingərrəngsaz işləmiş, 07 noyabr 2022-ci il tarixdə Mehman adlı şəxs özünə məxsus Chevrolet Cobalt markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilini oğlu Əmrahın və iş yoldaşlarını işlədiyi sexə gətirmiş, avtomobili Əmrah təmir etməsə də, digən sexlərdə avtomobil olduğu üçün Mehmanın avtomobili 2-3 gün oğlu Əmrahın sexində qalmış, sonradan ona məlum olmuşdur ki, oğlu Əmrah həmin avtomobilin katalizatorunu kəsib oğurlamışdır. O, bu barədə məlumat aldıqdan sonra oğlu Əmrahla birlikdə Mehmanla görüşmüş və 2023-cü ilin fevral ayında ona dəymiş 1100 manat ziyanı ödəmişdir. “İnfiniti M37” markalı ** KD *** dövlət nömrə nişanlı minik avtomobilə dəymiş ziyan 1200 manat göstərilsə də Meqa Sığorta ASC tərəfindən zərərçəkmiş şəxsə 2700 manat ödənildiyinə görə Meqa Sığorta ASC-yə 1200 manat ödəmiş, qalan 1500 manatın qaytarılması barədə Meqa Sığorta ASC ilə Təqsirləndirilən şəxs arasında kredit müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında Şahid qismində dindirilmiş Şahid1 “İnfiniti M37” markalı ** KD *** dövlət qeydiyyat nişanlı minik avtomobilindən katalizatorun oğurlanması faktı ilə bağlı ifadəsində X2 dediklərini təsdiq dərək, əlavə olaraq göstərmişdir ki, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində «qluşitel» sexi vardır, həmin sexdə qluşilet təmiri, satışı, alışı ilə məşğul olur. 2022-ci ilin noyabr ayının əvvəllərində səhər saatlarında sonradan adının Əmrah olduğunu bildiyi şəxs onun sexinə gəlmiş, sonuncunun əlində bir ədəd torba olmuş, həmin şəxs torbada olan katalizatoru çıxarıb təqdim edərək özünə məxsus Chevrolet markalı avtomobilinə aid olduğunu və satmaq istədiyini bildirmiş, o, katalizatora baxdıqda həqiqətən Chevrolet markalı avtomobilə məxsus olduğunu bilmiş və onu 150 manata ala biləcəyini demiş, Əmrah adlı şəxs də onunla razılaşaraq katalizatoru almış, o, Əmrahdan katalizatorunun harada olduğunu soruşduqda sonuncu avtomobilində boğulma olduğu üçün kəsib satdığını demiş, həmin katalizatoru 1-2 gün sonra tanımsadığı şəxsə satmışdır. Göstərmişdir ki, Əmrah adlı şəxs katalizatorun özünə məxsus olduğunu demiş, həmin katalizatorun oğurluq olmasından xəbərsiz olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu və dostudur. Onunla münasibətləri yaxşı olmuş, ədavət və düşmənçiliyi olmamışdır. 2022-ci ilin noyabr ayında Əmrah ondan borca 400 manat pul almışdır. Sonuncu ona uşağını həkimə aparacağını deyib həmin pulu almışdır. Lakin, Əmrah ondan pulu borca 1 həftə müddətinə alsa da həmin müddətə qaytarmamışdır. O, hər dəfə Əmrahdan pulunu istəmiş, hətta valideyinlərinə də demiş, Əmrah da ona pulunun olmadığını ən qısa vaxtda verəcəyini bildirmişdir. 29 dekabr 2022-ci il tarixdə borcunu istəmək üçün Əmrahın işlədiyi avto təmir sexinə getmiş, həmin vaxt sexdə “İnfiniti M37” markalı ** KD *** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuş, Bu vaxt Əmrah ona atasının idarə etdiyi avtomobil ilə həmin avtomobili vurduğunu və buna görə də həmin avtomobilin sahibi avtomobili və açarı Əmraha təmir etmək üçün verdiyini demişdir. O, Əmrahdan borcunu istəyəndə ona hazırda pulunun olmadığını deyib 1 günə onun borcunu qaytaracağını bildirmişdir. O da çıxıb getmişdir. Səhəri gün yəni 30 dekabr 2022-ci iltarixdə yenidən Əmrahın işlədiyi sexə gəlib pulunu verməsini demiş, Əmrah da ona pulunun olmadığını deyəndə o da Əmraha «axı mən toya getməliyəm buna görə də özümə paltar alacam» demişdir. Ona «mən sənə borcu verəndə sən ən qısa vaxtda qayaracağını demişdin, mənim borcumu qaytar» demiş, bu vaxt Əmrah ona «gəl mənimlə Masazıra gedək orada bu avtomobilin katalizatorunu satıb sənin borcunu qaytaracam» demişdir. O da Əmrahla razılaşmış, həmin vaxt İnfiniti markalı avtomobili Əmrah idarə etmiş, o, isə qabaq sağ tərəfdə əyləşmişdir. Əmrah onun birlikdə Masazır kəndində yerləşən “RR” adlı avtotəmir sexinə gəlmiş, orada kənarda dayanmış, Əmrah usta ilə danışıb avtomobilin boğulduğunu deyib katalizatoru çıxardıb satmaq istədiyini demişdir. Usta da həmin katalizatora 150 manat pul təklif etmişdir. Əmrah usta ilə razılaşmamış, sonra geri qayıtmış, bu zaman da avtomobili Əmrah özü idarə etmişdir. Daha sonra Əmraha «mənim borcumu qaytar» deyib özünə məxsus “Opel Astra” markalı ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə oturub çıxıb getmişdir. 31 dekabr 2022-ci il tarixdə Əmraha zəng edərək «axşam toya getməliyəm pulumu ver» deyəndə sonuncu ona «yaxşı gedib təmir üçün qoylumuş avtomobilin katalizatorunu satıb sənin pulunu verəcəm” demişdir. O da Əmraha «mənə dəxli yoxdur, borcumu qaytar» demiş, həmin gün yəni 31 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Əmrah ona zəng edib «gəl sənə borcundan verim» demişdir. Sonra evdən çıxıb Əmrahın sexinə gəlmiş, Əmrah ona 150 manat pul verib katalizatoru həmin yerə 150 manata satdığını demişdir. O da Əmraha «onda sənin mənə 250 manat pul borcun qaldı» deyib çıxıb getmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış 07 aprel 2023-cü il tarixli, 9/2236 nömrəli rəylə müəyyən edilmişdir ki, 2010-cu il buraxılışlı, “İnfiniti M37” minik markalı avtomobilinə məxsus 1 dəst (2 ədəd) katalizatorun zədələnməmişdən əvvəl normal vəziyyətdə istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri 1200 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, 2010-cu il buraxılışlı, “İnfiniti M37” minik markalı avtomobilinə məxsus 1 dəst (2 ədəd) katalizator Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Zərərçəkmiş şəxs2 Sərdar oğlu tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, “İnfiniti M37” markalı ** KD *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərər üzrə subroqasiya qaydasında Təqsirləndirilən şəxs qarşı şikayəti və iddia hüququmu Meqa Sığorta ASC-yə ötürmüşəm. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs ilə Meqa Sığorta ASC arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında hər ay 150 manat olmaqla 10 ay müddətinə Meqa Sığorta ASC-yə ödənilməsini Təqsirləndirilən şəxs öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş "xxxx" ASC-nin” qəbzlərindən görünür ki, cinayət nəticəsində vurulmuş ümumilikdə 1200 manat Meqa Sığorta ASC-nin hesabına ödənilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən himayəsində (xx.xx.2019-cu il təv. Tunar Əliyev) bir azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslərlə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 08 ay 14 gün müddət olamaqla cəmi 08 ay 16 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarında saxlanılan 2010-cu il buraxılışlı, “İnfiniti M37” minik markalı avtomobilinə məxsus 1 dəst (2 ədəd) katalizator hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 08 ay 14 gün müddət olamaqla cəmi 08 ay 16 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan 2010-cu il buraxılışlı, “İnfiniti M37” minik markalı avtomobilinə məxsus 1 dəst (2 ədəd) katalizator qanuni sahibinə qaytarılsın. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar