Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-576/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Xanlar rayonu, Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimnkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu, Goradil kəndi, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin pəncərəsindən evin yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus bir ədəd 450 (dörd yüz əlli) manat dəyərində, Rusiya istehsalı olan, tros formalı qızıl sepi, bir ədəd 850 (səkkiz yüz əlli) manat dəyərində Rusiya istehsalı olan, brilyant qaşlı qızıl üzüyü, bir komplekt 250 (iki yüz əlli) manat dəyərində Ərəbistan istehsalı olan, qızıl sep və sırğanı, bir ədəd 150 (yüz əlli) manat dəyərində, Türkiyə istehsalı olan, nazik formalı qızıl üzüyü, bir ədəd 150 (yüz əlli) manat dəyərində, Türkiyə istehsalı olan, nazik formalı qızıl üzüyü, iki ədəd hər biri 400 (dörd yüz) manat olmaqla cəmi 800 (səkkiz yüz) manat dəyərində, Rusiya istehsalı olan qızıl üzükləri, bir ədəd 100 (yüz) manat dəyərində, Rusiya istehsalı olan, yarpaq formalı qızıl sep aralığını, iki ədəd hər biri 15 (on beş) manat olmaqla cəmi 30 (on)manat dəyərində, qızıl suyuna çəkilmiş metaldan, ortasında şəkil olan sep aralıqlarını, hər biri 30 (otuz) manat olmaqla cəmi 60 (altmış) manat dəyərində iki ədəd əqiq daşlarını, bir ədəd 150 (yüz əlli manat) dəyərində elektron kişi saatını, bir ədəd 10 (on) manat dəyərində qısaqol kişi köynəyini, dolabda asdığı pencəyinin cibindən 3000 manat pulunu, cəmi 6000 (altı min) manat dəyərində əmlakını götürüb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 6000 (altı min) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaq dövründə şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evdən oğurluq cinayəti törətmişdir. Belə ki, o, hadisəni törətdiyi gün, tanışı X3 ilə zəngləşib Abşeron rayonu, Goradil kəndinin ərazisində çimərliyə getmək barədə razılaşmışlar. Rövşənlə saat təxminən 12-13 radələrində Binəqədi qəsəbəsində görüşmüş və taksiyə minib Goradil kəndinə getmişlər. Goradil kəndinin girişində taksidən düşmüşlər, marketə girib siqaret və sərinləşdirici içki almışlar. Marketin qarşısında siqaret çəkəndə orada o, Rövşənə yalandan demişdir ki, Goradil kəndində torpaq almaq istəyən biri var, satlıq torpaq sahəsi tapsa, torpaq sahəsi alan şəxs ona zəhmət haqqı pul verəcəkdir. Rövşənə bildirmişdir ki, o, kəndi gəzib satlıq torpaq axtaracaqdır. Odur ki, Rövşən çimməyə dənizə getmiş, o isə, Goradil kəndində oğurluq etmək üçün boş ev axtarmışdır, oğurluq etdiyi zaman yaşayışı olmayan evləri müşahidə etmişdir. Goradil kəndinin mərkəzi küçəsi ilə Xəzər dənizi istiqamətinə gedərkən yolun sol kənarında olan bir mərtəbəli evin küçə qapısının bağlı olduğunu görüb, həmin evdə adam olub-olmadığını yoxlamaq üçün qapını döymüş, hasara çıxaraq həyətə baxmışdır. Bundan sonra evin həyətinə çəkilmiş hasara evlə üzbəüz dayandıqda sağ tərəfdən dırmaşaraq həyətə girmişdir. Həyətə keçib, həmin evin həyətində bağda istifadə olunan nərdivanı qoyub evin sol tərəfindəki qonaq otağına açılan plastik pəncərəni özündə olan atverka ilə açmış və içəri daxil olmuşdur. Yataq otağına keçib, otağı axtarmışdır ki, pul və ya qiymətli əşyalar tapıb oğurlasın. Orada qapıları güzgülü olan dolabda taxta qutunu açdıqda qutunun içərisində bir ədəd nazik qızıl sep, bir ədəd nazik qızıl üzük və bir dəst bjuteriya olduğunu görmüşdür. Həmin qızıl sepi, qızıl üzüyü və bjuteriyanı götürüb şalvarının cibinə qoymuş və qonaq otağının pəncərəsindən həyətə çıxmışdır. Həyət darvazasını açıb küçəyə çıxməş və oğurluq etdiyi evdən uzaqlaşmışdır. Evdən aralandıqdan sonra Rövşənə zəng edib torpaq tapa bilmədiyini, Xırdalana qayıtmaq istədiyini bildirmişdir. Rövşən ona demişdir ki, gözləsin, birlikdə gedək. O, dükandan sərinləşdirici içki alıb içmiş, siqaret çəkmiş və Rövşəni yolun üzərində olan tunelin çıxışında gözləmişdir. Rövşən gəlib çıxandan sonra Mehdiabad istiqamətinə gedən Vaz 2107 markalı maşını saxlatdırıb həmin maşına minmiş və Mehdiabad qəsəbəsinə çatdıqda həmin taksi Mehdiabaddan sonra getməyəcəyini bildirdiyi üçün taksi sürücüsünə iki manat pul verib taksidən düşmüşlər. Başqa bir maşına minib Rövşənlə birlikdə onun yaşadığı Binəqədi qəsəbəsində yerləşən evinə getmişlər. Rövşənlə birlikdə bir qədər vaxt keçirib sonra Abşeron rayonu, Xırdalan şəhərinə, yaşadığım evə qayıtmışdır. Evə qayıtdıqdan sonra bjuteriyanı sata bilməyəcəyimi fikirləşib zibilxanaya atmışdır. Oğurladığı qızıl sepi və qızıl üzüyü isə, şəxsiyyət vəsiqəsi əsasında həmin gün, günün ikinci yarısında Xırdalan şəhərinə gəlib bazarın yanında yerləşən qızıl əşyalarının alqı-satqısı aparılan köşkdə satmışdır. Satdığı həmin qızıl əşyalarına görə köşkdə işləyən şəxsdən 410 (dörd yüz on) manat pul almışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Onun oğurluq cinayəti törətməsindən Rövşən Məmmədovun məlumatı olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, polis əməkdaşları hadisə ərəfəsində onun X3 ilə birlikdə Goradil kəndində olduğunu bildirdikləri üçün cinayəti onların birlikdə törətdiklərindən şübhələndiklərini bildirmiş, o da, məsuliyyətimi yümngülləşdirməkdən ötrü qeyd olunan cinayəti X3 ilə birlikdə törətdiyi barədə yalan məlumat vermişdir. Əslində isə, həmin cinayəti özü tək törətmişdir. Zərərçəkən Zərərçəkmiş şəxs evindən oğurlanmış əşyaların çox olmasını və evindən pul oğurlandığını bildirməklə ona dəymiş zərərin məbləğini qəsdən çox göstərmişdir. O, Rövşənin evindəki yataq otağını axtarmış, evindən bir ədəd qızıl sep, bir ədəd qızıl üzük və bir ədəd bijuteriya tapmış və həmin əşyaları oğurlamışdır. Evdən başqa əşyalar və pul oğurlamamışdır. Hazırda əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayon, Goradil kəndi, yeni məhəllə, Aşıq Sarı küçəsi, 105 nömrəli bir mərtəbəli fərdi həyət evində yaşayır. Mağaza işlədərək ticarətlə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ailə üzvləri ilə birlikdə Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan dayısı Sadanın evinə qonaq getmişlər. Gecəni onun evində qalmışlar. xx.xx.2023-cü il tarixdə Binəqədidən Bakı şəhərinə, 28 may metrostansiyasının yanında terləşən mağazaya işə getmişdir. İşdən həmin gün saat 17 radələrində çıxıb Abşeron rayonu, Goradil kəndindəki evinə gəlmişdir. Həyətə çatdıqda küçə darvazası açıq olmuşdur. O, dərhal şübhələnmişdir ki, kimsə evinə girib. Odur ki, evin ətrafına baxmışdır. Evin giriş qapısı bağlı olmuş, lakin evlə üzbəüz dayandıqda sol tərəfdən qonaq otağının plastik pəncərəsi açıq olmuşdur. Pəncərə hansısa kənar alətdən istifadə edilərək açılmışdır. Pəncərnin qarşısında, onun bağda istifadə etdiyi dəmir nərdivan qoyulmuşdur.O, evə girməmiş və dərhal DİN-nin “102 xidmətinə” zəng edib evindən oğurluq olması barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və o, evə polis əməkdaşları ilə birlikdə daxil olduqda görmüşdür ki, onun yataq otağı axtarmış, otaq dağınıq hala salınmış və otaqdan həyat yoldaşına və anasına aldığı qızıl-zinət əşyaları, özünə məxsus saat, bir ədəd köynək və pencəyinin cibində qoyduğu 3000 (üç min) manat pulu oğurlanmışdır. Ona məxsus evin yataq otağında dolabda taxtadan olan saxlanc qutusundan həyat yoldaşına və anasına aldığı qızıl-zinət əşyaları və bjuteriya, dolabdakı saat qabından özümə məxsus qol saatı, yataq otağında stolun üstünə qoyduğu tünd qırmızı rəngli qısaqol köynəyi, dolabda asdığı tünd göy rəngli pencəyinin döş cibində saxladığı 3000 manat pulu oğurlanmışdır. Oğurlanmış əşyalar aşağıdakılardan ibarətdir:-bir ədəd tros tipli Rusiya istehsalı olan, təxminən 6-7 il əvvəl 450 (dörd yüz əlli) manata aldığım qızıl sep (həmin sepin orta hissəsi ki qat idi); -bir ədəd Rusiya istehsalı olan, 2012-ci ildə 850 (səkkiz yüz əlli) manata aldığım brilyant qaşlı qızıl qadın üzüyü; -bir komplekt Ərəbistan istehsalı olan, 2018-ci ildə 250 (iki yüz əlli) manata aldığım qızıl sep və sırğa; -bir ədəd Türkiyə istehsalı olan, 2019-cu ildə 150 ( yüz əlli) manata aldığım nazik qızıl üzük; -bir ədəd Türkiyə istehsalı olan, 2019-cu ildə 150 ( yüz əlli) manata aldığım nazik qızıl üzük; -iki ədəd güdəlik istifadə olunan anama məxsus, Rusiya istehsalı olan, hər biri 400 (dörd yüz) manat olmaqla cəmi 800 (səkkiz yüz) manat qiymətində qızıl üzüklər; -bir ədəd Rusiya istehsalı olan, 2012-ci ildə 100 ( yüz ) manata aldığımyarpaq formalı qızıl sep aralığı;-iki ədəd güdəlik istifadə olunan anama məxsus, qızıl suyuna çəkilmiş metaldan, ortasında şəkil olan hər biri 15 (on beş) manat olmaqla cəmi 30 (on)manat qiymətində sep aralıqları; -iki ədəd hər biri 30 (otuz) manat olmaqla cəmi 60 (altmış) manat qiymətində iki ədəd əqiq daşları; -bir ədəd 150 (yüz əlli manat) dəyərində elektron kişi saatı ; -bir ədəd 10 manata aldığım, tünd qırmızı rəngli, qısaqol kişi köynəyi ; Beləliklə, ona cəmi 6000 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın hamısı ona məxsusdur. Qızıl-zinət əşyalarını anasına və həyat yoldaşına o, öz pulu ilə, özü almışdır. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsini, 6000 manat məbləğində mülki iddianın və 80 manat dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki cavabdeh Zərərçəkmiş şəxs Ağamoğölan oğlundan tutulması barədə qərar qəbul olunmasını xahiş etrmişdir. Məhkəmə istintaqında şahid X2 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla 16 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkmişlər. Cəzaçəkmə müəssissəsindən azadlığa buraxıldıqdan sonra Təqsirləndirilən şəxslə bir neçə dəfə görüşmüşlər, çay içib söhbət etmişlər. Lakin Təqsirləndirilən şəxslə birlikdə heç bir cinayət törətməmişlər. Təqsirləndirilən şəxs onunla birlikdə oğurluq etməsi barədə istintaqa bildirdikləri yalandır.O, Seymurla birlikdə, 2023-cü ilin iyul ayının axırlarında Abşeron rayonu, Goradil qəsəbəsinə çimərliyə gertmişlər, lakin onunla birlikdə oğurluq etməmişlər. Goradil qəsəbəsində Təqsirləndirilən şəxs ayrılmışlar. O, çimərliyə getmiş, Seymur isə Goradil qəsəbəsində torpaq sahəsi axtarmağa getmişdir. Təqsirləndirilən şəxs ona nə üçün böhtan ataraq onunla birlikdə oğurluq etdiyi barədə yalan məlumat verməsinin səbəbini bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayının ortalarına qədər olan müddətdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən 9 kvadrat metr sahəsi olan köşkdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olaraq işləmişdir. İşlədiyi qızıl-zinət əşyalarının alıqı-satqısı məntəqəsi “Muraaz” adlanmışdır. Həmin köşkdə tək özü işləmiş, lakin sonuncu aylarda Əfsanə adlı qadını işçi kimi işə götürmüşdür. Qızıl-zinət əşyalarını “lom”, yəni çəki ilə alaraq qızıl-zinət əşyaları düzəldilən sexlərə satmışdır. O,gündəlik olaraq müxtəlif müştərilər qəbul etdiyindən onların şəxsiyyəti barədə məlumatları yadında saxlaya bilməmişdir. Lakin qızıl-zinət əşyalarını vətəndaşlardan onların şəxsiyyətini təsdiq edən sənəd əsasında almışdır. Aldığı əşyaların qeydiyyatını əşyaları satan şəxslərin şəxsiyyət vəsiqələrinin seriyalarını qeyd edərək almışdır. Ona görə də, aldığı qızıl-zinət əşyalarının qeydiyyatına dair kitabçasına baxarkan müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsdən xx.xx.2023-cü il tarixdə onun şəxsiyyət vəsiqəsinin AA ******* nömrəsini, ********** və 099 *** ** ** mobil nömrələrini qeyd edib, imza etdirərək 3,5 qram çəkidə olan bir ədəd sepi 200 (iki yüz) manat müqabilində almışdır. Bununla əlaqədar qeydiyyat apardığı kitabı baxış keçirtmək üçün istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs aldığı bir ədəd qızl sepi də satmışdır. Həmin sepi kimə satdığı yadında deyildir. Qeydiyyat apardığı kitabdan da göründüyü kimi Təqsirləndirilən şəxs bir ədəd 3,5 qram çəkidə qızıl sep almışdır. Seymur ona qızıl üzük satmamışdır. Aldığı əşyanın pulunu bazar qiymətinə uyğun olaraq qiymətləndirib ödəmişdir. Təqsirləndirilən şəxs aldığı həmin qızıl sepin cinayət yolu ilə əldə olunmasından şübhələnməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, özünə məxsus olan vaz 21074 minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi və qonşu kəndlərin ərazisində sərnişin daşımaqla gündəlik çörək pulu qazanır. 2023-cü ilin iyul ayının sonuncu günlərində, dəqiq tarixini xatırlamadığı gündə, günorta vaxtı idarə etdiyi maşınla Goradil bağlarından Mehdiabad qəsəbəsi istiqamətində gələrkən tuneldən keçən yolun kənarında iki nəfər cavan oğlanların durduğunu görmüşdür. Onların hər ikisi hündür boylu, birinin sifəti azca tüklü olmuşdur. Onların əllərində nəsə olub-olmadığını xatırlamır. Həmin şəxslər maşına əl edib saxlatdırmışlar. O, həmin şəxsləri maşına götürmüşdür, demişlər ki, Mehdiabadda düşəcəklər. Onları Mehdiabad qəsəbəsində “Səma” marketin qarşısında maşından düşürmüş, ona iki manat pul vermişlər. Onların haradan gəlməsi, hara gedəcəkləri barədə soruşmamışdır. Sonradan Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən onunla söhbət aparılarkan onların Goradil qəsəbəsində evdən qızıl əşyaları və pul oğurladıqları ona bildirilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycanb Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, İsayev X4 şəhər Yetkinlik yaşınaçatmayanlar üzrə xüsusi rayonlararası məhkəmənin xx.xx.2009-cu il tarixli hökmü ilə Qazaxstan Respublikası CM-nin 178 M 2h “A,V” bəndləri ilə 03 il azadlıqdan məhrum edilmiş, CM-nin 63-cü maddəsi tətbiq edilərək 01 il şərti sınaq müddəti təyin edilmişdir. Gəncə hərbi məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 333.3, 66.2-ci maddələri ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzası 01 il təyin edilmişdir. Gəncə hərbi məhkəməsinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası CM-nin 333.4, 66.2, 66.5-ci maddələri ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddətinin sona çatması ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs sonuncu məhkumluğu onun az ağır cinayət törətməsi ilə əlaqədar olmuş, onun cəzanı çəkib qurtardığı gündən iki ildən arttıq vaxt keçmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqlar gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ona görə də, Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilmişdir. İş üzrə maddi sübut Şahid2 Təqsirləndirilən şəxs bir ədəd 3,5 qram çəkidə qızıl sepi aldığına dair qeydiyat apardığı kitabdan çıxarılmış vərəqlərin surəti və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Goradil kəndində olduğunu təsdiq edən görüntülərin köçürüldüyü disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə istintaq müddətinin sonunadək, 01 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilərək qeyd olunan tarixdə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittihamda göstərilən cinayət əməlinin törədilməsi onun özünün qismən etirafedici ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri və digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət işi üzrə Təqsirləndirilən şəxs Abşeron rayonu, Goradil kəndi, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən bir ədəd qızıl sep, bir ədəd qızıl üzük və bir dəst bjuteriyadan başqa digər əşyalar və 3000 (üç min) manat məbləğində pul oğurlamadığı, həmçinin oğurladığı bir ədəd qızıl üzüyü Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı məntəqəsində Şahid2 satması barədə ifadəsində göstərdiyi xüsusatlar və törətdiyi cinayət əməlinə münasibətdə özünü qismən təqsirli bilməsinin Azərbaycan Respublikası CPM-nin 289.3.3-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər olaraq qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, dəymiş ziyanın ödənilməməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Şahid2 Təqsirləndirilən şəxs bir ədəd 3,5 qram çəkidə qızıl sepi aldığına dair qeydiyat apardığı kitabdan çıxarılmış vərəqlərin surəti və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Goradil kəndində olduğunu təsdiq edən görüntülərin köçürüldüyü disk cinayət işinin materiallarında saxlanılmalıdır. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Xosrov oğlundan 6000 manat ziyan və 83 manat dövlət rüsumunun pulun tutulub ona verilməsi barədə mülki iddia ərizəsi vermişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmədə mülki cavabdehin hüquqazidd hərəkətləri nəticəsində mülki iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs Xosrov oğlundan 6000 manat ziyan və 80 manat dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Şahid2 Təqsirləndirilən şəxs bir ədəd 3,5 qram çəkidə qızıl sepi aldığına dair qeydiyyat apardığı kitabdan çıxarılmış vərəqlərin surəti və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Goradil kəndində olduğunu təsdiq edən görüntülərin köçürüldüyü disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 6000 manat maddi ziyan və 80 manat dövlət rüsumu olmaqla, cəmi 6080 (altı min səksən) manat tutulsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-576/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-576/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver