Məhkəmə qərarları › İş №1(012)-578/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-578/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-578/2020 01.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1986-cı ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlıuşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində avtomobilində daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılıb Abşeron rayon Pİ-nə gətirilərək istifadəsində olan Vaz 2107 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman arxa oturacağın üzərinə qoyulmuş qoltuqaltının içərisində kibrit qutusunun içərisində iki ədəd poletilen torbanın içərisinə bükülü, ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram və 0,357 qram, ümumi təmiz çəkisi 0,492 qram ağ kristallardan ibarət Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil edilən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə idarə etdiyim Vaz 2107 markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə müştəri aparmış, oradan qayıdarkən həmin ərazidə yolun kənarında olan «Qazan göl» motelinin yaxınlığında bir qızın dayandığını görüb maşına müştəri kimi götürmüş və şəhərə apararkən aralarında münasibət yaranmışdır. Həmin qız ondan narkotik vasitədən istifadə edib-etmədiyini soruşduqda o, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etdiyini demiş, həmin qız söhbət əsnasında metamfetamindən istifadə etdiyini dedikdə metamfetamindən ona da verməsini xahiş etmiş, həmin qız ona metamfetamin versə də, əvəzində ondan pul almamışdır. Həmin günü onu Bakı şəhəri 20 yanvar ərazisinə aparıb orada düşürmüş və bundan sonrakı müddətdə həmin qızı bir daha görməmişdir. Qızın ona hədiyyə kimi verdiyi metamfetamini özünə məxsus Vaz 2107 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobildə olan qolutqaltıda saxlamşdır. xx xxxxxx 2020-ci il tarixdə həmin avtomobillə Abşeron rayonu, Xırdalan şəhərində M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olan zamanı tanımadığı şəxs işarə verərək maşını saxlamasını istəmiş, avtomobilini saxlamış, həmin ona işarə verən şəxs maşına yaxınlaşaraq maşınının yük yerinin qapağının ona məxsus olduğunu bildirmişdir. Yük yerinin qapağının Xırdalan şəhərində oğurladığın etiraf etmiş, həmin şəxs yük yerinin qapağını ona qaytarmasını istəmiş, o da razılaşmış və yük yerinin qapağını sökərək qaytarmışdır. Bundan sonra həmin şəxs polis əməkdaşlarına məlumat vermiş və ona orada gözləməsi bildirilmişdir. Bir qədər sonra polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim etdikdən sonra adını, familyasını və soyadını soruşmuşlar. Özü barədə məlumat verdikdən polis əməkdaşları onu Abşeron rayon Pİ-nə dəvət etdikdə, etiraz etmədən birlikdə idarə etdiyi avtomobillə Pİ-nə gəlmiş, yolda gələrkən avtomobilində psixotrop maddə olması barədə məlumat vermiş, Abşeron rayon Pİ-nə gəldikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi, həmçinin avtomobilnə baxış keçiriləcəyi ona izah olunmuş, şəxsi axtarış aparılmazdan əvvəl ona müdafiəçi təqdim edilmiş və hüquq və vəzifələri izah olunmuşdur. Üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, sonra videoçəkilişlə avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa oturacağının üzərinə qoyduğu avtomobilin qoltuqaltısının içərisində kibrit qutusunda saxladığı ağ rəngli poletilen torba hissəsinə bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilmiş, aşkar edilmiş psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin İTŞ-nin sahə rəisi Şahid ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon Polis İdarəsinin İTŞ-də sahə rəisi vəzifəsində işləyir, rüsbəsi polis mayorudur. Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşviq küçəsi, ev 6a-da yaşayan X3 məxsus Vaz 2107 markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobildən xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində arxa qapağının (baqaj) oğurlanması barədə məlumat daxil olmuş və həmin məlumat qeydə alınaraq təhqiqat araşdırması aparılması üçün Təhqiqat şöbəsinə həvalə edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə avtomobilindən oğurluq etmiş şəxs X5 onun istifadəsində olan mobil telefona zəng edərək avtomobilindən oğurlanmış detalın Vaz 2107 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilində olduğunu və həmin avtomobilin sürücüsünü Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlamasını bildirdi. O, dərhal həmin ünvana getmiş və oğurluqda şübhəli olan şəxsi, adını sonradan bildiyi Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə gətirmişdir. Pİ-nə gətirilərək onula profilaktiki söhbətilər aparıldıqda Təqsirləndirilən şəxs avtomobilində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Abşeron rayon Polis İdarəsinin inzibati binasında, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirlməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarışa müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüuquqları izah olunduqdan sonra üzərində saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs cibində olan bir ədəd vintaçanı, 70 qəpik pulu və sağ alt cibində olan bir ədəd 5 manatlıq əskinazı, 4 ədəd 1 manatlıq əskinazı, həmçinin qolunda olan bir ədəd qol saatını, sol cibində olan metal halqanı təqdim etmiş, üzərində qanunla qadağan olan hər hansı əşyasının olmadığını demişdir. Təqdim edilmiş əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmış, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərində qanunla qadağan olan hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan Vaz 2107 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmiş, avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması sorşulmuş, Təqsirləndirilən şəxs avtomobilində iki büküm psixotrop maddə metamfetamin olduğunu bildirmiş və avtomobilində saxladığı bir ədəd kibrit qutusunun içərisində ağ rəngli poletilen torba hissəsinə bükülmüş iki ədəd bükülünü təqdim etmiş, həmin bükülülər açılmış və içərisində ağ rəngli kristallar aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin aşkar edilmiş ağ rəngli kristalların psixotrop maddə metamfetamin olduğunu bildirmiş, sonra avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildə saxlanılması qanunla qadağan olan başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunub götürülmüş psixotrop maddə metamfetamin qablaşdırılmış və bununla bağlı protokol tərtib edilmiş, o protokolun doğruluğunu imzamla təsdiq etmiş, şəxsi axtarış video çəkilişlə qeydə alınmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1455 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 (iki) ədəd bükümdə” sözləri qeyd olunan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılında təmiz çəkiləri 0,135 qram və 0,357 qram ümumi təmiz çəkiləri 0,492 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (ümumi qalıq 0,392 qram - 0,1 qram metamfetamin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2302 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomanlıq xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Subutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olan Vaz 2107 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə qoyulmuş qoltuqaltının içərisində kibrit qutusunun içərisində iki ədəd poletilen torbanın içərisinə bükülü ağ kristallardan ibarət psixotrop maddə metamfetamin polis əməkdaşlarına təqdim etməsi müəyyən edilmişdir. Şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 Namiq Cəbrayıl oğlunun himayəsindədirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs Aslanov X4 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra ümumi qalıq 0,392 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə 114 məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 50 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 300 manat məbləğdə pul köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Aslanov X4 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra ümumi qalıq 0,392 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 114 manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 50 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 300 manat pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar