Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-579/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllədə yerləşən “Jalə” adlı kafenin arxasında tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun onu başqa qadınlarla münasibət qurmasına etirazını bildirməsi səbəbindən aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı yumruqla qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə üç dəfə vuraraq sonuncuya sağ gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sağ gözün üst və alt qapaqlarının qançır şişkinliyi, sağ gözaltı almacıq nahiyəsinin qançırından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi evdə yaşayır. Təxminən iki il əvvəl Zərərçəkmiş şəxs ilə tanış olmuş və onunla sevgili münasibətində yaşamışlar. O, Məhbubə ilə birlikdə eyni ünvanda kirayə yaşamış və bu səbəbdən valideynləri Məhbubə ilə yaşamasina razı olmamışlar. Bu səbəbdən o, Məhbubə ilə eyni evdə yaşamamış, evdən çıxmış və həmin evə getməmişdir. Məhbubənin onu qısqanması səbəbindən onun barəsində həqiqətə uyğun olmayan yalanlar danışmağa onu başqa şəxslərin yanında alçaltmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində “Gülünün kafesi” adlanan kafeyə getmiş, orada oturub, çay içmiş, həmin vaxt Məhbubə də ora gəlmişdir. Məhbubə kafedə oturub ona söz atmağa başlamış və o da bir müddət oturub, oradan getmişdir. Məhbubə ona zəng edərək ora çağırmış, onun Məhbubəyə yazığı gəldiyi üçün geri qayıtmış və Məhbubənin başqa oğlanla oturmasını görmüşdür. O, bir müddət orada oturmuş, kafe bağlanana yaxın oradan durub getmişdir. Məhbubə onun arxasınca gəlmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllədə yerləşən “Jalə” adlı kafenin arxasında ona hədiyə aldığı üzüyü geri qaytarmış və o da üzüyü tullamışdır. Məhbubə onunla kobud və söyüşlə danışmağa başlamışdır. Məhbubə onu küçə söyüşləri ilə söyərək təhqir etmiş və onun ailə üzvlərini də söymüşdür. Bu səbəbdən o, əsəbləşib Məhbubənin sifət nahiyəsinə yumruqla 3 dəfə zərbə vurmuşdur. Həmin vaxt Məhbubə yıxılmış və o da oradan uzaqlaşmışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, Abzərlə qeyri rəsmi ər-arvad münasibətində kirayə ev tutaraq birlikdə yaşamışlar. Abzər “Tiktok” sosial şəbəkəsində başqa qadınla tanış olmuş, bu səbəbdən onu ataraq dörd gün olardı ki, gedib həmin qadının yanında qalmışdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Gülünün kafesi” adlanan kafedə tanışları ilə oturub spirtli içki olan “GO” içkisi içmişdir. Həmin vaxt Abuzər Bəşirov ona zəng edib onun harada olduğunu soruşmuşdur. O da Abzərə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Gülünün kafesi” adlanan kafedə olduğunu demişdir. Həmin vaxt Abzər onu olduğu yerə gəlmişdir. Abzər onunla görüşən zaman o, kişi dostları ilə eyni stolda oturmuşdur. Abzər ondan niyə kişilərlə oturduğunu soruşmuşdur. O da Abzərə niyə dörd gün onun yanında olmadığını soruşmuş və demişdir ki, bu səbəbdən kişilərlə oturmuşdur. Abzərlə bu zəmində aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Abuzər onu küçəyə çağırmış və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllədə yerləşən “Jalə” adlı kafenin arxasında onun anasına söymüş, o da Abzərin arvadına söymüşdür. Bu səbəbdən Abzər onun sifətimə üç dəfə yumruq zərbəsi ilə vurmuş, onu itələyib yerə yıxaraq qaçıb oradan uzaqlaşmışdır. O da DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1366 saylı rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sağ gözün üst və alt qapaqlarının qançır şişkinliyi, sağ gözaltı almacıq nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, baş və.s) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, cinayət işi üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.5, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut yoxdur, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-579/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-579/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver