Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-58/2024 16.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi X4 və onun müdafiəçisi vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi X3 və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.2007-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, Ağdam rayonu Şıxbabalı kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 və xx.xx.2006-cı ildə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, valideyn himayəsində yaşayan, fərdi işlə məşğul olan, Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək vətəndaşların çantalarını növbə ilə oğurlayıb əldə edilən əmlakı aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi ilə yaşadığı evinə piyada hərəkət edən Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun əlində saxladığı içərisində 100 manat nağd pul, bir ədəd 600 manat dəyərində “Samung A 32” markalı mobil telefon aparatı, bir ədəd 25 manat dəyərində gün eynəyi, bir ədəd 70 manat dəyərində ərəb ətri olan 45 manat dəyərində əl çantasını birlikdə əlindən alıb qaçaraq açıq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 840 manat məbləğində ziyan vuraraq soyğunçuluq cinayət əməlini törətmişlər. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanışıdır. Onunla münasibətlərim həmişə normal olmuşdur. Təqsirləndirilən şəxs2 istifadə olan mobil telefonunu girova qoymuşdur. xx.xx.2023-cü il tarixdə İlkinlə görüşdükdə bildirmişdir ki, həmin günü axşam saatlarınadək telefonunu girovdan çıxarmalıdır. Buna görə də İlkin ona məsləhət görmüşdür ki, sumka oğurlayaq və pul əldə edək. O, sonuncuya demişdir ki, belə işlə məşğul olmamışdır. Lakin İlkin vəziyyətini başa düşüb onunla qərarlaşmışdır. İlkin ona demişdir ki, “birinci sumkanı sən oğurla, növbəti sumkanı mən oğurlayaram”. Həmin vaxtı onlar Quşçuluq yaşayış massivində Oba marketlə üzbəüz ərazidə olmuşlar. Bu vaxtı qarşılarından bir nəfər orta yaşlı qadının getdiyini və əlində sumka olduğunu görmüş, həmin qadınla aralarında təxminən 10 metr məsafə olmuş, İlkin ona həmin qadının sumkasını aparmağı bildirmişdir. Qadın bir qədər irəliləyib aralığa girmiş, onlar da sonuncunun arxasınca getmişlər. Həmin vaxtı artıq ətrafda kənar şəxsin olmadığını görüb həmin qadına arxadan yaxınlaşmış və onun əlindəki sumkanı boş tutduğunu görüb ona hər hansı formada zor göstərmədən sumkanı əlindən almış və qarşıya doğru qaçmışlar. İlkin də onunla bərabər qaçmağa başlamış, onlar turbalıq tərəfə getmişlər. İlkin ona həmin istiqaməti tanıdığını deyib onunla birlikdə həmin istiqamətdə qaçmağı məsləhət görmüşdür. Onlar birlikdə şərab zavodunun yanındakı trubalıq əraziyə qaçmış, oradan sağ tərəfdə boş yer olduğunu görüb oraya girib sumkanı açmaq istəmiş, bu vaxtı kənardan bir ağ rəngli CİP markalı avtomobil gəldiyini görmüşlər. Həmin vaxtı İlkinə demişdir ki, maşın gəlir, sumkanı açma, lakin İlkin sumkanı açıb orada mobil telefon olduğunu deyərək telefonu əlinə almış və sumkanın içərisində pul da olduğunu demişdir. Lakin həmin CİP markalı avtomaşının onların yanında dayandığını görüb, qaçmağı bildirmişdir. İlkin bir əlində mobil telefon və sumkanı qoltununun altına sıxmış halda qaçmağa başlamışdır. Lakin İlkin sumkanı ağzı açıq vəziyyətdə qoltuğunun altına sıxarkən sumkanın açıq hissəsi aşağı olduğundan onlar yolda qaçarkən sumkanın içərisində olan pullar və digər əşyalar yolda düşmüşdür. Belə ki, İlkin sumkadan telefonu götürərkən orada olan puldan bir manat da götürmüşdür. Onlar Zirvə deyilən ərazi istiqamətinə qaçdıqda o, çevrilib İlkinin onun arxasınca gəlib-gəlmədiyinə baxmış, həmin vaxtı onun əlində sumka olmadığını görmüşdür. İlkindən sumka barədə maraqlındıqda demişdir ki, “atmışam”. İlkindən soruşmuşdur ki, “sumkadan nələri götürmüsən”, İlkin bildirmişdir ki, “sumkadan bir ədəd telefon çıxdı, bir manat da pul”. Bundan sonra Zirvə deyilən əraziyə çatdıqda orada dəmirin altında mobil telefonu gizlətmiş və səhəri günü gəlib götürməyi qərara almışlar. Oradan İlkin çıxıb kafeyə getmiş, o, isə evə qayıtmışdır. Səhəri günü həmin telefonu gizlətdiyi yerə gedib baxdıqda telefonu yerində tapmamışdır. Belə olduqda İlkinin evinə gəlib onunla görüşmüş, lakin İlkin and içib demişdir ki, telefonu götürməmişdir və xəbəri yoxdur. Belə ki, onun fikri belə olmuşdur ki, telefonu götürüb sahibini tapsın və sahibinə qaytarsın. Lakin teleofnu da tapa bilmədiyi üçün qərara almışdır ki, tutulmamaq üçün çıxıb rayona getsin. Rayonda bir neçə gün qaldıqdan sonra qayıdıb yaşadığı ünvana gəlmiş, son dövrədək İlkinlə görüşməmiş və hər hansı münasibət saxlamamışdır. Göstərmişdir ki, İlkinin pula ehtiyacı olduğundan məsləhət görmüşdür ki, sumka aparsınlar. Buna görə də onunla razılaşmış və İlkinin təklifi ilə birinci sumkanı o, aparmalı olmuşdur. Məqsədi belə olmuşdur ki, onun telefonu girovda olduğu üçün birinci sumkadan əldə edəcəyi vəsaitlə onun telefonunu girovdan çıxaraq, ikinci sumkadan əldə edəcəyi vəsaiti isə öz aralarında bölməli olmuşlar. Həmin qadın çantanı əlində boş tutmuş, buna görə də sumkanı onun əlindən alarkən ona hər hansı formada fiziki zor və yaxud təzyiq etməmişdir. Sonradan zərərçəkmiş şəxsə dəymiş ziyan valideynləri tərəfindən ödənilmiş və onunla barışmışdır. Etdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 dostudur. Onunla münasibətləri həmişə normal olmuşdur. Onun kompyuter oyununda oynaması üçün pul lazım olduğu üçün istifadəsində olmuş Redmi Not 10 markalı mobil telefonunu 56 manat pulun əvəlində borc kimi girova qoymuşdur. xx.xx.2023-cü il tarixdə Kamialla görüşdükdə ona bildirmişdir ki, həmin günü axşam saatlarınadək telefonunu girovdan çıxarmalıdır. Buna görə də məsləhətləşmişlər ki, sumka oğurlayıb pul əldə etsinlər. Kamala demişdir ki, “birinci sumkanı sən oğurla, növbəti sumkanı mən oğurlayaram”. Həmin vaxtı onlar Quşçuluq yaşayış massivində “Oba” markatlə üzbəüz ərazidə olmuşlar. Bu vaxtı qarşılarından bir nəfər orta yaşlı qadının getdiyini və əlində sumka olduğunu görmüşlər. Kamal demişdir ki, “gəl gedək onun arxasınca”. Həmin qadınla aralarında təxminən 10 metr məsafə olmuşdur. Həmin vaxtı artıq ətrafda kənar şəxs olmamış, bu anda Kamal arxadan həmin qadına tərəf qaçmış və əl atıb onun sumkasını əlindən alaraq qarşıya doğru qaçıb getmişdir. O, da Kamalın sumkanı götürüb qaçdığını gördüyü üçün oun arxasınca qaçmışdır. Onlar turbalıq tərəfə getmiş, onlar birlikdə şərab zavodunun yanındakı trubalıq əraziyə qaçmışlar. Oradan sağ tərəfdə boş yer olduğunu görüb oraya girib sumkanı açmaq istəmişlər. Sumka Kamalda olduğu üçün özü orada açıb içindən pulu və mobil telefonu götürüb cibinə qoymuş və sumkanı ona vermişdir. Bu vaxtı kənardan bir ağ rəngli CİP markalı avtomobil gəldiyini görmüşlər. Həmin CİP markalı avtomaşın onların yanında dayandığını görüb oradan qaçmağı qərara almışlar. O, qaçan anda Kamalın ona verdiyi həmin sumkanı kənara atmış və birlikdə oradan qaçıb getmişlər. Sumkanı atdığı yeri dəqiq xatırlamır. O, Zirvə deyilən əraziyə çatdıqda Kamal ondan qabaq qaçdığı üçün artıq çatmışdır. Kamal orada mobil telefonu trubalığın altında gizlətmiş, sonuncu sumkadan 10 manat pul götürmüş, lakin götürdüyü pulu yolda salıb itirmiş və cibində 1 manat pul qalmışdır. Kamal telefonu aparıb rayonda satmalı olmuş, buna görə də orada gizlətmişdir. Onlar oradan çıxıb evə gəlmiş, həmin günün səhərisi saat 6 radələrində İlkin onların evinə gəlmiş və telefonu gizlətdiyi yerdən yoxa çıxdığını bildirmişdir. Sonra isə tutulmaması üçün çıxıb rayona getmişdir. Göstərmişdir ki, həmin qadının sumkasını talamağı birlikdə qərara almışlar, məqsədi əldə edəcəkləri pulla girovda olan telefonu götürmək olmuşdur. Həmin qadın çantanı əlində boş tutmuş, buna görə də Kamal sumkanı onun əlindən alarkən ona hər hansı formada fiziki zor və yaxud təzyiq etmədən qaçıb getmiş, o da sonuncunun arxasınca qaçmışdır. Sonradan zərərçəkmiş şəxsə dəymiş ziyan valideynləri tərəfindən ödənilmiş və onunla barışmışdır. Etdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov 88A ünvanında yerləşən «Yasəmən» gözəllik salonunda saç ustası işləyir. Hər gün saat 11 radələrində evdən çıxıb işə gedir və axşam saat 19 radələrində evinə qayıdır. 21 yanvar 2023-cü il tarixdə səhər saat 11 radələrində evdən çıxıb işə getmişdir. Həmin günü axşam radələrinədək işdə olmuş, axşam saat 20 radələrində işdən çıxıb yaşadığı əraziyə taksi avtomaşını ilə gəlmiş və yolda düşüb piyada yaşadığım küçəyə doğru getmək istəmişdir. Özünə məxsus əl çantamı isə çiynində saxlamış, yaşadığı evə az məsafə qalmış arxadan gələn tanımadığı şəxs çiynində olan əl sumkasını çiynindən çıxararaq götürüb irəliyə doğru qaçmağa başlamış, o, nə qədər səs küy etsə də, həmin şəxs dayanmayıb qaçaraq evlərin arasına girmiş və gözdən itmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Göstərmişdir ki, ona məxsus əl çantasının içərisində bir ədəd 600 manat dəyərində Samsunq A32 markalı mobil telefon, 100 manat nağd pul, bir ədəd 25 manat dəyərində gün eynəyi, bir ədəd 70 manat dəyərində ərəb ətri olmuş, bundan başqa talanmış əl sumkam 45 manat dəyərində olmuşdur. Baş vermiş hadisə zamanı ona ümumilikdə 840 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərin valideynləri tərəfindən ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişlər. Zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslərin valideynləri tərəfindən ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, qanuni nümayəndələrin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməli Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etdiyini Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etdiyini Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətmiş təqsirləndirilən şəxslər barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən yenidən tərbiyə olunması məqsədinə xidmət edəcəyi ehtimalına görə, ona təyin edilməsi nəzərdə tutulan, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunacaq cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin onların təqsirli bilindiyi 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsi həqiqi hərbi xidmətdə olduğu müddətdə hərbi hissə komandanlığına, digər müddətdə yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə müvafiq vəzifələr qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 2.21-ci bəndinin 5-ci abzasına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilməli olan cəza nəzərə alınmaqla, barələrində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini dəyişməmək vəzifələri qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini dəyişməmək vəzifələri qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-58/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-58/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver