Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-58/2025 02.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Akstafa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qazax rayonu, Canallı kəndinddə qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotorp maddələrin siyahısına» daxil olan 1,096 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 20 manat müqabilində əldə edib əynində olan qara və boz rəngli parça şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq saxlamış, 24 iyul 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-in Saray polis bölməsinə gətirilərək, bölmənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara və boz rəngli parça şalvarının sağ yan cibindən həmin bir ədəd bükümdə 1,096 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qazax rayonu, Canallı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi nömrəsiz fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. 24 iyul 2023-cü il tarixdə o, Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən psixotrop maddə metamfetamin alıb yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yaşadığı Bakı şəhəri Nəsimi rayonu ərazisinə evinə gedən zaman Abşeron rayonu, Saray qəsəbəsi ərazisində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və psixotrop maddə olan metamfetamini istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu ona bildirmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə getməli olduqlarını söyləmişlər. Bu səbəbdən o, polis əməkdaşlarının idarə etdiyi avtomaşına əyləşmişdir. Abşeron RPİ-nin Saray PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub- olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara və boz qarışıq rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində kristal formalı psixotrop maddə olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra içərisinə baxış keçirilmişdir. Həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulduqda o, həmin kütləni Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı şəxsdən 20 manata aldığını, həmin kütləni şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd sellofana bükülmüş içərisində kristal formalı psixotrop maddə olan bükülü zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçisi Toğrul Vəliyev tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün izahatında qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. 24 iyul 2023-cü il tarixdə üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetamini elə həmin tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı metamfetamini də özü istifadə etmək üçün üzərində saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin hazırda Qobu PB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində bildirdi ki, Abşeron RPİ-nin Saray PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili işləyən, polis baş leytenantı Şahid1 iştirakı ilə 24 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xidmətdə olan zaman orada piyada şəkildə hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib şəxsiyytini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Samirin özünü şübhəli aparmasına bildirib Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara və boz qarışıq rəngli parça şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristallik formalı, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristallik formalı, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara və boz qarışıq rəngli parça şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Samir bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli kristallik maddə psixotrop vasitə olan metamfetamindir. Həmin psixotrop vasitə olan metamfetamini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Samirin psixotrop maddə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da Samirin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Samirə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili işləyən, polis baş leytenantı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara və boz qarışıq rəngli parça şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin psixotrop maddə metamfetami bükümü götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli, 6/3996 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... 3. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 1,096 qram ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 31 iyul 2023-cü il tarixli, 4861 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorlarınn birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,096 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin maddi sübut kimi tanınmalı, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,046 qram metamfetamin işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Abşeron RPİ-nin MSK-na təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 213-1.2.1., 70-ci maddələri ilə 02 (iki) il azadlıqdan məhrum etmə və 01 (bir) il şərti sınaq müddəti cəzası təyin edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını,cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon M/əhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-269/2024 saylı qərarına əsasən “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, Abşeron rayon Saray PB tərəfindən xx.xx.2024-cü il tarixdə tutulmuş və həmin tarixdə də Abşeron RPİnin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 29 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlnılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,046 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cəmi 30 (otuz) saat hüquqi yardıma görə Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlnılsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 1,046 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-58/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-58/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver