Məhkəmə qərarları › İş №1(012)-581/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-581/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-581/2020 24.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 65, mənzil 12-də qeydiyyatda olan, Abşeron rayonu, Gənclər şəhərciyi, blok 3, mənzil 33-də kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə saat 07:45 radələrində Abşeron rayonu Gənclər şəhərciyində yerləşən 10 saylı tam orta məktəbin yaxınlığında ƏÇPA-nın 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülü 1,531 qram ağ rəngli kristallardan ibarət Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil edilən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutulmazdan təxminən 4-5 gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında olarkən orada tanımadığı taksi sürücüsündən 20 manata psixotrop maddə olan metamfetamin almış, həmin psixotrop maddəni üzərində, yəni əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 07:45 radələrində yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyində olarkən, evə gəldikdə həmin ərazidə yerləşən 10 saylı tam orta məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ondan şübhəli olduğu üçün şəxsiyyətini təsdiq edən sənəd istəmiş, onun sənədi üzərində olmadığı üçün polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində otaqların birində video çəkiliş vasitəsi ilə polis əməkdaşları üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, ona üzərində qadağan olunmuş hər hansı əşya vardırsa, könüllü təqdim etmək təklif olunduqda Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı taksi sürücüsündən özünün şəxsi istifadəsi üçün aldığı və əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində şəffaf selofonda saxladığı içərisində psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd içərisində psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, zərfi özü və şəxsi axtarışda iştirak edən digər şəxslər imzalamışlar. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tutulmazdan təxminən 4-5 gün əvvəl 20 yanvar metrosu ərazisində olarkən taksi ilə yaşadığı ərazidə gələrkən tanımadığı taksi sürücüsündən 20 manata almış, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda X6 Alayının 12-ci patrul bölüyündə polis nəfəri vəzifəsində işləyir, rütbəsi polis senjantıdır. xx xxxxxx 2020-ci il tarixdə X6 Alayının 12-ci patrul bölüyündə polis nəfəri Şahid2 ilə birlikdə Abşeron rayonu, Gənclər Şəhərciyində xidmət aparan zaman saat təxminən 07:45 radələrində həmin ərazidə olan 10 saylı tam orta məktəbin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən harada yaşaması və şəxsiyyəti barədə maraqlanmış, həmin şəxs şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını bildirmiş, ondan üzərində qanunla saxlanılması qadağan edilmiş hər hansı əşyanın, o cümlədən kəsici alətin olub-olmaması barədə maraqlanmış, lakin həmin şəxsin özünü şübhəli aparmasına görə onu saxlayıb Abşeron rayon Polis İdarəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Polis idarəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, Abşeron rayon Polis İdarəsinin inzibati binasında, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirlməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarışda müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüuquqları izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması sorşulmuş, Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan tünd göy rəngli idman şalvarının sağ cibində saxladığı şəffaf selofona bükülü psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb stolun üzərinə qoymuşdur. Sorğu zamanı bildirmişdir ki, həmin selofan paketdə olan kütlə psixotrop maddə metamfetamindir və həmin heroini 4-5 gün əvvəl Bakı şəhəri 20 yanvar metrosunun yanında tanımadığı taksi sürücüsüdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə metamfetamin qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, Elvin digər iştirakçılar kimi protokolun doğruluğunu imzamla təsdiq etmiş, şəxsi axtarış video çəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nin 12-ci patrul bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülü psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə barədə xx xxxxxx 2020-ci il tarixli video görüntüyə baxış keçirilmiş və məhkəmə prosesində tədqiq olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/1713 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarl edilərək götürülmüş” yazısı olan zərfdə, 01 ədəd bükümdə təmiz çəkisi 1,531 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (qalıq 1.431 qram - 0,010 qram metamfetamin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 2438 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi ilə nəticələnin Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Maddi sübut qismində tanınma və təhvil vermə barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 01 ədəd təmiz çəkisi 1,531 qram olan ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut qismində tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan şübhəli şəxsi tutma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün xx.xx.2020-ci il tarixdə Abşeron rayon prokuroruna vəsatət verilmiş, lakin Abşeron rayon prokuroru Rahib Seyidov vəsatəti təmin etməyərək sonuncunun “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsini göstərmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiriseçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 02 (iki) gün cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 1,431 qram olan psixotrop maddə metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxx 2020-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında 01 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 02 gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 24:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək və ərazi narkoloji dispanserində qeydiyyata düşmək vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 1,431 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxx 2020-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılsın. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar