Məhkəmə qərarları › İş №1(012)-586/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-586/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-586/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 11 avqust 1986-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı X8 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Abşeron rayonu Saray qəsəbəsi “Badamlıq” adlanan ərazidə Zərərçəkmiş şəxs məxsus açıq torpaq sahəsindən vahid niyyətlə 3450 manat dəyərində dəmir künclük hissələrini oğurlamaq barədə ümumi razılığa gəlmiş, bu niyyətlə bir qrup şəxs halında 31 may 2023cü və 01 iyun 2023-cü il tarixlərdə idarə etdiyi “Kia Rio” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Elbrus Qədimovla birlikdə hər birinin qiyməti 50 manat olan cəmi 3000 manat dəyərində 60 ədəd dəmir künclük hissələrini gizli olaraq talamış, 02 iyun 2023-cü il tarixdə saat 12 radələrində yenidən həmin torpaq sahəsinə gəlib qalan hər birinin dəyəri 50 manat olmaqla 450 manat dəyərində 9 ədəd dəmir künclük hissələrini həmin avtomobilə yükləyib, gizli talamaq istəyərkən əmlak sahibi Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə gələrək onları saxlaması səbəbindən öz iradəsindən asılı olmayaraq, əməlini başa çatdıra bilməyib, oğurluğa cəhd etmişdir. Bundan başqa, o, 15 noyabr 2023-cü il tarixdə axşam vaxtı Bakı şəhəri Binəqədi rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,506 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib, Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və üzərində saxlamış, 18 noyabr 2023- cü il tarixdə günorta vaxtı Abşeron RPİ-nin X10 əməkdaşları tərəfindən yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, “Əsləm” marketin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilib, orada həmin gün, saat 18:04-dən saat 18:10-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin 0,506 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halLarı və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ətrafındakı hər kəs onu Vüsal kimi tanıyır. 02 iyun 2023-cü il tarixdə qardaşına məxsus olan etibarnamə əsasında idarə etdiyi qara rəngli «Kia Rio» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əvvəllər tanıdığı dostu Elbrusun yaşadığı Saray qəsəbəsində yerləşən evinə gedərək açıqlıq sahədə dəmir parçaları olmasını deyib, həmin dəmirləri götürüb satmağı təklif etmişdir. Elbrus onunla razılaşıb, saat 12 radələrində idarə etdiyi avtomaşına əyləşib həmin ünvana getmişlər. Ətrafa baxdıqdan sonra hər ikisi dəmir parçalarını maşına yükləməyə başlamışlar. Bir müddət keçdikdən sonra bir nəfər mülki geyimli olan şəxs idarə etdiyi avtomaşınla onlara yaxınlaşaraq mobil telefon vasitəsi ilə videoya çəkərək, həmin dəmir parçalarını boşaltmaqlarını tələb etmişdir. Onlar dəmir parçalarının kiməsə məxsus olmadığını bildirərək, bundan sonra dəmir parçalarını avtomobildən boşaltmışlar. Onlar həmin dəmir parçalarını tam boşaltdıqdan sonra maşından düşən şəxs həmin dəmir parçalarının ona məxsus olmasını deyib, niyə oğurluq etdiklərini bildirdikdə o idarə etdiyi qara rəngli «Kia Rio» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşərək, oradan qaçıb getmişdir. Elbrus isə oradan duz gölü istiqamətinə qaçmışdır, bundan sonra onun sonuncudan məlumatı olmamışdır. O, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş olan narkotik vasitə heroini (şüşəni) 20 manat pul müqabilində xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən əldə edib, öz istifadəsi üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o Abşeron rayonu, Saray qəsəbəsi “Əsləm” marketin yaxınlığında olan zaman özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər ona yaxınlaşıb, narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib saxlamışlar. Onda həmin vaxt özünü polis əməkdaşlarına təqdim etmiş, üzərində narkotik vasitə olduğunu bildirmiş və polislər onu Abşeron RPİ-nin Saray PB-nə gətirmişlər. Videoçəkiliş vasitəsi ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o, cibində olan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş heroin bükümünü təqdim etmişdir. Həmin vaxt ona məxsus olan narkotik vasitə olan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş heroin bükümü ağ kağız zərfə qoyulub, qablaşdırlaraq möhürlənib bağlanmışdır. O da həmin qablaşdırılmış zərfi bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. Həmin narkotik vasitəni 15 noyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 20 manata əldə etməsini və öz şəxsi istifadəsi üçün daşımasını etiraf etmişdir. Sonda əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı övladlarının olmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, artıq narkotik vasitənin heç bir növündən istifadə etmədiyini, ailəsi ilə birlikdə rayona qayıdıb orada yaşadığını, təsərrüfat işləri ilə məşğul olduğunu, bildirməklə məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclaslnda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, onun Abşeron rayonu, Saray qəsəbəsi, «Badamlıq» adlanan ərazidə yerləşən bir mərtəbəli kürsülü yaşayış olmayan evi vardır. Evi hasarlansa da, giriş dəmir qapısı yoxdur. O, həmin evdə daima təmir işləri gördüyü üçün həmin ünvanda olur. O, təmir tikinti materiallarını həyət qapısından bayıra yığmış və oradanda ustalar həmin materialları götürüb, iş görürmüşlər. Təxminən hadisədən 4 gün öncə həmin evdə ustalar dəmir parçası (uqolnik) materiallarının bir çoxunun yerində olmamasını müşahidə etdiklərini ona bildirmiş, o, evinə gəlib baxdıqda həqiqətəndə dəmir parçalarını yerində aşkar etməmişdir. O orada olan ustalara diqqətli olmalarını tapşırıb, özü isə işi ilə bağlı Bakı şəhərinə getmişdir. 01 iyun 2023-cü il tarixdə ustalar ona zəng vuraraq, səhər saat təxminən 08:00 radələrində qara rəngli «Kia Rio» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmiş naməlum şəxslərin ona məxsus evin yan hissəsindən dəmir parçaları yığan zaman saxladıqlarını, həmin dəmir parçalarının avtomaşından boşanltdıqlarını və bir daha etməyəcəklərini bildirdiklərini demişlər. Həmin günün axşamı o, Abşeron rayonu, Saray qəsəbəsi, «Badamlıq» adlanan ərazidə yerləşən bir mərtəbəli kürsülü yaşayış olmayan evinə gəlmiş, evdən bayırda kənara yığdığı təmir tikinti materiallarına baxış keçirmiş və ona məlum olmuşdur ki, həmin təmir tikinti materiallarından 3000 manat dəyərində dəmir parçası (uqolnik) materialları oğurlanmışdır. 02 iyun 2023-cü il tarixdə saat 13 radələrində o, həmin təmir gedən evinə gələn zaman evinin həyət qapısından bayırda yerdə yığılmış dəmir parçalarının yanında bir qara rəngli «KİA RİO» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının dayanmasını və iki nəfər şəxsin dəmir parçalarım yığaraq avtomaşına yükləmələrini görüb yaxınlaşmış, həmin şəxslərə dəmir parçalarım avtomaşından yenidən yerinə qoymalarını bildirmişdir. Həmin şəxslər dəmir parçalarını yerə qoyduqdan sonra qara rəngli «Kia Rio» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtomaşına minərək oradan uzaqlaşmış, digər şəxs isə qaçmağa başlamışdır. O və usta həmin avtomaşını saxlaya bilməsələr də, digər şəxsi orada olan duz gölünün içərisində tutub saxladıqdan sonra, o, zəng vuraraq bu barədə polisə məlumat vermişdir. Təxminən bir az keçmiş hadisə yerinə Abşeron rayon PPXB-nün əməkdaşları yaxınlaşmış və həmin şəxsi və onu PB-nə dəvət etmişlər. O, PBnə gedərək bu barədə ərizə yazmış və orada ona məlum olmuşdur ki, tutulan şəxs X3r, qara rəngli «KİA RİO» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü isə Vüsal adlı şəxsdir. 31 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək olan müddət ərzində ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, «Badamlıq» adlanan ərazidə yerləşən açıq torpaq sahəsindən 60 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 3000 manat dəyərində dəmir parçası, yəni dəmir künclük metalı oğurlanmışdır. Bundan başqa 02 iyun 2023-cü il tarixdə saat 13 radələrində ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, «Badamlıq» adlanan ərazidə yerləşən açıq torpaq sahəsindən 09 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 450 manat dəyərində dəmir parçası, yəni dəmir künclük metalı oğurlanmağa cəhd edilmiş, lakin həmin vaxt o, hadisə yerinə gələrək oğurluğun qarşısını almışdır. Hazırsa təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Abşeron RPİ-nin X10 əməliyyat müvəkkili, polis mayoru Şahid3 şahid qismində dindirilərkən, ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının CM-nin 29,177.2.1-ci maddəsi ilə barəsində cinayət işi olan “Vüsal” adlı şəxsi müəyyən etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Abşeron RPİ-nin Saray PBnin əməliyyat müvəkkili polis kapitanı Şahid4lə birlikdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində xidmətdə olan zaman, daxil olmuş əməliyyat məlumatına əsasən həmin cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs qəsəbə ərazisində tərəflərindən saxlanılmışdır. Tərəflərindən şöbhəli şəxs qismində Abşeron RPİ-nin Saray PB-na gətirildikdən sonra həmin şəxsdən narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəçisi olması və ya üzərində olması soruşulan zaman, həmin şəxs üzərində narkotik vasitə olmasını bildimiş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı predmet, əşya və ya maddə aşkar olunmamışdır. Aşkar olunmuş 01 ədəd bükümün içərisində olan heroinin nə olması və onu haradan əldə etməsi soruşulduqda Zahir bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir və həmin narkotik vasitə olan heroini 15 noyabr 2023-cü il tarixdə Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə bizə hər hansı bir məlumat daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı da onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslərin təsdiq edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilərək, dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid4 digər Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Saray qəsəsində iş yoldaşı Şahid1lə “47-64” çağırışlı avtopatrulla xidmət apararkən həmin gün təxminən saat 14:10 radələrində “47-22” nömrəli çağırışdan Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq ərazisində yerləşən yaşayış evindən oğurluq olması ilə bağlı məlumat daxil olmuşdur. Onlar həmin məlumatı dəqiqləşdirib oğurluq etməkdə şübhəli olan şəxsin Masazır qəsəbəsində yerləşən “Duz” gölünün ətrafında saxlandığını müəyyən edib təcili olaraq oraya getmişlər. Həmin vaxt onlar orada şikayətçi Zərərçəkmiş şəxs məxsus evin açıq həyətindən müxtəlif vaxtlarda oğurluq cinayət əməlini törətməkdə şübhəli olan şəxsi Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Saray PB-nin növbətçi hissəsində olan zaman məlum olmuşdur ki, sözügedən cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs xx.xx.1986-ci il təvəllüdlü X3r. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Saray qəsəsində iş yoldaşı Şahid2la “47-64” çağırışlı avtopatrulla xidmət apararkən həmin gün təxminən saat 14:10 radələrində “47-22” nömrəli çağırışdan Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq ərazisində yerləşən yaşayış evindən oğurluq olması ilə bağlı məlumat daxil olmuşdur. Onlar həmin məlumatı dəqiqləşdirib oğurluq etməkdə şübhəli olan şəxsin Masazır qəsəbəsində yerləşən “Duz” gölünün ətrafında saxlandığını müəyyən edib təcili olaraq oraya getmişlər. Həmin vaxt onlar orada şikayətçi Zərərçəkmiş şəxs məxsus evin açıq həyətindən müxtəlif vaxtlarda oğurluq cinayət əməlini törətməkdə şübhəli olan şəxsi Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Saray PB-nin növbətçi hissəsində olan zaman məlum olmuşdur ki, sözügedən cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs xx.xx.1986-ci il təvəllüdlü X3r. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 18 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 18 noyabr 2023-cü il tarixdə, saat 17:40 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6062 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 246» dairəvi möhür əksləri, “..3” (imza) Təqsirləndirilən şəxs..” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,506 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,506 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,456 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 19 noyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə, ibtidai istintaqı aparılmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci madddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Anar Cəfərovun xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməyərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməklə, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həmin qətimkkan tədbiri nəzərə alınmışdır. - “Maddi sübut kimi tanınma” haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğunun üzərindən götürülmüş, qalıq çəkisi - 0,456 qram çəkidə olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə isə Azərbaycan Respublikası Milli Məclisin Təqsirləndirilən şəxs barəsində “20 may 2016-cı il tarixli amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.5-ci bəndi tətbiq edilməklə məhkum təyin edilmiş cəzadan azad edilmişdir. - Cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə 06 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə, ********* nömrəsi saxlanılmaqla ibtidai istintaqı davam etdirilmişdir. - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 06 dekabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi barədə” 13 dekabr.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 Ambulator X2 haqqında 17 yanvar 2024-cü il tarixli, 264 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinebsiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münaisbətinin olması ilə əlaqədar onun narkamniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji Dispanserində qeydiyyata alınması məsələhət görülür. - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 0,506 qram qalmış narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verimiş, 01 ədəd DVD disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edimişdir. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşağı vardır. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bu məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bu Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (narkotik vasitənin miqdarını), təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, onun özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını, məcburi müalicəyə ehtiyacının olmamasını, fərdi əməklə məşğul olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, onun özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən Şamaxı rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 264 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, lakin hazırda abstinebsiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınmış, həmçinin öz vəziyyətinə tənqidi münaisbətinin olması ilə əlaqədar şəxsin narkamniyadan məcburi müalicəyə ehtiyacı olmadığı qənaətinə gəlinmişdir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyini tədqiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalı, məcburi müalicənin təyin edilməsi üçün əsaslar müəyyən edildikdə və müalicəyə qarşı əks göstərişlər olmadıqda müddətini göstərmədən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirini təyin edir (21-ci bənd). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin edilməməlidir. Lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,456 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, həmçinin iş üzrə 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla, ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən Şamaxı rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.456 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-X14 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar