Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-587/2022 08.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakının gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Masazır qəsəbəsi, “Göyçə” hoteldə yerləşən otaqda əyləşib içki içdikdən sonra Zərərçəkmiş şəxs hamam otağında olmasından istifadə edərək otağın pəncərəsinin qarşısına qoyulmuş sonuncuya məxsus bir ədəd 5 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrəsi ilə işləyən 645 manat dəyərində “Samsung Galaxy A52” markalı mobil telefonunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 650 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvəllər Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum olunmuş, 10 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Zərərçəkmiş şəxs təxminən hadisədən 5 ay əvvəl tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin ərəfədə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayədə yaşamış, Pərvanə Sulutəpə qəsəbəsinə rəfiqələrinin yanına gəlib-getdikdə onunla tanışlığı olmuş və görüşməyə başlamışlar. Görüş zamanı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Göyçə” hotelə getmiş, onların yaxın münasibətdə olmaları üçün orada şərait yaradılmışdır. Hoteldə Pərvanə ilə 2-3 saat birlikdə olmuş və hər dəfə Ramil 20-30 manat ödəniş etmişdir. Həmin hotelin adminstratorunu üzdən tanısa da, adını bilməmişdir. Hadisə baş verən günü, yəni xx.xx.2022-ci il günortadan sonra Pərvanə ilə onun istifadəsində olan ***- ***-**-** saylı GSM mobil nömrə ilə əlaqə saxlamış və görüşməyi təklif etmişdir. Pərvanə də bu təklifi qəbul etmiş və Sulutəpə qəsəbəsində yerləşən “Əkbər” marketin qarşısında görüşmüşlər. Həmin gün də həmişə olduğu kimi Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Göyçə” hotelə getmişlər. Hoteldə Pərvanə ilə təxminən 1 saat birlikdə olmuşdur. Birlikdə vaxt keçirən zaman özləri ilə gətirdiyi 5-6 ədəd spirtli “GO” içkisi içmiş, bundan sonra yuyunmaq üçün Pərvanə otaqdan hamama getmişdir. Pərvanəyə məxsus mobil telefon isə pəncərənin qarşısında olmuşdur. Həmin vaxt o, otaqda əyləşmişdir. Bundan sonra Ramil hamama tərəf gedib Pərvanəyə hamamdan tez çıxmasını demiş, lakin Pərvanə yuyunmağa davam etmişdir. Ramil pəncərənin qarşısında olan Pərvanəyə məxsus “Samsung Galaxy A52” markalı mobil telefonu oğurlamağa qərar vermişdir. Pərvanənin hamamda olmasından istifadə edib həmin mobil telefonu cəld götürüb hoteli tərk etmişdir. Hoteli tərk etdikdən sonra üzərindəki mobil nömrəni çıxarıb atmışdır. Pula ehtiyacı olduğu üçün oğurladığı mobil telefonu Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında lombarda qoyub 300 manat pul götürmüşdür. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Samux rayonunda qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində kirayədə yaşayır. Ramili də hadisədən təxminən 4-5 ay əvvəl tanımışdır. Ramil onun rəfiqəsinin kirayə yaşadığı Sulutəpə qəsəbəsindəki evin yaxınlığında yaşamış və tanışlıqları da həmin dövrə təsadüf etmişdir. Tanışlıqdan sonra mütəmadi olaraq görüşməyə başlamışlar. Onunla görüşmək üçün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Göyçə” hotelə getmiş və orada onların yaxın münasibətdə olmaları üçün şərait yaradılmışdır. Hoteldə Ramillə təxminən 2-3 saat yaxın münasibətdə olmuş və Ramil hotelə hər dəfə 20-30 manat pul ödəmişdir. Hoteldə onlar üçün şərait yaradan adminstratoru üzdən tanısa da, adını bilməmişdir. Bildirmişdir ki, 26 mart 2022-ci il tarixdə şəxsi istifadəsi üçün "xxxx" MMC-nin satış mərkəzindən Bakı qeydiyyatı olmadığı üçün kreditlə tanışı X2 adına bir ədəd “Samsung Galaxy A52” markalı mobil telefon almış və həmin telefonun ödənişlərini özü etməli imiş. Həmin mobil telefon ***-***-**-** saylı GSM mobil nömrədə işləmiş və həmin nömrəni də 5 manata almışdır. 30 mart 2022-ci il günortadan sonra Ramil onunla telefon əlaqəsi saxlamış və görüşməyi təklif etmişdir. O, razılıq verdiyi üçün Ramil onu 5-10 dəqiqə sonra Sulutəpə qəsəbəsində yerləşən “Əkbər” marketin qarşısından götürmüşdür. Onlar həmişə olduğu kimi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Göyçə” hotelə getmiş, hotelin ikinci mərtəbəsində yerləşən otaqlardan birinə yerləşmişlər. Otaqda təxminən 1 saat əyləşmiş, aldıqları spirtli “GO” içkisindən içmişlər. Pərvanəyə məxsus “Samsung Galaxy A52” markalı mobil telefon pəncərənin qarşısında olmuş və telefonda musiqi səslənmişdir. Bundan sonra Pərvanə otaqdan hamama yuyunmaq üçün keçmiş və həmin vaxt Ramil otaqda əyləşmişdir. Bir neçə dəqiqə sonra Ramil hamama tərəf gəlmiş və tez çıxmağını bildirmişdir. O, Ramilə indi çıxacağını bildirsə də, Ramil “çıxmırsan çıxma” deyib otağa qayıtmışdır. Bundan sonra musiqinin səsi kəsilmiş, o da elə zənn etmişdir ki, Ramil musiqini söndürmüşdür. Bir neçə dəqiqə sonra hamamdan çıxmış, qapının açıq və Ramilin otaqda olmadığını görmüşdür. O da Ramil deyə qışqırmış və onun səsinə otaqlara nəzarət edən oğlan gəlib nə baş verdiyini soruşmuşdur. O, həmin oğlandan Ramilin harada olmasını soruşmuş, oğlan da bildirmişdir ki, Ramil marketə getdiyini bildirmişdir. Pərvanə həmin oğlana məxsus mobil telefonla öz nömrəsinə zəng etmiş, telefona təxminən 2 saat zəng çatsa da, sonradan zəng çatmamışdır. Bundan sonra DİN-in “102” zəng xidməti mərkəzinə məlumat vermişdir. Mahiyyəti üzrə bildirmişdir ki, hadisədən təxminən 2 gün sonra Ramilin istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrə ilə əlaqə saxlamış və Ramilin ona məxsus mobil telefonu nə səbəbə götürməsini soruşmuşdur. Ramil mobil telefonu götürdüyünü etiraf etmiş və səbəbini izah etmək üçün görüş təklif etmişdir. Amma Pərvanə həmin görüşə getməmişdir. Onun Ramillə arasında hər hansı pul borcu olmamışdır. O bildirmişdir ki, hoteldə olan zaman onun bir ədəd 5 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrə ilə işləyən 645 manat kredit şərtləri ilə aldığı “Samsung Galaxy A52” markalı mobil telefonu oğurlanmışdır. Ümumilikdə ona 650 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təxminən 10 ildən çoxdur ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Göyçə” hotelində ofsiant vəzifəsində işləyir. Həmin obyektdə fəaliyyət göstərdiyi müddətdə müştəriləri qəbul etmiş və onların hotelə məxsus olan kabinetlərdə yerləşdirib onlara hoteldə olan xidmətlərin göstərilməsini təşkil etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımamış və xx.xx.2022-ci il tarixdə baş vermiş hadisədən məlumatı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrində qeyd etdiyi kimi mütəmadi olaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Göyçə” hotelinə gəlmələrini Şahid orada işlədiyi müddətdə görməmişdir. Həmçinin o, hotelin ofsiant işçisi kimi müştəriləri hotelin kabinetlərində yerləşdirdikdən sonra onlar müraciət etmədiyi müddətdə onları narahat etməmiş və yalnız hotelin müştəriləri müraciət etdikdə onlara xidmət göstərmək üçün müştərilər olan kabinetlərə yaxınlaşmışdır. Bundan başqa hoteldəki müştərilərin yaxın münasibətdə olmaqları üçün heç bir şərait yaratmamışdır. Hotelin müştəriləri yalnız hotelin kabinetində yerləşmək və orada qidalanmaq üçün ödəniş etmişlər. Bildirmişdir ki, o, həmin hoteldə işlədiyi müddətdə müştəriləri yalnız hotelə məxsus kabinetlərdə yerləşdirilməsini təşkil etmiş, onların həmin kabinetlərdə hər hansı yaxın münasibətdə olmaları üçün şərait yaratmamış, həmçinin bunun qarşılığında pul almamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsin barəsində axtarış elan edilməsi haqqında 17 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığından barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CPM-nin 53.1.3-ci maddəsinə əsasən, cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığından barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CPM-nin 53.1.3-ci maddəsinə əsasən, cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-587/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-587/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver