Məhkəmə qərarları › İş №1(012)-588/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-588/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-588/2022 04.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Gəgəli ə/d, Gəgəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində qeyri-rəsmi nikahda yaşadığı Zərərçəkmiş şəxs sonuncuya məxsus ünvan 2 ünvanda qısqanclıq səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı yumruqla qəsdən bir dəfə baş nahiyəsinə bir dəfə üz nahiyəsinə, mobil telefonun aksesuarı ilə hər iki qol və bədənin digər nahiyələrinə davamlı olaraq vurub, ona başın alın və sol təpə nahiyələrinin dərialtı hematoması, üzün sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının şişkinliyi qançırı, gözün ağlı qişasına qansızma, sol bazu nahiyəsinin qançırı və sıyrığı, sağ bud nahiyəsinin geniş sahəli qançırı ilə nətcələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığın yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2017-ci il tarixdə tanış olmuş, Könüllə 1 il 2 ay müddətində qeyrirəsmi ər-arvad münasiblərində yaşamışdır. Sonradan ayrılsalar da, tanış kimi münasibətləri davam etmişdir. Könüllə onun münasibətləri pis olmamışdır. Həmin ərəfələr də Könülün maddi ehtiyaclarını ödəmək üçün kömək edirmiş. Bu səbəbdən onun bəzi fikirləri ilə Könüldən razılaşmasını tələb etmişdir. Belə ki, Könülün yüngül həyat tərzi keçirməsinin əleyhinə olmuş, Könülü bacardığı qədər bu yoldan çəkindirməyə çalışmışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Həmin vaxt Könülün evində tanımadığı bir nəfər qadın olmuşdur. Son zamanlar Könülün haqqında onun qulağına bəzi xoşagəlməz sözlər çatdığı üçün Könülə öz iradını bildirmiş, Könül isə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Könülün sözündən əsəbiləşib, üz və baş nahiyyəsinə iki dəfə zərbə endirmişdir. Könül onun ünvanına yenidən təhqiredici ifadələr işlətməyə davam etdiyinə görə o, mobil telefonun aksesuarı ilə Könülün qol nahiyyələrinə bir neçə dəfə zərbələr endirmişdir. Bundan sonra o, evi tərk edib getmişdir. Nə Könül, nə də yanındakı qadın ona hər hansı şəkildə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs üz və baş nahiyyəsinə iki dəfə zərbə endirmişdir. Könül onun ünvanına yenidən təhqiredici ifadələr işlətdiyinə görə mobil telefonun aksesuarı ilə qol nahiyyələrinə bir neçə dəfə zərbələr endirmişdir. Mübahisə 10-15 dəqiqə davam etmiş, həmin vaxt binanın dəhlizinə heç kəs toplaşmamışdır. Mübahisə zamanı səs-küy evdən kənara çıxmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2002-ci il tarixdə ailə həyatı qurmuş, iki övladı vardır, O, ərindən boşanmasa da, ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə isə 2017-ci il tarixdə tanış olmuş, Həli 1 il 2 ay müddətində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamış, sonradan ayrılsalar da, tanış kimi münasibətləri davam etmişdir. Təqsirləndirilən şəxs ilə ayrılmağına səbəb Həlinin onu qısqanması olmuşdur. Əvvəllər Həli ilə aralarında münsibətləri yaxşı olsa da, son zamanlar ayrılmaqları Həlidə narahatlıqlar yaratmış və onu qısqanmağa davam etmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində rəfiqəsi Yeganə ilə evdə olan zaman Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və onun mənzilində özünə məxsus mobil telefonun enerji qidalandırcısının qaldığını bildirmişdir. O da Həliyə qonaq otağında dolaba baxmasını demişdir. Həli dolaba baxan zaman yenidən qısqanclıq etmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zəmnində ünvanına nalayiq ifadələr işlətmiş, yumruqla bir dəfə baş nahiyyəsinə sonra isə üz nahiyyəsinə zərbə endirmişdir. Mobil telefon aksesuarı ilə hər iki qollarına bir neçə dəfə zərbələr endirmişdir. Onu döyəndən sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. O da əl-üzünü hamam otağında yuyandan sonra 102 xidmətinə məlumat vermişdir. Mübahisə zəmində o, Həlini vurmamışdır. Hadisə ona məxsus 3 otaqlı mənzilin qonaq otağında baş vermiş, ümumi mübahisə 15 dəqiqə davam etmişdir. Həli yumruqla bir dəfə baş nahiyyəsinə sonra isə üz nahiyyəsinə, mobil telefon aksesuarı ilə hər iki qollarına bir neçə dəfə zərbələr endirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 21 may 2022-ci il tarixli, 1043 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın alın və sol təpə nahiyələrinin dərialtı hematoması, üzün sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırı, gözün ağlı qişasına qansızma, sol gözün üst qapağının əzilmiş yarası, sol bazu oynağı nahiyəsinin qançırı, sol bazu nahiyəsinin qançır və sıyrığı, sağ bud nahiyəsinin geniş sahəli qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-6 gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən yumruqla, təpiklə və mobil telefonun adabtırı ilə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar