Məhkəmə qərarları › İş №1(012)-59/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-59/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-59/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4 Ələsgər oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi, ev-6, mənzil 7-də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi yeni yaşayış massivində fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 dekabr 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, Ü.Hacıbəyov küçəsində yerləşən evinin yaxınlığında yerləşən “Elnur” adlı mağazasına nəfəslikdən qanunsuz daxil olaraq oradan 100 manat nağd pulu və 350 manat dəyərində tütün məhsullarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 450 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 yanvar 2023-cü il tarixdə saat təxminən 02 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Saray qəsəbəsi, Elçin Hüseynov küçəsində yerləşən fərdi yaşayış evinin zirzəmisinə giriş qapısının qıfılını qırıb açmaqla qanunsuz daxil olaraq oradan 200 manat dəyərində 01 ədəd “Samsunq” markalı televizoru, 350 manat dəyərində 01 ədəd “Dell” markalı nootebuk kompyüterini və 130 manat dəyərində 01 ədəd su qızdırıcısını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 680 manat dəyərində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt avtomagistral yolunun sağ kənarında yerləşən tikintisi tamalanmamış ofisinə pəncərəni açmaqla qanunsuz daxil olaraq oradakı zirzəmidən hər biri 150 manat olan 2 ədəd “Boşch” markalı direli, 300 manat dəyərində 1 ədəd “Boşch” markalı perefaratoru, 400 manat dəyərində 60 metr uzunluqda elektrik naqilini, 300 manat dəyərində 1 ədəd qaynaq aparatını və “Mitsubitshi” markalı avtomobilə aid 700 manat dəyərində 1 ədəd katalizatoru gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümümilikdə 2000 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs4 Ələsgər oğlunun Abşeron rayonu, Saray qəsəbəsi, Z.Əliyeva küçəsində yerləşən fərdi yaşayış evinə pəncərəni açmaqla qanunsuz daxil olaraq evin 1-ci mərtəbəsindəki mətbəxdən 01 ədəd, 200 manat dəyərində 5 litir su tutumu olan odun samovarını, 50 manat dayərində 01 ədəd elektrik samovarını, evin 2-ci mərtəbəsindəki qonaq otağında dolabdan hər biri 50 manat dəyərində olan 10 ədəd yataq dəstini, hər biri 70 manat dəyərində olan 3 ədəd qazanı və 40 manat dəyərində olan 4 ədəd yataq örtüyünü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümümilikdə 1000 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur, son vaxtlar pul tapa bilmdiyinə görə yaşadığı Saray qəsəbəsi ərazisində yaşayış olmayan evlərdən oğurluq edib, pul əldə etmək qərarına gəlmiş və bu niyyətlə 29 dekabr 2022-ci il tarixdə saat 05 radələriində Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivinə getmiş, Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olan zaman yolun kənarında üzərində “Elnur” yazısı olan mağazanın giriş qapısının dəmir barmaqlıqla bağlandığını görüb, mağazaya daxil olmaq üçün qapıdan girməyin çətin olduğunu düşünüb, mağazanın kənarında olan nəfəslik pəncərəni itələyib açmış və oradan içəriyə daxil olmuş, mağazanı axtarıb müxtəlif adda və sayda olan siqaretləri oradan götürdüyü sellofan torbaya yığmış, sonra mağazadakı piştaxtanın siyirməsini açıb oradan da 100 manat pulu götürüb siqaretləri yığdığı sellofan torba ilə birlikdə mağazadan çölə çıxmış və həmin siqaretləri səhər saatlarında Saray qəsəbəsində tanımadığı şəxsə hazırda xatırlamadığı məbləğdə pula satmış, əldə etdiyi pulları bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan təxinən bir həftə sonra yenə pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və 05 yanvar 2023-cü il tarixdə saat təxminən 02 radələrində yaşadığı evdən çıxıb, oğurluq etmək üçün münasib yer axtarmağa başlamış, Saray qəsəbəsində yerləşən “Yaşıl” marketin yaxınlığında yerləşən bir mərtəbəli yaşayış evinin qarşısından keçərkən işıqlarının yanmadığını görüb, həmin evi giriş qapısını yoxlamış və həqiqətən evdə heç kimin olmadığına əmin olub, qapının yan tərəfindən hasardan aşaraq həyətə daxil olub, evə yaxınlaşıb içəriyə girmək üçün yer axtararkən evin zirzəmisinin qapısında balaca qıfıl olduğunu görüb, əli ilə həmin qıfılı dartıb yoxlayarkən qıfılın açıldığını görüb, zirzəmiyə daxil olub, oradan evin qonaq otağına keçmiş, gecə aydınlıq olduğu üçün içəri işıqlı olduğuna görə o, qonaq otağından bir ədəd “Samsunq” markalı televizoru, bir ədəd “Dell” markalı notebooku götürüb divanın üzərində olan örtüyə büküb zirzəmiyə aparmış və yenidən evə qalxıb mətbəxdə olan vintaçanı götürüb, hamama daxil olaraq oradakı su qızdırıcını divara bərkidildiyi yerdən açıb zirzəmiyə aparmış, sonra evdən söküb götürdüyü televizorla və nootebukla birlikdə örtüyə büküb, özü ilə götürüb evdən çıxaraq hasardan aşıb, oğurladığı əşyaları yaşadığı evin yaxınlığına aparıb oradakı yarımçıq qalmış tikilidə gizlədib evə getmişdir. Ertəsi günü səhər saat 11 radələrində oğurladığı su qızdırıcısının mis metalını ayırıb yaşadığı qəsəbədə dövlət nömrə nişanını bilmədiyi, əlvan metal yığan avtomaşının tanımadığı sürücüsünə 10 manata satmış, sonra televizorla notebooku gizlətdiyi yerdən götürüb, taksi ilə Bakı şəhəri 3-cü mokrarayon bazarına aparmış və televizoru orada tanımadığı şəxsə 40 manata satmış, nootebuku isə alan olmadığına görə oradakı zibil qutusuna tullamış, sonra əldə etdiyi pulla özünə ərzaq və spirtli içkilər alıb yaşadığı Saray qəsəbəsinə getmişdir. Bundan bir müddət sonra yenə iş tapa bilmədiyinə görə pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və bu niyyətlə 2023-cü ilin aprel ayının əvvəlində tarixini dəqiq xatırlamadığı gündə gecə saat təxminən 01 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yeni tikililərin olduğu məhəlləyə getmiş və oğurluq etmək üçün münasib yer axtarmağa başlamış, həmin vaxtı Bakı-Sumqayıt avtomagistral yolunun sağ kənarında tikintisi tamamlanmamış bir obyektdən nəsə oğurlamaq mümkün olduğunu hiss edib, həmin tikiliyə yaxınlaşmış və zirzəminin pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb oradan içəriyə daxil olaraq, oğurlamaq üçün münasib əşyalar axtarmağa başlamışdır. Həmin vaxtı orada 2 ədəd “Boşch” markalı direlin, 1 ədəd “Bosch” markalı perefaratorun, təxminən 60 metr uzunluqda elektrik naqilinin, 1 ədəd qaynaq aparatının və avtomobilə aid 1 ədəd katalizatorun olduğunu görüb həmin əşyaları oradan götürdüyü boş torbaya doldurub özü ilə götürüb küçəyə çıxmış, sonra həmin əşyaları piyada daşıyaraq yaşadığı evin yaxınlığındakı yarımçıq qalmış tikiliyə aparıb orada gozlədib evlərin getmiş, ertəsi günü səhər yuxudan ayılıb saat təxminən 10 radələrində həmin əşyaları götürüb taksi ilə Sumqayıt şəhərində sonradan adının Şəhriyar olduğunu bildiyi metal alan şəxsə cəmi 250 manata satmış, əldə etdiyi həmin pulu bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir müddət sonra yenə iş tapa bilmədiyinə görə pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və bu niyyətlə 2023-cü ilin aprel ayının 28-nə keçən gecə saat təxminən 01 radələrində yaşadığı Saray qəsəbəsində gəzərkən yeni məhəllədə 2 mərtəbəli bir evin işıqlarının yanmadığını görüb, həmin evi nəzarəti altında saxlayıb, evə gəlib-gedənin olmadığına əmin olduqdan sonra evin sağ hasarından keçərək, həyətinə daxil olmuş və içəriyə daxil olmaq üçün münasib yer axtarmağa başlamış, həmin vaxtı evin 1-ci mərtəbəsindəki balaca nəfəslik pəncərədən içəriyə daxil olmağın mümkün olduğunu hiss edib həmin pəncərənin qarşısındakı qaz sobasını kənara çəkmiş və yaxınlıqdakı dəmir parçası ilə pəncərənin dəmir barmaqlığını qoparıb kənara qoymuşdur. Sonra həmin pəncərəni özündə olan vintaçanla açıb oradan içəriyə daxil olmuş, həmin yerin qaraj olduğunu görüb cibindəki alışqanın işığını yandırıb, oradan evin 1-ci mərtəbəsinə qalxıb oğurlamaq üçün münasib əşyalar axtarmağa başlamış, həmin vaxtı evin 1-ci mərtəbəsindəki mətbəxdə bir ədəd mis samovar olduğunu görüb, evin 2-ci mərtəbəsinə qalxmış, oradakı dolabda yataq dəstləri, döşəmənin üstündə isə qazan dəsti olduğunu görüb həmin əşyaları oğurlamaq qərarına gəlib, evdən götürdüyü yataq örtüyünə büküb özü ilə götürüb evdən çölə çıxmış və oğurladığı əşyaları həmin yerə yaxınlıqdakı yarımçıq tikilinin içərisində gizlədib yaşadığı evə getmiş, səhər saat 11 radələrində yuxudan dürüb həmin yerə gedib oğurladığı əşyaları götürüb mərkəzi yola çıxarmış, sonra həmin əşyaları taksi ilə Bakı şəhəri 3-cü mikrorayon dairəsinə aparıb oradakı ara məhəllələrdə tanımadığı adamlara satıb cəmi 40 manat pul əldə etmişdir. Əldə etdiyi pulları elə həmin günü şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Ələsgər oğlu ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi, Telnov küçəsi ev-10, mənzil 101 A-da yaşayır. 2006-cı ildən Abşeron rayonu Saray qəsəbəsi, Yeni Saray yaşayış massivi, Z.Əliyeva küçəsində 2 mərtəbəli bağ evi tikdirmiş, yay mövsümündə həmin evində yaşadıqlarına görə digər vaxtlarda həftədə bir dəfə həmin evinə baş çəkməyə gedirmiş. Sonuncu dəfə 23 aprel 2023-cü il tarixdə saat 13 radələrində həyat yoldaşı Şahid1 ilə birlikdə həmin evinə baş çəkməyə getdiyi vaxt hər şeyin qaydasında olduğunu görüb, qapı və pəncərələri bağlayıb, saat 19 radələrində Bakı şəhərində yaşadıqları evə qayıtmışlar. 30 aprel 2023-cü il tarixdə saat təxminən 14 radələrində yenidən həyat yoldaşı İlhamə ilə birlikdə həmin evinə baş çəkməyə getdikləri vaxt evin qarajının nəfəslik pəncərəsinin dəmir barmaqlığının yerində olmadığını və pəncərənin açıq olduğunu görüb, evdən oğurluq olduğunu hiss edib, tez evə daxil olmuşlar. Həmin vaxtı evin 1-ci mərtəbəsində mətbəxdəki 01 ədəd, 200 manat dəyərində 5 litir su tutumu olan odun samovarının, 50 manat dayərində 01 ədəd elektrik samovarının yerində olmadığını görüb, tez evin 2-ci mərtəbəsinə qalxıb, oradakı qonaq otağında dolabda saxladıqları, hər biri 50 manat dəyərində olan 10 ədəd yataq dəstinin, həmçinin qonaq otağında döşəmənin üstündə saxladıqlar, hər biri 70 manat dəyərində olan 3 ədəd qazanın və 40 manat dəyərində olan 4 ədəd yataq örtüyünün yerində olmadığını müəyyən etmişlər. Həmin əşyaların evə pəncərədən daxil olan naməlum şəxs tərəfindən oğurlandığını yəqin etdikdən sonra həyat yoldaşı İlhamə mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib, bu barədə məlumat vermişdir.Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1000 mnat məbləğində ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” yaşayış massivi, Üzeyir Hacıbəyov küçəsindəki nömrəsiz fərdi evdə yaşayır. Hazırda fərdi sahibkarlıqla məşğul olub ailəsini dolandırır. Yaşadığı evin qarşısında küçədə yol kənarında özünə məxsus “Elnur” marketdə gündəlik təlabat malları satır. 29 dekabr 2022-ci il tarixdə səhər saatlarında marketin qapısını açıb içəriyə daxil olarkən əşyaların dağınıq halda və nəfəslik pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb, qöürluq olduğunu hiss edib marketə baxış keçirmiş, bu zaman marketdəki tütün məhsullarının və dolaba qoyduğu 100 manat pulun yerində olmadığını aşkar etmiş və bundan sonra mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə zamanı 350 manat dəyərində müxtəlif adda tütün məhsulları və 100 manat nəğd pulu oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 450 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yaşasa da bir neçə ilə əvvəldən Abşeron rayonu, Saray qəsəbəsi Elçin Hüseynov küçəsində bağ evi vardır. Həmin evdə yaşamasalar da mütamadi olaraq evə gedib nəzarət edir. Sonuncu dəfə 31 dekabr 2022-ci il tarixdə həmin evinə baş çəkdiyi vaxt hər şeyin yerində olduğunu görmüş, lakin bir həftə sonra, yəni 05 yanvar 2023-cü il tarixdə yenidən həmin evinə baş çəkməyə getdiyi vaxt evin zirzəmisinin giriş qapısındakı qıfılın sındırıldığını, həmin qapının açıq olduğunu görüb, tez evinə daxil olmuş və mətbəxin döşəməsindən zirzəmiyə gedən qapının açıq olduğunu, qonaq otağındakı 1 ədəd 200 manat dəyərində “Samsunq” markalı televizorun, 350 manat dəyərində olan 1 ədəd notebook komputerin, hamam otağındakı 130 manat dəyərində olan 1 ədəd su qızıdırıcısının yerində olmadığını görmüş və həmin əşyalarının evinə zirzəmidən daxil olan naməlum şəxs tərəfindən oğurlandığını yəqin edib, mobil telefonu ilə DİN-nin 102 xidmətizəng mərkəzinə bu barədə məlumat vermişdir. Oğurlanmış əşyalarını rəxminən 1 il əvvəl almış, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 680 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi ev-4A, mənzil 43-də yaşayır. "xxxx" QSC-nin direktoru vəzifəsində işləyir. İşlədiyi şirkətin Bakı-Sumqayıt avtomagistral yolunun sağ kənarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində avtomobillərin təmiri xidməti mərkəzi inşa edilir. Həmin mərkəzin tikintisi başa çatmadığına görə hazırda həmin yerdə tikinti işləri aparılır. Hər gün həmin tikintidə işləyən ustalar işdən sonra təmir alətlərini tikintinin zirzəmisində olan otağa yıığırlar. 02 aprel 2003-cü il tarixdə də saat 22 radələrində ustalar təmir alətlərini həmin otağa qoyub evlərinə getmişlər. O, ertəsi günü, yəni 03 aprel 2023cü il tarixdə səhər saat 09 radələrində işə gəldiyi vaxt naməlum şəxsin pəncərəni açmaqla həmin zirzəmiyə daxil olaraq oradan hər biri 150 manat dəyərində olan 2 ədəd “Boşch” markalı direli, 300 manat dəyərində olan 1 ədəd “Boşch” markalı perefaratoru, 400 manat dəyərində olan 60 metr uzunluqda elektrik naqilini, 300 manat dəyərində olan 1 ədəd qaynaq aparatını və “Mitsubitshi” markalı avtomobilə aid 700 manat dəyərində olan 1 ədəd katalizatoru oğurladığını müəyyən edib mobil telefonu ilə DİN-nin 102 xidməti-zəng mərkəzinə bu barədə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümümilikdə 2000 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Tikintidə fəhləçilik edir. Hərdənbir boş vaxtlarında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı” adlanan bazarın yaxınlıgında işıqforun yaxınlığında dayanıb metal qəbulu edib satmaqla məşğul olur. 2023-ci ilin aprel ayının ilk günlərində saat təxminən 11 radələrində yenə həmin yerdə dayanıb metal qırıntıları satan adam gözlədiyi vaxtı sonradan adının Əli olduğunu bildiyi cavan oğlan əlində olan ağ rəngli torba ilə ona yaxınlaşıb salamlaşmış və satmaq istədiyi özünə məxsus olan işlənmiş 2 ədəd direli, 1 ədəd perefaratoru, elektrik naqili, 1 ədəd qaynaq aparatı və avtomobilə aid 1 ədəd katalizatoru olduğunu bildirmiş, o da torbada olan həmin əşyalara baxıb, əşyaları satıb üstündə əlavə pul qazanmaq mümkün olduğunu hiss edib, Əlidən necəyə satdığını soruşmuş, sonuncu da əşyaların cəmini 250 manata satmaq istədiyini söyləmiş, o da həmin qiymətin normal olduğunu düşünüb, Əli ilə razılaşmış və sonuncudan malların oğurluq olub-olmadığını soruşmuş, Əli də şəxsiyyət vəsiqəsini çıxarıb ona göstərmiş və həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Əliyə 250 manat pul verib, həmin əşyaları almışdır. Əşyaları həmin gün satmaq istəsə də alan olmadığına görə yaşadığı evə aparmış və ertəsi günü yenə bazara çıxarıb tanımadığı müxtəlif şəxslərə hazırda xatırlamadığı qiymətlərə satıb cəmi 310 manat pul əldə etmiş, əldə etdiyi həmin pulu da bir neçə gün ərzində şəxsi ehtiyaclarına və satmaq üçün başqa mallar almağa xərcləmişdir. Əlinin mənə satdığı əşyaların oğurluq olduğunu polislər ondan bu barədə soruşduqları zaman bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 Ələsgər oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödəməklə aradan qaldırılması, üç zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində həmin zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 06 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar