Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-590/2025 28.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli il tarixli hökmü ilə 04 il 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhklumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs əvəllər oğurluq cinayəti törətdiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1 maddəsi ilə Bakı şəhəri, Nizami rayon məhkəməsində cinayət işi baxılma mərhələsində olduğu halda, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Fatmayi qəsəbəsi, Cəlil Cavadov küçəsində yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 6768-6753-0046-3971 nömrəli plastik bank kartının üzərində olan 16 rəqəmli şifrəni və dörd rəqəmli pin kodu, yaddaşında saxlayıb, kart sahibinə məxsus məlumatları qanunsuz əldə edərək, 18 sentyabr 2023-cü il tarixdə saat 10:03-də Abşeron rayon ərazisində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə, sonuncunun kart hesabından 704,73 manat pulu istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş M10 sistemi vasitəsi ile öz kart hesabına keçirməklə gizli olaraq talayıb, oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Bakı şəhərində və digər yaxın rayonlarda bankomatlara yaxınlaşıb, pul çıxarmaq istəyən şəxslərin bank kartlarının üzərində olan 16 rəqəmli nömrəsini və parolunu yadda saxlayıb, növbəti gün istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi M10 hesabına köçürüb, oradan isə həmin pulları çıxardaraq, şəxsi istifadəsi üçün xərcləmiş, daha sonra onda bu əməl adət halını almış və Bakı şəhəri və digər ərazilərdə bankomatların qarşısında növbədə dayanıb, bank kartlarından pul çıxarmaq istəyən vətəndaşların əllərində olan kartların 16 rəqəmli nömrələrini və 4 rəqəmli parol nömrələrini yadda saxlayıb, həmin kartlarından çıxardığı pulları növbəti gün istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi M10 hesabına köçürüb, həmin pulları çıxardaraq, şəxsi istifadəsi üçün xərcləməyə başlamış,Abşeron rayon sakini Zərərçəkmiş şəxs və yaxınlarını tanımamış, həmin şəxsə məxsus kart nömrəsini ve parolunuda bankomatın qarşısında görüb götürmüş, 2023-cü ilin sentyabr ayının 13-də saat təxminən 14 radələrində fərdi işləri ilə əlaqədar olaraq, Abşeron rayonu, Fatmayi qəsəbəsi ərazisində olan “Oba” marketin qarşısına getmiş, orada bir nəfər qızın anasına məxsus olan pensiya kartından pul çıxardığını görüb, pulu çıxardan qıza yaxınlaşmış, o bankomatın yaxınlığında dayanmış, həmin zaman qızın əlində olan kartın üzərində olan 16 rəqəmli nömrəni mobil telefonu ilə şəklini çəkib, yadında saxlamış, daha sonra həmin şəxs anasına məxsus olan şifrəni kodunu anasından soruşmuş, bu zaman isə anası əyləşdiyi avtomobilin içərisindən uca səslə kodu bildirmiş, həmin kodu da yadında saxlamış, bundan sonra o, həmin kartdan xx.xx.2023-cü il tarixdə ümumulikdə 704.73 manat pulu istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi M10 hesabına köçürdüb, həmin pullarıda çıxarıb, şəxsi istifadəsi üçün xərcləmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, artıq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəza verildiyini, odur ki, məhkəmədən ona yüngül cəza təyin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin təyin etdiyi cəza ilə kifayətlənilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi birlikdə bir ünvanda yaşayır, təxminən 8- il olar ki, təqaüd almış, aldığı təqaüd isə hər ayın 10-u pensiya kartı olan 6768 6753 0046 3971 (12/26) nömrəli kartına yüklənmiş, o 2023cü ilin yanvar ayından başlayaraq 300 manat təqaüd almış, 2023-cü ilin sentyabr ayının 13-də onun pensiya məbləği, bank kartına yükləndiyi üçün, qızı və həyat yoldaşı ilə birlikdə pensiya almaq üçün Abşeron rayonu, Fatmayi qəsəbəsi ərazisində olan “Oba” marketin qarşısında yerləşən “Kapital bank”a məxsus bankomatın qarşısına getmiş, orada, həyat yoldaşının idarə etdiyi VAZ-2106 markalı ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə əyləşmiş, həmin zaman qızı Gülnarə bankomata yaxınlaşmış, kartını həmin bankomata yaxınlaşdıran zaman orada 30-35 yaşlarında bir oğlanın əlində olan mobil telefon ilə qızının yanında durub, kartının şəkilini və kartının video çəklişinin aparmasını görmüş, lakin qızı isə həmin şəxsə fikir verməmiş, qızı bankomatın qarşısında dayanıb, ondan kartının kodunu, yəni şifrəsini soruşmuş, həmin zaman o, uca səslə kartının kodunu yəni təvəllüdü olan 1957 rəqəmini bildirmiş, bundan sonra qızı pensiya kartından ümumulikdə 130 manat pul çıxartmış və oradan uzaqlaşıb yaşadıqları evə gəlmiş, onun təxminən 7 ay olar ki, pensiyası yığılıb qalmış və həmin pulları kartda saxlamış, qızı Gülnarə onun kartından pul çıxaran zaman kartında ümumulikdə 834 manat pul olmuş, xx.xx.2024-cü il tarixdə yaşadıqları evə gəldikdən təxminən 5 gün sonra onun pensiya kartından ümumulikdə 704,73 manat pulu naməlum şəxs tərəfindən çıxarılmı, yəni başqa bir şəxs tərəfindən kartına müdaxilə olunaraq oğurlanmış, xx.xx.2024-cü il tarixdə ona yenədə pul lazım olduğu üçün pensiya kartından ailə üzvüləri ilə birlikdə pul çıxarmaq istəyən zaman pensiya kartında pulunun olmadığını aşkar etmiş, daha sonra “Kapitalbank”a müraciət edərək, ödəniş kartı üzrə çıxarış almış və orada bilmişdir ki, onun kartından xx.xx.2023-cü il tarixdə tanımadığı şəxs tərəfindən ümumulikdə 704,73 manat pulu çıxarılmışdır. Hazırda ziyanlıq ödənilməmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs təxminən 8-il olar ki, təqaüd almış, aldığı təqaüd hər ayın 10-u pensiya kartı olan 6768 6753 0046 3971 (12/26) nömrəli karta yüklənmiş, 2023-cü ilin sentyabr ayının 13-də həyat yoldaşının pensiya, bank kartına pul yükləndiyi üçün o, həyat yoldaşı və qızı Gülnarə birlikdə onun idarə etdiyi avtomobil ilə Abşeron rayonu, Fatmayi qəsəbəsi ərazisində olan “Oba” marketin qarşısında yerləşən “Kapital bank”a məxsus bankomatın qarşısına gəlmiş, orada həyat yoldaşı Etibarə idarə etdiyi VAZ-2106 markalı ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə əyləşmiş, qızı Gülnarə isə bankomata yaxınlaşmış o, kartı həmin bankomata yaxınlaşdıran zaman orada 30-35 yaşlarında bir oğlanın əlində mobil telefon ilə onun yanında durduğunu görmüş, o isə həmin şəxsə fikir verməmiş, həmin zaman qızı həyat yoldaşından, onun pensiya kartının kodunu, yəni şifrəsini soruşmuş, həyat yoldaşı Etibarə isə uca səslə kartının kodunu yəni təvəllüdü olan 1957 rəqəmini ona bildirmiş, bundan sonra Gülnarə anasının pensiya kartından ümumulikdə 130 manat pul çıxartmış, onlar birlikdə oradan uzaqlaşıb yaşadığı evə getmiş, həyat yoldaşı təxminən 7 ay olar ki, pensiyasını yığıb saxlamış, qızı, Gülnarə həyat yoldaşının kartından pul çıxaran zaman Etibarənin kartında ümumulikdə 834 manat pul olmuş, xx.xx.2023-cü il tarixdə yaşadığı evə gəldikdən təxminən 5 gün sonra həyat yoldaşının pensiya kartından ümumulikdə 704,73 manat pulun naməlum şəxs tərəfindən çıxarıldığını yəni başqa bir şəxs tərəfindən kartına müdaxilə olunaraq oğurlandığını aşkar etmiş, bundan sonra onlara yenədə pul lazım olduğu üçün həyat yoldaşının pensiya kartından pul çıxarmaq istədikdə, həmin pensiya kartında pulunun olmadığını aşkar etmiş, daha sonra “Kapital-bank”a həyat yoldaşı ilə birlikdə müraciət etmiş, orada həyat yoldaşı Etibarənin pensiya kartı ilə ödəniş üzrə çıxarış almış, həmin zaman bilmişdir ki, Etibarənin kartından xx.xx.2023-cü il tarixdə tanımadığı şəxs tərəfindən ümumulikldə 704,73 manat pulu çıxarılmışdır. Bundan sonra o, həyat yoldaşı Etibarə ilə birlikdə, Mehdiabad PB-nə gedərək polisə ərizə ilə müraciət etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, , anası Zərərçəkmiş şəxs təxminən 8-il olar ki, təqaüd almış, aldığı təqaüd hər ayın 10-u pensiya kartı olan 6768 6753 0046 3971 (12/26) nömrəli karta yüklənmiş, 2023-cü ilin sentyabr ayının 13-də anasının pensiya, bank kartına pul yükləndiyi üçün, valideynləri ilə birlikdə atasının idarə etdiyi avtomobil ilə Abşeron rayonu, Fatmayi qəsəbəsi ərazisində olan “Oba” marketin qarşısında yerləşən “Kapital bank”a məxsus bankomatın qarşısına gəlmiş, orada anası, atasının idarə etdiyi VAZ-2106 markalı ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə əyləşmiş, o isə bankomata yaxınlaşıb, kartı həmin bankomata yaxınlaşdıran zaman orada 30-35 yaşlarında bir oğlanın əlində mobil telefon ilə onun yanında durduğunu görmüş, həmin şəxsə fikir verməmiş, bu zaman anasından, onun pensiya kartının kodunu, yəni şifrəsini soruşmuş, anası isə uca səslə kartının kodunu yəni təvəllüdü olan 1957 rəqəmini ona demiş, bundan sonra o, anasının pensiya kartından ümumulikdə 130 manat pul çıxardıb, oradan uzaqlaşaraq, valideynləri ilə birlikdə anasının yaşadığı evə getmiş, anasının bir neçə ay pensiyası (pulu) yığılıb kartında qalmış, həmin pulları anası kartında saxlamış o, isə kartdan pul çıxaran zaman anasının kartında ümumulikdə 834 manat pulun olduğunu görmüş, xx.xx.2024-cü il tarixdə anasının yaşadığı evə gəldikdən təxminən 5 gün sonra anasının pensiya kartından ümumulikdə 704,73 manat pulun naməlum şəxs tərəfindən çıxarıldığını yəni başqa bir şəxs tərəfindən kartına müdaxilə olunaraq oğurlandığını aşkar etmiş, valideynlərinə yenədə pul lazım olduğu üçün anasının pensiya kartından ailə üzvüləri pul çıxarmaq istəmiş, lakin həmin zaman anasının pensiya kartında pulunun olmadığını aşkar etmiş, daha sonra “Kapital-bank”a valideynləri ilə birlikdə müraciət etmiş, orada anasına məxsus bank kartından ödəniş kartı üzrə çıxarış verilmiş və müəyyən olunmuşdur ki, anasının kartından xx.xx.2023-cü il tarixdə tanımadığı şəxs tərəfindən ümumulikldə 704,73 manat pul çıxarılmışdır, bundan sonra anası və atası Mehdiabad PB-nə gedərək ərizə ilə polisə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata götürülmüşdür. - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Nizami rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 66.5 və 69.3-cü maddələri təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(007)-35/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzası hazırki hökmlə birləşdirilərək üzərində 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 04 il 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. - “Sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3ci maddəsindən Həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi tətbiq edilən M10 tətbiqindən götürülmüş bir ədəd CD diski iş üzrə maddi sübut kimi tanınmış, həmçinin, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd) Həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Bu baxımdan, qanunvericilikdə təkrar cinayətə görə daha ağır cəza təyin edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, cinayət qanunvericiliyində təkrar törədilən cinayətlərə görə təyin ediləcək cəzanın daha ağır olması nəzərdə tutulsa da, cinayət qanununun ədalət prinsipinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edilərkən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011ci il tarixli Qərarında qeyd etmişdir ki, ədalət prinsipini nəzərdə tutan Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu prinsip həmçinin eyni növlü cəzanın əsas və əlavə cəza kimi təyin edilməsinin yolverilməzliyini ehtiva edir. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi konstitusiya prinsipi habelə Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə görə heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 34.1-ci maddəsinə görə heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir. Məhkəmədə müəyyən olunur ki, ibtidai istintaq zamanı fakta əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır. 30 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla təqsirləndirilən şəxsin əvvəlki törətdiyi cinayət əməlinə hüquqi qiymət verilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsinə əsasən onun əməli “təkrarçılıq” yaratdığı üçün cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən 177.2.2-ci və 177.2.3-1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(007)-35/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 04 il 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs əvvəlki törətdiyi cinayət əməlinə görə məhkum edildiyindən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin “təkrarlığı” kimi qiymətləndirilə bilməz. Ona görə də, ona elan edilmiş ittihamdan həmin Məcəllənin 177.2.2-ci maddəsi xaric edilməlidir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün əməli törətməsinə dair etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, məhkəmə iclasında baxış keçirilmiş CD disk və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, əvvələr törətdiyi cinayət əməlinə görə dəfələrlə məhkum olunduğunu, məhkumluğu ödənilmədən yenidən cinayət əməlini törətməyini, təyin olunmuş cəzalardan islah olunmadığını, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəza təyin edərkən cəzanın məqsədi nəzərə alınmalı şəxsin şəxsiyyəti, onun islah olunmağa meyilli olub olmaması qiymətləndirilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(007)-35/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 04 il 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(007)-35/2025 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 04 il 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı, ona qəti cəza təyin edilməlidir Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı, cəza çəkmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə - 01 ədəd CD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci,mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 10 saatın hər iş saatının 6 manatdan, 15 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 225 manat (10 saat x 6 AZN + 15 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(007)-35/2025 saylı hökmü ilə təyin edilmiş 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 01 ay 12 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) 04 (ay) 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(007)-35/2025 saylı hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcinin,mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. İş üzrə - 01 ədəd CD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 225 (iki yüz iyirmi beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-590/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-590/2025
28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver