Məhkəmə qərarları › İş №1(012)-591/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-591/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-591/2020 01.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakları ilə xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.Hüseynzadə küçəsi, məhəllə 22, ev 17/14-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsində nömrəsiz evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş cəmi 0,330 qram təmiz çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, xx xxx 2020-ci il tarixdə saat 16:20 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Ağayev X3 rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsində saxlanılaraq, Abşeron rayon RPİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otaqlarının birində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən bir bükümdə təmiz çəkisi 0,330 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1 il müddət olar ki, narkotik vasitələrin qəbulu ilə məşğuldur. Narkotik vasitə olan heroini damarına iynə ilə vurmaq yolu ilə qəbul edir. Təxminən 3 gün əvvəl Sumqayıt şəhərində olduğu zaman tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda heroin almış və sonra istifadə edəcəyini nəzərində tutaraq öz üzərində göy rəngli cins şalvarının sol arxa cibində saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxaraq marketə gedən zaman iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər və sonra narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün onlarla birlikdə Abşeron RPİ-nə gəlməli olduğunu bildirmişlər. Heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilməyə başlanmışdır. Polis əməkdaşları ona bildirmişlər ki, üzərinə baxış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya varsa onu təqdim etsin. Həmin vaxt 3 gün əvvəl Sumqayıt şəhərində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alıb cibinə qoyduğu 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroini əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən çıxarıb stolun üstünə qoymuş və həmin bir bükülüdə narkotik vasitə olduğunu, həmin bir büküm narkotik vasitəni də 3 gün əvvəl Sumqayıt şəhərində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq cibinə qoyduğunu bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroin xüsusi elektron tərəzidə çəkilərək zərfə qoyulmuş və Abşeron RPİ-nin 59 saylı möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, o, və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin sabiq əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİnin CAŞ-nin əməliyyat müvəkkili vəsifəsində işləyir. xx.xx.2020-ci il tarixdə xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.Hüseynzadə küçəsi, məhəllə 22, ev 17/14-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qanunla qadağan olunmuş narkotik vasitələri əldə etməsi, istifadəsi və gəzdirməsi barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə tərəfindən qərarlar qəbul edilmişdir. Bundan sonra RPİ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq Abşeron rayonu, Saray qəsəbəsi ərazisində həmin şəxsi daxil olmuş məlumat əsasında izləməyə başlamışlar. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs piyada yaşadığı evin yaxınlığında marketə doğru getdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə qəbul etməsi, üzərində saxlaması barədə məlumatlarının olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra onlar RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Həmçinin axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Üzərində özü istifadə etmək üçün bir büküm halında narkotik vasitə olan heroin olduğunu bildirmiş və əlini əynindəki göy rəngli cins şalvarının sol arxa cibinə salıb oradan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bir büküm çıxarıb könüllü olaraq təqdim etmiş və həmin bükümdə də narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra onlar videoçəkilişlə onun üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra onlar videoçəkiliş ilə onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi həmin bükümdə ağ rəngli heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə olan heroindir. Həmin bir büküm heroini 3 gün əvvəl Sumqayıt şəhərində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata almışdır, həmçinin sonra istifadə edəcəyi üçün üzərində gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir bükümdə olan heroinə bənzər kütlə tərəzidə çəkilmiş və cəmi 0,330 qram olması müəyyən edildikdən sonra həmin büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. Protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni hardan və kimdən alması barədə tərəfindən müvafiq tədbirlər keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/636 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,330 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,280 qram – 0,05 qram heroin tədqiqata sərf edilmişdir). Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2677 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Subutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən bir bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 03 gün olmaqla cəmi 03 ay 05 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0,280 qram qram heroin məhv edilməlidir. İş üzrə 114 manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 03 gün olmaqla cəmi 03 ay 05 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0,280 qram heroin məhv edilsin. İş üzrə 114 manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 180 manat pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar