Məhkəmə qərarları › İş №1(012)-597/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-597/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-597/2023 09.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Şikayət verən şəxs - Zərərçəkmiş şəxs Məlikməhəmməd qızının, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Cəlilabad rayonunda doğulmuş, evli, Cəlilabad rayonu, Bədirli kənində qeydiyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair sadələşdirilmiş icraat materialı üzrə işə Abşeron Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində ünvan 1-də yaşayan arvadı Zərərçəkmiş şəxs ilə arasında yaşadıqları evdəki əşyaların yerlərinin dəyişdirilməsi ilə bağlı baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs sillə və yumruqlla arvadı Zərərçəkmiş şəxs sifət, əl və bədən nahiyələrinə qəsdən ardıcıl zərbələr vurub, sonuncuya sağ əlin İİ barmağının orta falanqasının geniş sahəli şişkinlik halında qançırı, orta falanqa oynağının hemartrozu ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 1997-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan iki uşaqları dünyaya gəlmişdir. 15 may 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində yerləşən evlərində olan zaman hamam otağında ona məxsus rəfə ailə üzvləri tərəfindən başqa əşyaların doldurulması ilə əlaqədar narazılıq etmiş, həmin vaxtı arvadı Səmayə ilə aralarında sözlə mübahisələri yaranmışdır. Mübahisə zamanı o, Səmayənin otağına daxil olmuş və Səmayə onun üstünə qışqıraraq üzərinə gəlmişdir. Həmin vaxtı o da Səmayənin sinəsindən kənara itələmiş və Səmayə arxası üstə divanın üstünə yıxılmşdır. Mübahisə zamanı evdə qızı Gültəkin Quliyevadan başqa şəxsin olmadığını, həmin hadisə zamanı Səmayənin sinəsindən kənara itələsə də, onun başından və digər bədən nahiyəsindən vurmadığını göstərmişdir. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şikayət verən şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. 1997-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan iki uşaqları vardır. Əri Təqsirləndirilən şəxs heç bir səbəb olmadan evdə onunla və ailə üzvlərilə münaqişə yaradır, onu və qızı Quliyeva Gültəkini əxlaqsız söyüşlərlə söyüb təhqir edir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadıqları evdə olarkən uzanıb yatan zaman, əri Təqsirləndirilən şəxs hamam otağında ləvazimatların yerinin dəyişdirilməsinə görə mübahisə yaradaraq üzərinə gələrək başına və əlinə yumruq zərbələri ilə, eyni zamanda əlinin iç hissəsi ilə vuraraq onu döymüşdür. Həmin vaxt evdə qızı Gültəkindən başqa şəxsin olmadığını göstərmişdir. Sonda o, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, anası Zərərçəkmiş şəxs ilə atası Təqsirləndirilən şəxs arasında arada mübahisə olur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində valideynləri arasında yenidən mübahisə yaranmış, daha sonra o, anası ilə yatmağa hazırlaşan zaman atası Təqsirləndirilən şəxs onların yatdığı otağa daxil olaraq anasının başına, bədəninə yumruq və təpik zərbələri endirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 953 nömrəli nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sağ əlin İİ barmağının orta falanqasının geniş sahəli şişkinlik halında qançırı, orta falanqa oynağının hemartrozu küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı əl zərbəsinin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİHB-nın başçısının Masazır kənd İƏD üzrəxx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, cinayət əməlini törətmiş şəxs Quliyev X2 rayonu, Masazır kəndində ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs etdiyi əməl üzrə özünü təqsirl bilməməsi özünümüdafiə xarakteri daşıyır. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alır. Məhkəmədə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına yönəlməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar