Məhkəmə qərarları › İş №1(012)-598/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-598/2021

20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-598/2021 20.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1971-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisini əkib yetişdirməklə xeyli miqdarda kultivasiya cinayət əməlini törətmişdir. Belə ki, o, Abşeron rayonu, Novxanı kəndində istintaqa məlum olmayan mənbədən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli toxumları əldə edib. 2021-ci ilin aprel ayında yaşadığı Abşeron rayonu, Novxanı kəndi M.Hüseynzadə küçəsi, 20 saylı evin həyətində əkərək müntəzəm olaraq suvarmaqla, dibini yumuşaltmaqla aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq nəm vəziyyətdə ümumi çəkisi 1385 qram ( 1 k q 385 qram) olan 3 (üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 21 avqust 2021-ci il tarixdə Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndi M.Hüseynzadə küçəsi, 20 saylı evin həyətindən 3 (üç) ədəd ümumi çəkisi 1385 qram ( 1 k q 385 qram) olan bitki nümunələri, əkib becərməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin aprel ayında yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik vasitə sayılan 3 ədəd çətənə bitkiləri əkmişdir. O, həmin bitkilərə qulluq edib suvarmış, həmin bitkiləri şəxsi istifadəsi üçün əkmiş və heç kimə satmamışdır. 21.08.2021-ci il tarixdə günorta radələrində polis əməkdaşları o, evdə olan zaman evinə gələrək, evinə və həyətyanı torpaq sahəsinə onun razılılğı ilə aqronomun və müdafiəçinin iştirakı ilə baxış keçirmək istədiklərini bildirmişlər. O, da razılıq verərək birlikdə həyətyanı sahəyə baxış keçirilməsinə başlamışlar. Baxış zamanı evinin həyətyanı torpaq sahəsində onun tərəfindən əkilmiş 3 ədəd narkotik vasitə sayılan çətənə bitkisi aşkar edilərək, videoçəkilişlə qeydə alınaraq qablaşdırılıb ekspertizaya təqdim ediməsi üçün götürülmüşdür. Həmçinin onun razılığı ilə evinə baxış keçirilmişdir. Evinə baxış zamanı qanunla dövriyyəsi qadağan edilən əşya, predmet aşkar edilməmişdir. Bundan başqa müdafiəçinin iştirakı ilə və onun razılığı ilə üzərinə də, şəxsi aşxtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Sonda o, polis əməkdaşları ilə polis bölməsinə öz istəyi ilə getməyə razılıq vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Saray polis bölməsinin CA üzrə əməliyyat müvəkkili vəsifəsində işləyir, polis leytenantıdır. 21.08.2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Novxanı kəndi M.Hüseynzadə küçəsi ev 20-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitki əkməsi barədə məlumat alıb, dərhal həmin məlumatı Saray polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin Saray polis bölməsinin polis sahə nəfəri Şahid2 ilə birlikdə Novxanı kəndi M.Hüseynzadə küçəsinə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs həyətinin qapısını döymüş və Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını, həyətyanı sahəsinə və evinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bundan sonra oraya təhqiqatçı, aqronom və müdafiəçi dəvət etmişlər. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş və bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə başlanılmışdır. Həyətyanı torpaq sahəsinin sol orta istiqamətində 3 ədəd 50-60 sm hündürlüyündə kökü torpaqda olan, lakin baş hissələri qırılmış yaşıl çətənə bitkisi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini özü üçün əkdiyini və polis əməkdaşlarının küçədə olduğunu görüb atmaq üçün baş hissələrini qırdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri əkdiyi yerə və həmin bitkilərə mütəxəssis aqronom tərərfındən baxış keçirilərək müəyyən olunmuşdur ki, göstərilən bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı evə, həyətindəki yarımtikiliyə baxış, üzərinə isə şəxsi axtarış keçirilmişdir. Baxış və şəxsi axtarış zamanı evdən və Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilən əşya, predmet aşkar edilməmişdir. Həmin 3 ədəd çətənə bitkisi torbaya qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 İsrəfıl oğlu göstərmişdir ki, 1977- ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə tərəvəz-üzümçülük fakültəsini bitirmiş, alim aqronom ixtisası almışdır. 21.08.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi M.Hüseynzadə küçəsi ev 20-də yaşayan Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsində 0,01 ha torpaqda kökləri yerdə, üst hissəsi yenicə qoparılmış vəziyyətdə olan 03 ədəd 50-60 sm hündürlükdə çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Həmin 03 ədəd bitkilərin spesifik iyindən məlum olmuşdur ki, narkotik tərkibli bitkilərdir və aqrotexniki qaydada kultivasiya edilmişdir. Bitkilərin diblərinə çalalar açılması, suvarılması, alaq otlardan təmizlənməsi kimi əlamətlərinə əsasən, həmçinin boyuna və ölçülərinə uyğun olaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi aşkar görünmüşdür. Həmin 03 ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan çıxarılmış, Təqsirləndirilən şəxs iştirakı ilə ağ kisəyə yığılaraq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş,o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray polis bölməsinin sahənin polis nəfəri Qocayev X4 Bağır Elman oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Abşeron RPİ-nin Saray polis bölməsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və Abşeron rayonu, Novxanı kəndi M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşadığı 20 nömrəli evin həyətyanı sahəsinə və evə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə baxış keçirən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs həyətində torpaq sahəsinin sol orta istiqamətində 03 ədəd yaşıl rəngli narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitə 03 ədəd çətənə bitkisini 2021-ci ilin aprel ayında əkibbecərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 10.08.1993-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 208-ci maddəsinin 2-ci hissəsi, 23-1 ilə əməyə mütləq cəlb olunmaqla 05 il azadlıqdan şərti məhrum olunmuşdur. 1993-cü ildən 28 ildən çox zaman keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 22 avqust 2021-ci il tarixli 7/819 saylı rəyinin nəticə hissəsindən görünür ki, təqdiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş” sözləri yazılmış sintetik torbada 03 (üç) ədəd, nəm vəziyyətdə, ümumi çəkisi 1385 qram (1 kq 385qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun rəyinə əsasən həmin 03 (üç) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli 3322 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannobioidlərin və metafetaminin birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra 1384,85 qram, 03 ədəd narkotik tərkibli çətənə bitkisi maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və Abşeron RPİ-nin Saray polis bölməsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, evinə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə bir ədəd video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə” dair 25 fevral 2013-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədindən asılı olmayaraq toplanmasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasının bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilənədək, tərkibində narkotik maddələr olan bitkilərin toplanmasının cinayət məsuliyyətinə səbəb olan miqdarı (o cümlədən şəxsi istehlak miqdarı) müəyyən edilərkən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ Siyahısında nəzərdə tutulan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda) əsas götürülməlidir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasının külli miqdarının müəyyən edilməsi üçün “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ Siyahısı, həmin bitkilərin say vahidlərinin külli miqdarı müəyyən edilərkən bu Qanunun İİİ Siyahısı əsas götürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 10.08.1993-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 208-ci maddəsinin 2-ci hissəsi, 23-1 ilə əməyə mütləq cəlb olunmaqla 05 il azadlıqdan şərti məhrum olunmuşdur. 1993-cü ildən 28 ildən çox zaman keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Abşeron RİHB-nın Novxanı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq hissi çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 21.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 23.08.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Təqsirləndirilən şəxs iki gün həbsdə saxlama müddətini nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdiriməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan, əkilib-becərilməsi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş narkotik vasitə olan 1384,85 qram çəkidə çətənə bitkisi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istitaq zamanı 75 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 450 manat, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3500 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi olan Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan, və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş narkotik vasitə olan 1384,85 qram çəkidə çətənə bitkisi məhv edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs istitaq zamanı 75 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 450 manat, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar