Məhkəmə qərarları › İş №1(012)-598/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-598/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-598/2023 02.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1980-ci ildə Zəngilan rayonu, Zəngilan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, iki uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Zəngilan rayonu, Zəngilan kəndində qeydiyyatda olub, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 8, mənzil 20-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən, Zəngilan rayon 33 saylı tam orta məktəbin inzibati binasının birinci mərtəbəsinin dəhlizində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onafiziki zor tətbiq etməsinə eynilə qarşılıq verərək, sonuncunun sifət və boyun nahiyələrinə əl zərbələri ilə vurmaqla Pərvanə Pərəcovanın sağlamlığına qəsdən, sol qulaq seyvanının sırğalığının əzilmiş-cırılmış yarası, alt çənə nahiyyəsinin sıyrığı xəsarətləri yetirməsi ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 8, mənzil 20-də övladı ilə birlikdə yaşayır. 2013-cü il tarixdən Zəngilan rayonu, 33 saylı tam orta məktəbdə xadiməçi vəzifəsində işləyir. Təxminən 2-3 ay olarki məktəbin bufetini də o işlədirdi. Zərərçəkmiş şəxs da həmin məktəbdə fiziki hazırlıq müəlliməsi vəzifəsində işləyir. Aralarında olan mübahisə onun bufeti qanunsuz olaraq işlətdiyi ilə bağlı olmuş və hər dəfə Pərvanə ona nalayiq sözlər işlədərək oranı işlətməməyini tələb etmişdir. Pərvanənin yeznəsi Turala zəng edib qaynanasının etdiyi hərəkətləri ona bildirmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə novruz bayramı ilə əlaqədar olacaq tədbirə gələn zaman məktəbin dəhlizində Pərvanə ilə qarşılaşan zaman Pərvanə yeznəsinə zəng etdiyinə görə ona nalayiq sözlər işlədərək onu təhqir etmişdir. Pərvanəyə cavab qaytaran zaman Pərvanə onun arxadan saçını tutub dartaraq yerə yıxmış və yərdə ona el və təpiklə xəsarət yetirmişdir. O, isə əli ilə onun qulağına xəsarət yetirmişdir. Həmin vaxt onları məktəbin təsərrüfat müdiri Şahid2 və musiqi məktəbinin xadiməçisi Yeganə və adlarını bilmədiyi uşaqlar onları ayırmağa çalışmış, daha sonra polisə Pərvanə barəsində şikayət ərizəsi yazmışdır. Aralarında olan mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Aralarında olan mübahisə zamanı Pərvanəyə yalnız qulağına xəsarət yetirməmişdir. Məhkəmə istintaqının sonunda özünü tam təqsirli bilərək, törətdiyi əməldən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Məhkəmə istintaqının sonunda özünü təqsirli bilərək, törətdiyi əməldən peşmançılıq çəkdiyini, ondan şikayət etmişdir. Elnarə ona nalayiq söyüşlər söyüb ailə üzvünə yaxşı edib zəng edib ondan şikayət etdiyini demiş, həmin səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elnarə ona söyüşlər söydüyü üçün Elnarənin başının arxa hissəsindən əli ilə vurmuş, həmin vaxt Elnarə də əli ilə onu vurmağa başlamışdır. Şahid2 onları ayırmış, getmək istəyən zaman da Elnarə sakitləşməyib onun arxasıyca ucadan söyüşlər söymüşdür. Elnarə ona söyüşlər söydüyü üçün aralarında mübahisə davam etmişdir. Mübahisəni bitirib qapıdan çıxıb getmək istəyən zaman pul qabının xadimələrin otağında qaldığı yadına düşdüyü üçün geri qayıdıb pul qabını götürmüşdür. Məktəbin inzibati binasından çıxmaq istəyən zaman Elnarə sakitləşməyib ona söyüşlər söydüyü üçün geri qayıtmış, Elnarə onu söydüyü üçün Elnarənin saçından tutmuş, həmin vaxt Elnarə də onun saçından tutub ona fiziki ağrı yetirmişdir. Elnarənin əlindən çıxa bilməmiş, Elnarə həmin vaxt qulaq hissəsindən tutaraq qulağında olan sırğanı dartıb qulağını cıraraq ona xəsarət yetirmişdir. Qulağından qan axdığı, ağrıları olduğu üçün əsəbləşib Elnarəyə bir neçə dəfə ayağı ilə zərbə vurmuşdur. Daha sonra Taleh onları ayırmış, Pərvanə özünü pis hiss etdiyi üçün xadimələrin otağına getmiş, Elnarə isə bufetə qayıtmışdır. Xadimələrin otağında olan zaman məktəb direktoru Səadət Səfquliyeva da gəlmiş, Elnarənin etdiklərinə əsəbləşmişdir. Daha sonra isə Elnarənin anası Zeynəb və gəlinləri Nərmin onun yanına gəlib ona demişlər ki, Elnarənin etdikləri üçün ondan üzr istəyirlər, Elnarədən polisə şikayət etməsin. Hətta həmin vaxt ona həkim də çağırmamışlar ki, Elnarənin onu döyməsindən polisin xəbəri olmasın. Elnarənin anası Zeynəbə görə şikayət etməyəcəyini Zeynəb və Nərminə demişdir. Sonra öz evinə getmiş, evdə olan zaman Elnarənin bacısı Xeyrənisə və gəlinləri Nərmin əllərində şirniyyat boxçası ilə gəlib ona demişlər ki, həkimə getsinlər. Əməliyyat olduğu üçün gedə bilməyəcəyini demiş, Xeyrənisə onlardan gedən zaman 100 manat pul qoyub getmişdir ki, həkimə getsin. Elnarədən şikayət etməmiş, lakin sonradan polis şöbəsindən çağırılan zaman Elnarənin ondan polisə şikayət etdiyini bilib o da Elnarədən şikayət etmişdir. Elnarə ilə aralarında mühabisə olan zaman Elnarə ona söyüşlər söymüş, həmin vaxt səs-küy olmuş, səsə bir neçə nəfər gəlib onları aralaşdırmış, həmin hadisə təxminən 5-7 dəqiqə davam etmişdir. Aralarında münaqişə olan zaman Elnarə ona söyüşlər söydüyü üçün Elnarənin saçından tutub çəkmiş, daha sonra isə qulağına xəsarət yetirdiyi üçün əsəbləşib bir neçə dəfə təpik vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən Zəngilan rayon 33 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs də onunla birlikdə həmin məktəbdə işləyirlər. Pərvanə fiziki hazırlıq müəlliməsi, Elnarə xanım isə xadiməçi işləyir. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində məktəbin inzibati binasının həyətində “Novruz Bayramı” şənliyi keçirilmiş, məktəbin dəhlizində dayanaraq tədbir iştirakçılarının geyimlərinin dəyişməli olduğu otağı göstərmişdir. Həmin vaxt Pərvanə yanına gələrək yaxın qohumu rəhmətə getdiyi üçün ona baş sağlığı verib, xonça qabını götürmək üçün idman zalına getmişdir. Sonradan dəhlizdə Pərvanə və Elnarə qarşılaşarkən Pərvanə “nə üçün qızımın həyat yoldaşına zəng etmisən, o sənin həyat yoldaşındır?” deyə soruşduqda Elnarə “yaxşı elemişəm” deyə cavab vermiş, Pərvanə isə Elnarənin boyun hissəsindən əli ilə zərbə vurmuş və aralarında mübahisə başlamışdır. Pərvanə ilə Elnarəni ayırmış, Elnarə və Pərvanə qarşılıqlı olaraq uca səslə bir-birlərinə nalayiq sözlər işlədərək bir-birlərini təhqir etmişlər. Səs-küyə məktəbdə oxuyan bir neçə uşaq, musiqi məktəbinin xadiməçisi Yeganə və tədbirlə əlaqədar gələn qonaqlar gəlmişlər. Dalaşmamaları üçün Pərvanəni məktəbin giriş qapısına tərəf çəkmişdir. Pərvanə ilə Elnarə yenidən bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Aralarında sözlə mübahisə olan zaman 4-5 metr məsafə olmuş, Pərvanə qəflətən Elnarənin üzərinə gedərək onun saçından tutub dartmış və daşalmağa başlamışlar. Pərvanə və Elnarə birbirlərinin saçını yolub nalayiq sözlər işlətmişlər. Həmin yerə gələn Yeganə ilə onları ayırmağa çalışmış, lakin ayıra bilməmişdir. Sonra ayrılmadıqları üçün əsəbləşib xadimələr üçün nəzərdə tutulmuş otağa keçmiş, onların səs-küyünün gəldiuyini eşidib yenidən geri qayıdaraq Pərvanənin Elnarəni yerə yıxaraq təpiklə vurduğunu görüb onları ayırmışdır. Daha sonra Pərvanənin yerdə nə isə axtardığını görüb soruşanda Pərvanə ona sırğasını axtardığını demişdir. Pərvanənin qulağına baxanda qulağının qanadığını görmüşdür. Baş vermiş hadisədən bir müddət sonra xadimələr üçün nəzərdə tutulmuş otaqda Elnarənin anası Zeynəb və gəlinləri Nərmin, məktəbin direktoru Səadətin söhbət etdiyini görüb öz xidməti otağına getmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Zəngilan rayon 33 saylı tam orta məktəbin inzibati binasının dəhlizində baş vermişdir. Aralarında mübahisə olan zaman ilk öncə Pərvanə Elnarənin boyun nahiyəsinə yumruqla zərbə vurmuş, onları ayırdıqdan sonra ikinci dəfə onlar mübahisə edən zaman da Pərvanə 4-5 metr Elnarəyə tərəf gedib Elnarənin saçından tutmuş, daha sonra Elnarənin yerə yıxıldığını, Pərvanənin ona təpiklə zərbələr vurduğunu görmüşdür. Daha sonra Pərvanə yerdən sırğasını axtaran zaman onun qulağının sırğa yerinin cırıldığını, oradan qan gəldiyini görmüş, Pərvanə həmin xəsarəti ona Elnarənin yetirdiyini demişdir. Elnarə ilə Pərvanənin arasında olan münaqişə, dava təxminən 10- 15 dəqiqə davam etmiş, səs-küy olmuş, onlar məktəbin inzibati binasında ətrafda olan adamların yanında, heç kimə fikir vermədən bir-birlərinə ucadan nalayiq söyüşlər söymüşlər, onları ayırmaq istəsələr də əhəmiyyət vermədən öz hərəkətlərin davam etdirmişlər. Onların səs-küyünə ətrafdan bir neçə şəxs gəlmiş, hətda novruz şənliyi üçün gəlmiş tanımadığı bir neçə qonaq da onların hərəkətlərinə baxıb “ayıb olsun bura məktəbdir” demişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi bina 6, mənzil 4-də ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci il tarixdən Zəngilan rayonu, 33 saylı tam orta məktəbin inzibati binasında fəaliyyət göstərən 1 saylı Ağdam musiqi məktəbində xadiməçi işləyir. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində 2020-ci il təvəllüdlü nəvəsi X2 evdən götürüb bayram konsertinə baxmaq üçün Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən 33 saylı tam orta məktəbə gəlmişdir. Nəvəsi ilə məktəbin inzibati binasına daxil olan zaman məktəbin dəhlizində 33 saylı məktəbin müəlliməsi Zərərçəkmiş şəxs ilə məktəbin xadiməçisi Təqsirləndirilən şəxs uca səslə nalayiq sözlər işlədərək bir- birlərini təhqir etdiklərini və əlbəyaxa dalaşdıqlarını görüb məktəbin təsərrüfat işləri üzrə direktor müavini Talehlə onları ayırmaq istəmiş, lakin onları sakitləşdirə bilməmiş, Elnarə ilə Pərvanənin dalaşmasından azyaşlı nəvəsi Zülfiqarın qorxaraq ağladığını görüb oradan getmişdir. Həmin hadisədə təxminən 5 dəqiqə olmuş, daha sonra getmişdir. Elnarə ilə Pərvanənin yanına gələn zaman onlar bir-birinin saçından tutub dartıb dalaşırmışlar, onları ayırmaq istəsə də onları ayıra bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 İsgəndər oğlu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi bina 3, mənzil 10-da ailə üzvləri ilə birlikdə yaşayır. Zəngilan rayonu, 33 nömrəli tam orta məktəbin 8-ci sinifində oxuyur. X7 oxuduğu tam orta məktəbdə xadimə işləyir. xx.xx.2023-cü il tarixdə məktəbdə dərs olmasa da Novruz bayramı ilə bağlı tədbir keçirildiyi üçün məktəbə gəlmişdir. Bayram tədbiri məktəbin inzibati binasının qarşısında keçirilirmiş və təxminən saat 14:30 radələrində tədbirdən götürdüyü səmənini anasına vermək üçün anasını axtarmış, anasının məkətbin inzibati binasında olduğunu düşündüyü üçün məktəbin inzibati binasına xadimələrin otağına getmişdir. Xadimələrin otağına gedən zaman məktəbdə idman müəllimi işləyən Pərvanə də həmin otaqda olmuşdur. Əlində olan səmənini həmin otaqda qoyub anasını tapmaq istəmişdir. Pərvanə ondan əvvəl otaqdan çıxmış, Pərvanə çıxdıqdan sonra səs gəldiyini eşidib o da dəhlizə çıxıb Taleh müəllimin yanına yaxınlaşmışdır. Həmin vaxt Pərvanə ilə məktəbdə xadimə işləyən Elnarə uca səslə mübahisə edib bir-birlərinə söyüşlər söyərək dalaşmaq istəmişlər, Taleh onları sakitləşdirmişdir. Sonra yenidən xadimələrin otağına getmiş, ondan sonra Pərvanə də həmin otağa getmişdir. Pərvanə otaqdan özünə aid əşyaları götürüb yenidən dəhlizə çıxmış, dəhlizə çıxan zaman Pərvanə ilə Elnarənin arasında olan mübahisə davam etmiş, onların arasında mübahisə olan zaman da Talehə yaxınlaşıb anasının harda olduğunu soruşmuşdur. Pərvaə ilə Elnarənin arasında olan mübahisə daha çox artmış və Pərvanə Elnarəyə tərəf gedərək Elnarənin saçından tutmuş, Həmin vaxt Elnarə də Pərvaənin saçından tutumuş və dalaşmışlar. Taleh və xadimə işləyən Yeganə onları aralaşdırmaq istəmiş, lakin onları aralaşdıra bilməmişdir. Həmin vaxt yenidən xadimələrin otağına getmiş, ondan bir qədər sonra Taleh də həmin otağa gəlmişdir. Sonra otaqda olan səmənini götürüb yenidən dəhlizə çıxmış, həmin vaxt Taleh Elnarə ilə Pərvanəni ayırmışdı. Həmin yerdən çıxıb həyətə getmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan mübahisə, dava təxminən 10 dəqiqə davam etmiş, səsküy olmuş, Pərvanə ilə Elnarə dalaşaraq ucadan bir-birlərinə söyüşlər söymüşlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir- birlərinin saçından tutub dartıb dalaşmışlar, onlar dalaşan zaman sonradan xadimlərin otağına getmiş, bir-birlərinə necə xəsarət yetirmələrin görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi bina 11, mənzil 28-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qızıdır. xx.xx.2023-cü il tarixdə Pərvanə ona zəng edərək qızı Elnarə tərəfindən döyülməsini, qulağının cırılmasını və bu barədə Elnarədən polisə şikayət edəcəyini bildirdikdə narahat olub dərhal gəlini Nərminlə birlikdə 33 saylı tam orta məktəbə getmişdir. Orada onları Pərvanə və məktəbin direktoru Səadət Səfquluyeva qarşılamış və Pərvanə ona qızı Elnarə tərəfindən döyülməsini və qulağının cırılmasını bildirib və qulağındakı yaranı ona göstərmişdir. Onun səhhətinin pisləşdiyi üçün gəlini Nərmin onu evə gətirmişdir. Daha sonra Pərvanənin polisə şikayət etməməsi üçün gəlini Nərminlə digər qızı Xeyrənsədən Pərvanənin evinə getmələrini, hazırladığı bayram xonçasını və əlavə olaraq aldığı xəsarətləri müalicə etməsi üçün onlara verdiyi 100 manat pulu Pərvanəyə vermələrini xahiş etmişdir. Bir müddət sonra Nərmin və Xeyrənsə Pərvanəgildən evə qayıdaraq Pərvanədən üzrxahlıq etdiklərini, verdiyi 100 manatı və bayram xonçasını Pərvanəyə verdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dalaşan zaman orda olmamış, sonradan Pərvanə ilə Elnarənin dalaşıb bir-birlərinə xəsarətlər yetirdiklərin öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 şahid Zeynəb Hüseynovanın ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, Elnarə oxuduğu məktəbin xadiməçisi, Pərvanə isə həmin məktəbin fiziki hazırlıq müəlliməsidir. xx.xx.2023-cü il tarixdə oxuduğu Zəngilan rayonu 33 saylı tam orta məktəbdə keçirilən novruz bayramı şənliyində iştirak etdikdən sonra su almaq və paltarlarını dəyişmək üçün məktəbin bufetinə getmişdir. Daha sonra məktəbin dəhlizində səs-küy eşitdiyi üçün ora getmiş və Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini, məktəbdə işləyən Taleh müəllimin isə onları ayırdığını görmüşdür. Elnarə ilə Pərvanə bir-birlərinə nalayiq söyüşlər söyərək bir-birlərini təhqir etmişlər. Elnarə ilə Pərvanəyə əhəmiyyət verməyərək idman zalına getmiş, lakin səs-küyün artdığını görüb məktəbin dəhlizinə tərəf qayıtmışdır. Dəhlizə qayıdan zaman Pərvanə ilə Elnarənin dalaşmasını və Taleh müəllimin onları ayırdığını görmüşdür. Elnarə ilə Pərvanə dava bitdikdən sonra da bir-birlərini küçə söyüşləri ilə təhqir etmişlər. Elnarə ilə Pərvanənin birbirlərinə necə xəsarət yetirmələrin görməmiş, lakin davadan sonra Pərvanənin qulağının qanamasını və Elnarənin üzündə qızartılar olduğunu görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, Elnarə oxuduğu 33 saylı tam orta məktəbdə xadiməçi, Pərvanə isə həmin məktəbin fiziki hazırlıq müəlliməsi işləyir. xx.xx.2023-cü il tarixdə oxuduğu Zəngilan rayonu 33 saylı tam orta məktəbdə keçirilən novruz bayramı şənliyində iştirak etdikdən sonra həmin məktəbdə 11ci sinifdə oxuyan Hikmətlə paltarlarını dəyişmək üçün məktəbin idman zalına getmiş və məktəbin dəhlizində olan zaman orda Elnarə ilə Pərvanin bir-birlərini uca səslə təhqir etdiklərini görmüş, lakin əhəmiyyət verməyərək idman zalına getmişdir. İdman zalında olan zaman səs-küyün daha da artdığını görüb, paltarlarını orda qoyub dəhlizə qayıtmışdır. Dəhlizdə olan zaman Pərvanə ilə Elnarənin bir-birlərinin saçından tutduqlarını və dalaşdıqlarını görmüşdür. Elnarə ilə Pərvanənin bir-birlərinə necə xəsrət yetirmələrinə fikir verməmiş, lakin sonradan Pərvanənin sırğasının yerdə olduğunu görmüşdür. Həmin dava təxminən 5-10 dəqiqə davam etmiş, səs-küy olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 607 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, yəni sol qulaq seyvanının sırğalığının əzilmiş- cırılmış yarası, alt çənə nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 1-2 həftə əvvəl törənmişdirlər, yetirilmə müddəti zərərçəkənin göstərdiyi xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sol qulaq seyvanının sırğalığının əzilmiş- cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, alt çənə nahiyəsinəin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şahidlər Şahid2 və Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiklər ifadələrini təsdiqlədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, xx.xx.2023-cü il tarixdə hadisə zamanı Təqsirləndirilən şəxs aralarında yaranmış münaqişə zəmnində Zərərçəkmiş şəxs zor tətbiq edərək xəsarət yetirməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü qismən təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ilkin ifadəsində verilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, sonradan əməlini tam etiraf etmişdir, ona görə bununla bağlı əlavə hüquqi qiymətləndirmə aparılması zərurəti qalmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müdafiə tərəfinin işin faktiki hallarını və təqsirlilik məsələsini mübahisələndirməsinə baxmayaraq, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və sonuncu ilə barışmış və zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində cinayət nəticəsində vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, onunla barışdığını bəyan etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; hadisənin video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar