Məhkəmə qərarları › İş №1(012)-599/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-599/2021

17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-599/2021 17.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxsin nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1997-ci ildə Cəlilabad rayonu, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Əliabad kəndində qeydiyyatda olan, lakin Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 may 2021-ci ildə saat 09 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsi hesab edilən Novxanı-Binəqədi yolunun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən keçən hissəsində özünə məxsus “VAZ-21060” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili 70 km/saat sürətlə idarə edib Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək, yolun sağa döngəli hissəsində idarəetməni itirib qarşı sol hərəkət hissəsinə çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21099” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan “VAZ-21060” markalı avtomobilin sərnişini X7 baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızma, baş beyinin travmatik ödemi, kəllə əsası sümüklərinin sınıqları, sağ bud sümüyünün orta 1/3-nin qapalı, yerini djəyişən sınığı, sol daban nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla 3 saylı X4 21 iyun 2021-ci il tarixdə saat 06:00-da ölməsinə, “VAZ-21099” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ bud sümüyünün burmalardan keçən qapalı, sağ bud sümüyünün orta 1/3-nin qapalı, yerini dəyişən, parçalı sınığı, dilin və sağ dizin əzilmiş-cırılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, habelə “VAZ- 21099” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs 6000 (altı min) manat məbləğində ziyan yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Corat bağlarında kirayə yaşayır, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ART plastikdə fəhlə işləyir, iş vaxtı səhər saat 08:30-dan saat 18:30-dəkdir. İşə atası X5 məxsus VAZ 21060 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib gəlmiş, avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi var. 24.05.2021-ci il tarixdə saat 08 radələrində iş yoldaşı X9 ona sms yazmışdır ki, işə gedəndə onu evdən götürsün, o, da idarə etdiyi avtomobillə Abşeron rayonu Saray qəsəbəsində yaşayan iş yoldaşı Orxan Dadaşovu yaşadığı evin yaxınlığından götürüb, Abşeron rayonu Novxanı qəsəbəsində Duz gölünün yaxınlığında yaşayan digər iş yoldaşı Şahid yaşadığı evin yaxınlığına getmiş, onuda orada götürüb idarə etdiyi avtomobili Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksi istiqamətində sürmüşdür. Avtomobili təxminən 70 km/saat sürətlə idarə etmiş, öndə gedən markası yadında qalmayan avtomobili keçmək üçün ötmə əməliyyatı edən zaman idarə etdiyi avtomobilin idarə etməsini itirmiş və avtomobil əks istiqamətdə hərəkətdə olan avtomobillərin yoluna çıxmış, bir ani vaxt o, özünü itirmiş və digər avtomobillə toqquşduğunu hiss etmiş, bundan sonra özünü itirmiş, ayılanda idarə etdiyi avtomobilin içərisində olduğunu, avtomobilin ön oturacağında əyləşən Orxan Dadaşovun pis vəziyyətdə olduğunu yəni baş nahiyəsindən qan axdığını görüb ətrafa toplaşan şəxslərdən kömək istəmiş, həmin vaxt ətrafda olan şəxslər toqquşduğu VAZ 21099 markalı avtomobilin ətrafına toplaşmışdılar. Həmin şəxsləri o, səslədikdən sonra onlar gəlib köməklik etmək istəmişlər, onu və Hafizi avtomobildən çıxartmışlar, Orxanın əyləşdiyi ön oturacağın qapısı sıxıldığı üçün ətrafda olan adamlar FHN-nə zəng vurmuşlar, bir neçə dəqiqə sonra FHN-nin əməkdaşları gəlib Orxanı avtomobildən çıxartmışlar. Orxanın vəziyyəti ağır olduğundan onu X13 avtomobilinə qoyub xəstəxanaya aparmışlar, sonra toqquşduğu avtomobilin sürücüsünü təcilli tibbi yardım avtomobilinə qoyub xəstəxanaya aparmışlar, o, və Hafiz xəsarət almamışlar. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, səhhətində görmə problemi var, yəni sol gözü zəif görür, lakin bu ona avtomobili idarə etməyə çətinlik vermir. Nəqliyyat vasitəsini 2019-cu ildən fasiləsiz idarə edir. Hadisə baş verməmişdən əvvəl özünü yaxşı hiss etmiş, spirtli içki qəbul etməmiş, hadisə baş verən vaxtda sərxoş olmamış. İdarə etdiyi **-BV-*** dövlət qeydiyyat nişanlı Vaz 21060 markalı avtomobili əvvəllər atası idarə edib, sonradan ona vermişdir. Avtomobili hadisə baş verən vaxt saatda 70 kilometr surətlə idarə etmiş, hadisə baş verən vaxt idarə etdiyi avtomobildə ön oturacaqda Orxan, arxa oturacaqda Orxanın arxasında Hafiz əyləşmişdir. Sonda etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X2 ifadəsindən görünür ki, mərhum əri Abşeron rayonu Masazır qəsəbəsi ərazisində mebel sexində fəhlə kimi işləmişdir. 24.05.2021-ci il tarixdə saat 09 radələrində eşitmişdir ki, mərhum Orxan Dadaşov iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə işə gedərkən qəza baş verib və qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. 22.06.2021-ci il mərhum əri Orxan Dadaşov müalicə aldığı xəstəxanada öldüyünü bildirmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə baş verməmişdən öncə o və ailə üzvləri, həmçinin mərhum əri X7 hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X6 onun ifadəsini təsdiqləyərək bildirdi ki, fərdi olaraq elektrik ustası işləyir. İşə ailəsinə məxsus Vaz 21099 markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Avtomobil hadisə baş verməmişdən öncə saz vəziyyətdə idi, mütəmadi olaraq avtomobili ustaya aparmış, texniki baxışdan keçirmişdir. 24.05.2021-ci il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz 21099 markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır-Novxanı istiqamətində yolun ikinci zolağı ilə 60 km/saatda hərəkət edərkən avtomobildə sərnişin olmamış, idarə etdiyi avtomobillə hərəkət edən zaman 5-6 metr məsafədən üzü idarə etdiyi avtomobilə doğru ağ rəngli Vaz 2106 markalı avtomobilin yüksək surətlə hərəkət etdiyini görmüş, o, toqquşmanın qarşısını almaq üçün idarə etdiyi avtomobilin sükanını yolu sol tərəfinə avtomobilin əyləc sistemindən və əl əyləcindən istifadə edərək çəkmişdir ki, toqquşma hadisəsi baş verməsin. Buna baxmayaraq idarə etdiyi avtomobilə doğru yükəsk surətlə hərəkət edən Vaz 2106 markallı avtomobilin ön sağ qanadı idarə etdiyi avtomobilin sağ tərəfinə dəyən kimi o, anidən özünü itirmişdir. Ayıldıqda görmüşdür ki, asfalta uzanmış, ətrafında isə çoxlu sayda insanlar toplaşıblar. Həmin şəxslər onu X13 avtomobilinə qoyaraq Sumqayıt şəhər X13 xəstəxanasına aparmışlar. Orada ona ilkin tibbi yardım göstərilmiş, əməliyyat olunmuş, sonra səhhətində problemlər olduğundan qohumları məni «HP Güvən» klinikasına aparmışlar, orada iki dəfə əməliyyat olunmuşdur. Hazırda Vaz 2106 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ilə barışmış, o öz öhdəliyinə götürüb ki, gələcəkdə onu sığorta şirkətindən dəymiş ziyanın ödənilməsi ilə bağlı köməklik göstərəcədkir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə baş verməmişdən əvvəl spirtli içki qəbul etməmiş, hadisə zamanı avtomobildə tək olmuş, idarə etdiyi avtomobillə toqquşmuş Vaz 2106 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ilə əvəllər düşmənçiliyi və ya ədavəti olmamış, onu hadisədən öncə tanımamış, avtomobili idarə etmək üçün «B» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, 24.05.2021-ci il tarixdə saat 08 radələrində avtomobilin arxa tərəfində sərnişin qismində əyləşdiyi iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı qəsəbəsindən Masazır qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolun döngəli hissəsində Aqşin avtomobilin idarəetməsini itirərək əks istiqamətli hərəkət zolağına çıxmış və əks istiqamətdə hərəkətdə olan VAZ-21-99 markalı avtomobilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o xəsarət almasa da avtomobildə ön tərəfdə sərnişin qismində əyləşən Orxan və VAZ-21099 markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri almışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş «MTE və PA Birliyi» Publik 16.07.01.2021-ci il tarixli 66 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X8 baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızma, baş beyinin travmatik ödemi, kəllə əsası sümüklərinin sınıqları, sağ bud sümüyünün orta 1/3-nin qapalı, yerini dəyişən sınığı, sol daban nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri aşkar edilmişdir. Bu xəsarətlər ümumilikdə həyatidirlər, 24.05.2021-ci il yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomobilin digər avtomobilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidirlər. X7 ölümünə səbəb başın küt travması nəticəsində baş beynin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyin maddəsinin travmatik ödəmi, kəllə əsası sümüklərinin sınığı olmuşdur. Ölüm 3 saylı ŞKD-da 21.06.2021-ci il saat 06:00-da olmuşdur. X7 meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə keçirilmiş «MTE və PA Birliyi» Publik 02.09.2021-ci il tarixli 2026 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ bud sümüyünün burmalardan keçən qapalı, sağ bud sümüyünün orta 1/3-nin qapalı, yerini dəyişən, parçalı sınığı, dilin və sağ dizin əzilmiş-cırılmış yaraları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, 24.05.2021-ci il tarixdə salonunda olduğu avtomobilin digər avtomobilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən (33%-dən) az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə əlaqədar olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzində tərtib edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01.10.2021-ci il tarixli 8/2248 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «VAZ- 2106» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-2106 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur Abşeron RPİ DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 15.11.2019-cu il tarixdə 15.11.2029-cu il tarixədək müddətə etibarlı olan AE seriyalı 447206 nömrəli « BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. «VAZ» Servis Mərkəzindən verilmiş 25.08.2021-ci il tarixli E/443 nömrəli ziyan aktından məlum olur ki, VAZ-21099 markalı, 2000-ci il buraxılışlı olan işlək vəziyyətdə avtomobilin bugünkü bazar qiyməti «TURBO.AZ» saytına əsasən 6000 manatdır. Sübutların qiymətləndirilməsi haqqında 09.11.2021-ci il tarixli qərardan görünür ki, VAZ 21099 markalı ** VK *** və VAZ 21060 markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibilərinə qaytarılmışdır. İş materiallarında olan məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi X3 və zərərçəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ 10.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 19.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə və digər zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməklə onlarla barışıq əldə etmiş, həm də hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış VAZ 21099 markalı ** VK *** və VAZ 21060 markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış VAZ 21099 markalı ** VK *** və VAZ 21060 markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar