Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-599/2025 22.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonu, Musakücə kəndində anadan olmuş, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, Masallı rayonu, Musakücə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri Mirqasımov küçəsində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf selofan bükümdə 0,519 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində əldə edib Abşeron rayonu Qobu qəsəbəsinə daşımış və üzərində saxlamış, həmin gün yəni xx.xx.2024-cü il tarixdə saat 14:12 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, Sona Salmanova küçəsində saxlanılmaqla orada video çəkilişlə saat 14:12-dən 14:20-dək üzəri yoxlanılan zaman onun üzərində olan qara rəngli şalvarının sağ yan cibindən həmin 0,519 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qeyd olunan müddətlərdə Təxminən 2-3 ay müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir və psixotrop maddəni fərqli şəxslərdən alır. O cümlədən, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində olan zaman təsadüfən tandığı, lakin adını bilmədiyi şəxslə rastlaşmışdır. Söhbət əsnasında həmin şəxs ona 10 manat müqabilində psixotrop maddə olan metamfetamin təşkil edə biləcəyini bildirmiş və o, həmin şəxslə razılaşmışdır. Həmin şəxs ondan uzaqlaşaraq getmiş və ona orada gözləməyini bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs geri qaydaraq bir bükümdə psixotrop maddə metamfetamini gətirərək ona vermiş və o, qarşılığında həmin şəxsə 10 manat pul vermişdir. Daha sonra o, şəxsi işləri ilə bağlı Abşeron rayonu, Qobu qəsəbəsinə getmişdir. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə saat 14:10 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Sona Salmanova küçəsində piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu, bununla bağlı onlarda əməliyyat məlumatının olduğu bildirilmişdir. Daha sonra onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli, şalvarın sağ yan cibindən 01 ədəd şəfaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddə olan metamfetamin qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. O, bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 13:30-13:45 radələri arasında Bakı şəhəri, Qaradağ rayonu ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. Daha sonra onu polis əməkdaşları Abşeron rayon polis idarəsinin Qobu Polis bölməsinə aparmışdır və orada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Sonda törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş X4 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Qobu PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, kənd Xırdalan, Mir Qasımov küçəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Qobu PB-nin rəisi Zaur Babazadə tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmişdir. Qobu PB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və sahənin polis nəfəri Şahid4 də həmin qrupa üzv təyin olunmuşlar. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 14:12-də qrup iştirakçıları ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Sona Salmanova küçəsində piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılaacağını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etriraz etmədən onlarla razılaşmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və əgər varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edib həmin bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd sellofan bükümdə olan ağ rəngli, kristal şəkilli maddə qablaşdırılmış, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən qablaşdırma imzalandıqdan sonra DİN-in müvafiq möhürü ilə möhürlənib qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, həmin psixotrop maddəni həmin gün yəni xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində 10 manat pul ödəməklə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış bitdikdən sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasına aparılmış və orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərindən götürülmüş predmet olan zərflərə baxış keçirilmiş və yenidən kağız zərfdə qablaşdırılaraq ekspertiza təyin edilmişdir. Təqisrləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahidlər Abşeron RPİ-nin Qobu PB, əməliyyat müvəkkili Şahid2, Abşeron RPİ-nin Qobu PB əməliyyat müvəkkili Şahid3 və Şahid4 digər şahid X3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 10 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, 10 noyabr 2024-cü il tarixdə, saat 14:12 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/5195 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №245” möhür əksi olan, “Şahid1; /imza/; Şahid2; /imza/; Şahid3, /imza/; Şahid4 /imza/; Tərtib etdi: təhqiqatçı /imza/ Vüsal Hafizov”” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəksii 0,519 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,519 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,469 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 12 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsi barədə vəsatətin təmin edilməməsi haqqında ” 12 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, Sabit Yusifovun 12 noyabr 2024-cü il tarixli vəsatəti təmin edilməmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” 12 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X2 haqqında 11 dekabr 2024-cü il tarixli, 7773 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd şəffaf polietilen bükümdə sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,469 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - “Sübutların qiymətləndirilməsi” haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 01 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 10 noyabr 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:12 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Sona Salmanova küçəsində Abşeron RPİnin Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin inzibati binasına gətirilmiş və saat 14:12-dən 14:20-dək kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli ağ xəttli şalvarın sağ yan cibindən həmin 0,519 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metafetamin əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Abşeron rayonu,Xırdalan şəhəri, Mirqasımov küçəsində yerləşən yaşayış evini saat 22:00dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və 4 gün müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X2 haqqında 11 dekabr 2024-cü il tarixli, 7773 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,469 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 06 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 146 manat (06 saat x 6 AZN + 10 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qanuni qüvvəsini alan vaxtadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Abşeron rayonu,Xırdalan şəhəri, Mirqasımov küçəsində yerləşən yaşayış evini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından qalan ümumi çəkisi 0,469 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İşdə olan 60 (altmış) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 16 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 146 (yüz qırx altı) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-599/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-599/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver