Məhkəmə qərarları › İş №1(012)-6/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-6/2022

26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-6/2022 26.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1972-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, Masallı rayonu, Musaküçə kəndində qеydiyyаtdа оlan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Məmmədli qəsəbəsində ailəsindən boşanmasında qardaşının Zərərçəkmiş şəxs tərəfindən günahlandırılması səbəbindən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmaqla ona burun nahiyəsinin şişkin və qançırlı fonda əzilmiş yarası, hər iki gözün ağlı qişasına qansızma ilə müşayiət olunan gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, xx.xx.2020ci il tarixdə, saat 13 radələrində bibisi oğlu Aydın ona zəng edərək birlikdə nahar etməyi təklif etmişdir. O da həmin gün saat 15 radələrində Nəsimi rayonu ərazisində yerləşən «Təzə Bazar» yaxınlığındakı kafeyə gedərək Aydınla görüşmüş və orada bir neçə saat oturub yemək yemiş, həmçinin spirtli içki qəbul etmişlər. Daha sonra kafeni tərk edərək birlikdə Aydının yaşadığı Abşeron rayonu, Məmmədli qəsəbəsinə getmişlər. Aydının yaşadığı evin yaxınlığındakı yola çatdıqda həddindən artıq sərxoş olan Aydın onunla boşanması barədə danışmaq istədiyini billdirmiş və bu işdə onun qardaşı Ələsgəri günahlandırmışdır. Bu səbəbdən də o, əsəbləşərək Aydının üz nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuş, zərbənin təsirindən Aydın burnundan xəsarət almışdır. Bundan sonra o, oradan çıxıb getmişdir. Aralarında yaranmış mübahisə 2-3 dəqiqə davam etmişdir. Həmin vaxt orada başqa şəxs olmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Törətdiyi əməldən səmimi peşmandır və işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində nahar etmək üçün Bakı şəhəri 1 saylı «Asan-xidmət» mərkəzinin yaxınlığında yerləşən kafeyə daxil olmuş və dayısı oğlu Natiqə zəng edərək onu da nahara dəvət etmişdir. Bir müddət sonra Natiq də onun olduğu kafeyə gəlmişdir. Onlar birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Söhbət əsnasında Natiq öz boşanmağı barədə danışan zaman o, Natiqə ailəsindən boşanmasına səbəb qardaşının olduğunu dediyindən onlar arasında sözlə mübahisə yaranmış, lakin sərxoş olduqları üçün o, mübahisəni davam etdirməmişdir. Bundan sonra onlar birlikdə kafedən çıxıb marşrut avtobusu ilə onun yaşadığı Məmmədli qəsəbəsinə getmişlər. Evə gedən ara yolda olarkən Natiq boşanması ilə bağlı nə üçün ona irad bildirdiyini və qardaşının adını hansı səbəbdən çəkdiyini soruşmuş və buna görə də onlar arasında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı Natiq gözlənilmədən onun üz nahiyəsinə bir dəfə yumruqla zərbə vurduğundan onun burnu xəsarət almışdır. Bundan sonra Natiq oradan çıxıb getmişdir. O, oğlu Zamiqə zəng edərək ona kömək etmək üçün yanına çağırmış və baş vermiş hadisəni danışmışdır. Buna görə də Zamiq DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Aralarındakı mübahisə 2-3 dəqiqə davam etmişdir. Həmin vaxt orada başqa şəxs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, təhqiqat zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, atası Aydın xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Asan-xidmət» mərkəzinə getmiş və orada evinə aid qaz kartını yeniləmişdir. İşini qurtardıqdan sonra Aydın «Asan-xidmət» mərkəzinin yaxınlığında yerləşən, təsadüfi bir kafedə oturub yemək yeməyə başlamış və həmin vaxt dayısı oğlu Natiqə zəng edərək onu nahara dəvət etmişdir. Bir qədər sonra Natiq də oraya gəlmiş və onlar birlikdə yemək yeyib hərəsi bir şüşə spirtli içki olan «Ruskiy vodka» markalı araq içmişlər. Söhbət əsnasında Natiq öz boşanmağı barədə danışan zaman onun atası Natiqə ailəsindən boşanmasına səbəb qardaşının olduğunu dediyindən onlar arasında sözlə mübahisə yaranmış, lakin artıq çox sərxoş olduqları üçün Aydın mübahisəni davam etdirməmişdir. Bundan sonra onlar birlikdə kafedən çıxıb marşrut avtobusu ilə Məmmədli qəsəbəsinə gəlmişlər. Evə gedən ara yolda olarkən Natiq boşanması ilə bağlı nə üçün ona irad bildirdiyini və qardaşının adını hansı səbəbdən çəkdiyini onun atası Aydından soruşmuş və yenə də onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Natiq gözlənilmədən Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurduğundan sonuncu burun nahiyəsindən xəsarət almış, Natiq isə oradan çıxıb getmişdir. Bundan sonra atası ona zəng edərək onu olduğu yerə çağırmış, o isə dərhal atasının yanına getmişdir. Nə baş verdiyini soruşduğunda atası baş vermiş hadisəni yuxarıda qeyd olunan şəkildə ona danışmışdır. Buna görə də o, DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA Birliyi" publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixdə verdiyi 167 nömrəli rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol göz orbitinin küt travması – burun nahiyəsinin şişkin və qançırlı fonda əzilmiş yarası; hər iki gözün ağlı qişasına qansızma ilə müşayiət olunan gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinin 1(012)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan və axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X6 saxlanılaraq Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar