Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-60/2021 12.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1989-cu ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 məhəllə ünvanında qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhərində kirayə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhərində DYTX-nin yataqxanasında yerləşən mənzilinin girişin qarşısında quraşdırdığı saxlanc yeri olan plastik materialdan hazırlanmış şkafının qapısını qanunsuz açmaq yolu ilə daxil olub, oradan hər bir dəsti 200 manat olmaqla, ümumi 400 manat dəyərində 2 dəst stəkanları ilə birgə qrafinkanı, 120 manat dəyərində 6 ədəd alüminium qazandan ibarət 1 dəst qazan dəstini, hər birinin dəyəri 7 manat olmaqla, ümumi 14 manat dəyərində 2 ədəd şüşə materialdan boşqabı, bir ədəd 26 manat dəyərində 5 kq-lıq «Kalinka» mətbəxdə istifadə olunan kərə yağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 560 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, çörək qurusu yığıb onları satmaqla məşğul olur. xx.xx.2020-ci il tarixdə saat təxminən 17-18 radələrində Xırdalan şəhərində yerləşən binanın giriş blokuna daxil olub oradan çörək qurusunu yığmaq istəmiş, həmin vaxt blokda yuxarı mərtəbələrə qalxaraq qapıların qarşısına baxmış, lakin çörək qurusunu tapmamışdır. Qapının qarşısında plastik materialdan düzəlmiş şkafın qapısını açıq vəziyyətdə görmüş, ona tərəf gəldikdə dolabın içərisində bir neçə qab-qacağın və qutunun içərisində yemək yağının olduğunu görmüş, həmin vaxt qəflətən onları oğurlamaq fikrinə gəlmiş, o, kənara baxıb heç kimin olmadığını dəqiqləşdirdikdən sonra oradan 1 qutunun içərisində olan yağ, 1 ədəd su üçün istifadə olunan xrustal materialdan olan qrafinka, 1 qutunun içərisində 6 ədəd xrustal stəkanlar, 2 ədəd böyük plov boşqabı oğurlayıb oradan uzaqlaşmışdır. Həmin oğurladığı əşyaları Xırdalan şəhərində köhnə bazarın yanında tanımadığı şəxsə bütün hamısını 20 (iyirmi) manata satmış, pulunu isə öz ehtiyaclarına, yəni siqaret və yeməyinə xərcləmişdir. Bundan sonra, yenidən xx.xx.2020-ci il tarixdə saat təxminən 17-18 radələrində yenidən oradan çörək qurusu yığmaq üçün həmin ünvana getmiş, həmin vaxt evin qarşısında quraşdırılmış plastik materialdan olan şkafın qapısının açıq olduğunu görmüş, bu zaman 1 nəfər uşaq gəlmiş və qapını döyən zaman ev sahibi qapını açıb onu orada görmüş, ondan orada nə etdiyi barədə maraqlanmış, az sonra isə oraya bir nəfər kişi gəlib ondan nə üçün orada olduğunu soruşmuş, o da çörək qurusu yığdığını bildirmiş, bundan sonra həmin şəxs ona demiş ki, “sən mənim qab-qacaqlarımı oğurlamısan, səni polisə verəcəm”, o da oğurladığı əşyaları etiraf etmiş, sonra həmin kişi polisə məlumat vermiş və polislər gəlib onu polis idarəsinə aparmışlar. Əlavə olaraq xx.xx.2020-ci il tarixdə oğurluq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı bloka girmədiyini, oradan həmin vaxtı oğurluğa cəhd etmədiyini və həmin vaxtı oradan heç nə oğurlamadığını bildirdi. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, evi balaca olduğu üçün yaşadığı binanın 4-cü mərtəbəsində evinin giriş qapısının çöl tərəfində lambir materialından şkaf düzəltmiş, şkafın qapısına qıfıl qoymamış, həmin şkafda evinə aid qab-qacaqları saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə həmin şkafdan özünə məxsus qab-qacaqlarını və 5 kq Kalinka yağının oğurlandığını aşkar etmiş, lakin bu barədə polisə şikayət etməyib özü cinayətkarı tapmağı qərara almışdır. xx.xx.2020-ci il tarixdə axşamüstü evə gələn zaman evinin girişində, yəni blokda olan şkafında saxladığı bir neçə əşyasının yerində olduğunu, kənarda isə tanımadığı bir cavan oğlanın olduğunu görmüşdür. O, həmin şəxsdən nə səbəbə orada dayandığını soruşduqda, sonuncu ona işinin olduğunu demiş, sonradan həmin şəxs əşyaları oğurlamaq istədiyini özü ona etiraf etmiş, eyni zamanda ona bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə həmin şkafdan bir neçə qab-qacaqlarıda oğurlamışdır. Bundan sonra dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, az sonra isə həmin şəxsi polislər gəlib RPİ-nə aparmışlar. Sonradan ona şkafından oğurluq edən şəxsin Qazax rayon sakini Təqsirləndirilən şəxs olduğu məlum olmuş, əlavə olaraq şkafından oğurlanmış əşyalar - 2 dəst, hər biri 12 ədəd xurustal materialdan stəkan və 1 ədəd su qrafinkası, hər bir dəsti 200 (iki yüz) manat olmaqla 400 (dört yüz) manat, 6 ədəddən ibarət 1 dəst alüminium materialdan qazan qiyməti 120 (yüz iyirmi) manat, 2 ədəd şüşə materialdan boşqab, hər biri 7 (yeddi) manat olmaqla 14 (on dört) manat, 5 kq-lıq Kalinka yağı qiyməti 26 (iyirmi alt) manat olmaqla, ümumilikdə oğurluq nəticəsində ona 560 (beş yüz altmış) manat dəyərində maddi ziyan dəydiyini göstərmişdir. Bundan başqa şkafından Təqsirləndirilən şəxs adlı şəxs 19 ədəd şüşə materialdan olan boşqab və 6 ədəd nəlbəki oğurlamağa cəhd etmiş, həmin 19 ədəd şüşə boşqab istifadə olunmuş vəziyyətdə olmaqla hər birinin qiyməti 5 manat olmaqla 95 manat, 6 ədəd nəlbəki 3 manat olmaqla 18 manat, ümumilikdə 113 (yüz on üç) manat təşkil etmişdir. Sonda o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onların yaşadıqları ev balaca olduğu üçün atası Zərərçəkmiş şəxs binanın 4-cü mərtəbəsində evin giriş qapısının çöl tərəfində qapısı lambir materialından olan şkaf düzəltmiş, həmin şkafda evə aid qab-qacaqları saxlanılmışdır. xx xxxxxx 2020-ci il tarixdə atası Zərərçəkmiş şəxs həmin şkafdan qab-qacaqların və 5 kq Kalinka yağının oğurlandığını aşkar etmiş, lakin atası bu barədə polisə şikayət etməyib cinayətkarı özü tapmağı qərara almışdır. xx.xx.2020-ci il tarixdə axşam üstü atası Zərərçəkmiş şəxs evə gələn zaman evin girişdə, yəni blokda olan şkafdan bir neçə əşyaların yerində olduğunu, həmin vaxt kənarda tanımadığı cavan oğlanın olduğunu görmüş, həmin şəxsdən nə üçün orada dayandığını soruşduqda cavan oğlan atasına işi olduğunu bildirmişdir. Sonradan həmin şəxs atası Zərərçəkmiş şəxs şkafda saxladıqları əşyaları oğurlamaq istədiyini özü etiraf etmiş, həmçinin bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə həmin şkafdan bir neçə qab-qacaqları oğurlamışdır. Belə olduqda atası Zərərçəkmiş şəxs ona bu barədə bildirmiş və o da dərhal hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Az sonra isə polis əməkdaşları gəlib həmin şəxsi Pİ-nə aparmış, sonradan şkafdan oğurluq edən şəxsin Qazax rayon sakini Təqsirləndirilən şəxs olması barədə məlumat almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın 12-ci bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:15 radələrində polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olarkən Xırdalan şəhəri, Mona marketin qarşısındakı yaşayış binasından bir nəfər şəxsin oğurluq etməyə cəhd etməsi barədə məlumat almış və həmin əraziyə gəlmişlər. Qeyd olunan binaya yaxınlaşdıqda bir nəfər tanımadıqları şəxsin binanın çardağında gizləndiyini görmüş, həmin şəxsə yaxınlaşaraq aşağı düşürmüş, bundan sonra həmin şəxsi aidiyyəti üzrə Abşeron rayon Pİ-nə gətirib təhvil verərərək raportla məruzə etmişlər. Pİ-də həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və onun Qazax rayon sakini Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş ƏÇPA-nın 12-ci bölüyünün polis nəfəri Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ƏÇPA-nın 12-ci bölüyünün polis nəfəri Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. X2 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X2 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və məhkəmə mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/134 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, bir ədəd şüşə materialdan olan boşqab – 3 manat, 19 ədəd 57 manat, 1 ədəd şüşə materialdan olan nəlbəki 1 manat, 6 ədədi 6 manat.Ekspertizaya təqdim edilmiş malların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 63 manat müəyyən olunur.Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 19 ədəd şüşə materialdan olan boşqab və 6 ədəd şüşə materialdan olan nəlbəki sahibinə təhvil verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DYTX-nin yataqxanasında yerləşən mənzilinin girişin qarşısında quraşdırdığı saxlanc yeri olan plastik materialdan hazırlanmış şkafının qapısını qanunsuz açmaq yolu ilə daxil olub, oradan hər bir dəsti 200 manat olmaqla, ümumi 400 manat dəyərində 2 dəst stəkanları ilə birgə qrafinkanı, 120 manat dəyərində 6 ədəd alüminium qazandan ibarət 1 dəst qazan dəstini, hər birinin dəyəri 7 manat olmaqla, ümumi 14 manat dəyərində 2 ədəd şüşə materialdan boşqabı, bir ədəd 26 manat dəyərində 5 kq-lıq «Kalinka» mətbəxdə istifadə olunan kərə yağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 560 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekpertiza rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, qətimkan tədbirinin tələblərini pozduğu üçün barəsində axtarış elan edilmiş, o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmaqla azad edilmişdir. Məhkəmənin çağırışlarına gəlmədiyi üçün xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, xx.xx.2020-ci il tarixdə tutularaq həbs olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 06 (altı) ay 18 (on səkkiz) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 19 ədəd şüşə materialdan olan boşqab və 6 ədəd şüşə materialdan olan nəlbəki sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 06 (altı) ay 18 (on səkkiz) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 19 ədəd şüşə materialdan olan boşqab və 6 ədəd şüşə materialdan olan nəlbəki sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-60/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-60/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver