Məhkəmə qərarları › İş №1(012)-60/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-60/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-60/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Xaçmaz rayonu, Yergüc kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Yergüc kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsində nömrəsiz fərdi yaşayış sahəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində həmin küçədə yaşayan Zərərçəkmiş şəxs1 yaxınlaşaraq qonşuluğunda yaşayan Şahid4 ilə əvvəllər aralarında olmuş münaqişə ilə əlaqədar Zərərçəkmiş şəxs1 onun ziyanına polis idarəsində izahat verməsini bəhanə gətirərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyətlərinin fövqündə qoymaqla cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normaları və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək, yerdən götürdüyü silah qismində istifadə olunan daş parçası ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən vuraraq sol göz almasının yüngül dərəcəli kontuziyası, alt göz qapağının sıyrığı, sol yanaq və sol qulaq seyvanın əzilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş, daha sonra səsə hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 ilə dalaşıb sonuncunu daşla və əli ilə qəsdən vuraraq sol bazu, sağ sağrı nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, ictimai qaydanın kobud surətdə pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər yəni, xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsi nömrəsiz fərdi yaşayış sahəsində 2009-cü il təvəllüdlü azyaşlı övladı X4 ilə birlikdə yaşayır. Rəsmi iş yeri olmasa da lakin, fərdi olaraq saç ustası kimi işləyib ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 qonşu kimi tanıyır, onunla üzbəüz qonşuluqda yaşayır. Qismət ilə bir qonşu kimi münasibəti olmamışdır. Qismət və arvadı ilə danışmamışdır. Belə ki, həmin şəxsə məxsus olan itlər daim açıq vəziyyətdə yaşadıqları evin həyətində olduqları üçün onun övladı itlərə görə həyətdə oynaya bilməmiş və bu səbəbdən də daim aralarında bununla bağlı daim mübahisələr olmuşdur. 13 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 və oğlu Zəlimxan ilə birlikdə onu döyüb xəsarət yetirməsi ilə bağlı Abşeron RPİ-nə şikayət ərizəsi yazmış və bildirmişdir ki, həmin günü işdə olmuşdur. Oğlu isə evdə tək qalmışdır. Belə ki, oğlu evdə qalan zaman həyətdə qonşularının uşaqları ilə birlikdə oynamışdır. Həmin günü Qismət oğlunun evlərdən birinin hasarının üzərinə çıxaraq oynamasına görə oğlunu danlamış, oğluna qarşı nalayiq ifadələr işlətmişdir. Oğlu isə axşam təxminən 19 radələrində işdən evə qayıdıb gələn zaman Qismətin ona qarşı nalayiq ifadələr işlətdiyini bildirmişdir. O isə Qismətin oğluna nalayiq ifadə işlətməsinə görə əsəbləşmişdir. Buna görə də Qismətlə danışmaq qərarına gəlmişdir. Təsadüfən evin həyətinə çıxan zaman uzaqdan Qismətin tək gəldiyini görmüşdür. Təxminən aralarında 30-40 metr ara məsafəsi olan zaman Qismətlə salamlaşıb, Qismətin oğluna qarşı nalayiq ifadələr işlətməsinin səbəbini soruşmuşdur. Qismət isə ona düz etdiyini, oğlunu evdə tək qoymamağı və qonşuların hasarına çıxmamasını bildirmişdir. O isə Qismətə oğlunun azyaşlı olmasını, uşağa nalayiq ifadələr işlətməməsini, iradının isə böyük kimi normal şəkildə ifadə etməsini bildirmişdir. Həmin vaxt Qismət uşağı evdə tək qoyub getməyinə, nəzarətsiz evdə saxladığına və yüngül həyat tərzi keçirdiyini ona bildirib nalayiq ifadələr işlətmişdir. Qismətin ona qarşı nalayiq ifadələr işlətməsinə görə evinin həyətindən çölə çıxıb Qismətə tərəf yaxınlaşmışdır. Bu zaman Qismət onun boğazından tutub arxaya itələmişdir. O, Qismətin əlindən çıxmaq istəyən zaman yerə yıxılmış və yerdə olan daşların üzərinə dəymişdir. Həmin vaxt Qismətin də ayağı büdrəyib onun üzərinə yıxılmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olan zaman yerdən əlinə daş götürmüş, həmin daşı Qismətin sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra Qismət onun üzərindən qalxmışdır. O, yerdən qalxıb evə tərəf gedib, oğlu Əlicahidə evdən mobil telefonunu gətirməsini bildirmişdir. Oğlu mobil telefonu gətirib ona vermişdir. O, telefondan DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermək istəyən zaman Qismətin arvadı evdən çıxıb üzərinə gəlmişdir. Həmin vaxt Xəyalə yanlarında olmuşdur. Müşərrəfin üzərinə əlində daşla gəlməsini görüb, Xəyalə qorxub aralarından qaçmışdır. Kənara çəkilib onların davasının sakitləşməsini bildirmişdir. Lakin, Müşərrəf onunla dalaşmağa onun saçından tutub, onun bədəninin müftəlif nahiyyələrinə vurmuşdur. Həmin vaxtı o da Müşərrəfə müqavimət göstərmişdir. Bundan sonra Müşərrəfin qızı yanlarına gəlmiş, lakin, həmin qız onun bədəninin hansısa nahiyyəsinə vurub xəsarət yetirməmişdir. Bir neçə dəqiqə aralarında olan davadan sonra Qismət və oğlu Zəlimxan da yanlarına gəlmişdir. Zəlimxan da onun bədəninin bir neçə nahiyyəsinə təpiklə vurduqdan sonra davanı bitirmişdilər. Əlavə olaraq o, hadisənin qonşuları arasında yaşadıqları evin ətrafında olduğundan, orada kənar şəxslər olmadığını bildirmişdir. Bundan sonra dava qurtaran kimi Xəyalə ona yaxınlaşıb, onu evə aparmış və onun döyülməyi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Onun barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını istəyir, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsi nömrəsiz fərdi yaşayış sahəsində ailəsi ilə birlikdə kirayədə yaşayır. Evdar qadındır, həyat yoldaşı Qismət fəhləliklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs qonşu kimi tanıyır, onun üzbəüz qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxs yüngül və əxlaqsız həyat tərzi keçirdiyinə görə münasibətləri yoxdur, Gülnarə ilə danışmırlar. 13 sentyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində həyat yoldaşı Qismət qonşuluqda yaşayan onlardan bir qədər aralıda yaşayan Mahir adlı şəxsdən süd almağa getmişdir. Bir neçə dəqiqədən sonra Qismətin Gülnarə ilə evlərinin qarşısında danışıqlarını eşitmişdir. Həmin şəxslərin səsinə çölə çıxan zaman Gülnarənin ərinin sifət nahiyyəsindən daşla vurmasını görmüşdür. Həmin vaxt Qismət zərbənin təsirindən yerə yıxılmışdır. Onu da əlavə etmişdir ki, evin həyətində olan zaman Qismət ilə Gülnarənin arasında olan danışığı eşitmişdir. O da evin həyətindən çölə çıxmış, Gülnarənin həyat yoldaşı Qismətə qarşı etdiyi hərəkətə əsəbləşib Gülnarənin üzərinə getmişdir. Bu zaman Gülnarə yenidən yerdən götürdüyü daşla onu vurmaq istədikdə Gülnarəni özündən qırağa itələmək istəmişdir. Lakin, Gülnarə yerə yıxılmışdır. Bundan sonra o, Gülnarə ilə yerdə süpürləşmişdir. Gülnarə ona yerdə bir neçə zərbə endirmiş və ona müxtəlif dərəcəli bədən xəsarəti yetirmişdir. Onların davasını qonşuluqlarında yaşayan Zəhrə və Xəyalə adlı şəxslər gəlib aralamışdılar. Zəhrə onu, Xəyalə isə Gülnarəni aralaşdırmışdır. Bundan sonra mübahisə və dava-dalaş sakitləşmişdir. Gülnarənin həyat yoldaşı Qisməti vurması və onun Gülnarə ilə dalaşmağı təxminən 1-2 dəqiqə ərzində davam edib yekunlaşmışdır. Həmin vaxtı onların yanında heç kim olmamışdır. Orda bir özü və həyat yoldaşı Qismət olmuşdur. Onun 4 övladı var, həmin vaxt uşaqlarından heç biri evdə olmamışdır. Onun uşaqlarından 3 nəfəri işdə olmuş, balaca oğlu Zəlimxan isə Ramiz adlı qonşusunun oğlu ilə birlikdə Ramizin iş yerində olmuşdur. Qismət isə Gülnarəni vurmamış, Gülnarəni vurub xəsarət yetirən özü olmuşdur. O, Gülnarənin ifadəsinə cavab olaraq, it saxlamadıqlarını, onların yaşadığı yer “Qır gölünün” yaxınlığında olduğu üçün orada kimsəsiz itlər çoxdur. Həmin itlər isə yaşadıqları yerdə çoxluq təşkir edir. Həmçinin, onun oğlu hadisə yerində olmamışdır. Gülnarə Qisməti daşla vurmuş, lakin Qismət Gülnarəni vurmamış, Gülnarənin ərini vurmasına görə əsəbləşib o da Gülnarəni vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilimiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsində ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Rəsmi iş yeri olmasa da lakin, fəhləliklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs qonşu kimi tanıyır, onun üzbəüz qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxs yüngül və əxlaqsız həyat tərzi keçirdiyinə görə münasibəti yoxdur və danışmırlar. O, 13 sentyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində qonşuluğuda yaşayan onlardan bir qədər aralıda yaşayan Mahir adlı şəxsdən süd almağa getmişdir. Süd alıb evə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs öz evinin qarşısında dayanıb onu görərək, səsləmişdir. O isə Gülnarənin onu çağırmasına görə evinin qarşısında dayanıb Gülnarənin ona yaxınlaşmasını və nə deyəcəyini gözləmişdir. Gülnarə onun yanına gələrək, “Ramizə suka” işləyirsən deyib onu təhqir etmişdir. Daha sonra niyə onun Ramiz adlı şəxsin xeyrinə polisə izahat verməyini bildirmişdir. Onu da əlavə etmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7-8 gün əvvəl qonşuluqda yaşayan Ramiz adlı şəxsin onu döyməsi barədə polisə məlumat vermişdir. O, həmin hadisədə şahid olduğuna görə Ramizin həqiqətən Gülnarəni döymədiyini və hadisə ilə bağlı düzgün polisə məlumat vermişdir. Buna görə də Gülnarə onu niyə Ramiz adlı şəxsin xeyrinə izahat verməyini bəhanə edib, onunla təhqirlə danışmağa başlamışdır. O da Gülnarəyə çıxıb getməsini bildirib, yaşadığı evə daxil olmaq istəmişdir. Həmin vaxt qonşuluqda yaşayan Şahid3 evinin həyətində çöldə dayanmışdır. Gülnarənin onunla danışığını eşitmişdir. Evə daxil olmaq istəyəndə Təqsirləndirilən şəxs yerdən götürdüyü daş parçasını onun sifət nahiyyəsindən vurmuşdur. Həmin zərbənin təsirindən özündə dəhşətli dərəcədə ağrılar hiss etmişdir. Ağrının təsirindən özündə olmamış və qışqırmağa başlamışdır. Onun səsinə həyat yoldaşı Zərərçəkmiş şəxs2 evin həyətindən çölə çıxmışdır. O, ağrının təsirindən yerə yıxılmışdır. Müşərrəf Gülnarənin üstünə gəlmək istəyən zaman Gülnarə əlində daşla Müşərrəfin üzərinə gəlib vurmaq istəmişdir. Müşərrəf isə Gülnarəni özündən qırağa itələmək istədikdə Gülnarə yerə yıxılmışdır. Bundan sonra Müşərrəf ilə Gülnarə yerdə süpürləşmişdilər. Bundan sonra qonşuluqda yaşayan Zəhrə və Xəyalə adlı qonşuları onlara yaxınlaşmış, Zəhrə onun həyat yoldaşını, Xəyalə isə Gülnarəni aralaşdırmışdır. Bundan sonra mübahisə və dava-dalaş sakitləşmişdir. Gülnarənin onu vurması və həyat yoldaşı Müşərrəfin Gülnarə ilə dalaşması təxminən 1-2 dəqiqə ərzində davam edib yekunlaşmasını bildirmişdir. Həmin vaxtı onların yanında heç kim olmamışdır. Orda özü və sonradan səsinə gələn həyat yoldaşı Müşərrəf olmuşdur. Onun 4 övladı var, həmin vaxt onların heç biri evdə olmamışdır. Onun uşaqlarından 3 nəfəri işdə olmuş, balaca oğlu Zəlimxan isə Ramiz adlı qonşusunun oğlu ilə birlikdə onun iş yerində olmuşdur. Onun oğlu həmin günü hadisə yerində olmamışdır. Gülnarə onu daşla vurmuş, lakin o, Gülnarəni vurmamışdır. Ancaq həyat yoldaşı Gülnarənin onu vurmasına görə onun qışqırıq səsinə çölə çıxaraq Gülnarəni yerə yıxıb vurmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsində yaşayır. Fərdi olaraq Gözəllik salonunda saç ustası kimi işləyib ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 onun qonşuluğunda yaşayır. Qismətin özü və ailə üzvləri ilə heç bir münasibəti yoxdur. Belə ki, Zərərçəkmiş şəxs1 evi ilə bizim evin arasında təxminən 30-40 metr ara məsafəsi vardır. Bundan başqa, Təqsirləndirilən şəxs da tanıyır, qonşu kimi münasibəti yaxşı olmuşdur. Aralarında təxminən 20-25 metr ara məsafəsi vardır. 13 sentyabr 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq, qonşusu Gülnarəni digər qonşusu Qismət və ailə üzvləri tərəfindən döyülməsi barədə məlumat vermişdir. Xəstələndiyi üçün bir neçə gün evdə olmuşdur. Eyni zamanda işə də getməmişdir. 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində evdən çıxıb qonşuluqda yaşayan Gülnarəgilə su gətirmək üçün getmişdir. Həmin vaxt Qismət ilə Gülnarənin mübahisə etdiklərini görmüşdür. O, Gülnarəyə sakitləşməyi, Qismət ilə mübahisə etməməyi bildirmişdir. Lakin, Gülnarə Qismətə oğluna nalayiq ifadə işlətməsinə görə əsəbləşib, Qismətlə mübahisə etmişdir. O, Gülnarəni nə qədər sakitləşdirmək istəsə də Gülnarə sakitləşməmiş, Qismətin yaxınlığına tərəf getmişdir. Qismət mübahisə əsnasında Gülnarənin boğazından tutub arxaya tərəf itələmiş, Gülnarə arxaya tərəf çəkilmək istəyən zaman yerə yıxılmışdır. Həmin vaxt Qismətin də ayağı büdrəyib Gülnarənin üzərinə yıxılmasını görmüşdür. Gülnarə yerdən daş götürüb Qismətin sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra Qismət Gülnarənin üzərindən qalxmışdır. Gülnarə yerdən qalxıb evə tərəf gedib, oğlu Əlicahidə evdən mobil telefonunu gətirməsini bildirmişdir. Oğlu mobil telefonu gətirib Gülnarəyə vermişdir. Gülnarə telefondan DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermək istəyən zaman Qismətin arvadı evdən çıxıb Gülnaəyə tərəf gəlmişdir. Gülnarə 102 xidmətinə zəng vurub məlumat verə bilməmişdir. Həmin vaxt o, həmin şəxslərin yanında olsa da qorxduğu üçün mübahisələrini ayıra bilməmişdir. Həmin vaxt Müşərrəfin əlində hər hansı alət və daş görməmişdir. Müşərrəfin Gülnarənin üzərinə gəldiyini görüb, yanlarından kənarlaşmışdır. Kənara çəkilib davanı sakitləşdiyməyə çalışmışdır. Müşərrəf Gülnarə ilə dalaşmağa saçından tutub, Gülnarənin bədəninin müftəlif nahiyyələrinə vurmağa başlamışdır. Bundan sonra hadisə yerinə Müşərrəfin azyaşlı qızı və azyaşlı oğlu Zəlimxanın gəldiyini görmüşdür. Lakin, uşaqların Gülnarəni konkret olaraq vurmasını görməmişdir. Bir neçə dəqiqədən sonra Zəlimxan köməklik edib Gülnarəni ayırmış və bundan sonra dava bitmişdir. Dava qurtaran kimi Gülnarəyə yaxınlaşıb, Gülnarəni evə aparmış və döyülməyi ilə bağlı Gülnarənin mobil telefonu ilə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Müşərrəfin Gülnarə ilə dalaşmasını görsə də lakin, qorxduğu üçün onların arasına girə bilməmiş, sadəcə sözlə aralaşmalarını xahiş etmişdir. Zəhrə dava zamanı orada olmamışdır. Ümumiyyətlə davanı ayırmamışdır. Zəhrə dava qurtardıqdan sonra Müşərrəfin yanına tərəf gəlmişdir. Hadisənin təxminən 15-20 dəqiqə ərzində davam edərək, yekunlaşmasını, ətrafda ondan başqa qonşu olmadığını, hadisə zamanı ətrafda ondan başqa onun bilmədiyi şəxsin görüb-görməməsi barədə heçnə deyə bilməmişdir. O, həmçinin hadisə yerində Müşərrəfin azyaşlı qızı və oğlu Zəlimxanın olmasını, uşaqların Gülnarəni dəqiq olaraq necə və hansı formada döyməsi barədə heçnə deyə bilmədiyini, ancaq konkret olaraq Müşərrəfin Gülnarəni vurmasını görmüşdür. Əlavə olaraq o, hadisənin qonşular arasında yaşadıqları evin qarşısında olduğundan, orada kənar şəxslərin görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yəni, anası Müşərrəf, atası Qismət, bacısı Lalə ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsi nömrəsiz fərdi evdə yaşayır. Onlar ailədə 6 nəfər olsalar da lakin, digər böyük bacısı ailə qurmuş, onlardan ayrı yaşayır. Həmçinin, böyük qardaşı Yusif də onlardan ayrı yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Atasının himayəsindədir. Təqsirləndirilən şəxs tanıyır, onların qonşuluğunda yaşayır. Gülnarə ilə münasibəti yoxdur. 13 sentyabr 2021-ci il tarixdə o, evdə olmamışdır. Belə ki, qonşusu Ramiz adlı şəxsin oğlu Elcan ilə onlara məxsus tikinti alətlərinin təmiri sexində olmuşdur. Təxminən axşam saat 20 radələrində evə qayıdan zaman anası Müşərrəfin və atası Qismətin xəsarət aldıqlarını görmüşdür. Onlardan nə baş verməsini soruşduqda valideynləri qonşuluqda yaşayan Gülnarə adlı şəxslə dalaşdıqlarını bildirmişdilər. O, həmin günü valideynləri ilə Gülnarə arasında olan dava dalaşda iştirak etməmiş, nədə ki, görməmişdir. Həmçinin, bacısı Lalə də evdə olmamış, həmin günü işdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yəni, həyat yoldaşı Şahid4 və iki azyaşlı övladları ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsi nömrəsiz fərdi yaşayış sahəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qonşu kimi tanıyır, onların hər biri ilə qonşu kimi normal münasibəti vardır. Belə ki, Zərərçəkmiş şəxs1 və Gülnarə Alxasovun 13 sentyabr 2021-ci il tarixli şikayət ərizələri ilə tanış olaraq bildirmişdir ki, həmin həmin günü təxminən saat 19 radələrində evdə olan olan zaman evin həyətindən səs küy gəldiyini eşitmişdir. O, həyətdə nə baş verməsini öyrənmək üçün evdən çölə çıxmışdır. Həmin vaxt çöldə Gülnarəni, Qisməti, onun həyat yoldaşı Müşərrəfi və qonşuluqdada yaşayan Xəyalə adlı qadını görmüşdür. Gülnarə Qismətin üzərinə qışqıraraq, nəyə görə onun əleyhinə polisdə izahat vermisən deyə Qismətlə mübahisə etmişdir. Həmin vaxt Qismətin sifət nahiyyəsinə baxan zaman Qismətin sifətindən qan axdığını görmüşdür. O, həmin şəxslərə yaxınlaşıb onları aralamaq istəmişdir. Həmin vaxt Qismət sifətindən qan axdığına görə evə çıxıb getmişdir. Sonra Müşərrəf ilə Gülnarə əlbəayaxa dalaşmağa başlamışdılar. Müşərrəf Gülnarəyə həyat yoldaşını vurduğuna görə əsəbələşib dalaşmışdır. O, sonradan Xəyalə ilə birlikdə Gülnarə ilə Müşərrəfi bir təhər aralamışdılar. O, Müşərrəfi aralayıb, Xəyalə isə Gülnarəni aralayıb evinə aparmışdır. Bundan sonra dava sakitləşmişdir. O, hadisə zamanı hadisə yerində ondan, qonşuluqda yaşayan Xəyalə, Qismət, Müşərrəf və Gülnarədən başqa adam olmamışdır. Hadisə vaxtı Qismətin nə oğlu, nədə ki, qızı hadisə yerində olmamış, o da görməmişdir. O, həmçinin Xəyalə ilə Gülnarənin yaxın rəfiqə olduqlarını bildirmiş, ona görə də Xəyalə Gülnarənin dediklərini eynisi ilə ifadəsində göstərmişdir. Ancaq reallıqda o, Qismətin uşaqlarını hadisə yerində görməmiş, hadisə zamanı orada olmamışdılar. Gülnarə Qisməti daşla vurmuş, Müşərrəf isə Gülnarənin ərini daşla vurduğuna görə Gülnarəni vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsi nömrəsiz fərdi yaşayış sahəsində yaşayır. Fərdi olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yolun kənarında tikinti alətlərinin təmiri sexində işləyir. Təqsirləndirilən şəxs tanıyır, qonşuluqlarında yaşayır. Gülnarə ilə münasibəti yoxdur. Həmçinin, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 da tanıyır, onunla qonşu kimi münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs ilə bir dəfə aralarında olan münaqişəyə görə 24 avqust 2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şikayəti olmuşdur. Həmin şikayətlə bağlı Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, Xəyyam Rüstəmov tərəfindən araşdırılma aparılmışdır. 03 sentyabr 2021-ci il tarixdə isə həmin faktla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin işlə bağlı qonşusu Zərərçəkmiş şəxs1 düzgün izahat verdiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 arasında münaqişə olmuşdur. Buna görə də 13 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Nəsirov X5 RPİ-nə qarşılıqlı şikayət ərizələri vermişdilər. Həmin günü yəni, 13 sentyabr 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində işlədiyi sexdə olan zaman Qismətin oğlu Zəlimxan onun oğlu Elcan ilə birlikdə günorta vaxtı olardı sexə gəlmişdilər. Elcan ilə Zəlimxan onun sexində axşam saat 20 radələrinə kimi olmuşlar. Sexdə olan müddət ərzində Elcan ilə Zəlimxan ona bəzi işlərdə köməklik göstərmişdilər. Axşam evə gedəndə isə onlar birlikdə getmişdilər. O, evdə olan zaman Qismət və arvadı Müşərrəf ilə Gülnarə arasında münaqişə olduğunu həyat yoldaşı Zəhrədən eşitmişdir. O, ancaq münaqişəni görməmiş və bu barədə dəqiq olaraq heçnə deyə bilməmişdir. O, həmçinin Gülnarənin yalan danışdığını, Qismətin qızı barəsində dəqiq olaraq heçnə deyə bilməsə də oğlu Zəlimxanın həmin günü onun oğlu Elcan ilə birlikdə onun işlədiyi sexdə olmasını, axşam saat 20 radələrində isə birlikdə evə getmələrini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 2221 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində sol göz almasının yüngül dərəcəli kontuziyası, alt göz qapağının sıyrığı, sol yanaq və sol qulaq seyvanın əzilmiş yaraları – bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə dava dalaş zamanı əmələ gələ bilərdi: dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının 22 sentyabr 2021-ci il tarixli 2249 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində sol bazu, sağ sağrı nahiyələrinin qançırları, boyun nahiyyəsinin sıyrıqları – bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərərvurmayuan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 06 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cü il təvəllüdlü X1 Alxasovanın övladıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməməsi kimi hallar sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında baş vermiş münaqişə qonşular arasında şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı verilən ifadələrdən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilk əvvəl oğlu Zəlimxana, daha sonra onun özünə qarşı Zərərçəkmiş şəxs1 nalayiq ifadə işlətməsinə iradını bildirmişdir. Göstərilən hallarla əlaqədar tərəflər arasında mübahisəli vəziyyət daha əvvəl yaranmış və sonradan münaqişəyə çevrilmişdir. Beləliklə faktiki olaraq ilk öncə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında baş vermiş münaqişə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin övladına daha sonra onun özünə qarşı nalayiq ifadələr işlətməsi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə əl qaldırması ilə bağlı yaranmış ziddiyətli şəxsi münasibətlər zəminində baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı olmamış, konkret səbəbdən – zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin övladına daha sonra onun özünə qarşı nalayiq ifadələr işlətməsi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə əl qaldırması ilə əlaqədar olaraq aralarında davam edən münaqişəli münasibətlər zəminində təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 daha sonra mübahisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi, formalaşmış qisas motivindən (zərərçəkmiş şəxsin ilk olaraq təqsirləndirilən şəxsin övladına daha sonra onun özünə qarşı nalayiq ifadələr işlətməsi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə əl qaldırması) və anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 xəsarət yetirməsi, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin övladına daha sonra onun özünə qarşı nalayiq ifadələr işlətməsi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə əl qaldırması ilə əlaqədar olaraq aralarındakı münaqişəli qonşu münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz. Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Zərərçəkmiş şəxs1 hadisə zamanı aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət olduğundan bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128-ci maddəsi ilə də tövsif olunmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz hadisəni Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində və silah qismində istifadə etdiyi yerdən götürdüyü daş ilə zərərçəkmiş şəxsə xəsarət yetirməklə törədilməsi olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənlərə münasibətdə araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. Mübahisənin kim tərəfindən başlanması, Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində kənar şəxslərin bu hadəsini görmək imkanı yoxlanılmamış, ibtidai istintaqda hadisə yerinə baxış keçirilməsi protokolunda bu hallar qiymətləndirilməyərək istintaqın yekunlaşdırılması ilə kifayətlənilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “hər kəsin gözü qarşısında” zərərçəkmiş şəxsə silah qismində istifadə etdiyi daşla vurmaqla ictimai qaydanı pozması qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxsin özü, təqsirləndirilən şəxs və hadisənin şahidi olmayan ümumi tanışları ilə (şahid) məhdudlaşdırmış, həmin “hər kəs”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Həmçinin, ittihamda istinad olunan silah qismində istifadə olunan daş da maddi sübut kimi götürülməmiş, onun mövcudluğunu göstərən digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Zərərçəkmiş şəxs1 sağlamlıqlarına yüngül zərər vurulması ilə nəticələnən hadisə ilə bağlı məhkəmə qeyd edir ki, həmin hadisə təqsirləndirilən şəxsin deyil, məhz qisas zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dalaşma gedişində, ümumilikdə zərərçəkmiş şəxsin qanunazidd davranışının təsiri, belə münasibətlərin pozulması nəticəsində yəni təqsirləndirilən şəxsə əl qaldırmasına görə təqsirləndirilən şəxs qisas zəmnində hazırki iş üzrə əməli törətmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurması, yəni xəsarətin yetirilmə anı qısa zaman kəsiyində baş verdiyindən Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, küçədə hansısa narahatçılığına səbəb olması, hadisə baş verən əraziyə kənar şəxslərin toplaşması aparılmış ibtidai istintaq və məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, yəni formalaşmış qisas motivindən (qonşular arasında şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsin ilk olaraq təqsirləndirilən şəxsə əl qaldırmasına görə) və anidən formalaşan şəraitdən qaynaqlanmış və habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində daşdan və ya digər əşyadan istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ərizə təqdim edərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı iş üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət-prosessual qanunvericiliyinin tələbinə görə, məhkəmənin iclası zamanı digər məsələlərlə yanaşı, iş üzrə icraata xitam verilməsi üçün əsasların olubolmaması məsələsi yoxlanılaraq, buna dair qərar qəbul edilməlidir. Hansı ki, məhkəmənin iclasında müəyyən edilmişdir ki, baxılan işə münasibətdə təqsirləndirilən şəxsin barəsində Amnistiya Qərarının tətbiqi üçün əsaslar vardır, Amnistiya Qərarının müvafiq müddəalarına əsasən iş üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlayaraq, digər bu kimi xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisələri nəzərə alaraq və Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərar qəbul etmişdir, həmin Qərarın: 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). 23.5-ci hissəsinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədək müddət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur, Qərarın, o cümlədən 10-cu və 11-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində 5 noyabr 2021-ci il tarixli Amnistiyanın tətbiq olunmasına razılığı, həmin Qərara əsasən cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi nəzərə alınaraq, qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin barəsindəki iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; iş üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 39.1.12, 321, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilsin və “8 Noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar