Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-602/2023 31.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və metadonu, güclü təsir edən maddə preqabalini əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, 14 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, təmiz çəkisi 0,511 qram narkotik vasitə heroini, ümumi miqdarı 0,06 qram narkotik vasitə metadonu və ümumi miqdarı 0,75 qram güclü təsir edən maddə preqabalini 40 manat müqabilində qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ərazisinə daşıyaraq saxlamış, 15 fevral 2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı-Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb Abşeron rayon Polis İdarəsinə aparılmış və üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qəhvəyi rəngli idman şalvarının sol yan cibindəki pul kisəsinin içərisində saxladığı həmin 0,511 qram çəkidə narkotik vasitə heroin, ümumi miqdarı 0,06 qram narkotik vasitə metadon və ümumi miqdarı 0,75 qram güclü təsir edən maddə preqabalin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, ailə üzvləri ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayır. Subaydır və fərdi olaraq ticarətlə məşğul olur. Təxminən 5-6 aydır ki, narkotik vasitə heroin və psixotrop madə metamfetamin istifadə edir. 15 fevral 2023-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanının qarşısında olduğu zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyiblər. Ondan özünü təqdim etməsini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu deyib. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyiblər və saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün onu Abşeron rayon Polis İdarəsinə dəvət ediblər. O, buna etirazının olmadığını deyib. Onu xidməti avtomobilə əyləşdiriblər və polis əməkdaşlarının müşayəti ilə Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilib. İdarənin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilib. Ondan vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulub. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini deyib və bu barədə müvafiq ərizə yazıb. Ona Abşeron rayon Vəkil Bürosunun vəkillərinin adlı siyahısı təqdim edilib. O, hüquqlarının vəkil-X5 tərəfindən müdafiə edilməsini istəyib. Vəkili-X5 gəldikdən sonra onunla konfidensial görüşü polis əməkdaşları tərəfindən təmin edilib. Sonra vəkili- X2 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı ilk öncə ona hüquq və vəzifələri oxunub. Sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilib. O, əynində olan qəhvəyi rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Sobranie” markalı siqareti, 01 ədəd alışqanı, 01 ədəd 1 manatlıq pul əskinasın, 01 ədəd qara rəngli, “Samsung” markalı mobil telefonu, pul kisəsini, daha sonra həmin pul kisəsinin içərisində saxladığı 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini, 1,5 tablet narkotik vasitə metadonu və 05 kapsul güclü təsir edən maddə preqabalini çıxardaraq təqdim edib. Ona verilən suallara cavab olaraq narkotik vasitə heroini 15 manat müqabilində, narkotik vasitə metadonu 15 manat müqabilində, güclü təsir edən maddə preqabalini 10 manat müqabilində ümumilikdə 40 manat müqabilində 14 fevarl 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində daşıyaraq saxladığını bildirib. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməyib. Üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitələr və güclü təsir edən maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılıb. Həmin zərf imzalarla təsdiq olunub. “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülüb. Pul kisəsi, 1 manat pul, “Sobranie” markalı siqaret və alışqan özünə qaytarıldı. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, 14 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə narkotik vasitələri və güclü təsir edən maddəni aldığı şəxsdən ilk dəfə idi ki, narkotik vasitələr və güclü təsir edən maddə alıb 15 fevral 2023-cü il tarixdə saat 19 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılan zaman, Abşeron rayon Polis İdarəsinə gətirilən zaman və Abşeron rayon Polis İdarəsinin inzibati binasında olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməyib və psixi təzyiq göstərilməyib, vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə hər hansı bir müdaxilə etməyib. Məhkəmədə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla hər hansı düşmənçiliyi, ədavəti olmayıb. 15 fevral 2023-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə qərəzsiz mənbədən məlumat daxil olub. O, Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 İbarət əməliyyat qrupu yaradılıb. Həmin gün yəni 15 fevral 2023-cü il tarixdə saat 19 radələrində ünvan 1 ünvanının qarşısında əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıblar. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyiblər. Ondan özünü təqdim etməsini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu deyib. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyiblər və saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün onu Abşeron rayon Polis İdarəsinə dəvət ediblər. O, buna etirazının olmadığını bildirib. Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirib Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətiriblər. İdarənin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi ona izah edilib. Ondan vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib- istəmədiyi soruşulub. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini deyib və bu barədə müvafiq ərizə yazıb. Ona Abşeron rayon Vəkil Bürosunun vəkillərinin adlı siyahısı təqdim edilib. O, hüquqlarının vəkil-X5 tərəfindən müdafiə edilməsini istəyib. Vəkili-X5 gəldikdən sonra onunla konfidensial görüş təmin edilib. Sonra vəkili-X2 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı ilk öncə ona hüquq və vəzifələri oxunub. Sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilib. O, əynində olan qəhvəyi rəngli idman şalvarımın sol yan cibindən 01 ədəd “Sobranie” markalı siqareti, 01 ədəd alışqanı, 01 ədəd 1 matlıq pul əskinasını, 01 ədəd qara rəngli, “Samsung” markalı mobil telefonu, pul kisəsini, daha sonra həmin pul kisəsinin içərisində saxladığı 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini, 1,5 tablet narkotik vasitə metadonu və 05 kapsul güclü təsir edən maddə preqabalini çıxardaraq təqdim edib. Ona verilən suallara cavab olaraq narkotik vasitə heroini 15 manat müqabilində, narkotik vasitə metadonu 15 manat müqabilində, güclü təsir edən maddə preqabalini 10 manat müqabilində ümumilikdə 40 manat müqabilində 14 fevarl 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində daşıyaraq saxladığını bildirib. Sonra üzərinə şəxsi axtarış davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməyib. Üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitələr və güclü təsir edən maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılıb. Həmin zərf imzalarla təsdiq olunub. “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülüb. Pul kisəsi, 1 manat pul, “Sobranie” markalı siqaret və alışqan özünə qaytarılıb. Şahid1 verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, Abşeron rayon Polis İdarəsinə gətirilərkən və Polis İdarəsinin inzibati binasında olarkən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməyib, vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə onun üzərinə hər hansı bir müdaxilə edilməyib. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verərək sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları təstiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15 fevral 2023-cü il tarixdə məhkəmə-kimyəvi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2023-cü il tarixli 6/940 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs aşkar olunan" və s. sözlər, imzalar olan paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,511 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 01 ədəd blister kəsiyində 01 ədəd bütöv və 01 ədəd yarım (0,5) üzərlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram olan narkotik vasitə metadon müəyyən edildi, üzərində “Preqabalin" əmtəə göstəriciləri olan 02 ədəd blister kəsiyində ümumilikdə 5 ədəd dərman kapsullarının tərkibində təsiredici maddənin ümumi miqdarı 0,75 qram olan güclü təsir edən maddə preqabalin müəyyən edildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş təmiz çəkisi 0,511 qram narkotik vasitə heroindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,461 qramı, 1,5 tablet narkotik vasitə metadondan ekspertiza keçirildikdən sonra qalıq qalmış 1 tableti və 5 kapsul güclü təsir edən maddə preqabalindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 4 kapsulu 20 fevral 2023-cü il tarixdə iş üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İstintaq zamanı 17 fevral 2023-cü il tarixdə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxs tərəfindən verilmiş, 06 iyun 2023-cü il tarixli 3521A nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddənin qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ- yə sorğu verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Törətmiş olduğu cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair istintaq materialları ilə kifayət qədər sübut olduğundan o, 17 fevral 2023- cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Abşeron rayon prokuroruna vəsatətlə müraciət edilmişdir. Abşeron rayon prokuroru-baş ədliyyə müşaviri Qabil Qasımov təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, işin digər hallarını nəzərə alıb həbs qətimkan tədbiri ilə bağlı vəsatəti təmin etməyərək həbs qətimkan tədbirinin həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəz olunmasını məqsədə müvafiq hesab etmiş və Abşeron rayon Polis İdarəsinin MSY-dən həbsdən azad olunmasına dair qərar qəbul etmişdir. Bununla bağlı 17 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs istintaqdan yayındığından barəsində 16 aprel 2023-cü il tarixdə axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə tutularaq Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0.461 qram narkotik vasitə heroin, 1 tablet metadon, 4 kapsula preqabalin məhv edilməlidir. İş üzrə 110 (yüz on) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0.461 qram narkotik vasitə heroin, 1 tablet metadon, 4 kapsula preqabalin məhv edilsin. İş üzrə 110 (yüz on) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-602/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-602/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver