Məhkəmə qərarları › İş №1(012)-603/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-603/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-603/2023 20.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1968-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam " qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs özünə məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 4,4 sot torpaq sahəsində ev tikmək üçün Abşeron rayon İcra Hakimiyyətindən icazə almasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Bazarstore” adlı mağazanın yaxınlığında 6000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs 6000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs 2023-cü ilin fevral ayından tanıyır. Zərərçəkmiş şəxs həmin vaxt onunla söhbət əsnasında Abşeron rayonu, Masazır kəndində 4,4 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün icazə lazım olduğunu bildirmişdir. O da Zərərçəkmiş şəxs tanış tapacağını deyib xx.xx.2023-cü il tarixdə Eldarla görüşüb ondan 6000 manat pul istəmişdir ki, həmin torpaq sahəsində tikinti işləri aparılması üçün Abşeron rayon İcra Hakimiyyətindən icazə ala bilər. Bundan sonra həmin tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində “Bazarstor” adlı mağazanın yaxınlığında görüşərək Zərərçəkmiş şəxs 6000 manat pul almışdır. Bundan sonra o, həmin pulla tikintiyə icazə almamış və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan Eldar pulunu tələb etdiyi üçün o, ilk öncə Eldara 3000 manat pulu qaytarmışdır. Sonra isə 10 may 2023-cü il tarixdə Eldara 3000 manat pulunu qaytarmışdır. Sonradan ona məlum olmuşdur ki, Eldar onun barəsində Abşeron rayon polis idarəsinə ərizə ilə mürcaiət etmişdir. Məhkəmə istintaqının sonunda özünü təqsirli bilərək, törətdiyi əməldən peşmançılıq çəkdiyini, hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyini və onunla barışdığını, dövlət büdcəsinə 25 faiz ödəniş etməsini nəzərə alaraq, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Ona məxsus Abşeron rayonu, Masazır kəndində 4,4 sot torpaq sahəsi vardır. O, həmin torpaq sahəsində özünə 3 ayrı-ayrı evlər tikmət istəmişdir. Bu məqsədlə Abşeron rayon İcra Hakimiyyətindən icazə almaq istəmişdir. 2023-cü ilin fevral ayında o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxtı İlham ona bildirmişdir ki, həmin tikəcəyi evlərə tikinti üçün icazə ala bilər. O da tikintiyə başlamışdır. İlham buna görə ondan 6000 manat pul istəmişdir. O da İlhama həmin pulu verəcəyini demişdir.xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Bazarstore” adlı mağazanın yaxınlığında İlham ilə görüşmüşdür. Həmin vaxtı İlhama 6000 manat pul vermişdir. İlham pulu aldıqdan sonra ona demişdir ki, “get işini başla”. O da işi başlamaq istəyən zaman İcra Hakimiyyətinin işçiləri gəlib tikintini saxlamışlar. Bundan sonra İlham ilə əlaqə saxlayıb icazəni alıb almamasını soruşanda İlham ona müxtəlif bəhanələr etmişdir. Lakin buna baxmayaraq icazəni almamışdır. Bundan sonra o, İlhamdan pulunu tələb etdikdə İlham onun pulunu qaytarmamışdır. Sonra isə o, polis müraciət etdikdən sonra İlhan onun 3000 manat pulunu geri qaytarmışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, özünü təqsirli bilərək törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ilkin ifadəsində verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, sonradan əməlini tam etiraf etmişdir, ona görə bununla bağlı əlavə hüquqi qiymətləndirmə aparılması zərurəti qalmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müdafiə tərəfinin işin faktiki hallarını və təqsirlilik məsələsini mübahisələndirməsinə baxmayaraq, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və sonuncu ilə barışmış və zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində cinayət nəticəsində vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, onunla barışdığını bəyan etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin “Abşeron” filialına xx.xx.2023-cü il tarixdə cinayət nəticəsində vurulmuş ümumilikdə 6000 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında – 1502 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar