Məhkəmə qərarları › İş №1(012)-603/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-603/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-603/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-ci il tarixdə gündüz vaxtı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Çaylı kəndində yerləşən fermanın açıq sahədə yerləşən həyətindən, ümumi dəyəri 4000 manat olan üç ədəd çadır qurğuların 84 ədəd müxtəlif ölçüdə olan dəmir boruları gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanımamış, hər hansı bir ədavəti olmamış, yalnız oğurluq etdikdən sonra həmin əmlakların sonuncuya məxsus olduğunu bilmişdir. Təxminən 20 yanvar 2023-cü il tarixdə gündüz vaxtı Abşeron rayonu Çaylı kəndində açıqlıq sahədə ferma görmüş, oraya yaxınlaşaraq ətrafda heç kimin olmadığına əmin olaraq, həmin fermanın həyətində yerləşən təxmini sayı dəqiq yadında qalmayan xeyli miqdarda dəmir boruları oğurlayaraq, yola daşımışdır. Daha sonra Valeh adlı qazel sürücüsünə zəng edərək, olduğu yeri izah edərək, oraya gəlməsini bildirmiş, sonuncu onun dediyi yerə gəldikdən sonra ondan həmin dəmir boruların kimə məxsus olduğunu soruşmuş, o, isə həmin dəmir boruların özünə məxsus olduğunu satmaq üçün ona köməklik etməsini və metal qəbulu yerinə daşımasını istəmişdir. Valeh onun dediklərini müəyyən məbləğ qarşılığında edə biləcəyini dedikdə, o, sonuncuyla razılaşmışdır. Həmin dəmir boruları Bakı-Sumqayıt yolu yaxınlığında yerləşən metal qəbulu yerində olan Mərdan adlı şəxsə 110 manata sataraq, həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Sonradan əldə etdiyi məlumata əsasən Zərərçəkmiş şəxs həmin dəmir boruları Mərdandan almışdır. Oğurluq əməlini törədən zaman tək olmuş, həmin vaxt ətrafda heç kim olmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurluq əməlini maddi imkansızlıqdan törətnəsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və himayəsində yetkinlik yaşına çaymayan övladının olmasını, qardaşının şəhid olmasını, bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və sonuncudan şikayətçi olmadığını bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Laçın rayon Minkənd kənd İƏD üzrə nümayəndəliyinin müavini vəzifəsində işləyir. Abşeron rayonu Çaylı kəndində qaynı Səxavət Qasımova məxsus olan, lakin onun işlətdiyi ferma vardır. Həmin fermada təsərrüfatla məşqul olur.Lakin oğurluq hadisəsi baş verən zaman fermada hər hansı mal-qara olmamışdır. Özü işdə olduğuna görə orada olan qonşu Nəsir adlı şəxsə fermaya nəzarət etməyi tapşırmışdır. Onun fermada hüzür üçün lazım olan 3 ədəd çadır qurmaq üçün dəmir qurğuları olmuşdur. Hər gün Nəsirlə zəng edib fermanı maraqlanmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Nəsirlə əlaqə saxlayan zaman fermada əmlakları yerində olmuşdur. xx.xx.2023-cü il tarixdə Nəsir ona zəng edərək, fermada olan 3 ədəd çadır qurmaq üçün olan dəmir qurğuların yerində olmadığını bildirmişdir. Dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng etmişdir. Daha sonra polis əməkdaşları oraya gəlmişlər. Hadisə yerinə baxış keçirmişlər. Daha sonra özü bu işlə bağlı araşdırma aparan zaman, Sumqayıt şəhəri ərazisində yerləşən metal qəbuluna getmişdir. Orada olan zaman ona məxsus əmlakların orada olmasını müəyyən etmişdir. Həmin vaxt metal qəbul edən Mərdan adlı şəxs ona həmin dəmir qurğuları Ramin adlı şəxsə satdığını bildirmişdir. Ona bu barədə şikayətçi olduğunu bildirmişdir. Daha sonra həmin Ramin adlı şəxs ona məxsus fermaya gələrək, oğurluq etdiyini etiraf etmiş və ona dəymiş maddi ziyanı yaxın müddətdə geri qaytaracağını bildirmişdir.Lakin həmin vaxtdan sonra Ramindən xəbər olmamışdır. Hətta o metal qəbulu yerindən 42 ədəd dəmir qurğuları götürmüşdür. Lakin qalan dəmir qurğuları tapılmamış qalmışdır. Həmin ferma açıqlıq sahənin içərisindədir. Ətrafı hasarlanmamışdır.Oğurluq əməlini törətmiş şəxsin adının yalnız Ramin olduğunu bilmişdir. Ramin həmin əmlakları “Qazel” markalı avtomobillə Valeh adlı şəxslə aparmışdır. Həmin çadır qurğularının hər birinin ayrı-ayrılıqda qiyməti 1500 manat olmuşdur. Həmin çadır qurğuların üçünə birlikdə 4000 manat pul vermişdir. Ramil adlı şəxs 3 ədəd çadır qurğularının hamısını oğurlamışdır. Həmin çadır qurğuları hər biri müxtəlif ölçülərdə 22 ədəd çadır borudan, 6 ədəd damlıq borudan ibarətdir. Ümumilikdə onun fermasından 84 ədəd müxtəlif ölçüdə dəmir borular oğurlanmışdır. Həmin çadır qurğuları 4000 manata aldığı üçün ona dəymiş ziyan 4000 manat olmuşdur. Həmin dəmir boruların tək-tək qiymətini bilmir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 4000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxsin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi deyil, hər hansı tələbi yoxdur. Məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, özünəməxsus etibarnamə ilə idarə etdiyim **-NL- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yük daşıyır. Təqsirləndirilən şəxs baş vermiş hadisədən 1 ay əvvəl tanımışdır. Təqsirləndirilən şəxs dəfələrlə metal alətləri onun avomobili vasitəsi ilə daşıyaraq, satmışdır. Sonuncu dəfə 2023-cü ilin yanvar ayının dəqiq yadında qalmayan günündə Ramil ona zəng edərək, onu Abşeron rayonu, Çaylı kəndində yol kənarına çağırmışdır. O, deyilən əraziyə gedərək, Ramilin yanında dəmir borular görmüş və həmin əşyaların kimə məxsus olduğunu soruşmuş, sonuncu ona həmin əşyaların özünə məxsus olmasını, satmaq üçün metal qəbulu yerinə aparmaqda köməklik etməyini demişdir. O, həmin işi 15 manat pul məbləğində edə biləcəyini deyərək, Ramillə razılaşmışdır. Onlar həmin dəmir boruları Bakı-Sumqayıt yolunun yaxınlığında yerləşən metal qəbulu yerinə apararaq, satmışlar. Nə metal qəbulunda olan şəxs nə də o, həmin dəmir boruların oğurluq olduğunu bilməmişdir. O, həmin dəmir boruların oğurluq olmasını bilsə idi Ramilin təklifi ilə razılaşmazdı. Məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri ərazisində yerləşən qara metal qəbulu yerində satıcı kimi fəaliyyət göstərir. Belə ki, o dəmir avadanlıqlarını ucuz qiymətə alaraq, həmin metalları əridərək, pul qazanır. Təqsirləndirilən şəxs hadisə baş verənədək, dəfələrlə obyekt tərəfdə dayanmışdır. 2023-cü ilin yanvar ayının axırlarında Ramil onun obyektinə yaxınlaşaraq, əlində dəmir borular olduğunu və satmaq istədiyini bildirmişdir. O, həmin dəmir boruların kimə məxsus olduğunu soruşduqda Ramil boruların özünəməxsus olduğunu bildirmişdir. O, Ramili tanıdığı üçün həmin dəmir boruları çəki ilə ondan almış və təxminən həmin əşyaların müqabilində 100-110 manat məbləğində pul vermiş, sonuncu oradan getmişdir. Bir müddət sonra adını sonradan bildiyi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, dəmir borular lazım olduğunu bildirmiş, o isə obyektə baxmasını bildirmişdir. Həmin şəxs obyektə baxış keçirən zaman o Təqsirləndirilən şəxs aldığı dəmir boruların ona məxsus olduğunu və fermasından oğurluq olduğunu bildirmişdir. O, həmin şəxsə dəmir borular ona məxsusdursa götürməsini demiş, sonuncu həmin boruları götürmüşdür. Təqsirləndirilən şəxs ona həmin metalları oğurluq yolu ilə əldə etməsi barədə heçnə deməmiş, metalların özünə lazım olmadığı üçün satmaq istədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işini başlama və icraata qəbul etmə haqqında” xx.xx.2023 cü il tarixli qərara əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə cinayət işi başlanmışdır.

2. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır.

3. “Cinayət işinin icraata qəbul edilməsi” barədə 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraata qəbul edilərək, istintaqı davam etdirilmişdir.

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur.

5. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 01 fevral 2024-cü il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(060)-83/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-743/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 01 il 06 ay müddətə təyin edilmiş azadlığın məhdudlaşdırılmasının cəzasının 01 il 04 ay 19 gün çəkilməmiş hissəsi hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

6. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 09 ay hissəsi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 7(060)-71/2023 saylı qərarına ilə Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmışdır.

7. Sumqayıt şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(060)-359/2023 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 müddət təyin edilən cəzadan çıxılmaqla, qəti olaraq 01 il 02 ay 28 gün müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 06 ay 12 gün hissəsi hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə qəti olaraq 01 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

8. “Sübutların qiymətləndirilməsi” haqqında 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ifadənin yerində yoxlanılması və digər istintaq hərəkəti protokolları və istintaq zamanı digər toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir.

9. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 iyun 2013-cü il təvəllüdlü X1 adlı uşağ vardır.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama törədildikdə - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması və həmin cəzanın azadlıqdan məhrumetmə ilə əvəz olunması hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun olaraq bu hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından onun əməli residiv kimi qiymətlənirilə bilməz. Beləliklə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin əvvəllər az ağır cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb, yenidən qəsdən cinayət törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olmadığından, onun barəsində cinayətlərin məcmusu nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmlərə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməli barəsində çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-359/2023 saylı 31 avqust 2023-cü il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 20 yanvar 2023-cü il tarixdə törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(060)-83/2022 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Sumqayıt şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 7(060)-71/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsi üzrə 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, həmin cəzanın çəkilməmiş 06 ay 12 gün hissəsi Sumqayıt şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(060)-359/2023 saylı hökmü ilə təyin olunmuş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 359/2023 saylı 31 avqust 2023-cü il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 20 yanvar 2023-cü il tarixdə törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair digər cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş qəti cəzadan çıxılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, barəsində “həbs” qətimkan tədbiri seçilməli, cəza çəkmə müddətinin əvvəli isə 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(060)-359/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun Təqsirləndirilən şəxs digər cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınaraq, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar