Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-603/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1982-ci il tarixdə Qubadlı rayonunun İşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, Qubadlı Rayonu, Muradxanlı Ərazi Dairəsi, İşıqlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün 10 manat müqabilində bir ədəd şəffaf selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,472 qram çəkidə, xeyli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayon polis idarəsinin, Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, “Saray MTK-nın”yaxınlığında saxlanılaraq, Saray polis bölməsinin inzibati binasına gətirilmiş və xx.xx.2024-cü il tarixdə saat 00:15-dən saat 00:30-a kimi xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf selofan bükümdə 0,472 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı bir nəfər şəxsdən 10 manata bir ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroin alıb, qara rəngli şalvarının sağ yan cibinə qoyub öz şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi “Saray MTK”-nın yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, anket məlumatlarını soruşmuşlar. Həmin zaman polis əməkdaşlarına lazımı məlumatları vermiş və axşam vaxtı ərazidə oğurluq etməyimdən şübhələndikləri üçün ona Abşeron RPİ-nin Saray polis bölməsinə getməli olduğunu söyləmişlər. O, həmin zaman heç bir etiraz etmədən polis əməkdaşları ilə Saray polis bölməsinə getmişdir. Saray polis bölməsində o, üzərində narkotik vasitə olduğunu və istifadə etdiyini bildirmişdir. Orada otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet olub-olmaması soruşulmuş və varsa təqdim etməyi təklif edilmişdir. o, da əynindəki qara rəngli şalvarının sağ yan cibində olan bir ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt ona məxsus olan narkotik vasitə olan bir ədəd şəffaf selofanda bükülmüş heroin bükümü ağ kağız zərfə qoyulub, qablaşdırlaraq möhürlənib bağlanmışdır. O, da həmin qablaşdırılmış zərfi bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq, o, üzərindən aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir fiziki zor və ya psixoloji təsir göstərilmədiyini, əməlindən peşman olmasını, himayəsində iki uşağının olmasını və göz nahiyəsindəki zəifliklə bağlı əlilliyinin olmasını bildirərək, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, 05 dekabr 2024-cü il tarixdə axşam saatlarında digər polis əməkdaşı Şahid2la birlikdə Saray qəsəbəsində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görərək, ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirərək, bölməyə dəvət etmişlər. Şübhəli şəxs onlarla birlikdə bölməyə gələrək, həmin şəxsin ünvan 1-də yaşayan 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirəcəklərini bildirilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra sonuncu müdafiəçinin iştirakı ilə əynindəki şalvarın sağ yan cibində olan bir ədəd şəffaf selofan bükümdə olan kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə olmasını, 04 dekabr 2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı bir nəfər şəxsdən özü istifadə etmək üçün əldə etməsini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda qanunsuz əşya aşkar olunmamış, sonuncunun təqdim etdiyi büküm zərfə qoyularaq imzalanmışdır. Bundan əlavə Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, həmin narkotik vasitəni haradan və nə məqsədlə əldə etdiyi barədə məlumatı olmamış, həmçinin sonuncu tərəflərindən saxlanılan və bölmədə olan zaman ona qarşı heç bir psixi və ya fiziki zorakılıq olunmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Şübhəli şəxsin tutulması haqqında” 05 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:55 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli, 6/5401 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,472 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,472 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,422 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir;
3. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlamaqla icraata qəbul olunmuşdur;
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
5. Abşeron rayon Məhkəməsinin 07 dekabr 2024-cü il tarixli, 4(012)-833/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 05 dekabr 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;
6. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 gün 02 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 gün (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır;
7. Sumqayıt şəhər Probasiya Şöbəsinin 13 yanvar 2025-ci il tarixli, 21-2/3-221 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-769/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək cəzasının çəkilmiş hissəsi 01 il 20 gün, çəkilməmiş hissəsi isə 08 ay 06 gün təşkil edir;
8. “Maddi sübut qismində tanınma və təhvil vermə” haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və ekspertizadan sonra 01 ədəd kağız zərfdə qablaşdırılmış, təmiz çəkisi 0,422 qram qəhvəyi rəngli maddə kustar üsula hazırlanmış narkotik vasitə olan heroin maddi sübut qismində tanınmış və saxlanmasından ötrü Abşeron RPİnin saxlanc anbarına təhvil verilmişdir;
9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında 27 yanvar 2025-ci il tarixli, 444 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə müvafiq olaraq Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicəyə tətbiq edilməsinin mümkün olmadığı və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət edilmişdir.
10. “Sübutların qiymətləndirilməsi” haqqında 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra 0,422 qram qalmış narkotik vasitə olan heroinin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilməsi iş üzrə nəzərə alınmalı, Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, iş üzrə məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişdir;
11. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X6 Möhtəbər və xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşaqları vardır.
12. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “gəlir məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir.
Şəxsi axtarış və götürmə aparılması barədə 06 dekabr 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim etməsi təklif edildikdə o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən çıxartdığı 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələri təqdim edərək, həmin kütlənin narkotik maddə olmasını, həmin maddəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 04 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində 10 manat pul müqabilində aldığını bildirmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını, həmçinin ailəli olmaqla himayəsində 01 azyaşlı və 01 yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Sumqayıt şəhər Məhkəməsinin 1(060)-769/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 gün 02 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 gün (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, yəni barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, eləcə də, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını, həmçinin ailəli olmaqla himayəsində 01 azyaşlı və 01 yetkinlik yaşına çatmayan övladlarının olmasını o cümlədən əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-769/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 06 (altı) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həbsdə olduğu 03 (üç) ay 09 (doqquz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında 27 yanvar 2025-ci il tarixli, 444 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə müvafiq olaraq Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicəyə tətbiq edilməsinin mümkün olmadığı və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə müvafiq olaraq narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyini tədqiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalı, məcburi müalicənin təyin edilməsi üçün əsaslar müəyyən edildikdə və müalicəyə qarşı əks göstərişlər olmadıqda müddətini göstərmədən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirini təyin edir (21-ci bənd). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,422 qram narkotik vasitə - heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-769/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 06 (altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin ediləcək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 03 (üç) ay 09 (doqquz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,422 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın.
Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov