Məhkəmə qərarları › İş №1(012)-604/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-604/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-604/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi, vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 26, 5-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində ünvan 2 ünvandakı evlərində olan zaman Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında, sonuncunun şikayətçiyə anasıgilə getməsinə icazə verməməsi səbəbindən ailə münasibətləri zəminində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs yumruq və sillə zərbələri ilə Zərərçəkmiş şəxs sifət və baş nahiyələrinə bir neçə dəfə zərbələr vurmaqla ona sağ qulaq seyvanının qançır şişkinlik halında əzilməsi, ənsə nahiyəsinin sağ hissəsinin geniş həcimli dərialtı hematoması, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası, sağ bazunun orta 3\1-nin iç səthinin, sol əlin arxa səthinin və sağ budun orta 3\1-nin iş səthinin qançırları, sağ kürək nahiyəsinin sıyrığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2 il əvvəl ailə həyatı qurmuş və ümumilikdə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan aralarında bəzən mübahisələr yaranmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində o, Mehdiabad qəsəbəsində olan kafelərdən birində şam edib bir qədər spirtli içki qəbul edərək evə gəlmişdir. Evdə olan zaman Sevil ona anasıgilə getmək istədiyini bildirmiş, o isə buna etiraz edərək ümumiyyətlə oraya getməsinə icazə vermədiyini demişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı o, əsəbləşərək Sevilin sifət nahiyəsinə bir neçə dəfə sillə zərbəsi vurmuşdur. Bundan sonra Sevil evdən çıxıb getmiş, sonradan o, Mehdiabad PB-yə dəvət edildiyində Sevilin onun barəsində şikayət etdiyini bilmişdir. O, əlavə olaraq mübahisə zamanı Sevilin sifət və baş nahiyəsinə sillə ilə zərbələr vurduğunu xatırlasa da, şikayətçiyə yumruq zərbələri vurubvurmadığını sərxoş olması səbəbi ilə xatırlamadığını qeyd etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu və zərərçəkən şəxsdən üzr istədiyini bildirdi. Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxsla 2 ilə yaxındır ki, ailə qurmuşlar. Əvvəllər münasibətləri yaxşı olsa da son zamanlarda pisləşmişdir. xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yaşadıqları evdə olan zaman Məmməd sərxoş vəziyyətdə evə gəlmiş və ona, qardaşı Ənvərin nə üçün zəng edib onunla maraqlanmadığını soruşmuşdur. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və mübahisə zamanı Məmməd ilk əvvəl 1-2 dəfə onun sifət nahiyəsinə sillə ilə, daha sonra isə sifət və baş nahiyələrinə yumruqlabir neçə dəfə zərbələr vurmuşdur. Buna görə də o, evdən çıxıb getmiş, bir gün sonra isə Mehdiabad PB-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 2045 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sağ qulaq seyvanının qançır şişkinlik halında əzilməsi, ənsə nahiyəsinin sağ hissəsinin geniş həcimli dərialtı hematoması, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası, sağ bazunun orta 3\1-nin iç səthinin, sol əlin arxa səthinin və sağ budun orta 3\1-nin iş səthinin qançırları, sağ kürək nahiyəsinin sıyrığı bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Abşeron rayon Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə düzgün tövsifedilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin hesabına köçürülsün. Hökmün icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar