Məhkəmə qərarları › İş №1(012)-609/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-609/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-609/2025 10.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1999-cu il tarixdə Abşeron rayonunun Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu «20 Yanvar dairəsi» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələriin siyahısına» (Siyahı İ) daxil edilən 01 (bir) ədəd şəffaf sellofan bükümdə çəkisi 0,475 qram olan psixotrop maddə metamfetamini 10 manata əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış və üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 18:39-da Abşeron rayon polis idarəsinin X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat–axtarış tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq üzərində saxlanmasında və istifadəsində şübhəli bilindiyi üçün Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində saxlanılaraq orada həmin gün saat 18:39dan 18:47-dəqiqəyə kimi üzəri yoxlanılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şaffaf sellofan bükümdə çəkisi 0,475 qram olan ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, o, aradabir narkotik vasitələrdən istifadəni dayandırsa da, tam tərgidə bilməmişdir. Hadisə günü, Hökməli qəsəbəsi, ərazisində küçədə 3 nəfər mülki geyimdə olan şəxslər özlərini Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları kimi təqdim edərək, onun narkotik vasitənin istifadəsində şübhəli olduğunu bildirmişlər. O, yerindəcə üzərində olan bir büküm şəffaf rəngli sellofana bükülmüş, içərisində psixotrop maddə olan metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş və həmin psixotrop maddəni Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. O, elə həmin vaxt da narkotik təsiri altında olmuşdur. Üzərində başqa qanunsuz əşya olmamışdır. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırıldıqdan sonra o, sonuncularla birlikdə bölməyə gətirilərək, vəkillə ilə təmin olunmuş, ona hüquq vəzifələri izah olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq, o, üzərindən aşkar olunan psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən küçədən saxlanılan zaman ona qarşı hər hansı bir fiziki zor və ya psixoloji təsir göstərilmədiyini, həmçinin saxlanılan zaman videoçəkilişdən istifadə edilməsini bildirərək, əməlindən peşman olmasını, artıq narkotik vasitələrdən istifadə etmədiyini qeyd edərək, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin X5 Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində psixotrop maddələrin üzərində saxlaması və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və sonuncunu cinayət başında ifşa etmək məqsədi ilə 15 yanvar 2025-ci il tarixdə X5 əməliyyat müvəkkili polis kapitanı X2, əməliyyat müvəkkili, pois baş leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün təxminən axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi yeni tikili evlərin yaxınlığında şübhəli şəxsə yaxınlaşaraq, özlərini Abşeron rayon polis idarəsinin X5 əməkdaşları kimi təqdim etmiş və onun psixotrop maddələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Yerində Təqsirləndirilən şəxs üzərində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü şalvarının cibindən çıxardıb onlara təqdim etmiş və öz istifadəsi üçün üzərində gəzdirdiyini və Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Qobu polis bölməsinə getmişdir. Orada video çəkilidən istifadə edilməklə şübhəlidən götürülmüş bükümə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bundan əlavə şahid Cavid Dünyanamalıyev məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, həmin psixotrop maddəni haradan və nə məqsədlə əldə etdiyi barədə məlumatı olmamış, həmçinin sonuncu tərəflərindən saxlanılan və bölmədə olan zaman ona qarşı heç bir psixi və ya fiziki zorakılıq olunmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahidlər Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis baş leytetnatı Şahid2 digər şahid Cavid Dünyanamalıyevin ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. “Şübhəli şəxsin tutulması haqqında” 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 15 yanvar 2025-ci il tarixdən, saat 18:39-dan hesablanmışdır;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 16 yanvar 2025-ci il tarixli, 3-16-16-2-6/215 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 245”-li dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd olunmuş bir ədəd zərdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,475 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış maddə psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,475 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,425 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir;

4. “Cinayət işinin başlama və icraata qəbul etmə” haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində qeyd olunan maddə ilə cinayət işi başlamaqla, icraata qəbul olunmuşdur;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və digər qətimkan tədbirinin seçilməsinə” dair 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polsin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 haqqında 18 yanvar 2025-ci il tarixli, 295 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır

9. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 03 fevral 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılmış, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 16 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/215/2025 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2025-ci il tarixli, 295 nömrəli ekspert rəyi, iş üzrə sübutlar kimi qiymətləndirilmişdir.

Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 15 yanvar 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 15 yanvar 2025-ci il tarixdə saat 18:39 dəqiqədə Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində piyada hərəkətdə olan zaman Abşeron rayon polis idarəsinin X5 əməkdaşları tərəfindən saxlanılan zaman şübhəli olduğu bildirilən zaman o, üzərində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddəni tünd göy rəngli şalvarının sağ yan cibindən çıxardıb təqdim edərək, üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün əldə etdiyini etiraf etmiş. aşkar edilən 1 ədəd büküm zərfə qoyuaraq qablaşdırılaraq götürülmüşdür.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında baxış keçirilmiş təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü DVD diskdə olan videogörüntülərlə, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin miqdarını, həmçinin yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə əlaqədar şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 21 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 Ekspert komissiyasının 18 yanvar 2025-ci il tarixli, 295 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,475 qram psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 23:00-dən növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 21 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,475 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 65 (altmlş beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disklər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar