Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-61/2024 26.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi Müseyib oğlunun iştirakı ilə xx.xx.1999-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Qubadlı rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi evdə yaşamış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq, 07 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdən cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, əvvəllər hədə qorxu ilə tələb etmə cinayəti törətdiyinə görə barəsində Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqının aparılmasına baxmayaraq, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qohumu Zərərçəkmiş şəxs Abşeron rayonu, Saray qəsəbəsi, C.Məmmədqluzadə küçəsində yerləşən 42 nömrəli evinin həyətinə darvazadan keçməklə, sonra isə həmin həyətdə yerləşən saxlanc yeri olan təsərrüfat otağına qapıdan qanunsuz daxil olaraq oradan bir ədəd 250,00 (iki yüz əlli) manat dəyərində olan narıncı-qara rəngli, “Stihl” markalı, MS 180/C model, 1,5 KW odundoğrayanı (motapilanı) gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Qubadlı rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi evdə nənəsi və babası ilə birlikdə yaşamışdır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunmuşdur. Həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cəza çəkir. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs onun bibisi Kəmalənin həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Saray qəsəbəsində yaşadığı evdən bir qədər aralıda yaşayırlar. Qohum olduqlarına görə Zərərçəkmiş şəxsla münasibətləri həmişə yaxşı olmuşdur. O, Həsənin yaşadığı evə gedib-gələn zaman həyətindəki saxlanc yerində (əl damında) odundoğrayan aparat (motopila) saxladığını və həmin saxlanc yerinin qapısını da həmişə açıq vəziyyətdə qoyduqlarını bildiyi üçün xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Həsənin yaşadığı evin yaxınlığından keçərkən həmin odundoğrayan aparatı oğurlamaq qərarına gəlmişdir. Ona görə də o, həmin vaxt Həsənin həyətinin darvazasının kilidlə bağlı olmamasından istifadə edərək həyətə daxil olmuş və bundan sonra da həyətdə yerləşən saxlanc yerinə (əl damına) qapıdan daxil olub orada saxlanılan həmin “Stihl” markalı odundoğrayan aparatı (motopilanı) oğurlayıb həyətdən çıxmışdır. Yaşadığı evdə nənəsinin və babasının həmin odundoğrayanı görməmələri üçün aparıb yaxınlıqda yaşayan tanışı Şahid vermişdir ki, saxlasın. Həmin vaxt Teymur həmin odundoğrayan aparatı haradan aldığını soruşanda o, Fayiqə həmin aparatın özünə məxsus olduğunu, bir neçə gündən sonra gəlib götürəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Həsən onlara gəlmiş və ona həyətindəki saxlanc yerindən odundoğrayan aparatı onun oğurladığından şübhələndiyini bildirmişdir. O, da həmin vaxt Həsənə həmin odundoğrayan aparatı onun həyətindəki saxlanc yerindən o, oğurlamadığını, buna baxmayaraq həmin odundoğrayan aparatı kim oğurlayıbsa tapıb özünə geri qaytaracağını bildirmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs həyətindəki saxlanc yerindən oğurluq olması barədə Abşeron RPİ-nin Saray PB-nə şikayət etmişdir. Bu səbəbdən də o, Saray PB-nə dəvət olunmuş və həmin vaxt Zərərçəkmiş şəxs həyətindəki saxlanc yerindən bir ədəd “Stihl” markalı odundoğrayan aparatı (motopilanı) o, oğurladığını, həmin odundoğrayan aparatın da hazırda tanışı Teymurda olduğunu etiraf etmişdir. Hazırda da törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir. Bildirir ki, o, həmin oğurluq hadisəsini tək törətmişdir. Həmin vaxt yanında başqa heç kim olmamışdır. O, Teymura həmin aparatın özünə məxsus olduğunu bildirdiyinə görə Teymurun həmin aparatı oğurluq yolla əldə etməyindən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zaqatala rayonu, Vaqif küçəsi, ev 35-də qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, C.Məmmədqluzadə küçəsi ev 42-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, özünə məxsus tikinti alətlərini və bəzi məişət əşyalarını yaşadığı evin həyətində yerləşən saxlanc yerində (əl damında) saxlayır. xx.xx.2022-ci il tarixdə o, işlədiyi “BP” şirkətinin dənizdə yerləşən neft yataqlarına getmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, işdən evə gələn zaman yaşadığı evin həyətində yerləşən həmin saxlanc yerinə baxarkən orada saxladığı bir ədəd “Stihl” markalı motorlu ağac kəsən aparatın (motopilanın) yerində olmadığını, oğurlandığını görmüşdür. O, qeyd olunan oğurluq hadisəsinin yaşadığı evin yaxınlığında yaşayan qaynı oğlu Təqsirləndirilən şəxs tərəfindən törədilməsindən şübhələndiyi üçün həmin vaxt onun yaşadığı evə getmişdir. O, Alimə evinin həyətindəki saxlanc yerindən həmin motorlu ağac kəsən aparatı (motopilanı) o oğurlayıboğurlamadığını soruşmuşdur. Bu zaman Alim ona həmin ağac kəsən aparatı o oğurlamadığını, buna baxmayaraq həmin ağac kəsən aparatı kim oğurlayıbsa tapıb özünə qaytaracağını bildirmişdir. Ona görə də o, ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Sonradan isə keçirilmiş tədbirlər nəticəsində qeyd olunan oğurluq hadisəsinin o, evdə olmadığı müddətdə qohumu Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. Bildirir ki, oğurlanmış həmin 1 ədəd “Stihl” markalı motorlu ağac kəsən aparatı təxminən 1000 manat dəyərində olduğundan ona həmin məbləğdə ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20, mənzil 5-də qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, o, Təqsirləndirilən şəxs yaşadığı evdən bir qədər aralıda yaşaması səbəbindən tanıyır və Alimlə münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, yaşadığı evdə olarkən Alim yaşadığı evin qarşısına gələrək onu həyətə çağırmış və əlində olan bir ədəd ağac kəsən aparatı (motopilanı) bir neçə gün saxlamağını istəmişdir. O, həmin vaxt Alimdən həmin ağac kəsən aparatı haradan aldığını və nə üçün onun saxlamağını istədiyini soruşanda Alim həmin ağac kəsən aparatın ona məxsus olduğunu, lakin yaşadığı evdə nənəsinin və babasının görməmələri üçün evə aparmaq istəmədiyini bildirmişdir. O, Alimi tanıdığına və münasibətləri yaxşı olduğuna görə, həmçinin ona güvəndiyinə görə həmin vaxt ona etiraz etməyib ondan həmin ağac kəsən aparatı saxlamaq üçün götürmüşdür. Lakin bundan bir neçə gün sonra o, Saray PB-nə dəvət olunarkən artıq ona məlum olmuşdur ki, Alim həmin ağac kəsən aparatı Saray qəsəbəsində yaşayan qohumunun həyətindəki saxlanc yerindən oğurlamışdır. Ona görə də o, həmin ağac kəsən aparatı Saray PB-də təqdim etmişdir. Bir daha bildirir ki, Alim ona həmin odundoğrayan aparatı bir neçə gün saxlamağa vermişdir və həmin odundoğrayan aparatın özünə məxsus olduğunu dediyinə görə o, həmin aparatı saxlamaq məqsədilə ondan götürüb bir neçə gün saxlamağına razılıq vermişdir. Ona görə də Alimin həmin odundoğrayan aparatı oğurluq yolla əldə etməyindən əvvəlcədən məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası MEM-dən alınmış 09 fevral 2023-cü il tarixli, 9/208 saylı Məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd narıncı-qara rəngli, “Stihl” markalı, MS 180/C model, 1,5 KW odundoğrayanın (motapila) istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 250,00 (iki yüz əlli) manat müəyyən olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq, 07 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 01 ədəd “Stihl” markalı, MS 180/C model, 1,5 KW odundoğrayan (motapila) sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və işin məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Azərbaycan Respublikası Baş Prokurorluğun “X2” 107.15-ci bəndinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin xaric edilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə davam etdirilməklə, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib, cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən digər cinayət işi üzrə törədilmiş cinayət əməlinə görə CM-in 182.2.2-ci maddəsi ilə cinayət işinin istintaqı baxılması üçün ittiham aktı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin cinayət əməlinə görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq, 07 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Həmin cinayət əməlinə görə cinayət işi hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında baxılmasını və iş üzrə hökm çıxarılmamasını əsas tutaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir. Həmçinin bu prinsip, şəxs törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə müəyyən olunmuş cəzanı çəkdikdən sonra, məhkəmənin işə baxarkən buraxdığı səhvi olduqda belə, ona həmin təqsirli əməlinə görə yenidən əlavə cəzanın təyin edilməsini istisna edir. Çünki, təqsirli şəxs tərəfindən ona təyin edilən cəza tam çəkildikdə və ya şəxs cəzanı çəkməkdən azad olunduqda ona təyin olunmuş cəza ödənilmiş sayılır. Bu səbəbdən də, dövlət təqsirli şəxsə qarşı cinayət təqibini qeyri-müəyyən vaxt həcmində davam etdirə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciətinə dair 4 mart 2013cü il qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Avropa Məhkəməsinin X3 Federasiyasına qarşı iş üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Bununla yanaşı qərarda qeyd edilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, həmçinin şəxsin iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasının və ya təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur. Həmçinin, Avropa Məhkəməsinin Böyük Palatası qeyd etmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birinci hüquqpozmanın əsasını təşkil edən eyni faktlara və ya əsas etibarı ilə eyni faktlara əsaslanan ikinci hüquqpozmaya görə şəxsin cinayət təqibini qadağan edən norma kimi təfsir edilməlidir (X3 Federasiyasına qarşı iş üzrə 10 fevral 2009-cu il tarixli qərar). Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi hədə qorxu ilə tələb etmə cinayət əməlinə görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq, 07 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs 03.01,2023-cü il tarixdə saat 18 radələrində tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsinə görə CM-in 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməli, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, « CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq 01 ədəd “Stihl” markalı, MS 180/C model, 1,5 KW odundoğrayan (motapila) saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Müseyib oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Stihl” markalı, MS 180/C model, 1,5 KW odundoğrayan (motapila) saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Müseyib oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-61/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-61/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver