Məhkəmə qərarları › İş №1(012)-612/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-612/2020

26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-612/2020 26.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Yusifov Ramil Hörmət oğlunun iştirakları ilə xx.xx.1983-cü ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı uşağı olan, “xxxx” QSC-də Yol xidmətinin əsaslı təmir hissəsində briqadir vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq yəni ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində ünvan 2 saylı ünvanın qarşısındakı küçədə qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi «Cery» markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomobili guya yuksək sürətlə sürüb məhəlləyə dönməsini cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə Zərərçəkmiş şəxs yaxınlaşaraq “mən deyirəm yavaş sür” ifadəsini deyib sonuncunu heç bir səbəb olmadan nalayiq söyüşlərlə söyüb təhqir edərək onun sifət nahiyəsindən kəlləsi ilə vuraraq yerə yıxmış, bundan sonra yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurmuş və ona sağ gözaltı və almacıq nahiyəsini əhatə edən sahənin dərialtı hematoması, burunun sağ yarısının qançırı, üst çənədə soldan 2-ci dişin travmatik hissəvi sınığı, sağ dirsək oynağı nahiyəsinin və sol saidin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, bununla ətrafdakı dinc sakinlərin rahatlığının 10 dəqiqə müddətində pozulmasına, küçədə nəqliyyatın intensiv hərəkət edə bilməməsinə səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2005-ci ildən qonşuluqda yaşayır. Onların qonşu kimi münasibətləri normal olmuşdur. xx xxxx 2020-ci il tarixdə yaşadığı məhəllədə, küçədə dayandığı zaman Zərərçəkmiş şəxs idarə etdiyi «Cerry» markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı küçəyə gələrək dönmə əməliyyatı edən zaman avtomobili bərk sürməsi səbəbindən təkərlərin altından çıxan toz və çınqıl daşları ona dəymiş, bu səbəbdən də Əfqana ayıb olduğunu və avtomobili asta sürətlə sürməyini bildirmiş, həmin vaxt Əfqan ona dediyi sözlərə görə maşından düşərək ona yaxınlaşmış və ona söymüş, həmçinin Əfqan onun üz nahiyəsinə bir dəfə sillə ilə də vurmuş, belə olduqda o, Əfqana hərəkətlərinə fikir verməyini bildirmiş, həmin vaxt Əfqan onun ailəsinin ünvanına da nəlayiq söyüşlər söydüyü üçün onun hərəkətlərinə dözə bilməyib sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi ilə vurmuş, eyni zamanda sonuncunun ayağına ayağı ilə vurub yerə yıxmışdır. Bu zaman yaranmış səs küyə ətrafdan qonşular gəlib onları ayırmış, sonra o, Əfqandan aralaşıb evinə çıxıb getmiş, bundan sonra Əfqan qardaşı Faiq ilə birlikdə iki dəfə onun yaşadığı evin qarşısına gələrək qapıya təpik vurub onu küçəyə çıxması üçün çağırmış, lakin o, söz-söhbətin böyüməməsi üçün evdən bayıra çıxmamış, əlavə olaraq o, Əfqanın idarə etdiyi avtomobili onun yanından sürətlə sürüb üst-başınıı toz etdiyi üçün aralarında sözlə mübahisə yaranmış, ona avtomobili asta sürətlə sürməsinə görə iradını bildirdikdə sonuncu onun ailəsinin ünvanına nəlayiq söyüşlər söydüyü üçün bir neçə dəfə yumruq zərbəsi ilə onu vurduğunu, həmçinin ayağı ilə ayağından vurub onu yerə yıxdığını bildirmişdir. Sonda o, etdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, Anarı 2005-ci ildən bir qonşu kimi tanımış və aralarında bir qonşu kimi normal münasibət olmuşdur. Onun «Cery» markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobili var. xx xxxx 2020-ci il tarixdə idarə etdiyi «Cery» markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı küçəyə gəlib dönmə əməliyyat edib yaşadığ evin qarşısına gedən zaman küçədə dayanmış qonşu Təqsirləndirilən şəxs ona avtomobili bir az yavaş sürməyi bildirmiş, həmin vaxt o, Anara avtomobili bərk və yaxud yavaş sürətlə sürməyinin ona heç bir aidiyyatı olmadığını bildirmiş, belə olduqda Anar ona «mən deyirəm yavaş sür» demişdir. O, avtomobili təxminən 15 metr irəli sürüb yaşadığı evin qarşısında saxlamış, o, avtomobildən düşən zaman Anarın da onun evinin qarşısına gəldiyini görmüşdür. Anar orada bir daha ona «mən deyirəm yavaş sür» demiş, onun içkili olduğunu görüb Anara öz işi ilə məşğul olmasını dedikdə sonuncu ilə arasında mübahisə düşmüş, həmin vaxt Anar gözləmədiyi halda kəlləsi ilə onun sifət nahiyəsindən vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış və o yerdə yıxılmış vəziyyətdə olduğu zaman Anar yenidən yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrindən vuraraq ona müxtəlif bədən xəsarətləri yetirmiş, bu zaman yaranmış səs küyə qonşular gəlmiş və onları aralaşdırmış, sonra isə o yaşadığı evə getmiş, bir qədər sonra Xırdalan şəhərində yaşayan qardaşı Faiq onun Anar tərəfindən döyüldüyü barədə məlumat alıb onlara gəlmiş, o qardaşı Faiqə döyülməsi ilə bağlı danışdıqdan sonra və döyülməsinin səbəbini aydınlaşdırmaq üçün Anarın yaşadığı evə getmiş, lakin Anar qapını açmamış, ona görə də qardaşı Faiq geri evinə qayıtmış, sonra o baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonda o, təqsirləndirilən şəxslə barışması, sonuncuya qarşı hər hansı şikayət və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 1324 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözaltı və almacıq nahiyəsini əhatə edən sahənin dərialtı hematoması, burunun sağ yarısının qançırı, üst çənədə soldan 2-ci dişin travmatik hissəvi sınığı, sağ dirsək oynağı nahiyəsinin və sol saidin sıyrıqları bərk küt əşya təsirindən törənmiş, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Beləliklə, ibtidai araşdırma zamanı toplanmış və məhkəmədə tədqiq edilmiş məhkəməyədək sadələşdirilmiş icraat materialında olan sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli olması işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin plenum qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Abşeron RİH başçısının 4 saylı MTİİTS tərəfindən xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Həsənov X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 19 saylı küçədə yaşayır və yaşadığı müddət ərzində barəsində hər hansı şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı iki uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Yusifov Ramil Hörmət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Yusifov Ramil Hörmət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar