Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-612/2023 11.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 30-da qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 8, mənzil 77-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan gümüşü rəngli kağız parçasına bükülmüş, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,521 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 15 manat müqabilində əldə edib Abşeron rayonu, Masazır qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 01:45 radələrində Abşeron rayon polis idarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib xidməti otaqların birində onun üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli cins şalvarının sağ yan cibində saxladığı həmin bir ədəd bükümdə 0,521 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ilk məhkumluğudur, uşağı dünyaya gələcək, gərək ailəli ola-ola bu cür işlərə yol verməyəydi.Ona şübhəli şəxs kimi yaxınlaşdılar, həmin vaxt üstündə olan 15 manata aldığı metamfetamini üstündə aşkar etdilər. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 30-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 8, mənzil 77-də ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, təxminən 1 il olar ki, psixotrop maddə olan metamfetamin istifadəçisidir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o, Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlanan ərazidə olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin alaraq həmin bükümü sonra istifadə edəcəyi məqsədilə öz üzərində cibində saxlamışdır. Bundan bir neçə saat sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 01:45 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və üzərində saxlamaqda şübhəli bilindiyi üçün onu Abşeron RPİ-yə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-yə gəlmişdir. Abşeron RPİ-də xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, psixotrop maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynində olan qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli kağız parçasına bükülmüş, yəni içərisində psixotrop maddə metamfetamin olan bir bükümü çıxarıb təqdim etmişdir. Həmin psixotrop maddə olan metamfetamini də bir neçə saat əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlanan ərazidə olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Sonra içərisində psixotrop maddə olan həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Protokolun doğruluğu da imzaları ilə təsdiq edilmişdir. Bir daha bildirmişdir ki, o, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlanan ərazidə olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində alaraq sonra istifadə edəcəyi üçün öz üzərində saxlamışdır. Həmçinin polis əməkdaşları tərəfindən saxlandığı zaman və polis idarəsinə gətirildikdən sonra ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Sonda o, etdiyi əməl üzrə peşmançılıq çəkdiyini əsas gətirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, aprel ayının əvəllərində daxil olmuş məlumata əsasən həmin şəxs İdarəyə gətirilmişdir.İdarədə üzərinə baxış keçirlən zaman üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir.Toplanmış mataerial istintaq şöbəsinə göndərilmişdir. Şahid1 ibtidai istontaqda verdiyi ifadəsində göstərmişdir ki, 14 aprel 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 30-da qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 8, mənzil 77-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, qəbul etməsi və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığına gedəcəyi, üzərində də psixotrop maddə metamfetamin olacağı barədə məlumat alıb, dərhal həmin məlumatı Abşeron RPİ-nin rəhbərliyinə məruzə edib müvafiq sənədləşmə apardıqdan sonra Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığına gedib gözləməyə başlamışlar. Bundan bir qədər sonra, yəni xx.xx.2023cü il tarixdə saat 01:45 radələrində Təqsirləndirilən şəxs “Araz” marketin yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə və psixotrop maddə qəbul etməsi, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetamin olması barədə məlumatlarının olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra Abşeron RPİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O da üzərində özü istifadə etmək üçün bir büküm halında psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əlini əynindəki qəhvəyi rəngli cins şalvarının sağ yan cibinə salıb oradan siqaretin gümüşü rəngli kağızına bükülmüş bir büküm çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra onlar videoçəkiliş ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə psixotrop maddə olan metamfetamindir. O, həmin bir büküm metamfetamini bir neçə saat əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində alıb sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da proses iştirakçıları ilə birlikdə protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə olan metamfetamini haradan və kimdən alması barədə müvafiq tədbirlər keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verib, Şahid1 iş üzrə vermiş olduğu ifadəsini təsdiq etmişdir. İş üzrə 14 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD formatlı kompakt diskə baxış zamanı müəyyən olunmuşdur ki, 14 aprel 2023-cü il tarixdə saat 01:45 radələrində Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilib xidməti otaqların birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qəhvəyi rəngli cins şalvarının sağ yan cibində saxladığı gümüşü rəngli kağız parçasına bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası təyin olunaraq rəy alınmışdır. Məhkəmə-kimyəvi ekstertizanın xx.xx.2023-cü il tarixli 6/2211 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,521 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına tədqiq olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,521 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, ekspertiza tədqiqatından qalıq qalmış psixotrop maddə metamfetaminin çəkisi 0,471 qram təşkil edir. Odur ki, iş üzrə təmiz çəkisi 0,521 qram psixotrop maddə metamfetamin və bir ədəd CD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 0,471 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 3229 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti Başçısının 187 nömrəli MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən, tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 14 aprel 2023-cü il tarix, saat 02.30-dan 15 aprel 2023-cü il tarixədək olan 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbs edilməli, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,471 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 1 saat 06 manat olmaqla 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,471 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-612/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-612/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver