Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-612/2024 29.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1987-ci ildə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, MP-3705 N-li, yivli odlu silah hesab edilən Makarov konstruksiyalı tapançanı, yivli odlu döyüş silahı hesab edilən, «Makarov» konstruksiyalı bir ədəd 01 ədəd tapançanı zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz olan, «Makarov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 01 ədəd darağını və 07 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov(PM), Steçkin(APS) konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, istifadəyə və atəş üçün yararlı patronları qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə yaşadığı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi “Cənnət Park” yaşayış kompleksində yerləşən 5 saylı evin 71 nömrəli mənzilinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 13:14-də Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi Bakı- Şamaxı yolunun 14-cü kilometrliyində saxlanılmış, həmin tarixdə saat 13:50-də qeyd olunan mənziliə baxış keçirilərkən yataq otağındakı çarpayının alt hissəsindən bir ədəd odlu silah hesab edilən Makarov konstruksiyalı tapança, odlu silah hesab edilən Makarov modelli silahların komplekt hissəsi olan bir ədəd darağ və 07 ədəd 9x18 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2020-ci ildə Bərdə rayonunda olarkən adını və ünvanını bilmədiyi şəxsdən 300 manata bir ədəd Makarov tipli tapança almışdır. Tapançanın bir ədəd darağı və 07 ədəd patronu da var idi. Marağ üçün həmin odlu silahı yaşadığı evə aparıb gizlətmişdir. Lakin bundan ailə üzvlərinin xəbəri yox idi. 29 yanvar 2024-cü il tarixdə saat təxminən 13:14 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində olduğu zaman bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlamağı, eləcə də daşımaqla gəzdirməkdə şübhəli olduğu bildirilmişdir. Verilən suallara cavab olaraq hazırda üstündə odlu silah, döyüş sursatı saxlamadığını, lakin yaşadığı ünvanda tapança saxladığını bildirib əynində olan göy rəngli cins şalvarımın sağ arxa cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu, şalvarının sağ yan cibindən 50 manat pulu və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd açarı çıxararaq təqdim etmişdir. 01 ədəd mobil telefona baxış zamanı arxasında 01 ədəd üstündə "Birbank” bank kartının olması müşahidə edilmişdir. O, 01 ədəd açarın yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, "Cənnət Park" yaşayış kompleksi, ev 5 ünvanında yerləşən 71 saylı mənzilə aid olmasını bildirmişdir. Aşkar edilmiş 01 ədəd açar, 50 manat pul ona geri qaytarılmışdır. Aşkar edilmiş 01 eded "Samsung" markalı mobil telefon polislər tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı üstündən hər hansı əşya aşkar edilməsə də, yaşadığı ünvanda odlu silah saxladığını və yaşadığı ünvana gedildiyi halda onu təqdim edə biləcəyini, eləcə də yaşadığı ünvanda hazırda heç kimin olmadığını, həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra 29 yanvar 2024-cü il tarixdə saat 13:50-də tədbir iştirakçıları ilə birlikdə yaşadığı ünvan 5 ünvana baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl ona baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirmişdir. Daha sonra giriş qapısını açaraq əməkdaşları içəri dəvət etmiş və yaşadığı ünvana baxışın keçirilməsinə etirazının olmamasını ərizə yazaraq bildirmişdir. Daha sonra yaşadığı ünvanda dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. O polisləri evin giriş hissədən sağ tərəfdə yerləşən yataq otağına dəvət etmiş və orada çarpayının altında tapança saxladığını bildirmişdir. Çarpayının alt hissəsinə baxış zamanı orada 01 ədəd sellofan paketin olması müəyyən edilmiş və həmin paket polislərin iştirakı ilə çarpayının üstünə qoyulmuşdur. Daha sonra həmin sellofan paketə baxış keçirilən zaman orada 01 ədəd tapança, 01 ədəd sandıqça və 07 ədəd patronun olması müəyyən edilmişdir. Həmin predmetlər aşkar olunduğu 01 ədəd sellofan paketdə qoyularaq 01 ədəd kağız zərfdə qablaşdırılıb üstü möhürlənərək imzalanmışdır. Daha sonra evin digər otaqlarına baxış davam etdirilmiş və baxış zamanı digər əşya və predmetlər aşkar edilməmişdir. Həmin predmetləri 2020-ci ildə Bərdə rayonunda tanımadığı şəxsdən 300 manata almış, marağı olduğu üçün özündə saxlamış, istifadə etməmiş, istifadə üçün heç kimə verməmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 29 yanvar 2024cü il tarixdə işlədiyi Baş İdarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edərək saxlaması və daşıması bildirilmişdir. Daxil olmuş məlumat əsasında 29 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 13:14-də Təqsirləndirilən şəxs Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində saxlanılmışdır. Sorğu-sual zamanı həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatının dövriyyəsi ilə məşğul olmasını bildirdikdə Təqsirləndirilən şəxs üstündə dövriyyəsi qadağan olunmuş əşya və predmet olmadığını bildirərək üstünə baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstündə dövriyyəsi qadağa olunmuş əşya və predmet olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu, şalvarının sağ yan cibindən 50 manat pulu və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd açarı çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 ədəd açarın onun yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, "Cənnət Park" yaşayış kompleksi, ev 5 ünvanında yerləşən 71 saylı mənzilə aid olmasını bildirmişdir.Aşkar edilmiş 01 ədəd açar, 50 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd "Samsung" markalı mobil telefon isə götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən hər hansı əşya aşkar edilməsə də, yaşadığı ünvanda odlu silah saxladığını və yaşadığı ünvana gedildiyi halda onu təqdim edə biləcəyini, eləcə də yaşadığı ünvanda hazırda heç kimin olmadığını, həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Tədbirinin davamı olaraq 29 yanvar 2024-cü il tarixdə saat 13:50-də tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilmişdir. Bu zaman a Təqsirləndirilən şəxs giriş qapısını açaraq yaşadığı ünvana baxışın keçirilməsinə etirazının olamaması barədə ərizə yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs evin giriş hissədən sağ tərəfdə yerləşən yataq otağına dəvət edərək orada çarpayının altında tapança saxladığını bildirmişdi. Çarpayının alt hissəsinə baxış zamanı orada aşkar edilən 01 ədəd sellofan paketə baxış keçirilmişdir. Baxış zamanı orada 01 ədəd sarı rəngli tapança tipli dəmir predmet, 01 ədəd sandıqça tipli dəmir predmet və 07 ədəd patrona oxşar dəmir predmetin olması müəyyən edilmişdir. Həmin predmetlər aşkar olunduğu 01 ədəd sellofan paketdə qoyularaq 01 ədəd kağız zərfdə qablaşdırılıb üstü möhürlənərək imzalanmışdır. Daha sonra ünvana baxış davam etdirilərək digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetləri 2020-ci ildə Bərdə rayonundan tanımadığı şəxsdən 300 manata aldığını, marağı olduğu üçün saxladığını, istifadə etmədiyini, heç kimə istifadə üçün vermədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 şahid Samir Səmədovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-ballistik ekspertizanın 30 yanvar 2024-cü il tarixli 24/231 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş edilmiş 01 ədəd MP-3705 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1963-cü ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş ücün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən "güllə-giliz kartotekasında olan acılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 07 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 05 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 01 ədəd 9 mm kalibrli, l/İP-3705 nömrəli Makarov konstruksiyalı silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 10 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 01 ədəd 9 mm kalibrli, HP-3705 nömrəli Makarov konstruksiyalı tapança Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 01 ədəd 9 mm kalibrli, MP-3705 nömrəli nömrəli Makarov konstruksiyalı tapança Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsina dair cinayət işi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin icraatına daxil olmuşdur. Şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Telnaz Nəhmədova, xx.xx.2016-cı il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.2016-cı il təvəllüdlü Sadiq Nəhmədov Təqsirləndirilən şəxs himayəsindədir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs mənzilə baxış keçirilməsini və götürməni özündə əks etdirən 01 ədəd CD disk cinayət işinə əlavə edilmiş, 01 ədəd “Makarov” konstruksiyalı tapança, “Makarov” modelli silahların komplekt hissəsi olan bir ədəd darağ və 04 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 yanvar 2024-cü il tarixdə saat 13.50-də Təqsirləndirilən şəxs yaşadığı yaşadığı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi “Cənnət Park” yaşayış kompleksində yerləşən 5 saylı evin 71 nömrəli mənzilinə baxış keçirilərkən yataq otağındakı çarpayının alt hissəsində gizlətdiyi 01 ədəd sellofan paketin içərisində 01 ədəd tapança tipli silaha oxşar predmet, 01 ədəd sandıqça və 07 ədəd patron aşkar olunaraq götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, onun cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli, həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay müddət onun cəzasına hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cəzasını çəkib qurtarmış hesab edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq 01 ədəd “Makarov” konstruksiyalı tapança, “Makarov” modelli silahların komplekt hissəsi olan bir ədəd darağ və 04 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli, həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay müddət onun cəzasına hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq 01 ədəd “Makarov” konstruksiyalı tapança, “Makarov” modelli silahların komplekt hissəsi olan bir ədəd darağ və 04 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-612/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-612/2024
29.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver