Məhkəmə qərarları › İş №1(012)-613/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-613/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-613/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, N.Tusi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Şahid1 məxsus və etibarnamə ilə əmlak üzərində sərəncam hüququ ona verilmiş Abşeron rayonu Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən təndirxananın satış qiymətini 38000 manat müəyyən edən Şahid1 xəbər vermədən Zərərçəkmiş şəxs 22000 manata satacağına dair yalan vəd verib sonuncunu aldadaraq xx.xx.2024-cü il tarixdə 3300 manat pulu Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən əmlak alqı-satqı ofisində ondan əlbəəl nağd formada alıb ələ keçirərək zərərçəkmişə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, o, ev alqısatqısı fəaliyyəti ilə məşğul olur. 2024-cü ilin iyul ayında Salam adlı tanışı ona Xırdalan şəhərində yerləşən təndirxanasını satmaq istədiyini və bu isdə ona köməklik etməyi xahiş etmiş və bununla əlaqədar etibarnamə də vermişdi. Ona əvvəlcə təndirxananı 35000 manata satmasını, real alıcı olduğu təqdirdə endirim də edə biləcəyini demiş, lakin qiymət yüksək olduğiundan satışı həyata keçirə bilməmişdir. Həmin vaxtdan başlayaraq təndirxananı satmaq istəsə də, qiymətin baha olması səbəbilə satışı həyata keçirə bilməmişdir. 2024-cü ilin sentyabr ayının əvvəlində Fərid və Saleh adlı makler tanışları Elvin adlı şəxsin özünə obyekt almaq istəməsini ona dedikdə o, demişdi ki, əgər obyekti sata bilsələr onlara da hörmət edəcək. Çünki o, obyekt satıcısı olan Salamdan və alıcıdan xidmət haqqı alacaqdı. Bir neçə gün sonra Fərid adlı maklerin ofisinin qarşısında Elvin adlı şəxslə görüşmüş, həmin təndirxananı ona göstərmiş və Salamla danışandan sonra qiyməti 33000 manata razılaşmışdır. Elvin ondan qiyməti soruşduqda ona əvvəlcə 33000 manat olmasını bildirmiş, Elvin ondan israrla qiyməti aşağı endirməyini istədikdə isə o, Salam kişiyə demədən özbaşına qiyməti 22000 manata sata biləcəyi ilə razılaşmış, bununla bağlı 3300 manat beh alması ilə bağlı razılığa gəlmişlər. 09 sentyabr 2024-cü il tarixdə Xırdalan şəhərində yerləşən əmlak alqı-satqı ofisində özü beh müqaviləsi yazmış, həmin pulu nağd almış, lakin bu barədə Salama məlumat verməmiş və düşünmüşdür ki, sonuncunun ona həvalə etdiyi 2 obyektin satışından birini aşağı qiymətə etsə də, ikincini baha satıb onu razı salar, həm də özü də qazanc əldə edər. 3300 manat pulu beh müqaviləsi bağladığı gün Elvindən əlbəəl nağd formada almışdır. 25 sentyabr 2024-cü il tarixdə həmin obyektin satışını rəsmiləşdirəcəyinə dair Evinlə razılaşmış, lakin Salama bu barədə məlumat verməmişdir. Həmin puldan Salama heçnə verməmiş, lakin müştəri tapdıqları üçün Fərid və Salehə müştəri tapdıqları üçün söz verdiyi kimi 1000 manat pul vermiş, yerdə qalan 2300 manatı isə öz şəxsi tələbatlarına xərcləmişdir. Onlar alqı-satqı etmək üçün Xırdalan şəhərində yerləşən notariat ofisinə getmiş və Elvin təkidlə onu həmin obyektin sahibi ilə danışdırmasını dedikdə o məcbur qalaraq onalrı danışdırmışdır. Salam obyektin satılacağı qiyməti öyrəndikdə həmin qiymətə satmadığını, onun onları aldatmasını, beh veribsə geri almalı olduqlarını onlara bildirdiyinə görə alqı-satqı baş tutmamış və Elvin pulunu geri tələb etmişdir. O, Fərid və Salehə alqı-satqının alınmadığını dedikdə onlar verilən 1000 manat pulu geri qaytarmış, lakin o, sonuncudan aldığı 2300 manatı qaytara bilməmişdir. Son olaraq baş vermiş hadisəni törətməsi səbəbinin maddi imkansızlığına görə olduğunu, törətdiyi əməldən peşmançılıq çəkməsini, dəymiş zərəri tam olmasa da qismən ödəməsini, yerdə qalan 2000 manat məbləği isə qısa zaman ərzində geri qaytaracağını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, o, 09 sentyabr 2024-cü il tarixdə Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsində yerləşən təndirxananı almaq üçün Təqsirləndirilən şəxs Alim, Fərid və Salehin iştirakı ilə videoçəkiliş etməklə 3300 manat pul vermişdir. Onlar aralarında olacaq alqı-satqının tarixinin 25 sentyabr 2024-cü il olması və həmin təndirxanann satışının ümumilikdə 22.000 manata keçirilməsi barədə razılaşmış və bu barədə təndirxananın sahibi Şahid1la telefon danışıqları olmuşdur. Bundan başqa həmin gündün bir gün qabaq axşamı Şahid1la bir daha telefon danışığı etmiş və ona təndirxananın satışı üçün Nəbi ilə 22.000 manat pula razlaşdıqlarını, bunun üçün sabah 3300 manat pul verəcətyini dedikdə, sonuncu razılıq bildirərək, satışın keçirilməsi üçün etibarnamə verməsini qeyd etmişdir. 09 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona təndirxananın Şahid1 məxsus olmasını bildirdikdə, o, telefon vasitəsi ilə sonuncu ilə danışmış və heç bir problem olmadığını, baş etibarnamə verdiyini, hətda yoldaşının da razılıq ərizəsi olduğunu bildirmişdir. Bundan sonra həmin təndirxananı almaq məqsədi ilə Kapital bankdan kredit olaraq götürdüyü 3300 manat behi Nəbiyə vermiş, lakin tarix qeyd etməmişdir. xx.xx.2024-cü il tarixdə o, Nəbiyə zəng edərək notariusa gəlməsini və təndirxananın sahibi ilə əlaqə saxlamqla alqı-satqı etmələri deməsi barədə məlumat verməsini sonuncuya təkid etdikdən, çox çətinliklədə olsa Şahid1la danışmış və həmin obyektin satışı üçün ümumilikdə 22.000 manata razılaşmasını bildirdikdə, sonuncu ona təndirxananı 38.000 manata satdığını dedikdə o, ilk vaxttlar özünün Nəbiyə etibarnamə verdiyini, heç bir problem olmadığını deməsini xatırlatmış, bu zaman Nəbi ona təndirxananın geri qalan pulunu özü guya Salama vermişdir deyə ifadələr demişdir. O, bundan sonra təndirxananı almaq fikrindən əl çəkmişdir. Sonra Nəbiyə beh olaraq verdiyi 3300 manat pulunu geri istəmiş, lakin sonuncu bu gün, sabah deyə-deyə onu yola vermiş və pulunu vermək istəməmiş, məcbur qalıb bu barədə Abşeron RPİ-yə gələrək şikayət etmişdir. Nəbinin ondan 3300 manat pul almasını həmin vaxt yanlarında olan və alqısatqıda iştirak edən maklerlər Alim, Fərid Saleh və Qoşqar təsdiq edə bilərlər. Hazırda Nəbinin ondan aldığı 3300 manat pulun 1300 manatını Fəridgil ona qaytarmışdır ki, onlardan şikayətçi olmasın. Hal-hazırda həmin puldan 2000 manatı geri qaytarılmamışdır. Nəbi isə ona heç bir məbləğdə pul qaytarmamışdır. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərdən 1300 manat ödənildiyini, geri qalan hissəsinin isə sonuncudan alınıb ona verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, lakin Təqsirləndirilən şəxs uzun müddətdir, yəni 2014-cü ildən tanıyır. Nəbiylə aralarında yaranmış münasibətlərin əsası Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsində yerləşən sənədi olmayan təndirxana üçün sonuncuya çıxarış almaq üçün baş etibarnamə verməsi, həmin təndirxananı sənədlə 42.000 manata, sənədsiz isə 38.000 manata sata bilirsə satması olmuşdur. 09 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onunla mobil telefonla danışaraq təndirxananı aldığını, bunun üçün Nəbiyə beh vermək istədiyini demiş, o da heç bir problem olmadığını, Nəbiyə təndirxananın satışı üçün etibarnamə verdiyini, hətda bunun üçün həyat yoldaşının da razılıq ərizəsi verdiyini demişdir. 17 sentyabr 2024-cü il tarixdə də Zərərçəkmiş şəxs onunla yenidən mobil telefonla danışaraq təndirxananı almaq üçün notariusda olduğunu demiş, ondan təndirxananı hansı qiymətə aldığını soruşmuş, həmin şəxsdə 22.000 manata dedikdə təndirxananı 38.000 manata satdığını, ona görə də Nəbiyə inanıb təndirxananı 22.000 manata almamasını demişdir. Sonradan ona məlum olmuşdur ki, Nəbi təndirxananın satmaq üçün Elvindən 3300 manat beh almış, lakin həmin puldan ona heçnə verməmiş, nə dəki, behi almasından almasından xəbəri olmamışdır. Ona görə də Nəbiyə verdiyi etibarnaməni ləğv elətdirmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki o, X1 əvvəllər ev satmağına görə tanımış, Təqsirləndirilən şəxs isə tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsində yerləşən təndirxananı Elvin Məhərrəməliyə satmaq adı ilə xx.xx.2024-cü il tarixdə ondan Alimin, Salehin və onun iştirakı ilə videoçəkiliş etməklə 3300 manat almışdır. Salamın təndirxananı Nəbinin 22.000 manata satmaq niyyətinin olmasını bilib-bilməməsini deyə bilmir. Həmin behdən 1000 manatını Nəbi ona, Salehə və Alimə xidmət haqqı olaraq vermişdir. Elvində onlara əlavə olaraq 500 manat şirinlik kimi vermişdir. xx.xx.2024-cü il tarixdə il tarixdə Nəbi ilə Elvin təndirxananı alqı-satqı edən zaman sonuncu həmin obyekt üçün 22.000 manat verəcəyini bildirdikdə Salam onunla razılaşmamış, təndirxananı Nəbidən almamasını qeyd etmişdir. Belə olan halda Elvin Nəbidən təndirxananı almaq fikrindən əl çəkdiyini deyərək, beh olaraq verdiyi 3300 manat pulunu geri istəmiş, lakin bildiyi qədəri ilə sonuncu pulu geri qaytarmadığdan zərərçəkmiş şəxsin məcbur qalaraq polisə şikayət etməsini gördükdən sonra o və Alim aldığı pulu Elvinə geri qaytarası olmuşdur. X4 beh aldığı 3300 manat pulu geri qaytarmadığı, Elvin ona görə də bu barədə polisə şikayət etdiyini görüb özləri 1500 manat pulu aparıb Elvinə vermişlər. Elvin də onları əmin etmişdir ki, Nəbi ona vurmuş olduğu ziyanı ödəyən kimi onların vermiş olduğu pulu geri qaytaracaqdır. Bir daha qeyd edir ki, nə o, nə Alim, nə də ki, Salehin Nəbinin bu fikrindən, yəni Elvini aldatması fikrindən, Salama təndirxananı 35.000 manata deyib, Elvinə 22.000 manata satması fikrindən xəbəri ya da hər hansı bir formada iştirakları olmamışdır. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Şübhəli şəxsin tutulması haqqında” 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:58 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciətinə əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlamış, icraata qəbul edilərək, istintaqı aparılmışdr;

3. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur;

5. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi” haqqında 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarıti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir;

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

7. “Axtarış elan edilməsi” haqqında 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməli və o, saxlanıldıqda Abşeron RPİ-nin MSY-nə təhvil verilməlidir;

8. “Cinayət işinin icraatın dayandırılması” haqqında 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat həmin Məcəllənin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır;

9. “Təqsirləndirilən şəxsin könüllü gəlməsi” barədə 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Əsgərov X2 RPİ-nin İstintaq Şöbəsinə gələrək, maddi imkanının zəif olması, istifadəsində olduğu mobil telefonunun işləməməsi səbəbindən şöbə ilə əlaqə yarada bilməmiş, onun barəsində polisin axtarış elan olunmasından xəbəri olmadığını bildirmişdir;

10. “Cinayət işi üzrə icraatının təzələnməsi” haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir;

11. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması” barədə 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü istintaqa gəlməsini nəzərə alaraq, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;

12. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvədə saxlanılmaqla, məhkəmə məsuliyyətinə verilməsi, iş üzrə təqsirləndirilən şəxsin özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq sənədləri sübut növü kimi qəbul edilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, o, ona verilmiş etibarnamənin olmasından istifadə edərək, satışının 38000 manat müəyyən edilməsinə baxmayaraq, zərərçəkmişlə həmin əmlakın satış qiymətini 22.000 razılaşaraq, beh adı altında 3300 manat vəsaiti ələ keçirməyə nail olmuş, həmin vəsaiti öz şəxsi ehtiyaclarına xərcləyərək, əmlak sahibinə bu barədə məlumat verməmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini onun əməlində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəyərək, barışıq əldə etməsini əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, N.Tusi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 noyabr 2024-cü il tariixdən 29 noyabr 2024-cü il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 2000 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə sərf etdiyi 09 saatın hər iş saatının 6 manatdan, 06 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 120 manat (09 saat x 6 AZN + 06 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, N.Tusi küçəsi nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 2000 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə cəmi 120 manat (09 saat x 6 AZN + 06 saat x 11 AZN) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar