Məhkəmə qərarları › İş №1(012)-614/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-614/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-614/2022 17.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Göydərə kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Müşviqabad qəsəbəsi, 28 May yaşayış massivi yeni məhəllədə nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Müşviqabad qəsəbəsi, 28 May yaşayış massivi şəhid E.Müslümov küçəsində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə oğlu Şahid9 nisyə çörək verməməsini bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zor tətbiq etməklə ictimai yer olan küçədə insanların gözü qarşısında ucadan nalayiq ifadələr işlədərək qəsdən Zərərçəkmiş şəxs2 sifətinə yumruqla bir dəfə zərbə vuraraq ona alt dodağın sıyrığı kimi sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarəti yetirmiş, həmin vaxt onun tərəfindən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 bacısı Zərərçəkmiş şəxs1 özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq yerdən götürdüyü daş parçasını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 başına vuraraq ona baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq, yəni ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli hərəkətlər etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada sürücü işləyir. Zərərçəkmiş şəxs2 ilə qonşudur. Namiqin yaşadığı evin həyətində işlətdiyi ərzaq dükanından həmişə bazarlıq edir. Münasibətləri həmişə yaxşı olmuşdur. Əvvəllər bir neçə dəfə Namiqin dükanından nisyə bazarlıq da edib sonradan pulunu ödəmişdir. xx.xx.2022-ci il tarixdə işdə olan zaman oğlu Sərxan ona zəng edərək evə çörək lazım olduğunu demişdir. O, da Sərxana qonşu Namiqin dükanından iki ədəd çörək almasını, pulunu isə özü gələndə ödəyəcəyini demişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Sərxan ona zəng edərək dükandan ona çörək vermədiklərini, sonradan dükanda olan Namiqin qardaşı Arzunun ona 1 manat pul verdiyini, həmin pul ilə çörək alıb evə getdiyini bildirmişdir. Həmin gün saat 20 radələrində işdən evə qayıdarkən Namiqin dükanına daxil olmuşdur. Namiqin arvadının dükanda olduğunu görüb küçəyə çıxmışdır. Dükanın yanında qapı-pəncərə sexi işlədən Namiqin qardaşı Arzuya yaxınlaşıb 1 manat pul verərək minnətdarlığını bildirmişdir. Söhbət əsnasında o, Arzuya dükanda oğlu Sərxana çörəyi kimin vermədiyini bilməsə də, həmin şəxsin ona qarşı düz hərəkət etmədiyini bildirmişdir. Arzu da bir söz deməmişdir. Daha sonra sağollaşıb evə getmişdir. Aradan iki gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 23 radələrində toydan sərxoş vəziyyətdə oğlu Sərxanla birlikdə evə qayıdan zaman Namiqin dükanının qarşısından keçərkən Namiqlə qarşılaşmışdır. O, dükanın giriş qapısının ağzında Namiqə “sən qonşu adamı deyilsən, qonşuluq etmirsən” sözlərini demişdir. Namiq ondan hansı səbəbdən bu sözləri ona dediyini soruşduqda, o, Namiqə iki gün əvvəl oğlu Sərxana nisyə çörək niyə vermədiyini demişdir. Namiq də ona “mal özümündür, yaxşı eləmişəm verməmişəm” sözlərini demişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı o, Namiqə bir neçə söz deyib oradan çıxıb getmişdir. Həmin vaxt oğlu Sərxan yanından qaçaraq evə xəbər vermişdir. Dükandan bir qədər aralandıqdan sonra qonşular ona Namiqlə mübahisə etməməyi, qonşu olduqlarını demişlər. O, sonra evə getmişdir. Evə getdikdən sonra yenidən Namiqin dükanına qayıdıb hansı hərəkətləri etdiyini çox içkili olduğu üçün xatırlamır. Sonradan ona bacısı oğlu Orxan və bacısı Elnarənin də Namiqin dükanının qarşısına getdiklərini və orada Arzu, Namiq və bacısı Ülviyyə ilə dalaşdıqları məlum olmuşdur. Həmin vaxt kimin kimi nə ilə vurduğunu xatırlamadığını, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Namiq və bacısı oğlu Orxanın bu barədə polisə məlumat verdiklərini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, dalaşma zamanı onu Arzu və Namiq vurmuşlar, ancaq həmin vaxt içkili olduğu üçün hansı nahiyəsindən vurduqlarını xatırlamır. O, dalaşma zamanı heç kimi vurmamış və xəsarət yetirməmişdir. Namiqin yalan danışdığını, onun Namiqi vurmadığını və xəsarət yetirmədiyini, Ülviyyənin də yalan danışdığını, Ülviyyəni həmin vaxt görmədiyini bildirmişdir. Dalaşma zaman yanlarında bacısı oğlu Orxan, bacısı Elnarə, Arzu, Namiq və başqa şəxslər olmuşdur. Namiqlə aralarında dalaşma təxminən 20-30 dəqiqə davam etdiyini bildirmişdir. Sonda o himayəsində azyaşlı uşaqların olmasını, əməlindən peşman olmasını nəzərə alıb yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, qardaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Namiq yaşadığı evin həyətində ərzaq dükanı işlədir. Digər qardaşı Arzu da Namiqin dükanının yanında Namiqə məxsus evin həyətində plastik qapı-pəncərə düzəldir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində evdə olan zaman qardaşı Namiqin evin qarşısında qonşuluqda yaşayan Asimlə mübahisə etdiklərini, Asimin qardaşının ünvanına nalayiq ifadələr işlətdiyini və qonşuların da orada olduğunu görmüşdür. Həmin vaxt Namiqin azyaşlı qızı qardaşı Arzuya zəng edərək Asimin atası Namiqi döydüyünü bildirmişdir. Onlar evdən çölə çıxmamışlar. Bir qədər keçdikdən sonra Asimin yüksək səslə qardaşı Namiqin ünvanına nalayiq söyüşlər söydüyünü eşidib o, çölə çıxmışdır. O, çölə çıxan zaman Asimin qardaşı Namiqin sifətindən yumruqla zərbə vurduğunu görmüşdür. Həmin vaxt digər qardaşı Arzu da orada olmuşdur. Onları ayırmışlar. Arzu Asimi geri çəkmişdir. Orada Asimdən başqa bacısı Elnarə, bacısı oğlu Orxan da olmuşdur. Asim sərxoş vəziyyətdə və yarıçılpaq vəziyyətdə olmuşdur. Asim bir neçə addım aralanıb yerdən daş götürərək ona tərəf atmışdır. Asimin atdığı daş onun başına dəymişdir. O, həmin zərbədən huşunu itirərək yerə yıxılmışdır. Asim, Elnarə və Orxan onlara tərəf daş atmağa davam edirmişlər. Bir qədər sonra Asim, Elnarə və Orxan çıxıb getmişlər. Onun başının qanadığını görüb qardaşı Namiq təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım maşını gəldikdən sonra onu Bakı şəhərində yerləşən X3 aparmışlar. Orada onun başına sarğı qoyulduqdan sonra evə qayıtmışlar. Səhəri gün, xx.xx.2022-ci il tarixdə Namiq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gedərək bu barədə ərizə yazmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində evdə olan zaman Orxan Elnarə və yaşlı bir qadınla Namiqin evinə gəlmişlər, Orxan Namiqə təkidlə barışmağını bildirmişdir. Namiq də Orxana çıxıb getməyini təklif etdikdə, Orxan Namiqin ünvanına nalayiq ifadələr işlədərək çıxıb getmişlər. Əlavə olaraq bildirmişdir ki, dalaşma zamanı Asim onun başına daşla zərbə vurmuş, həmin zərbədən o, xəsarət almış, başqa ona heç kim zərbə vurmamışdır. O, nə Asimin, nə də onunla gələn Elnarə, Orxan və ya başqa şəxsin heç bir nahiyəsinə zərbə vurmamışdır. Namiq o, orada olduğu müddət ərzində nə Asimə, nə də başqa şəxsə zərbə vurmamışdır. Asimlə Namiq dalaşan zaman orada o, qardaşı Arzu, qonşulardan Rəşad, Vüsal, Elşən, Cavid və başqa şəxslər olmuşdur. Asimlə Namiqin arasında dalaşma təxminən 20-30 dəqiqə davam etmişdir. Barəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1280 nömrəli rəyində göstərilmiş baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası xəsarətini ona Asimin daşla zərbə vuraraq yetirdiyini bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evin həyətində ərzaq dükanı işlədir. Adətən hər gün saat 07 radələrində dükanı açır, axşam 23 radələrində isə bağlayır. xx.xx.2022-ci il tarixdə qonşuluqda yaşayan Asimin oğlu Sərxan işlədiyi dükana gəlmişdir. Sərxan ondan nisyə çörək istəmiş, həmin vaxt qardaşı Arzu dükanda olmuşdur. Arzu Asimin oğluna 1 manat uzatmış ki, çörək alsın. Asimin oğlu həmin pulu ona verərək 2 ədəd çörək almışdır. Bundan sonra çıxıb getmişdir. Aradan iki gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Asim sərxoş vəziyyətdə azyaşlı oğlu Sərxanla birlikdə işlədiyi dükana gəlmişdir. Asim dükana daxil olan kimi ona “sən qonşu adamı deyilsən, sən oğraşsan, sən kişi deyilsən” sözlərini demişdir. O, Asimdən bu sözləri onun ünvanına hansı səbəbdən dediyini soruşduqda, Asim ona iki gün əvvəl oğlu Sərxana nisyə çörək vermədiyini bildirmişdir. Həmin vaxt Asimin oğlu Sərxan atasına onun Sərxana çörək verdiyini demişdir. Bundan sonra o, mübahisə yaranmasın deyə Asimə çıxıb getməsini, hazırda sərxoş olduğunu, ayıldıqdan sonra gəlməsini bildirmişdir. Bu ərəfədə Asimin azyaşlı oğlu Sərxan kiməsə zəng edərək danışırmış. Bundan sonra Asim dükandan çıxaraq bir qədər aralandıqdan sonra yüksək səslə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, dükandan çıxaraq Asimə tərəf getmişdir. Həmin vaxt Asim ona yaxınlaşmış və əl-qol atmağa başlamışdır. Bu vaxt qonşuluqda yaşayan Cavid onları ayırmışdır. Həmin vaxt aralarında dalaşma baş verməmişdir. O, dükana qayıtmışdır. Asim isə çıxıb getmişdir. Aradan təxminən 5 dəqiqə keçdikdən sonra Asim idarə etdiyi Niva markalı avtomobili ilə dükanın yanına gəlmişdir. Asim maşının qapısını açaraq ona nalayiq ifadələr işlədərək gəl gedək söhbət edək demişdir. O, da Asimə əhəmiyyət verməmişdir. Sonra Asim çıxıb getmişdir. Aradan təxminən 5 dəqiqə keçdikdən sonra Asim yenə idarə etdiyi Niva markalı avtomobil ilə dükanın qabağına gəlmiş və maşından düşmüşdür. Həmin vaxt o, dükanın qarşısında qonşularla söhbət edirmiş. Asim maşından düşən kimi onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt Asimin bacısı Elnarə və bacısı oğlu Orxan gəlmişlər. Asim bacısı və bacısı oğlunun gəldiklərini görüb qızışaraq daha yüksək səslə onun ünvanına nalayiq söyüşlər işlətməyə başlamışdır. Elnarə və Orxan onun üzərinə gələrək ona nalayiq ifadələr işlətməyə başlamışlar. O, isə Elnarəyə qardaşı Asimi aparmasını bildirmişdir. Elnarə isə əksinə onun üzərinə gələrək əl-qol atmağa başlamışdır. O, artıq mübahisənin böyüdüyünü görüb dükanın qapısını bağlayaraq içəri keçmişdir. O, içəri keçsə də onlar hələ də dükanın qarşısında dayanaraq ona söyüş söyürmüşlər. Bir qədər sonra çöldə olan qonşulardan Rəşad, Vüsal və Elşən onları sakitləşdirərək yola salmışlar. Həmin ərəfədə evdə uşaqları qorxduqları üçün qardaşı Arzuya zəng edərək çağırmışlar. Bir qədər sonra Arzu gəlmişdir. O, çölə çıxmışdır. Arzu ondan nə baş verdiyini soruşduqda, o, Arzuya Asimin sərxoş vəziyyətdə gələrək onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. O, Arzu ilə söhbət edən zaman Asim yarıçılpaq vəziyyətdə bacısı Elnarə, bacısı oğlu Orxanla birlikdə yaşadığı evin qarşısına gəlmişlər. Asim ona yaxınlaşdıqda, o, gözləmədiyi anda yumruqla onun dodağına zərbə vurmuşdur. O, da Asimi vurmaq istədikdə onu orada olan qonşular ayırmışlar. Həmin ərəfədə orada olan bacısı Ülviyyə araya girmiş ki, onları ayırsın. Həmin vaxt Asim yerdən daş götürərək bacısı Ülviyyənin başına vurmuşdur. Bundan sonra Asim, Elnarə və Orxan onlara tərəf daş atmağa başlamışlar. Onlar və orada olan qonşular daş dəyməməsi üçün aralanmışlar. Bundan sonra Asim, Elnarə və Orxan çıxıb getmişlər. Bacısı Ülviyyənin başının qanadığını görüb təcili tibbi yardıma zəng etmişlər. Təcili tibbi yardım maşını gəldikdən sonra Ülviyyəni Bakı şəhərində yerləşən X3 aparmışlar. Orada Ülviyyənin başına sarğı qoyduqdan sonra evə qayıtmışlar. Səhəri gün, xx.xx.2022-ci il tarixdə o, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gedərək bu barədə ərizə yazmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Orxan Elnarə və adını bilmədiyi yaşlı bir qadınla onun evinə gəlmişlər. Orxan ona təkidlə barışmağını bildirmişdir. O, da Orxana çıxıb getməyini təklif etmişdir. Orxan isə onun ünvanına nalayiq ifadələr işlədərək üzərinə dartınmağa başlamışdır. O, da Orxana əhəmiyyət verməyərək bu barədə polisə məlumat verdiyini bildirmişdir. Bundan sonra onlar çıxıb getmişlər. Əlavə olaraq bildirmişdir ki, dalaşma zamanı Asim o, gözləmədiyi anda yumruqla dodağından zərbə vuraraq xəsarət yetirmiş, Asimdən başqa onu heç kim vurmamışdır. O, nə Asimin, nə də onunla gələn Elnarə, Orxan və ya başqa şəxsin heç bir nahiyəsinə zərbə vurmamışdır. Asimin yalan danışdığını, Asim onun dodağına yumruqla zərbə vurduğunu, onun Asimə heç bir zərbə vurmadığını bildirmişdir. Asimlə dalaşan zaman orada qardaşı Arzu, bacısı Ülviyyə, qonşulardan Rəşad, Vüsal Elşən, Cavid və başqa şəxslər olmuşdur. Asimlə aralarında dalaşma təxminən 20-30 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada sürücü işləyir. Təqsirləndirilən şəxs onun doğma dayısıdır. Dayısı Asimlə yan-yana qonşudurlar. Zərərçəkmiş şəxs2 qonşuluqda yaşayır. Namiqin yaşadığı evin həyətində işlətdiyi ərzaq dükanından həmişə bazarlıq edirlər. Namiqlə yaxın münasibətləri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə yatmışdır. Onu yuxudan dayısı Asimin oğlu Sərxan oyatmış və ona atası Asimin Namiqlə dalaşdığını demişdir. O, dərhal yerindən qalxıb evdən çıxmışdır. Namiqin dükanının yanına çatanda Namiqlə Asimin dalaşdıqlarını, orada olan şəxslərin onları ayırdığını görmüşdür. Anası Elnarə də orada olmuşdur. Həmin vaxt anası Elnarə ona Namiqin onu və Asimi döydüyünü demişdir. O, da bundan sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonra o, dayısı Asimin orada olan avtomobilini sürərək Asimin həyətinə aparmışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə o, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gedərək anası Elnarə və dayısı Asimin döyülməsi barədə ərizə yazmışdır. Əlavə olaraq bildirmişdir ki, Namiqlə Asim dalaşıb qurtardıqdan sonra ora getmişdir, onu heç kim vurmamış və heç kim ona xəsarət yetirməmişdir. O, dalaşma zamanı heç kimi vurmamış və xəsarət yetirməmişdir. Namiq və Arzunun yalan danışdıqlarını, o və anası Elnarənin onlara daş atmadığını, Asimin isə nə etdiyini, kimi nə ilə vurduğunu görmədiyini bildirmişdir. O, dayısı Asimin yanına getdikdən sonra onun yanında Ülviyyənin başına daş vurmamışdır. Dalaşma zaman orada qonşular, Asim, Namiq, Arzu, anası Elnarə, Namiqin bacısı Ülviyyə və başqa şəxslər olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır. Namiq yaşadığı evin həyətində ərzaq dükanı işlədir. O, Namiqin dükanının yanında ona məxsus evin həyətində plastik qapı-pəncərə düzəldir. Adətən hər gün saat 09 radələrində işə gedir, axşam saat 21 radələrində isə evə qayıdır. xx.xx.2022-ci il tarixdə o, qardaşı Namiqin dükanında olmuşdur. Həmin vaxt qonşuluqda yaşayan Asimin oğlu Sərxan dükana gəlmişdir. Sərxan əlində olan telefonu atası Asimin onunla danışmaq istədiyi üçün ona uzatmışdır. O, da telefonu götürmüşdür. Asim ona telefonda uşağa 2 ədəd çörək verməyini, axşam pulu qaytaracağını bildirmişdir. O, da cibindən 1 manat çıxarıb Asimin oğluna çörək almaq üçün vermişdir. Sərxan da çörək alıb getmişdir. Həmin gün axşam saatlarında Asim onun yanına gələrək oğluna çörək almaq üçün verdiyi 1 manatı qaytarmış və öz minnətdarlığını bildirmişdir. Aradan iki gün keçdikdən sonra xx.xx.2022ci il tarixdə saat 23 radələrində yaşadığı Masazır qəsəbəsində evdə olan zaman Namiqin azyaşlı qızı ona zəng edərək Asimin atasını döydüyünü demişdir. O, da dərhal evdən çıxıb qardaşıgilə getmişdir. O, qardaşının evinə çatanda evin qarşısında Namiqin qonşularla dayanıb söhbət etdiklərini görmüşdür. O, Namiqdən nə baş verdiyini soruşduqda, Namiq ona Asimin sərxoş vəziyyətdə gələrək onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Onlar Namiq ilə söhbət edən zaman Asim yarıçılpaq vəziyyətdə bacısı Elnarə, bacısı oğlu Orxanla birlikdə onlara yaxınlaşmışlar. Asim onlara yaxınlaşan kimi gözləmədikləri anda Asim yumruqla Namiqin dodağına zərbə vurmuşdur. Namiq də Asimi vurmaq istədikdə o, Asimi geri çəkmişdir. Həmin ərəfədə bacısı Ülviyyə evdən çölə çıxaraq onları ayırmaq üçün araya girmişdir. O, Asimi geri çəkdikdən sonra Asim bir qədər aralandıqdan sonra yerdən daş götürərək bacısı Ülviyyənin başına vurmuşdur. Bundan sonra Asim, Elnarə və Orxan onlara tərəf daş atmağa başlamışlar. Onlar və orada olan qonşular daş dəyməsin deyə aralanmışlar. Bundan sonra Asim, Elnarə və Orxan çıxıb getmişlər. Bacısı Ülviyyənin başının qanadığını görüb təcili tibbi yardıma zəng etmişlər. Təcili tibbi yardım maşını gəldikdən sonra bacısı Ülviyyəni Bakı şəhərində yerləşən X3 aparmışlar. Orada bacısı Ülviyyənin başına sarğı qoyduqdan sonra onlar evə qayıtmışlar. Səhəri gün, xx.xx.2022-ci il tarixdə Namiq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gedərək bu barədə ərizə yazmışdır. Sonradan xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Orxan Elnarə və yaşlı bir qadınla Namiqin evinə gəldiklərini, Orxan Namiqə təkidlə barışmağını bildirməsini eşitmişdir. Namiq də Orxana çıxıb getməyini təklif etdikdə, Orxan isə Namiqin ünvanına nalayiq ifadələr işlədərək çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, dalaşma zamanı ona heç kim zərbə vurmamış, Asim, Elnarə və Orxanın atdıqları daşdan biri onun qarnına dəymişdir. O, nə Asimin, nə də onunla gələn Elnarə, Orxan və ya başqa şəxsin heç bir nahiyəsinə zərbə vurmamışdır. Namiq o, orada olduğu müddət ərzində nə Asimə, nə də başqa şəxsə zərbə vurmamışdır. Asim ilə Namiq dalaşan zaman orada o, bacısı Ülviyyə, qonşulardan Rəşad, Vüsal Elşən, Cavid və başqa şəxslər olmuşdur. Asimlə Namiqin arasında dalaşma təxminən 20-30 dəqiqə davam etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, oğlu Orxan və ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Asimlə yan-yana qonşudur. Zərərçəkmiş şəxs2 qonşuluqda yaşayır. Namiq yaşadığı evin həyətində ərzaq dükanı işlədir. Namiqin işlətdiyi ərzaq dükanından həmişə bazarlıq edirlər. Qonşu kimi münasibətləri yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olmuşdur. Orxan da evdə yatmışdır. Həmin vaxt Asimin oğlu Sərxan gəlmiş və ona atası Asimin Namiqlə mübahisə etdiklərini demişdir. O, da evdən çıxıb Namiqin dükanına tərəf getmişdir. Ora çatanda Namiqlə Asimin mübahisə etdiklərini, Asimin sərxoş vəziyyətdə olduğunu, orada çoxlu adamlar yığıldığını görmüşdür. Asimlə Namiq bir-biri ilə sözlə mübahisə edirmişlər. Orada olan şəxslər də onları ayırırmış. O, Namiqə yaxınlaşıb Asimin içkili olduğunu, qonşu olduğuqlarını və Asimi yola verməsini demişdir. Namiq də ona heç nə deməmişdir. Daha sonra Orxan da gəlmişdir. Orxan orada olan Asimin maşınını sürərək getmiş və bir qədər sonra geri qayıtmışdır. Bir qədər Asimlə Namiq mübahisə etdikdən sonra onlar birlikdə evə qayıtmışlar. Əlavə olaraq bildirmişdir ki, Namiqlə Asimin arasında dalaşma olmamış, bildiyinə görə onlar mübahisə etmişlər, həmin vaxt orada o, oğlu Orxan, qardaşı Asim, qonşu Namiq, Arzu, Namiqin bacısı Ülviyyə və başqa qonşular olmuşdur. O, Asimlə Namiqi bir-birindən ayıran zaman onu Namiq geri itələmiş, lakin ona heç kim zərbə vurmamışdır. Namiq və Arzunun yalan danışdıqlarını, o, qardaşı Asim və oğlu Orxanın onlara daş atmadığını, Asimin isə nə etdiyini, kimi nə ilə vurduğunu görmədiyini bildirmişdir. O, xəsarətləri Asimlə Namiqi ayıran zaman yıxılıb almışdır. Lakin ona heç kim zərbə vurmamışdır. Asimin Ülviyyənin başına daşla zərbə vurmasını görməmişdir. O, həmin vaxt heç kimi vurmamış və heç kimə xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərdi ki, Abşeron rayonu, Müşviqabad qəsəbəsi, 28 May yaşayış massivi, yeni məhəllədə nömrəsiz fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşayır. On iki yaşı vardır. Hazırda Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən 274 nömrəli tam orta məktəbdə 7-ci sinifdə oxuyur. Namiq ilə qonşudurlar. Namiqin yaşadığı evin həyətində işlətdiyi ərzaq dükanından həmişə bazarlıq edirlər. Əvvəllər bir neçə dəfə Namiqin dükanından valideynləri evdə olmayanda gedib nisyə nəsə almış, sonra valideynləri pulunu ödəmişdir. xx.xx.2022-ci il tarixdə atası Asim işdə olmuşdur. Atası Asimə zəng edərək evə çörək lazım olduğunu demişdir. Asim də ona qonşu Namiqin dükanından iki ədəd çörək almağını, pulunu isə özü gələndə ödəyəcəyini demişdir. O, da evdən çıxaraq Namiqin dükanına getmişdir. Namiqdən nisyə çörək istədikdə Namiq nisyə mal vermədiyini ona demişdir. O, da atası Asimə zəng edərək telefonda ona Namiqin nisyə çörək vermədiyini demişdir. Onun atası ilə danışığını Namiqin qardaşı Arzu eşidirmiş. O, danışığını bitirdikdən sonra Arzu onu yanına çağırıb çörək almaq üçün 1 manat pul vermişdir. O, da həmin pulu götürüb Namiqin dükanından iki ədəd çörək alıb evə qayıtmışdır. Evdə olan zaman atası Asimə zəng edərək Arzunun 1 manat pul verdiyini, həmin pul ilə çörək aldığını demişdir. Aradan iki gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 23 radələrində atası Asimlə birlikdə toydan evə qayıdırmışlar. Atası Asim sərxoş vəziyyətdə olmuşdur. Onlar Namiqin dükanının qarşısından keçərkən Namiqlə qarşılaşmışlar. Atası dükanın giriş qapısının ağzında Namiqə “sən qonşu adamı deyilsən, qonşuluq etmirsən” sözlərini demişdir. Namiq ilə atası Asimin arasında mübahisə yaranmışdır. O, dərhal evə qaçmışdır. Evlərinin yanında yaşayan bibisi Elnarənin evinə girərək Elnarəyə və oğlu Orxanı yuxudan oyadıb qonşu Namiq ilə atası Asimin mübahisə etdiklərini bildirmişdir. Bundan sonra o, evə getmişdir. Sonradan hadisənin necə baş verdiyini görmədiyi üçün bilmir. Həmin vaxt o, qorxduğu üçün evdə olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada mebel ustası işləyir. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ilə qonşudur. Namiq və Asim ilə münasibətləri qonşu kimi yaxşıdır. Namiq yaşadıqları küçədə evinin həyətində ərzaq məhsulları dükanı işlədir. xx.xx.2022ci il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxaraq çörək almaq üçün Namiqin dükanına tərəf getmişdir. Dükana çatanda qonşu Asimin Namiqin evinə tərəf dayanıb yüksək səslə nalayiq ifadələr işlətdiyini görmüşdür. O, Asimin kimin ünvanına söyüş söydüyünü başa düşməmiş və yaxınlaşıb sakitləşdirmək istəmişdir. O, Asimə yaxınlaşan zaman yanında olan bacısı Elnarə ona nalayiq ifadələr deyərək qardaşını niyə təkləyirsiz sözlərini dedikdə, o, məsələnin mahiyyətini bilmədiyi üçün kənara çəkilmişdir. Asimin avtomobili də Namiqin dükanının qarşısında küçədə olmuşdur. Bir qədər sonra Asimin bacısı oğlu Orxan gəlmişdir. Orxan da yüksək səslə söyüş söyərək dayısı Asimə heç kimin heç nə edə bilməyəcəyini deyərək, dayısı Asimin maşınına minib oradan uzaqlaşmışdır. Bundan sonra Asimi də həmin yerdən uzaqlaşdırmışlar. O, isə Namiqin evinin qarşısında Namiqlə söhbət etməyə başlamışlar. Söhbət əsnasında Namiq ona Asimin sərxoş olduğunu, onun uşağına dediyinə görə iki gün əvvəl guya çörək vermədiyini bəhanə gətirərək Namiqə söyüş söydüyünü bildirmişdir. Aradan təxminən bir neçə dəqiqə keçdikdən sonra o, Namiqlə söhbət edən zaman Asim, bacısı Elnarə və bacısı oğlu Orxan yenidən gəlmişlər. Namiq onun sol tərəfində dayanmışdır. Asim onlara yaxınlaşan kimi anidən Namiqin sifət nahiyəsinə yumruq zərbəsi atmışdır. O, Namiqin qardaşı Arzu ilə birlikdə Asimi ayırıb kənarlaşdırmışlar. Həmin vaxt Namiqin bacısı Ülviyyə də səs-küyə gəlmişdir. Bundan sonra Asim yerdən daş parçasını götürərək Namiqin bacısı Ülviyyənin başına zərbə vurmuşdur. Ülviyyə aldığı zərbədən huşunu itirərək yerə yıxılmışdır. Həmin vaxt onlar Ülviyyənin yanına yaxınlaşmışlar. Bundan sonra Asim, bacısı Elnarə və bacısı oğlu Orxan onlara tərəf daş atmağa başlamışlar. Onlar və orada olan qonşular daş dəyməsin deyə oradan aralanmışlar. Bundan sonra Asim, Elnarə və Orxan çıxıb getmişlər. Namiq təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım maşını gəldikdən sonra Namiqin bacısı Ülviyyəni təcili tibbi yardım maşınına mindirib xəstəxanaya aparmışlar. Sonradan bu barədə polisə məlumat verildiyi məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, dalaşma qonşu Asimlə Namiqin arasında baş vermiş, sonradan Asim bacısı Elnarə, bacısı oğlu Orxanla birlikdə gəlmişlər, həmin vaxt onlarla Namiq, qardaşı Arzu və bacısı Ülviyyə arasında münaqişə baş vermiş, dalaşma zamanı Asim Namiqin sifətinə yumruq zərbəsi, Namiqin bacısı Ülviyyənin başına isə yerdən daş götürərək daşla zərbə vurmuş, Asimi isə hər hansı şəxs və ya şəxslərin vurmasını görməmişdir. Asim ilə Namiq dalaşan zaman orada o, Namiq, Namiqin qardaşı Arzu, bacısı Ülviyyə, Asim, Asimin bacısı Elnarə, bacısı oğlu Orxan, qonşular Rəşad, Vüsal, Cavid və başqa şəxslər olmuşdur. Asimlə Namiqin arasında dalaşmanın təxminən 30 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7, Şahid4, Şahid8, Şahid5 ifadələrində Şahid3 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1280 saylı rəyində qeyd olunmuşdur ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən daş parçası ilə vurulma nəticəsində yarana bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1278 saylı rəyində qeyd olunmuşdur ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – alt dodağın sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissələrinin (əl, ayaq və sair) təsirindən yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İstintaq materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixdə baş vermiş xuliqanlıq hadisəsi ilə əlaqədar Abşeron rayonu, Müşviqabad qəsəbəsi, 28 May yaşayış massivi şəhid E.Müslümov küçəsində Zərərçəkmiş şəxs2 evinin həyətində quraşdırılmış videogörüntü kameralarında qeydə alınmış görüntülərin köçürüldüyü və təqdim edilmiş bir ədəd DVD diskinə Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs iştirakları ilə tərəfimdən baxış keçirilmiş, baxış zamanı təqdim edilmiş diskdə 4 ədəd video görüntü aşkar edilmiş, həmin görüntülərə baxış zamanı müəyyən olunmuşdur ki: 1-ci “7_02_R_**********0340” adlı görüntü xx.xx.2022-ci il tarixdə saat 23:03:40 saniyədən 23:04:06 saniyəyədək olan anları fiksə etmişdir. Baxış zamanı görüntüdə Təqsirləndirilən şəxs yanında oğlu Şahid9 ilə birlikdə Zərərçəkmiş şəxs2 işlətdiyi dükanın giriş qapısında olduğu, Asimin Namiqə əli ilə işarələr edərək nəyisə irad bildirməsi və sözlə mübahisə etməsi müşahidə olunur. 2-ci “37_02_M_**********2902” adlı görüntü xx.xx.2022-ci il tarixdə saat 23:29:02 saniyədən 23:29:14 saniyəyədək olan anları fiksə etmişdir. Baxış zamanı görüntüdə Zərərçəkmiş şəxs2 işlətdiyi dükanın qarşısında olduğu, Təqsirləndirilən şəxs isə ətrafında olan qonşuluqda yaşayan şəxslərin əllərindən dartınaraq Namiqə hücum etməsi, lakin həmin şəxslərin onu hücum etməyə qoymaması müşahidə olunur. 3-cü “38_02_R_**********2915” adlı görüntü xx.xx.2022-ci il tarixdə saat 23:29:14 saniyədən 23:31:11 saniyəyədək olan anları fiksə etmişdir. Baxış zamanı görüntüdə Təqsirləndirilən şəxs dəfələrlə ətrafında olan şəxslərin əllərindən dartınaraq Namiqə hücum etməsi, lakin həmin şəxslərin onu hücum etməyə qoymaması müşahidə olunur. 4-cü “44_02_R_**********3848” adlı görüntü xx.xx.2022-ci il tarixdə saat 23:38:52 saniyədən 23:39:01 saniyəyədək olan anları fiksə etmişdir. Baxış zamanı görüntüdə Təqsirləndirilən şəxs dəfələrlə ətrafında olan şəxslərin əllərindən dartınaraq Namiqə hücum etməsi, lakin həmin şəxslərin onu hücum etməyə qoymaması, eyni zamanda ətrafda olan şəxslərin Asimi sakitləşdirməyə çalışmaları müşahidə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Abşeron rayon İHB-nın Hökməli qəsəbə İƏDÜ-nün nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Poladov X2 rayonu Atyalı yaşayış massivində fərdi yaşayış evində yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Şahid9 xx.xx.2010-cu il, X4 xx.xx.2011-il tarixlərdə anadan olmuşlar. İstintaq materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixdə baş vermiş xuliqanlıq hadisəsi ilə əlaqədar Abşeron rayonu, Müşviqabad qəsəbəsi, 28 May yaşayış massivi şəhid E.Müslümov küçəsində Zərərçəkmiş şəxs2 evinin həyətində quraşdırılmış videogörüntü kameralarında qeydə alınmış görüntülərin köçürüldüyü və Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmiş bir ədəd DVD diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsil ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlilikləri sübuta yetirilmiş və onlar törətdikləri cinayət əməlinə görə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdırlar. Belə ki, o, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli hərəkətlər etmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş ciayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını və o cümlədən islah olunmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, bu növ cəza təyin olunması qanuni əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmə onun zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi və himayəsində azyaşlı uşaqlarının olmasını isə cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini səciyyələndirilən müsbət hallar kimi, zərərçəkmiş şəxslə barışmasını əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülbşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, onun yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 61 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 366 manat məbləğində pul, məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 61 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 366 manat məbləğində pul, məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar