Məhkəmə qərarları › İş №1(012)-614/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-614/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-614/2023 30.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1964-cü il tarixdə Abşeron rayonu Görədil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, işləməyən, İİİ qrup əlil, məhkumluğu olmayan, Abşeron rayonu Görədil kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” metro stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”-na daxil olan (Siyahı İİ) 1 (bir) ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, çəkisi 5,781 qram olan narkotik vasitə qurudulmuş marixuananı 60 manat müqabilində əldə edib Abşeron rayonu Görədil kəndi ərazisinə daşıyıb üzərində saxlamış, 05 aprel 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Görədil kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 18:30-dan 18:50-dək üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən həmin 1 (bir) ədəd kibrit qutusunda çəkisi 5,781 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Görədil kəndində yaşayır. 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Nəriman Nərimanov” metro stansiyası yaxınlığında əvvəllər tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 60 manat pul verməklə kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana alıb əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. 05 aprel 2023-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayonu Görədil kəndində piyada hərəkətdə olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, ad-soyadını dedikdən sonra polis əməkdaşları qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu demişlər. Saxlanıldığı yerdə müvafiq sənədləşmə aparılması mümkün olmadığı üçün polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə dəvət etmişlər. Buna etirazının olmadığını bildirməklə xidməti avtomobilə əyləşərək polis əməkdaşlarının müşayiəti ilə polis bölməsinin inzibati binasına getmişdir. Polis bölməsində üzərində narkotik vasitə saxlaması ilə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə xidməti otaqlardan birində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçisi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazı olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi bildirilmişdir. Bu zaman o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda qutunu bir gün əvvəl Bakı şəhəri Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən almasını və yalnız şəxsi istifadəsi üçün üzərində saxlamasını səmimi etiraf etmişdir. Daha sonra aşkar edilmiş kibrit qutusu zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birgə protokolu imzalamışdır. Ona narkotik vasitə satmış şəxsin adını, mobil telefon nömrəsini və digər heç bir əlaqə vasitəsini bilmir, narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün üzərində saxlamış, heç vaxt kiməsə narkotik vasitə satmamış, belə bir niyyəti olmamış, üzərində narkotik vasitə saxlaması barədə heç kimin məlumatı olmamış, psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, heç kimə psixotrop maddə, narkotik vasitə və ya onun prekursorlarını satmamış, 05 aprel 2023-cü il tarixdə Abşeron rayonu Görədil kəndi ərazisində saxlanılan və Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməyib və psixoloji təsir göstərilməmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili işləyir, polis mayoru xüsusi rütbəsindədir. 05 aprel 2023-cü il tarixdə Mehdiabad polis bölməsinə Abşeron rayonu Görədil kəndində yaşayan 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istifadəsi üçün narkotik vasitə əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və həmin qərar polis bölməsinin rəisi tərəfindən təsdiqlənmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saat 18:00 radələrində Abşeron rayonu Görədil kəndində saxlanılaraq polis bölməsinə aparılmışdır. Müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusu açılmış və içərisindən yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş bitki yarpağı şəklində, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu, narkotik vasitəni 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Nəriman Nərimanov” metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 60 manat pul müqabilində aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusu təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilib ucadan oxunmuş, o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Nəriman Nərimanov” metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 60 manat pul müqabilində almasını bildirmiş, Təqsirləndirilən şəxs bildirdiyinə görə əvvəllər heç kimə narkotik vasitə satmamış, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində saxlanılan və Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməmiş və psixoloji təsir göstərilmədir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 06 aprel 2023-cü il tarixli 7/785 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,781 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır (qalıq çəkisi 5,731 – 0,05 qram narkotik vasitə – qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). Marixuana Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 06 iyun 2023-cü il tarixli 3498 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X3” X7 məhkəmə-psixiatrik ekspertizasının 06 iyun 2023-cü il tarixli 1560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan “üzvi şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda “üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində şəxsiyyət pozuntusu vəziyyətində” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan psixi pozuntu onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməkdən və ya onu idarə etməkdən məhrum etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. 14 aprel 2023-cü il tarixdə verilmiş əməliyyat tapşırığına Abşeron rayon polis şöbəsinin Cinayət axtarışı şöbəsindən daxil olmuş 26 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hansı şəxs aşkarlanmamış, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi məqsədilə üzərində saxladığı müəyyən edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçısının Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 07 aprel 2023-cü il tarixli 79 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Abşeron rayonu Görədil kəndində yaşayır və barəsində icra nümayəndəliyinə hər hansı yazılı və ya şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 05 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin 17 fevral 1984-cü il tarixli hökmü ilə Azərbaycan SSR CM-in 94-cü maddəsinin 2,6 bəndi ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Məhkəməsinin 30 noyabr 1990-cı il tarixli qərarı ilə CM-in 54-cü maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə təyin edilərək ruhi-əsəb xəstəxanasına göndərilmiş, Bakı Şəhər Məhkəməsinin 31 iyul 1996-cı il tarixli hökmü ilə 01 yanvar 2000ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 226-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib əmlakı müsadirə edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Məhkəməsinin 06 mart 2000-ci il tarixli qərarı ilə CM-in 54-cü maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə təyin edilərək ruhi-əsəb xəstəxanasına göndərilmiş; Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 31 may 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 21-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə təyin edilmiş və ixtisaslaşdırılmış psixiatriya xəstəxanasına göndərilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarı ilə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilmiş, Abşeron Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı ilə 03 noyabr 2008-ci il tarixli qərar əsasında tətbiq edilmiş məcburi ambulator müşahidə və psixiatr müalicəsi ləğv edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 5,731 narkotik vasitə – qurudulmuş marixuana Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun İİİ qrup əlil olmasını, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdiriən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs Əliyev X5 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,731 narkotik vasitə – qurudulmuş marixuana məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu vəkil bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Əliyev X5 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 78 manat 72 qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 5,731 narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu vəkil bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayt şəhər Probasiya Şöbəsinə həvalə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar