Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-615/2023 06.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi –Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə saat 19 radələrində yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 25, 104 nömrəli evdə arvadı Şahid1 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı onları ayırmağa çalışan anası Zərərçəkmiş şəxs sifətinə həyətdən götürdüyü skuterlə qəsdən bir dəfə vuraraq sonuncuya sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitası və sağ almacıq nahiyyələrini əhatə edən sahənin dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayında cəzaçəkmə müəsissəsində azad edilmişdir. Həmin vaxtdan Xırdalan şəhərində ailəsilə birlikdə yaşayır. Həmin vaxtdan arvadı Yaqutun evdəki bəzi hərəkətlərinə görə aralarında tez-tez mübahisələr baş vermişdir. Belə ki, Yaqut evdə demək olar ki, hər gün övladlarının yanında alt paltarında gəzmişdir. Əlavə olaraq bildirmişdir ki, iki oğlu vardır. Birinin 14 yaşı, digərinin isə 17 yaşı vardır. O, Yaquta hər dəfə uşaqların qarşısında elə dolaşmağın ayıb olduğunu bildirsə də, Yaqut onun öz uşaqlarını qısqandığını deyərək əcəb etdiyini demişdir. Buna görə də mart ayından bu günə qədər iki dəfə də aralarında münaqişə baş vermişdir. 25 aprel 2023-cü il tarixdə saat 19 radələrində o, Yaqutla yaşadığı evə gəlmiş, yenə də Yaqut uşaqların yanında paltar dəyişməyə başlamış, buna görə də aralarında mübahisə baş vermişdir. Daha sonra, Yaqut uşaqları qızışdırdığı üçün oğlanları onun üstünə hücum çəkməyə başlamış, bu zaman onlarla bir həyətdə, lakin ayrı evdə yaşayan anası və qardaşı səsə gələrək onları ayırmışlar. Daha sonra o, ayaqqabılarını geyinərək getmək istəmiş, bu vaxt uşaqlar, yəni övladları Rüzigar və Əli onun üstünə hücum çəkmişlər. Ruzigar onu yumruqla vurmaq istəyərkən anası araya girdikdə Ruzigarın yumruğu anasının gözünə dəymişdir. Daha sonra Ruzigar beli götürərək onu vurmağa başlamışdır. Həmin vaxt onun qardaşı gəlib Ruzigarı ondan kənarlaşdırmışdır. Bu vaxt balaca oğlu Əli şüşə bankanı ona tərəf tullamışdır. Banka alın nahiyəsinə dəydiyi üçün qanamağa başlamışdır. O, həyətdən götürdüyü dəsmalı üzünün qanayan hissəsinə basaraq küçəyə çıxmış, daha sonra qardaşı ilə birlikdə tanımadığı şəxsin avtomobili ilə xəstəxanaya getmişdir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxsilə barışdığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 bildirdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun doğma övladıdır. Abduləli tüfeyli həyat tərzi keçirir. Spirtli içki qəbul edir. Mütəmadi olaraq gəlinini, nəvələrini və onu döyür. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadıqları evdə olan zaman Abduləli içkili halda arvadı Yaqutla birlikdə evə gəlmişdir. Həmin vaxt onlar mübahisə edərək yaşadıqları evə daxil olmuş, bir qədər sonra Yaqut qışqıraraq həyətə qaçmışdır. Onlar bir həyətdə yaşasa da evləri ayrıdır. O Abduləli və Yaqutu ayırmaq məqsədi ilə onlara tərəf getmişdir. Abduləli Yaqutun boğazından tutaraq boğmağa çalışmış, o, Əli və Ruzigarla birlikdə Yaqutu Abduləlinin əlindən almışdır. Daha sonra Abduləli həyətdəki skuteri götürərək havada fırlatmağa başlamış, daha sonra skuteri ona tərəf tullamış və skuter onun gözünə dəymişdir. Bundan sonra Abduləli Yaqutu döyməyə başlamış, daha sonra boğazından yapışaraq sıxmağa başlamışdır. Həmin vaxt Abduləli və Yaqutun övladları Yadigar və Əli də həyətdə olduğundan Əli atasının anasını boğduğunu gördükdə gücü çatmadığı üçün həyətdən tapdığı şüşə bankanı atasına tərəf tullamış, banka Abduləlinin üzünə dəyərək üzünü yaralamışdır. Zərərçəkmiş şəxs X2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olmadığını, aralarında barışıq olduğunu və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Abduləli artıq bir neçə dəfə yaşadıqları evdə münaqişə yaratmış, ona, qaynanasına və övladlarına xəsarətlər yetirmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, işdən çıxarkən Abduləli onun işlədiyi 52 saylı tam orta məktəbin həyətinə gəlmiş, onu əlində gəzdirdiyi benzini üzərinə tökərək yandırmaqla hədələmişdir. Daha sonra birlikdə avtobusla yaşadıqları evə getmiş, marşrutda yenə də onu hədələmişdir. Evə çatdıqdan sonra yenə də onu və övladlarını hədələməyə başlamışdır. O, paltarını dəyişmək üçün qonşu otağa keçmiş, bu zaman oğulları Əli və Ruzigar digər otaqda olmuşdur. O, paltarını dəyişmək istəyərkən Abduləli onun üzərinə gəlmiş və ona başqa adamlarla görüşdüyünü bildirərək onu bıçaqlamaq istəmişdir. Daha sonra onu yerə yıxaraq onun cinsiyyət orqanını kəsəcəyi ilə hədələmişdir. Həmin vaxt Abduləli sərxoş vəziyyətdə olmuşdur. Bu vaxt səsə 12 yaşlı oğlu Əli otağa girmiş, otaqda atasının onun cinsiyyət orqanına bıçaq dirədiyini görmüş və onları ayırmağa çalışmışdır və bu vaxt səsə digər oğlu 17 yaşlı Ruzigar da içəri girmiş və onları ayırmışdır. Daha sonra o, qaçaraq həyətə düşmüş və bir həyətdə yaşadığı qaynanasıgili köməyə çağırmışdır. Həmin vaxt Abduləli balaca oğlu Əlini döyməyə başlamış və böyük oğlu Ruzigar araya keçərək onu ayırmaq istəmişdir. Abduləli əlindəki rezakla onun boğazını kəsmək istəmiş, lakin Ruzigar əlində çıxaraq qaçmağı bacarmışdır. Daha sonra uşaqlar əlindən çıxıb həyətə qaçdıqlarına görə Abduləli də arxasınca həyətə düşmüş və onun kömək çağırdığını görüb boğazından tutub boğmağa başlamışdır. Qaynanası və uşaqlar onları ayırmağa çalışdıqda Abduləli onu buraxaraq həyətdə olan sukuteri götürərək onları vurmaq üçün havada fırlatmağa başlamışdır. Bu vaxt skuter qaynanasının gözünə dəymiş və qaynanası qışqırmağa başlamışdır. Bundan sonra kiçik oğlu Əli Abduləlini sakitləşdirmək məqsədilə yerdə olan bankanı götürərək Abduləliyə tərəf atmışdır və banka Abduləlinin sifətinə dəymişdir. Abuləli həmin vaxt özünə müxtəlif formalarda xəsarətlər yetirmişdir. Bundan sonra qaynanası X2 DİNin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası artıq bir neçə dəfə evlərində münaqişə yaratmış, anasına, nənəsinə, qardaşına və ona xəsarətlər yetirmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə anası və atası evə gəlmiş, anası üstünü dəyişmək üçün otağa keçmiş, atası da arxasınca getmişdir. O isə qardaşı Əli ilə birlikdə salonda olmuşdur. Daha sonra otaqdan anası və atasının səsləri gələrək anasının kömək çağırdığına görə qardaşı Əli otağa keçmiş, o da Əlinin arxasınca otağa keçmiş, atasının anasını döydüyünü görüb onları qardaşı ilə ayırmağa çalışmış, anası atasının əlindən çıxaraq həyətə qaçmışdır. Atası əlində olan rezakla onun boğazını kəsməyə çalışmış, lakin o, atasının əlindən çıxaraq həyətə qaçmışdır. Daha sonra atası da arxasınca həyətə düşmüş və anasının kömək çağırdığını görüb boğazından tutub boğmağa başlamışdır. Nənəsi, qardaşı və o, anasını atasının əlindən almağa çalışmışdır. Həmin vaxt atası onları buraxaraq həyətdə olan sukuteri götürərək onları vurmaq üçün havada fırlatmağa başlamış və skuter nənəsinin gözünə dəymişdir. Bu vaxt qardaşı Əli atasını sakitləşdirmək məqsədilə yerdə olan bankanı götürərək atasına tərəf atmış və banka atasının sifətinə dəymişdir. Bu vaxt atası özünə qarşı müxtəlif formalarda xəsarətlər yetirməyə başlamış buna görə də nənəsi X2 DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası artıq bir neçə dəfə evlərində münaqişə yaratmış, anasına, nənəsinə, qardaşına və ona xəsarətlər yetirmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə anası və atası evə gəlmiş, anası üstünü dəyişmək üçün otağa keçmiş, atası da arxasınca getmişdir. O isə qardaşı Ruzigar ilə birlikdə salonda olmuşdur. Daha sonra otaqdan anası və atasının səsləri gələrək anasının kömək çağırdığına görə o, otağa keçmiş, atasının anasını döyərək yerə yıxdığını, cinsiyyət orqanına bıçaq dirədiyini görmüş və onları ayırmağa çalışmışdır. Həmin vaxt qardaşı da otağa girmiş və birlikdə onları ayırmışlar. Anası atasının əlindən çıxaraq həyətə qaçmış, atası əlində olan rezakla qardaşı Ruzigarın boğazını kəsməyə çalışmış, qardaşı da atasının əlindən çıxaraq həyətə qaçmışdır. Daha sonra atası da onalrın arxasınca həyətə düşmüş və anasının kömək çağırdığını görüb boğazından tutub boğmağa başlamışdır. Nənəsi, qardaşı və o, anasını atasının əlindən almağa çalışmışdır. Həmin vaxt atası onları buraxaraq həyətdə olan sukuteri götürərək onları vurmaq üçün havada fırlatmağa başlamış və skuter nənəsinin gözünə dəymişdir. Həmin vaxt yerdə olan banka onun gözünə sataşmış, anasına kömək etmək məqsədi ilə yerdə olan bankanı götürərək atasına tərəf atmış və banka atasının sifətinə dəymişdir. Bu vaxt atası özünə qarşı müxtəlif formalarda xəsarətlər yetirməyə başlamış buna görə də nənəsi X2 DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 788 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 1950-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitası və sağ almacıq nahiyələrini əhatə edən sahənin dərialtı hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə dəmir parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, təqsirləndiirlən şəxs Qədirov X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən bir ildən daha az müddət keçməsini nəzərə alaraq onun məhkumluğu ödənilməmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X2 arasında barışıq əldə olunması, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmaması hər ikisinin məhkəməyə təqdim etdikləri ərizələri ilə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-615/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-615/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver