Məhkəmə qərarları › İş №1(012)-615/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-615/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-615/2024 05.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, 3-cü dərəcəli əlil, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Şıxlar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi “Honda-İnsight” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə Bakı-Sumqayıt şossesi istiqamətində «Briliant» şadlıq sarayının qarşısında saatda 30 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitələrinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkətini davam etdirməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək hərəkət istiqamətində yolun sağ tərəfində piyada keçidinin qarşısında dayanmış nəqliyyat vasitəsinin qarşısından yolun hərəkət hissəsini sağdan sola keçən 1953-cü il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ tərəfi ilə vurub onun ehtiyatsızlıqdan ağır kəllə-beyin travması, baş-beyinin hər iki alın-təpə paylarında yumşaq qişası altına qansızmalar, alın-təpə paylarında beyinin sərt qişası altına qansızma, beyinin hər iki yan mədəciyinə qansızmalar, sol gicgah nahiyəsinin, alın nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol almacıq nahiyəsinin hematoması, hər iki döş boşluğuna qanın və havanın yığılması, sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, sol incik sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında gündəlik ödəmək şərti ilə icarəyə götürdüyü “Honda-İnsight markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Nəqliyyat vasitəsini idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İcarə götürdüyü avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur.08 noyabr 2023-cü il tarixdə saat 17 radələrində evdən çıxıb Xırdalan şəhərinə iş dalınca getmək üçün avtomobillə Masazır qəsəbəsi Ə.Vahid küçəsi ilə Bakı-Sumqayıt şossesi istiqamətində hərəkət etmişdir. Hərəkət etdiyi yol iki tərəfli yol olmuşdur. Avtomobilndə həmin vaxt sərnişin və yük olmamışdır. Masazır bələdiyyəsinin yaxınlığından saatda 25-30 km sürətlə hərəkətdə olarkən yolun sağ kənarında dayanmış avtobusun qarşısından bir nəfər qadının qəfil yolun hərəkət hissəsinə çıxıb sağdan sola piyada getməsini görmüş, həmin vaxt qadınla aralarındakı məsafə az olduğu üçün avtomobilinin qabaq sağ hissəsi qadına toxunduğu və zərbə nəticəsində qadının baş nahiyəsi avtomobilin alın şüşəsinin dirəyinə dəyərək asfaltın üzərinə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb həmin qadına yaxınlaşmışdır. Yolun kənarında olan tanımadığı şəxslərin köməkliyi ilə xəsarət alan həmin qadını idarə etdiyi avtomobilə qoyaraq əvvəl Abşeron rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada həmin qadına ilkin tibbi yardım göstərildikdən sonra o, həmin qadını maşını ilə Bakı şəhərinə X5 aparmışdır. Yolda vurduğu qadından oğlunun telefon nömrəsini alıb zəng vuraraq hadisə barədə məlumat vermişdir. Masazır dairəsində həmin qadının oğlu Bəhram adlı şəxslə görüşüb birlikdə qadını X5 aparmışlar.Həmin vaxt Abşeron rayon polis idarəsinin əməkdaşları xəstəxanaya gələrək baş vermiş hadisə ilə bağlı onu sorğu-sual etmişlər. Xəstəxanada ona vurduğu piyadanın Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. O, Zərərçəkmiş şəxs və sonuncunun ailə üzvlərini tanımamış, onlarla heç bir ədavətim və düşmənçiliyi olmamışdır. Polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçirib sonra izahatını almışlar. Hadisə baş verərkən hava yağmırsuz olmuş, Zərərçəkmiş şəxs avtobusun qarşısından qəfil yola çıxanda onun gəldiyi istiqamətə baxmadığı üçün hərəkətini davam etdirib yolu keçmişdir. Həmin vaxt ara məsafəsi təxminən 2-3 metr olduğundan piyadanı vurmamaq üçün avtomobili sola istiqamətləndirsə də avtomobilin qabaq sağ tərəfi ilə vurmuşdur. Hadisə vaxtı o, spirtli içki qəbul etməmiş, avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü təqaüdçüdür. 08 noyabr 2023-cü il tarixdə saat təxminən 17 radələrində dərman almaq üçün evdən çıxıb Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən aptekə gedərkən həmin küçədə avtomobil yolunu piyada zolağına daxil olub yavaş-yavaş keçərkən sol tərəfdən gələn avtomobil onu qabaq sağ tərəfi ilə vurması nəticəsində bir-neçə metr qarşıda asfaltın üzərinə yıxılmışdır. O, yolu keçməmişdən əvvəl sol tərəfdən avtomobil gəlməsini görməmişdir. Həmin vaxt yolun kənarında avtobus dayanmışdır. O, təxminən 2 metr məsafə qət etmişdir ki, qəfil sol tərəfdən gələn avtomobil onu vurmuşdur. Həmin vaxt baş, qabırğa və diz nahiyələrindən xəsarət aldığı üçün küt ağrı hiss etmiş və bir anlığa huşunu itirmişdir. Özünə gələndə tanımadığı şəxslərin onu avtomobilə qoyduğunu görmüşdür. Həmin vaxt onu vuran avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ona köməklik edib öz maşını ilə Abşeron rayon xəstəxanasına aparmışdır.Hüsein ondan ailə üzvlərinin nömrəsini istəmiş, o, oğlunun nömrəsini Hüseinə vermişdir. Hüsein oğluna zəng vuraraq hadisə barədə məlumat vermişdir. Abşeron rayon xəstəxanasında ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətinin ağır olması səbəbindən onun Bakı şəhərinə X5 aparılmasını məsləhət görmüşlər. Hüsein onu öz maşını ilə X5 aparmışdır. Oğlu Bəhram və qızı Mədinə də X5 gəlmişlər. 08 noyabr 2023-cü il tarixdən 24 noyabr 2023-cü il tarixədək xəstəxanada stasionar müalicə aldıqdan sonra müalicəsini evində davam etdirmişdir. Müalicəsi ilə bağlı sürücü Hüsein İsmayılov tərəfindən ona heç bir yardım göstərilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 2610 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - ağır kəlləbeyin travması, baş-beyinin hər iki alın-təpə paylarında yumşaq qişası altına qansızmalar, alın-təpə paylarında beyinin sərt qişası altına qansızma, beyinin hər iki yan mədəciyinə qansızmalar, sol gicgah nahiyəsinin, alın nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol almacıq nahiyəsinin hematoması, hər iki döş boşluğuna qanın və havanın yığılması, sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, sol incik sümüyünün yerdəyişməyən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-8/3795 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Honda-İnsight markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 2/44373 nömrəli tibbi müayinə protoklundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq vəziyyətdə olmuşdur. Abşeron RPİ-nin DYPŞ-dən alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazıradək ötən müddət ərzində sürücülük hüququ məhdulaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. MV nömrəli 00250 saylı vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Honda-İnsight” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən Qarabağ Müharibəsi veteranı olmasını və İİİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməmiş, və onunla barışıq əldə etməmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsə də onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almış, həmçinin maddi zərər də dəymişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmasından sonra hal-hazıradək icraatda olduğu müddətdə təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir, ona görə təqsirləndirilən şəxsin bu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “Honda-İnsight” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla ona təyin olunmuş cəzadan çıxılsın, qəti olaraq üzərində 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Honda-İnsight” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar