Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-615/2025 09.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi Müseyib oğlunun iştirakı ilə xx.xx.1995-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə dövriyyəsi qadağan edilmiş və həmin tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə siyahılar”na (İ Siyahı) daxil olan bir ədəd gümüşü rəngli kağız bükümdə çəkisi 0,330 qram olan xeyli miqdarda ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış və Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış, 19 oktyabr 2024-cü il tarixdə saat 19:08 radələrində X8 əməkdaşları tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, “Şanlı” marketin qarşısında şübhəli şəxs qismində saxlanılaraq orada saat 20:29-dan 20:39-dək videoçəkilişlə üzəri yoxlanılan zaman əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən 1 (bir) ədəd gümüşü rəngli sellofan bükümdə çəkisi 0,330 qram olan ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 19 noyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 10 manat müqabilində 01 ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na daxil edilmiş 0,198 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonu, Novxanı kəndinə daşımış və saxlamış, 20 noyabr 2024-cü il tarixdə Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən oğurluq hadisələrinin törədilməsində şübhəli bilinərək Abşeron rayonu, Novxanı kəndində yerləşən qəbirstanlığın yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib onunla profilaktiki söhbət edilən zaman narkotik vasitə istifadəçisi olduğunu etiraf etdiyi üçün orada həmin gün saat 22:50-dən 21:00-a kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,198 qram çəkidə xeyli miqdarda qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla yaşayır və narkotik vasitə aludəçisidir. xx.xx.2024-cü il tarixdə narkotik vasitə almaq üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisinə getmiş, orada küçədə narkotik vasitə satan şəxslərin olduğu deyilmişdir. O, küçədə gəzən zaman tanımadığı şəxs əhval-ruhiyyəsindən narkotik vasitə aludəçisi olduğunu başa düşmüş və heroin təklif etmişdir. Həmin şəxs qəhvəyi rəngli narkotik vasitə heroini bir ədəd sellofan bükümdə 10 manat müqabilində satmış, daha sonra isə həmin narkotik vasitəni üzərində yaşadığı Novxanı kəndində gətirmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində yaşadığı kəndin qəbirstanlığının yaxınlığında piyada irəliləyən zaman mülki geyimli polis əməkdaşları oğurluq hadisələrinin törədilməsində şübhələnib onu saxlamış və Abşeron RPİ-nə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəlmiş, orada söhbət edilən zaman narkotik vasitə istifadə etdiyini bildirmiş və buna görə üzərində narkotik vasitə olduğundan şübhə yarandığı üçün şəxsi axtarış keçirilməsi qərarlaşdırılmışdır. Daha sonra xidməti otaqların birində təhqiqatçının, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməyi təklif edilmiş, o da əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroini çıxarıb təqdim etmiş və həmin vaxt təhqiqatçı narkotik vasitəni hansı məqsədlə əldə etdiyini soruşanda sonuncuya narkotik vasitə istifadəçisi olduğunu və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüşdür. Ona polis idarəsində heç bir fiziki güc və zorakılıq olunmamışdır. İlkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdəki imzalar özünə məxsus olub heç bir təzyiq olmadan çəkmişdir. Etdiyi əməldən peşman olduğunu və bir daha narkotik vasitə qəbul etməyəcəyini bildirmişdir. Bundan əlavə bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olsa da, satışı ilə də məşğul olmamışdır. Bundan başqa əldə elədiyi narkotik vasitə və psxotrop maddələri əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə edir. 14 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsindən avtobusla Sumqayıt şəhəri istiqamətində gedərkən üzdən tanıdığı lakin adını və ünvanını bilmədiyi şəxslə avtobusda görüşmüş və onunla söhbət etməyə başlamış, əvvəllər məhkumluq həyatı yaşadığından həmin şəxsi cəzaçəkmə müəssisələrindən hansındasa gördüyünü və həmin şəxsin də narkotik vasitə alduəçisi olduğunu bilmişdir. Avtobusda söhbət edərkən həmin şəxs ona hələ də narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu bildirmiş, o da qolunda ağrılar olduğunu, ona görə narkotik vasitələrən aradabir istifadə etdiyini bildirmişdir. Həmin şəxs əgər istəyirsə ona bir büküm metamfetamin verə biləcəyini demiş, o da razılaşmışdır. Daha sonra həmin şəxs cibindən bir büküm çıxardaraq ona vermiş və “Patı” adlanan metamfetamin olduğunu bildirmişdir. O, sonuncunun verdiyi gümüşü rəngli folqa adlanan bükülünü açıb baxmış və içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Daha sonra həmin şəxslə sağollaşmış və dayanacaqda avtobusdan düşmüşdür. Həmin bükümü götürüb əynində olan gödəkçəsin iç cibinə qoymuş, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində işdən çıxıb avtobus yoluna çıxmaq üçün Qobu qəsəbəsi ilə hərəkət etmişdir. Bu zaman əlində işə yemək apardığı sellofan torba və əlimdə olan qara rəngli dəri gödəkçənin sol iç cibində isə 14 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsıbəsində tanımadığı şəxsədn aldığı psixotrop maddə metamfetamin olmuşdur. Bu zaman Abşeron Rayonu, Qobu qəsəbəsində “Şanlı” marketin qabağı ilə piyada şəkildə gedən zaman 4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, onlar xidməti vəsiqələrini çıxararaq özlərini təqdim etmiş, həmin şəxslərin X8 əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələr istifadə etməkdə habelə üzərində qanunsuz olaraq psixotrop maddə gəzdirməkdə şübhəli olduğunqu ona bildirmiş, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında onu qərarla tanış etmişlər. O da həmin zaman polis əməkdaşlarına narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu demişdir. Daha sonra polis əməkdaşları üzərinə videoçəkilşlə baxış edəcəklərini və onun baxışa etirazı olub olmadığını soruşmuşlar. O da üzərinə videoçəkilişlə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, sonra saxlanıldığı ərazidə üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o da əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən bir ədəd gümüşü rəngli folqaya bükülmüş bükümü çıxardaraq onun psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 14 oktyabr 2024-cü il tarixdə səhər saat 9-10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı şəxsdən əldə etdiyini və üzərində saxladığımı bildirmişdir. Daha sonra üzərinə videoçəkilişlə baxış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra üzərində aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamin götürülərək zərfə qoyulmuş, üzəri DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon Pİ-nin Saray PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis leytenantıdır. xx.xx.2024-cü il taridə xidmətdə olarkən Saray PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı ərazidə apararkən, həmin vaxtı bir nəfər şəxsin kənardan onları görüb özünü şühhəli aparmasına görə həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxsin özünü qeyri səmimi aparması və ona verilən suallardan yayınması şübhə yaratdığından həmin şəxsi Saray PB-nə dəvət etmişlər. Saray PB-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə olunması üçün müdafiəçinin iştirakı təmin edilmiş və üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə oxşar kütləni çıxarıb təqdim etmiş, həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni hansı məqsədlə əldə etdiyi soruşulduqda həmin şəxs narkotik vasitə istifadəçisi olduğunu və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, üzərində narkotik vasitə gəzdirməsində şübhəli bilinən şəxs xx.xx.1995-ci ildə Abşeron rayonu Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Abşeron RPİ-nin Qobu PB-nin əməllyyat müvəkkili polis kapitanı Şahid4 və Abşeron RPİnin Qobu PB-nin əməliyyat müvəkkili polis baş leytenantı X2 iştirakları ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 19 oktyabr 2024-cü il tarixdə, saat 19:08-də Abşeron rayonu, Qobu qəsəbəsi, "Şanlı" marketin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli gödəkcəsinin sol iç cibində saxladığı 1(bir) ədəd gümüşü kağız bükümü çıxarıb təqdim etmiş və içərisində kristal formada, boz rəngli metanfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərindən qara rəngli təsbeh və şəxsiyyətini təsdiq edən sənəd, əlində isə rəngli selofan paketdə olan yeməyə salat və çörək olmuşdur. Həmin salat və çörək sonradan Təqsirləndirilən şəxs özünə yemək üçün qaytarılmış, həmin narkotik maddəyə bənzər kütlə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, əməliyyat çəkilişi Abşeron rayonu, Qobu qəsəbəsi, "Şanlı" marketin yaxınlığında keçirilmiş, əməliyyat çəkilişi zamanı «Xiomi» markalı videokamera vasitəsi ilə Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili polis leytenantı X4 tərəfindən video çəkiliş aparılmış, protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında tərtib edilmiş və iştirakçılara ucadan oxunub imzalarla təsdiq edilmiş, sonra protoloka 1(bir) ədəd DVD əlavə olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməllyyat müvəkkili polis kapitanı Şahid4 və Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili polis baş leytenantı X3 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6/5254 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən..» yazılar və imzalar olan kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,198 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,148 qram - 0,05 qram narkotik vasitə - heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6/4937 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..» yazılar və imzalar olan kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,330 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(qalıq 0,280 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli 7665 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,148 qram narkotik vasitə heroin və 0,280 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Hacıyev X5 Rayon Məhkəmənin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ibtidai istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-in Qobu PB-in xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində xx.xx.2025ci il tarixdə tutularaq, aidiyyəti üzrə Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, xx.xx.2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun qara rəngli gödəkcəsinin sol iç cibində saxladığı1(bir) ədəd gümüşü kağız bükümü çıxarıb təqdim etmiş və içərisində kristal formada, boz rəngli metanfetaminə bənzər maddə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun qara rəngli gödəkcəsinin sol iç cibində saxladığı1(bir) ədəd gümüşü kağız bükümü çıxarıb təqdim etmiş və içərisində kristal formada, boz rəngli metanfetaminə bənzər maddə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək Abşeron rayon polis idarəsində həbsdə saxlanıldığı 05 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu iki ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,148 qram narkotik vasitə heroin və 0,280 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Müseyib oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək həbsdə saxlanıldığı 05 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 179 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,148 qram narkotik vasitə heroin və 0,280 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Müseyib oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-615/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-615/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver