Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-616/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 İlyas qızının iştirakı ilə xx.xx.1985-ci ildə Şamaxı rayonu Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, “xxxx” ASCdə mühafizəçi işləyən, məhkum olunmamış, Şamaxı rayonu, Qaravəlli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Atyalı yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən yaşadığı evdə, verdiyi yeməyin dadsız olduğuna görə aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyyələrindən əli ilə qəsdən vuraraq, ona sol gözün ağılı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların, sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyyə də əhatə olmaqla qançırı, sol bud nahiyyəsinin yuxarı və orta 1/3-nin, sağ bud nahiyyəsinin qançırlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, “xxxx” ASC-də mühafizəçi işləyir. İşdə həm gecə, həm də gündüz növbəsində olur. Gecə növbəsində işi saat 18 radlərində başlayır, növbəti gün saat 09 radələrində işdən çıxır, gündüz növbəsi isə saat 09 radələrində başlayır, axşam 21 radələrində iş qutarır. Zərərçəkmiş şəxs onun dayısı qızıdır, Nahidə İsmaylova ilə 7 ildir ki, ailə qurmuş və birgə nikahdan iki uşağı vardır. Nahidə İsmaylova ilə ailə qurandan sonra da münasibəti yaxşı olmuş, ancaq onların həyatına qaynatası müdaxilə edir. Belə ki, qaynatası gəlir hər dəfə Nahidən İsmaylovanı və uşaqları evinə aparır, orada saxlayır. Dəfələrlə gedib həyat yoldaşını və uşaqlarını qaynatısının evindən götürüb evinə gətirmişdir. xx xxxx 2020-ci il tarixdə ailəsi ilə birlikdə evdə olan zaman, aralarında heç bir mübahisə və dalaşma olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında işdən evə gəlmiş, Nahidənin ona veridiyi yeməyin dadsız olmasını bəhanə gətirərək Nahidə ilə mübahisə etmişdir. Mübahisə zamanı əli ilə Nahidənin bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 7 ildir ki, ailə qurmuş və onunla birgə nikahdan iki uşağı vardır. Təqsirləndirilən şəxs həm də onun bibisi oğludur. Təqsirləndirilən şəxsnan ilə ailə qurandan sonra münasibətləri yaxşı olmamış, mütəmadi olaraq aralarında mübahisələri olmuşdur. Həyat yoldaşı Təqsirləndirilən şəxsnan ancaq ailə daxili münasibətlər zəminində mübahisələri olurmuş və 4-5 dəfə də əvvəllər Təqsirləndirilən şəxs onu evdə döymüş, lakin heç yerə bununla bağlı müraciət etməmişdir. Ancaq valideyinləri onları barışdırmışdır. xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs evdə axşam yeməyini istəmiş, lakin mətbəxdə yemək veriləndən sonra, Gündüz yeməyin dadsız olduğunu ona irad bildirərək, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Gündüz onun bədəninin müxtəlif nahiyyələrindən əli ilə vuraraq onu döymüşdür. Həmin vaxt evdə 1 və 5 yaşlı uşaqlarından başqa heç kim olmamışdır. Bu barədə heç kimə məlumat verməmişdir. xx xxxx 2020-ci il tarixdə qardaşı Şahid1 onlara qurban əti gətirərkən onun sifətində xəsarət izini görüb, xəsarəti nəyə görə aldığını soruşmuşdur. Həmin vaxt Zahidə Gündüzün onu döydüyünü bildirmişdir. Qardaşı da əsəbiləşib Gündüz döyməsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Ondan sonra uşaqlarını da götürüb, qardaşı ilə atasının evinə gedib, orada yaşamağa başlamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında, ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki Təqsirləndirilən şəxs onun bibisi oğludur, bacısı Zərərçəkmiş şəxs ilə 7 ildir ki, ailə qurmuşdur. Onların birgə nikahdan iki uşaqları vardır. Gündüz və Nahidə ailə qurandan sonra münasibətləri yaxşı olmamış, mütəmadi aralarında mübahisələri olmuşdur. Hətta dəfələrlə Nahidə əri tərəfdən döyüldüyünü onlara bildirmişdir. Lakin, onlar həm qohum olduğu üçün ailənin dağılmasını istəmədiklərindən onları barışdırmışlar. xx xxxx 2020-ci il tarixdə bacısı Nahidənin evinə qurban ətini aparmış, bu zaman onun sifətində xəsarət olduğunu görmüş və ondan sifətindəki xəsarəti kim yetirdiyini soruşanda, Gündüzün döydüyünü bildirmişdir. Bundan əsəbiləşərək DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra bacısını və azyaşlı uşaqlarını götürüb evinə gətirmiş, ondan sonra da Nahidə polis bölməsində ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında, ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 1481 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayyinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün ağılı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların – sol-üst və alt göz qapaqlarının sol gözaltı nahiyə də əhatə olmaqla qançırı, sol bud nahiyyəsinin yuxarı və orta 1/3-nin, sağ bud nahiyyəsinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-616/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-616/2020
30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver