Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-616/2024 04.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1978-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və yaşamış, Abşeron rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qərarı ilə axtarış verilərək, barəsində "həbs" qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Məhəmmədi kəndi, Yeni Məhəllədə yerləşən evə pəncərədən qanunsuz daxil olaraq, həmin evdə qonaq otağında olan bir ədəd “Samsung” markalı dəyəri 1400 manat olan televizoru və evin həyətində hasara birləşdirilmiş şəkildə olan bir ədəd dəyəri 60 manat olan su matorunu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1460 manat ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, O, sonuncu dəfə narkotik vasitələrdən də istifadə etdiyinə görə 30 sentyabr 2022-ci il tarixdə Sabunçu rayon məhkəməsinin hökmü ilə 01 il 07 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda ittiham olunduğu oğurluq əməlini digər cinayət əməli ilə məhkum olunmamışdan əvvəl törətmişdir. Zərərçəkmiş şəxs onun doğma əmisidir və baş vermiş hadisəyədək münasibətləri yaxşı olumuşdur. Maddi sıxıntıları olduğu üçün oğurluq etmək qərarına gəlmiş, 03 may 2022-ci il tarixdə həmin mənzilə daxil olduqda evdə yaşayış olduğunu, lakin ev sahibinin evdə olmadığını başa düşmüşdür. Ətraf qaranlıq olduğundan o, əlində olan alışqanın işığı ilə həmin evin içərisini gəzməyə başlamış və qonaq otağında olan böyük televizoru oğurlamağı qərara almış və televizoru əlinə götürüb pəncərədən çıxmış, həyətində divara bərkidilmiş su motorunu da görüb oğurlamaq qərarına gəlmiş və əşyaları götürərək həyətdən çıxaraq, oğurladığı su motoru və televizoru yaşadığı Abşeron rayonu, Məhəmmmədi qəsəbəsində yerləşən evinə aparmışdır. O, oğurladığı əşyaları həyətdə yerləşən toyuq hininə qoymuşdur. Sonra da həmin əşyaları sataraq pulunu şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməllərini törədərkən tək olduğunu, törətmiş olduğu hadisə barədə heçkəsə məlumat vermədiyini və başqa hər hansı oğurluq cinayəti törətmədiyini, zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəyərək, barışıq əldə etməsini, həmçinin himayəsində yetkinlik yaşına çatmayn övladının olmasını bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı oğludur. Belə ki, 03 may 2022-ci il tarixdə, təxminən saat 23 radələrində evdə olan zaman sudan istifadə etmək istəyərkən suyun gəlmədiyini görüb hər hansı nasazlığın olub-olmamasını yoxlamaq üçün evin giriş qapısından həyətə çıxmışdır. O, giriş qapısının sağ tərəfində olan su mühərrikinin yerində olmadığını və naqillərin kəsilərək sallandığını aşkar etmişdir. O, yerindəcə oğurluq hadisəsi baş vediyini anlamş, cəld evə baxmaq üçün ikinci mərtəbəyə qalxmış, yataq otağının pəncərəsinin açıq olduğunu görmüş və qonaq otağından televizorun yerində olmadığını aşkar etmişdir. Baş vermiş hadisə barədə 102 xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 1460 manat məbləğində maddi ziyan dəymişdir. Televizorun dəyəri 1400 manat su mühərrikinin dəyəri isə 60 manat təşkil edir. Sonda Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən mənzilindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəməsini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” barədə 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır; - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40 radələrində şübhəli şəxs qismində tutulmuşdur; - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİnin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarətu altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs 24 yanvar 2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, 03 may 2022-ci il tarixdə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən mənzilindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq qardaşı oğlu Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə sonuncu tərəfindən ödənildiyini, hal-hazırda ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Binəqədi rayon Məhkəməsinin qərarına əsasən 03 ay, 23 gün müddət vaxtından əvvəl şərti azad edilmişdir. O, sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 1(008)-593/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) ill 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 06 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; - “Barəsində axtarış elan edilmiş təqsirləndirilən şəxsin könüllü istintaqa gəlməsi” barədə 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə, saat 12:10 dəqiqədə könüllü olaraq Abşeron RPİ-nin İstintaq Şöbəsinə gələrək, özünü təqdim etmişdir; - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməsi” barədə 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir; - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş materiallarında olan və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollar, istintaq hərəkətləri protokollarına əlavələr və digər istintaq hərəkətləri obyektiv olub, cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindəm həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından cinayət işi üzrə mötəbər sübutlar ki qiymətləndirilmiş, təqsirləndirilən şəxsin əl-barmaq izləri maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbir qüvvəsində saxlanılmışdır; - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri Abşeron Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 1(012)-616/2024 saylı qərarına əsasən həbs qətimkan tədbiri ilə əvəz olunaraq, barəsində axtarış verilmiş, sonuncu 24 oktyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, aidiyyəti üzrə təhvil verilmişdir; - “Maddi sübut kimi tanıma haqqında” 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, aparılmış istintaq zamanı əl-barmaq izləri cinayət təqibi üzrə mühüm əhəmiyyətə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir; - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 mart 2013-cü il təvəllüdlü X2 adlı uşağı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, onun əmisinə məxsus mənzilə daxil olmağa icazəsi olmamış, həmçinin qanunsuz daxil olaraq, həmin evdən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus əşyaları talamaqla oğurluq etmişdir. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanı çəkməkdən 03 ay 23 gün əvvəl azad edilmiş, məhkumluğun ödənilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət keçmədən yenidən 03 may 2022-ci il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən məhkumluğu ödənilməmişdir, bu hal isə öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Həmçinin sadalanan əməllər Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 1(008)-593/2022 saylı hökmündən əvvəl törədildiyi üçün təhlükəli residiv kimi qiymətlənirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər də azadlıqdan məhrum etmə cəzasına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməsini, həmin vaxt üçün məhkumluğunun ödənilməməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, eyni zamanda onun törətdiyi əməlin davamlılığını, təkrarlanmasını və əməlində cinayətlərin residivi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə oğurluq əməlini həmin hökmdən əməldən əvvəl yəni, 03 may 2022-ci il tarixdə törətmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-593/2022 saylı 09 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 03 may 2022-ci il tarixdə törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəza digər cinayət işi üzrə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, əvvəlki hökm üzrə təyin edilmiş və çəkilmiş cəza müddəti, həmçinin hazırkı iş üzrə məhkəməyədək icraat dövründə saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla üzərində qəti cəza müddəti saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona cinayətlərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində məhkəmə dövründə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 24 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış aparılmış istintaq zamanı əl-barmaq izlərinin saxlanması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmaldır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də maddi sübutların saxlanması otağına təhvil verilmiş əl-barmaq izləri - hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 1(008)-593/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, həmçinin hazırkı iş üzrə məhkəməyədək icraat dövründə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmiş əl-barmaq izləri- hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-616/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-616/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver