Məhkəmə qərarları › İş №1(012)-616/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-616/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-616/2025 01.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi iştirakları ilə, 06 fevral 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən 15 manat pul müqabilində satış məqsədi olmadan xeyli miqdarda təsir maddəsinin miqdarı 0,04 qram olan bir ədəd narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, 28 fevral 2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində saxlanılıb ünvan 3 ünvanında yerləşən Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin inzibati binasına gətirilib, orada xidməti otaqların birində həmin tarixdə saat 18:20-dən saat 18:35-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə metadon təsir maddəsinin miqdarı 0,04 qram olan bir ədəd həb əynində olan şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 27 fevral 2024-cü il tarixdə səhər saatlarında şəxsi işi ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu ərazisində olduğu zaman bir nəfərlə tanış olmuş və həmin şəxsində onun kimi narkotik vasitə istifadəçisi olduğu ona məlum olmuşdur. Həmin şəxsdən üzərində narkotik vasitə olub-olmaması barədə maraqlanmış, sonuncu isə üzərində bir ədəd metadon həbi olduğunu və həmin həbi 15 manata satdığını bildirmişdir.O da qiymət barədə razılaşaraq pulu həmin şəxsə vermiş və əvəzində dərmanı almışdır. Bundan sonra həmin bir ədəd dərmanı şəxsi istifadəsi üçün cibinə qoymuş və işlərini yekunlaşdırdıqdan sonra yaşadığı Mehdiabad qəsəbəsinə qayıtmışdır. Lakin dərmandan istifadə etməyib üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən “Günəş” uşaq bağçasının yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onu üzərində şəxsi axtarış aparılması üçün Mehdiabad PB-nə dəvət etmişlər. O da razılaşıb birlikdə polis bölməsinə getmişdir. X2 zaman xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra hüquqlarının müdafiə olunmasından ötrü dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd narkotik vasitə olan metadon həbini çıxardıb təqdim etmişdir. Bundan sonra isə ondan aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuşlar, doğruluğunu imzaları ilə təsdiq etmişlər.Əməlindən səmimi peşmandır. Artıq narkotik vasitə istifadə etmir. İlk dəfə cinayət əməlini törətməsini, işləyərək yaşlı anasına baxmağının nəzərə alınmasını və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət axtarış üzrə əməliyyat müvvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, nömrəsiz fərdi yaşayış evində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və müvafiq əməliyyat qrupunun yaradılmasına icazə verilməsi məqsədi ilə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Müvafiq icazə verildikdən sonra Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən “Günəş” baxçasının yaxınlığında olarkən görüb Samirə yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu izah edib əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Həmin yerdə müvafiq sənədləşmə üçün şərait olmadığından və insanların intensiv hərəkəti səbəbi ilə Təqsirləndirilən şəxs müvafiq hərəkətlərin icrası üçün Abşeron RPİ-nə dəvət etmişlər.Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə getmişdir. Bundan sonra xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Nəsimi Musayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra əməliyyat müvəkkili Şahid2, Nəsimi Musayevin hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 və onun iştirakı ilə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Nəsimi Musayev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən üzərində “methadon 40” sözləri yazılmış bir ədəd konvalyutu içərisində olan həb ilə birlikdə təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə metadon olduğunu, 27 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “Mərkəzi Binəqədi” deyilən ünvandan tanımadığı şəxsdən 15 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 28 fevral 2024-cü il tarixdə, saat 18:00-da Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1228 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutda, 1(bir) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli həbdir və həmin həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır.Qeyd: 1 ədəd metadon həbindən ½ ədədi tədqiqata sərf edildi, qalıq ½ ədəd həb. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. - “Cinayət işinin başlanması haqqında” və “cinayət işinin icraata qəbul edilməsi haqqında” 29 fevral 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılmasından ötrü icraata götürülmüşdür. - “Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 01 mart 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Gündüz Haxızadənin vəsatəti təmin edilməmişdir. - “Qətimkan tədbiri seçilməsi və X6 azad edilmə haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X6 dərhal azad olunmuşdur. - “Maddi sübut hesab edilməsi barədə” 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış ½ ədəd meatdon həbi iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 aprel 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - “Cinayət işi üzrə icraatın təzələnməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və Xətai RPİ-nin İŞ-nin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X3 haqqında 27 may 2024-cü il tarixli, 3747 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnn barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqı sonuncu nömrə altında davam etdirilmişdir. - “Təqsirləndirilən şəxsin yenidən ittiham edilməsi haqqında” 02 avqust 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə və təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi barədə qərarların ləğv edilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Xəta RPİ-nin İŞ-nin müstəntiqi Həmid Ağayev tərəfindən qəbul edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarları ləğv edilmişdir. - “Cinayət işlərinin ayrılması və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə xitam verilməsi haqqında” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilib, Xətai RPİ-nə göndərilməklə ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işindən ayrılmış və ibtidai istintaqın davam etdirilməsi üçün Abşeron RPİ-nə göndərilmişdir. - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir. - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. - “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü şəkildə Abşeron RPİ-nin İstintaq Şöbəsinə gəlmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus tədqiqatdan sonra ½ metadon həbi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 28 fevral 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə olunmuş, həmçinin iş üzrə təqsirləndirilən şəxsin etirafedici və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, diskə baxış protokolu, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə 28 fevral 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd mavi rəngli şalvarın sağ yan cibindən 01 ədəd üzərində metadon yazısı olan həbi çıxaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, metadon həbini xx.xx.2024cü il tarixdə günorta saatlarında Binəqədi rayonu ərazisində tanımadığı bir nəfər şəxsdən 15 manata öz istifadəsi üçün almış və üzərində daşımışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya qanunsuz hər hansı bir maddə aşkar olunmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metadonun şəxsi istehlak üçün yuxarı miqdarı 0,02 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, şəxsin islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halların olmaması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza yalnız törədilmiş əmələ görə cəzalandırma funksiyası daşımır, eyni zamanda gələcəkdə belə əməllərin qarşısını almaq məqsədi daşıyan tərbiyəedici və çəkindirici tədbirdir. Hər hansı bir yüngülləşdirici hal olmadan, yalnız təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini əsas gətirərək təqsirləndirilən şəxsə qarşı adekvat olmayan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın tətbiqi bu cür pozuntuların təkrar baş verməsinə səbəb ola bilər. Belə hallarda isə cəzanın fərdiləşdirilməsi prinsipinə əməl olunmaqla, aşağı həddə azadlıqdan məhrum etmə kimi daha sərt cəzanın tətbiqi həm cəmiyyətə, həm də konkret şəxsə qarşı effektiv çəkindirici təsir göstərəcək və onun islah olunmasına, gələcəkdə onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda əsas rol oynayacaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altıa vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 01 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 27 may 2024-cü il tarixli, 3747 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ½ metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 165 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 01 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1 (bir) ədəd metadon həbinin ½ hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi-114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar