Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-617/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 İlyas qızının iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla, Binəqədi rayonu “28 may” qəsəbəsi, 2-ci parallel küçəsi ev 59 ünvanında yaşayan, barəsində, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X4 özgə əmlakını gizli yolla talamaq məqsədlə ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Natəvan küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı həyətdən götürdüyü dəmir külünglə qoparıb, pəncərənin şüşəsini sındırmaqla həmin pəncərədən evə qanunsuz daxil olaraq, qonaq otağında olan ağ rəngli paltar dolabındakı mücrünün içərisindən ümumi dəyəri 4000 manat olan 01 ədəd 750 əyyarlı qadın qızıl üzüyü, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbaq və 01 cüt qızıl sırğadan ibarət qızıl dəstini, 1000 manat dəyərində 01 ədəd 750 əyyarlı briliant qaşlı kişi qızıl nişan üzüyünü, 290 manat dəyərində 02 cüt 585 əyyarlı uşaq qızıl sırğalarını, 200 manat dəyərində 01 ədəd 585 əyyarlı qadın qızıl qolbağısını, 750 manat dəyərində 01 ədəd 750 əyyarlı briliant qaşlı qadın qızıl nişan üzüyünü, 500 manat dəyərində 01 ədəd 585 əyyarlı qızıl qadın üzüyünü və həmin dolabda pul qabının içərisindən 780 manat məbləğində nağd pulu oğurlayıb, Zərərçəkmiş şəxs ümumilikdə 7520 (yeddi min beş yüz iyirmi) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç yerdə işləmədiyi üçün, maddi cəhətdən sıxntıları olduğundan, oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxxx 2020-ci il tarixdə yaşadığı evdən çıxıb, taksi ilə Bakı şəhərinə gedirmiş və həmin vaxt üzərində təxminən 100-110 manat civarında pul olmuşdur. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindən keçərkən, oğurluq etmək fikrini qətiləşdirib, həmin ərazidə taksidən düşüb, piyada gəzərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Natavan küçəsində boş ev axtarmağa başlamışdır. Bu zaman bir evin həyətinin qapısının bağlı olduğunu görüb evi yoxlamaq üçün həyətin qapısını döymüşdür. Lakin, evdən heç kimin çıxmadığını görüb, evdə adam olmadığı qənaətinə gəlib, evin yan tərəfinə keçib hasardan aşaraq həyətə daxil olmuşdur. Daha sonra evin pəncərələrinin üzərində dəmir barmaqlıqlarının olduğunu görüb, həyətə baxarkən ətrafda olan külüngü götürüb evin sağ tərəfinə keçib, ikinci pəncərənin dəmir barmaqlığını külüng ilə bir tərəfini qırıb, pənəcərənin şüşüəsini də sınıdırb həmin yerdən evə daxil olmuşdur. Bu zaman evin otaqlarının birində ağ rəngli dolabın qapısını açarkən yuxarı hissədə mücrünün olduğunu görmüşdür. Dərhal həmin mücrünü götürüb baxarkən içərisindən 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl sırğa, 01 ədəd qızıl qadın üzüyü, 02 cüt uşaq qızıl sırğası, 01 ədəd qadın qızıl üzüyü, 01 ədəd qaıdn qızıl qolbağısını götürüb əyninədki şalvarın sağ yan cibinə qoymuşdur. Dərhal həmin evə daxil olduğu pəncərədən həyətə düşüb oradan da hasardan aşaraq yola çıxmışdır. Daha sonra Şamaxı-Bakı avtomobil yoluna çıxıb oradan tanımadığı taksi ilə metronun “20 Yanvar” stansiyasının yaxınlığında üzərində sarı rənglə “Lombard” sözü yazılan mağazaya daxil olmuşdur. Orada o, həmin qızılları satmaq istəmiş, lakin qızıl alan şəxs ona qızıllara görə 2400 manat pul təklif etdiyindən, həmin pulun az olduğunu fikirləşib razılaşmamışdır. Oğurluq yolu ilə əldə etdiyi qızılları götürüb cibinə qoyaraq, evinə getmişdir. Evdə bu barədə o, heç kimə məlumat verməmişdir. Səhəri gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində oğurluq yolu ilə əldə etdiyi qızıl-zinyət əşyalarını da götürüb metronun “Neftçilər” stansiyasının yaxınlığına getmişdir. Orada qızıl alqı-satqısı ilə məşğul olan adını bilmədiyi şəxsə oğurladığı qızılları təqdim edib özünə məxsus olduğunu bildirib, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin şəxs də qızıllara baxıb ona 2600 manat pul verə biləcəyini deyən zaman pula ehtiyacı olduğunu qızılları 2650 manata satmaq istədiyni bildirmişdir. Həmin şəxsdə onunla razılaşıb, qızılları 2650 manata almışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun fərdi yaşayış evi 0,25 ha torpaq sahəsinin üzərində yerləşir. Həyətinin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı isə dəmir darvazadan ibarətdir. Evinin plastik pəncərələrinin hər birinin dəmir barmaqlığı vardır və evi 2 qonaq otağı və 3 yataq otağından ibarətdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 08 radələrində işə gedərəkən, arvadı X5 və iki az yaşlı uşaqlarını götürüb yaxınlıqda yaşayan qaynatasının evinə aparıb qoymuşdur. Həmin gün saat 14 radələrində o, işdən gələrkən ailə üzvlərini də götürüb evinə gəlmiş, şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getmək üçün evdən təxminən 100-150 metr kənarlaşmış, elə həmin zaman arvadı Rəvanə ona zəng edərək, evdən oğurluq olduğunu demişdir. Bundan sonra dərhal həyətə qayıdarkən, evinin sağ yan tərəfindəki yataq otağının ikinci plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığının və şüşəsini sındırıldığını aşkar etmişdir. Evinə baxarkən, evimin böyük qonaq otağındakı ağ rəngli paltar dolabındakı qızıl mücrüsündən öz puluna alınmış 4000 manat dəyərində 750 əyyarlı 01 ədəd qızıl üzüyün, 01 ədəd qızıl qolbağın, 01 ədəd qızıl boyunbağının və 01 cüt qızıl sırğadan ibarət qızıl dəstinin, 1000 manat dəyərində 750 əyyarlı 01 ədəd briliant qaşlı kişi nişan üzüyünün, 200 manat dəyərində 585 əyyarlı 01 ədəd qadın qızıl qolbağın, 290 manat dəyərində 02 cüt 585 əyyarlı uşaq qızıl sırğalarının, 750 manat dəyərində 585 əyyarlı briliant qaşlı qadın qızıl nişan üzüyünün, 500 manat dəyərində 585 əyyarlı qadın qızıl üzüyünün yerində olmadığını aşkar etmişdir. Daha sonra o, dolabda geyim əşyalarının arasında pul qabının içərisində olan 780 manat nağd pulunun da oğurlandığını aşkar etmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək, oğurluq barəsində məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 7520 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə X2 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, maddi cəhətdən ehtiyacını təmin etmək üçün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 14/29 ünvanında yerləşən “Uğur Telecom” mağazasında qızıl alqı-satqısı ilə məşğul olur. Onun iş vaxtı hər gün saat 10 radələrindən axşam saat 20 radələrinədəkdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində sonradan adını bildiyi X4 onun işlədiyi mağazaya gələrək, 01 ədəd ona 750 əyyarlı qızıl qadın üzüyünü, 01 ədəd qızıl qadın boyunbağısı və bir cüt qızıl sırğadan ibarət dəsti, 01 ədəd 585 əyyarlı qadın qızıl üzüyünü, 01 ədəd 750 əyyarlı briliant qaşlı qızıl qadın üzüyünü, 01 ədəd 585 əyyarlı qadın qızıl qolbağısını və 02 cüt 585 əyyarlı uşaq qızıl sırğalarını təqdim edərək, özünə məxsus və xəstəsi olduğu üçün satmaq istədiyni bildirmişdir. A.Qəhrəmanova inanıb həmin qızıl-zinyət əşyalarını elektron tərəzidə çəkib 41.87 qram çəkidə olduğunu göstərmiş və ızıl zinyət əşyaların hər qıramına görə 63.2 manat olmaqla, 2650 manat pul verə biləcəyini demişdir. Adnam Qəhrəmanovda onunla razılaşdığı üçün 2650 manat məbləğində pulu sonuncuya verib həmin qızıl-ziynət əşyalarını almışdır. Həmin qızıl-zinyət əşyalarının oğurluq yolu ilə əldə edildiyi barədə onun məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-343/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən X4 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 06 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx- 1172/5 saylı məktubundan görünür ki, məhkum X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsində qeydiyyatına götürülmüşdür. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Nərminə Adnam qızı X1 himayəsindədir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, ona görə də təqsirləndirilən şəxs X2 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı X1 göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında X1 həmin əməli törətməkdə təqsirli olmaları təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, X1 əməli ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayət əməlinə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, X2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası CMin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasınıcəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən X1 barəsində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, X1 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, X2 hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 02 il 04 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs X1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : X4 Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 02 il 04 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və üzərində 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs X1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-617/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-617/2020
30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver