Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-62/2022 10.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəx Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdəfiəçisi, vəkil X2 iştirakı ilə, 05 avqust 1995-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 02.05.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 13 oktyabr 2018-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində beton yol adlanan yerdə daş karxanasına işə getməməsinə görə Şahid ilə aralarında yaranmış söz mübahisəsi zamanı Şahid onu vuracağından ehtiyyat edərək xuliqanlıq niyyəti ilə yəni, cuzi səbəbdən öz davranışı ilə ictimai qaydaları və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyaraq qəsdən sonuncunu yumruqla vuraraq ona sağ yanaq nahiyəsinin selikli qişasının səthi əzilmiş yarası, sağ gözaltı nahiyənin qançırı, sol said nahiyəsinin yuxarı 3/1-nin və sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, həmin vaxt orada olan Şahid qardaşı Zərərçəkmiş şəxs onun üstünə gəldiyini görüb yumruqla çənə nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq ona sağ almacıq və alt çənə sümüyünün çoxsaylı qəlpəli sınıqları, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası 2017-ci ilin may ayında xəstəlik səbəbindən dünyasını dəyişmişdir. Anası və bacıları isə hazırda Türkiyə Respublikasının İstanbul şəhərinə işləmək məqsədi ilə gediblər. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, bir müddət Güzdək qəsəbəsində daş karxanasında fəhlə işləmiş,daş karxanasında iş dayandığı üçün kənddə iş olanda fəhlə işləyir. Nurlanla təxminən 4 ay əvvəl Güzdək qəsəbəsində daş karxanasında işləyərkən tanış olmuş, Nurlan qardaşı Əfsun və digər həmyerliləri ilə orada fəhləlik etmişdilər. O, Nurlangillə birlikdə işləyərkən sonuncu onunla kobud rəftar etmiş və onu ələ salmış, daş atmasına görə onu ələ salmışdır. O, isə sonuncuya onunla nə səbəbə belə rəftar etməsini soruşduqda ona «sən kimsən ki, necə rəftar edirəm özüm bilərəm» demiş, o, buna baxmayaraq Nurlan və orada işləyənlər yaşca ondan böyük olduqları üçün onlara hörmətlə yanaşmış, çalışmışdır ki, mübahisə olmasın. Nurlan isə hər dəfə ona sataşmış, özünün türmədə yatıb-çıxdığını onun kimi əlinin altında ona qulluq göstərənlərin olduğunu demişdir. O, isə Nurlanın bu davranışına görə onlarla işləmək istəməmiş,hətta işdən çıxıb gedəndə Nurlan ona demişdir ki, «kişi kimi hərəkət etmirsən işi yarımçıq qoyub gedirsən». O, isə Nurlana onunla kobud danışmamasını onunla həmişə mehriban olmağa çalışsa da o, bundan istifadə edib onu aşağılamışdır. O, isə aralarında mübahisə olmasın deyə karxanada işi dayandırıb evinə qayıtmışdır. Son vaxtlar karxanada işlər müvəqqəti olaraq dayanmış, 11 oktyabr 2018-ci il tarixdə Nurlanla birlikdə işləyən Əliisa adlı tanışı ona zəng vurub karxanada iş olduğunu və onun kimi işçi lazım olduğunu demiş,o, isə Əliisaya demişdir ki, əgər Nurlan oradadırsa o, işləmək istəmir. Əliisa isə ona demişdir ki, Nurlan karxanada yoxdur. Buna görə onunla razılaşmış və səhər birlikdə işə getməyə razılıq vermişdir. Həmin gün kənddə tikintidə fəhlə işləmiş, gecə evə yorğun qayıtmış, səhər yuxudan tez oyana bilmədiyi üçün yatıb qalmışdır. Evdə telefonun şəbəkəsi tutmadığından Əliisa ona zəng vursa da, telefonuna zəng çatmamışdır. O, yuxudan oyandıqda artıq saat 11 radələri olmuş, telefonunda kontur olmadığı üçün və utandığına görə Əliisaya zəng vurmamış sonuncuya işə getməyə söz vermiş, amma yatıb qaldığı üçün gedə bilməmişdir. 13 oktyabr 2018-ci il tarixdə axşam saat 17 radələrində bibisigildə olarkən tanımadığı nömrədən ona zəng gəlmiş,telefona cavab verdikdə bir nəfər səsi tanış olmayan şəxs ona nə üçün işə gəlmədiyini soruşmuş, o, isə danışanın Cəlilabaddan Əliisa olub-olmadığını soruşmuşdur. Telefonda danışan şəxs Əliisa olduğunu demiş,o isə danışan şəxsin Əliisa deyil, başqa şəxs olduğunu bilmiş, həmin şəxsə «səsin Əliisanın səsinə oxşamır» demiş,həmin şəxs ona «indi sənə səs tanıdan gətirək» demişdir. O, isə «niyə mənimlə belə danışırsan?» dedikdə, həmin şəxs ona adını deməmiş və yenə işə gəlməməsinin səbəbini soruşmuş,o isə həmin şəxsin onunla kobud danışdığını görüb bibisigildə olduğu üçün sonra ona zəng vurub danşıacağını demişdir. Həmin şəxsdən harada olduğunu soruşmuş, həmin şəxs ona demişdir ki, Hökməli qəsəbəsindədir, gəlib orada söhbət edər. O, təxminən 3 saat sonra bibisigildən çıxıb Qobu qəsəbəsində yanacaqdolurma məntəqəsinin yanına getmiş,həmin nömrəyə zəng vurmuş və həmin şəxsdən harada olmasını soruşmuş,ona demişdir ki, Hökməli qəsbəsindədir. Həmin şəxs ona demişdir ki, Hökməli tərəfə gəlsin. Sonra Nurlan onunla danışıb harada olmasını soruşmuş,ona Lukoyl YDM-nin yanında olduğunu deyib oraya gəlməsini demiş və Nurlan isə ona demişdir ki, “sən nə küçüksən sənin ayağına gəlim” Nurlan ona Hökməli qəsbəsində beton yol adlanan yerə gəlməsini demiş,həmin vaxt əmisi oğlu ona zəng vurub kəndə gəldiyini demişdir. Əmisi oğluna Kəndin girişində olduğunu demiş və əmisi oğlu Samrat maşını ilə gəlib orada onunla görüşmüş, sonuncudan xahiş etmişdir ki, onu Hökməliyə beton yola aparsın. Samrat ora nə üçün getdiyini soruşduqda sonuncuya iş yoldaşı ilə görüşəcəyini demişdir. Samrat onu maşını ilə beton yola gəlib qoymuş və çıxıb getmişdir. Təxminən 2-3 dəqiqə Nurlanın isə mağazadan çıxıb ona yaxınlaşdığını görmüş, Nurlan gəldikdə onunla görüşmüş, Nurlan orada ondan işə gəlməməsinin səbəbini soruşmuş,o da sonuncuya yorğun olduğu üçün səhər yatıb qaldığını və gecikdiyi üçün işə gəlmədiyini demişdir. Nurlandan soruşmuşdur ki, telefonda nə üçün onunla kobud danışmışdır, Nurlan isə ona kobud danışmadığını deyərək onunla söz mübahisəsi etməyə başlamışdır. Nurlan ona «ağıllı ol, mənimlə bu cür danışma» demiş,o isə ona Nurlana «nə üçün sən mənimlə belə danışırsan» demiş, Nurlan ona demişdir ki, «sən qolunun gücünə arxayınsan». O isə «sənə nə dedim ki, mənə qolumun gücünə arxayın olmağımı deyirsən» demiş, Nurlan ona «bir balaca bıçaq səndən də böyük oğlanları yerə yıxar» deyərək alnını onun alnına dirəyib çəkmiş və əlini belinə tərəf aparanda o fikirləşmişdir ki, yəqin Nurlanın əlində bıçaq vardır və onu vurmaq istəyir. Buna görə həyəcanlanıb yumruqla onu vurmaq istəmiş,həmin vaxt Nurlan geri çəkildiyi üçün yumruq sonuncuya dəyməmiş, Həmin vaxt Nurlanın qardaşı Əfsun orada olduğu üçün qorxmuşdur ki, sonuncu vura bilər. Əfsun ona yaxınlaşan anda onu yumruqla çənə nahiyəsindən bir dəfə vurmuş, Əfsun zərbə nəticəsində yerə yıxılmış,sonra isə Nurlanı bir dəfə yumruqla vurmuş, zərbədən Nurlan da yerə yıxılmışdır. Bundan sonra yoldan keçən maşına əyləşib oradan uzaqlaşmış,evə getdikdən sonra polis əməkdaşları onunla əlaqə saxlayıb demişlər ki, polis idarəsinə gəlsin. Səhəri gün isə ona məlum olmuşdur ki, Əfsun çənəsindən xəsarət aldığı üçün respublika xəstəxanasına aparıblar,bunu eşidib Əfsunu vurduğuna görə peşman olmuşdur. Hazırda o, Zərərçəkmiş şəxs ilə barişmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, qardaşı Nurlanla Abşeron rayonu Güzdək qəsəbəsində daş karxanasında işləmək üçün gəlib Hökməli qəsbəsində kirayə ev tutaraq orada yaşamışlar və iş olmayanda isə yaşadıqları Cəlilabad rayonuna gedirlər. Hadisədən təxminən 8 ay əvvəl Güzdək qəsəbəsindəki daş karxanasında işləyərkən oraya işləmək üçün gələn Qobu qəsəbə sakini İnqilab adlı oğlanla tanış olmuş, İnqilabla həmin karxanada birlikdə fəhlə işləmişlər. İnqilab daşları düzgün atmadığı üçün Nurlanla aralarında söz mübahisəsi olmuş, İnqilab isə həmin vaxtdan demişdir ki, onlarla işləmək istəmir. Son vaxtlar karxanada iş dayandığı üçün rayona getmiş, 10 oktyabr 2018-ci il tarixdə rayonda olarkən karxanada usta işləyən adını dəqiq bilmədiyi şəxs onlara zəng vurub karxanada işin başladığını və buna görə karxanaya gəlməyi bildirmişdir. O, qardaşı Nurlanla hazırlaşıb 13 oktyabr 2018-ci il tarixdə rayondan Abşeron rayonu Hökməli qəsbəsinə gəlib əvvəl kirayədə qaldıqları evə gəlib orada yerləşmişlər. Onlarla birlikdə işləyən Cəlilabad rayon sakini Əliisa adlı şəxs onlardan əvvəl karxanada işləmək üçün gəlmiş, Əliisa da onlarla birlikdə kirayədə yaşamışdır. Onlar rayonda olduqda Əlisa Hökməlidə olmuş, sonuncu karxanada işləmək üçün adam lazım olduğuna görə İnqilaba zəng vurub çağırmış, İnqilab isə ona işə gələcəyini söz versə də, gəlməmiş və telefonu söndürmüşdür. Karxanada işləmək üçün fəhlə lazım olduğundan Nurlan İnqilabın ***-***- **-** saylı nömrəsinə zəng vurub demişdir ki, karxanada iş başlayıb, əgər işləmək istəyirsə gəlsin. İnqilab isə başqa yerdə olduğunu özü zəng vuracağını demiş,təxminən saat 22 radələrində İnqilab Nurlana zəng vurub demişdir ki, Hökməlidə beton yol adlanan küçədədir. O, həmin vaxt işə aparmaq üçün yemək hazırlamaqla məşğul olmuş, Nurlan isə evdən çıxıb İnqilabla görüşüb gələcəklərini bildirmişdir. Nurlan İnqilabla telefonla danışdıqda söz mübahisəsi etdikləri üçün o narahat olmuş ki, birdən Nurlan İnqilabla mübahisə edə bilər, buna görə sonuncunun arxasınca getmişdir. O, beton yola çatanda görmüşdür ki, Nurlan İnqilabla söz mübahisəsi edir. Onların yanına gəlib çatdaqda İnqilabın yumruqla Nurlanı vurmasını görüb onu ayırmaq istəmiş,həmin vaxt İnqilab çənə nahiyəsindən yumruqla vurmuş və o zərbə nəticəsində yerə yıxılmış və huşunu itirmişdir. Huşu özünə gəldikdə isə xəstəxanada olduğunu görmüşdür. Göstərmişdir ki, İnqilabla Nurlanın nə üçün mübahisə etməsini bilməmiş, belə ki, hadisə yerinə çatdıqda İnqilabın Nurlanı yumruqla vurduğunu görmüş, sonra isə onun üstünə gəlib yumruqla onun çənəsindən vuraraq xəsarət yetirmişdir. Xəstəxanada məlum olmuşdur ki, İnqilabın yumruqla onu vurması nəticəsində çənə sümüyü və almacıq sümüyü sınmışdır. Həkimlər ona ilkin yardım göstərmiş, sonradan Nurlan ona demişdir ki, İnqilabla söhbət edərkən onlara işə gəlməyə söz verib, lakin gəlmədiyi üçün iradını bildirdikdə aralarında mübahisə yaranmış və nəticədə İnqilab onu yumruqla vurmuşdur. Hadisə saat təxminən 22 radələrində baş vermiş, həmin vaxtı küçədə üçlükdə olmuşlar, orada kənar şəxslərin olduğunu görməmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, qardaşı Əfsunla Abşeron rayonu Güzdək qəsəbəsində daş karxanasında işləmək üçün gəlib Hökməli qəsbəsində kirayə ev tutaraq orada qalırlar. İş olmayanda isə yaşadığı Cəlilabad rayonuna gedib orada yaşayır.Hadisədən təxminən 8 ay əvvəl Güzdək qəsəbəsindəki daş karxanasında işləyərkən oraya işləmək üçün gələn Qobu qəsəbə sakini İnqilab adlı oğlanla tanış olmuş, İnqilabla həmin karxanada birlikdə fəhlə işləmiş,İnqilabın karxanada işləyə bilməyəcəyi hiss olunmuşdur. Həmin vaxtı İnqilab daşları düzgün atmadığı səbəbindən aralarında söz mübahisəsi olmuşdur. İnqilab isə həmin vaxtdan demişdir ki, onlarla işləmək istəmir. Son vaxtlar karxanada iş dayandığı üçün rayona getmiş, 10 oktyabr 2018-ci il tarixdə rayonda olarkən karxanada usta işləyən adını dəqiq bilmədiyi şəxs ona zəng vurub karxanada işin başladığını və buna görə karxanaya gəlməyi bildirmiş,o qardaşı Əfsunla hazırlaşıb 13 oktyabr 2018-ci il tarixdə rayondan Abşeron rayonu Hökməli qəsbəsinə gəlib əvvəl kirayədə qaldığı evə gəlib orada yerləşmişdir. Əliisa adlı şəxs karxanada onun yerinə işləmək üçün İnqilaba zəng vurub çağırmış, İnqilab da ona işə gələcəyini söz versə də, gəlməmiş və telefonu söndürmüş,karxanada işləmək üçün fəhlə lazım olduğundan İnqilabın ***-***-**-** saylı nömrəsinə zəng vurub demişdir ki, karxanada iş başlayıb, əgər işləmək istəyirsə gəlsin. İnqilab isə ona demişdir ki, başqa yerdədir, özü ona zəng vuracaqdır. Təxminən saat 22 radələrində İnqilab ona zəng vurub demişdir ki, Hökməlidə beton yol adlanan küçədədir. O da evdən çıxıb demişdir ki, İnqilabla görüşmək üçün beton yol adlanan küçəyə tərəf getmiş,görmüşdür ki, İnqilab küçədə tək dayanıb, ona yaxınlaşıb bir gün əvvəl nəyə görə uşaqları arxayın edib işə gələcəyini bildirmis, lakin telefonu söndürüb işə gəlmədiyini bildirmişdir. İnqilab isə ona «əcəb etmişəm, özüm bilərəm» demiş və qəfildən sifətindən bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış,həmin vaxtı qardaşı Əfsun onun arxasınca gəldiyindən İnqilabın onu vurmasını görüb ona yaxınlaşan anda İnqibal qardaşının çənə nahiyəsindən yumruqla vurmuş və qardaşı Əfsun da zərbə nəticəsində yerə yıxılmış və huşunu itirmişdir. O, cəld qardaşı Əfsunun yanına getdikdə İnqilab heç nə olmamış kimi onlardan ayrılıb yola çıxmış və yoldan keçən avtomobilə minib oradan çıxıb getmişdir. Əfsunun vəziyyəti pis olduğundan yoldan keçən taksi avtomaşınını saxladıb qardaşını Respublika xəstəxanasına aparmış, Əfsunun aldığı xəsarətlər ciddi olduğundan onu reanimasiyaya götürmüş,həkimlərin deməsinə görə qardaşının çənəsi bir neçə yerdən sınmış və alın nahiyəsində xəsarətlər olduğu üçün tikiş vurulmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 08 noyabr 2018-ci il tarixli 2334 saylı rəyində qeyd olunmuşdur ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ almacıq və alt çənə sümüyünün çoxsaylı qəlpəli sınıqları, sağ qaş nahiyəsinin əzilmiş cırılmış yarası - bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 13.10.2018ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 20 oktyabr 2018-ci il tarixli 2214 saylı rəyində qeyd olunmuşdur ki, 1989-cu il təvəllüdlü Şahid məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ yanaq nahiyəsinin selikli qişasının səthi əzilmiş yarası, sağ gözaltı nahiyəsinin yuxarı 1\3-nin və sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 13.10.2018-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tərəfindən verilmiş 28.11.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 03.12.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və 01.05.2019-cu il tarixdə iş üzrə icraat təzələnmişdir. 02.05.2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş və istintaq davam etdirilmişdir. Abşeron Rayon Məhkəməsinin 02.05.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli tutulduğu andan hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. 10.05.2019-cu il tarixli qərardan görünür ki, cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Rusiya Federasiyasının Tomsk şəhər Lenin rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11.08.2020-ci il tarixdən hesablanmaqla 40 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmə tərəfindən həbsdə saxlama müddəti 11.02.2021-ci il tarixədək uzadılmışdır. Müddətin sonu ilə 10.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. Rusiya Federasiyasının Tomsk şəhər prokurorluğunun 18.05.2021-ci il tarixli qərarından görünür ki, ekstradisiya məqsədi ilə Təqsirləndirilən şəxs barəsində 30 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına ekstradisiya olunaraq 22.06.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verildiyindən 01.07.2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun törətdiyi cinayətlərin xarakterini, onun cinayət törədildikdən sonrakı davranışını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.08.2020-ci il tarixdən 10.02.2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18.05.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.08.2020-ci il tarixdən 10.02.2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 29 (iyirmi doqquz) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq üzərində 09 ay 01 gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18.05.20021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-62/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-62/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver