Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-62/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1979-cu ildə Ucar rayonu, Məlikballı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, evdar qadın olmaqla işsiz, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsində nömrəsiz fərdi yaşayış sahəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində, həmin küçədə yaşayan Zərərçəkmiş şəxs əri Şahid1 sifət nahiyəsindən daşla vurmasına görə əsəbləşib, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs itələyib yerə yıxdıqdan sonra əllə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq soldan 7-8-9-cu qabırğaların yerdəyişməyən qapalı sınıqları, döş qəfəsinin sol yarısının, onurğa nahiyəsinin döş şöbəsinin, sol bel nahiyəsinin, sol budun, sol baldırın qançırları, sol bazunun, hər iki kürək və bel nahiyələrinin çoxsaylı sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsi nömrəsiz fərdi yaşayış sahəsində ailəsi ilə birlikdə kirayədə yaşayır. Evdar qadındır, həyat yoldaşı Qismət fəhləliklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs qonşu kimi tanıyır, onun üzbəüz qonşuluğunda yaşayır. Zərərçəkmiş şəxs yüngül və əxlaqsız həyat tərzi keçirdiyinə görə münasibətləri yoxdur, Gülnarə ilə danışmırlar. 13 sentyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində həyat yoldaşı Qismət qonşuluqda yaşayan onlardan bir qədər aralıda yaşayan Mahir adlı şəxsdən süd almağa getmişdir. Bir neçə dəqiqədən sonra Qismətin Gülnarə ilə evlərinin qarşısında danışıqlarını eşitmişdir. Həmin şəxslərin səsinə çölə çıxan zaman Gülnarənin ərinin sifət nahiyyəsindən daşla vurmasını görmüşdür. Həmin vaxt Qismət zərbənin təsirindən yerə yıxılmışdır. Onu da əlavə etmişdir ki, evin həyətində olan zaman Qismət ilə Gülnarənin arasında olan danışığı eşitmişdir. O da evin həyətindən çölə çıxmış, Gülnarənin həyat yoldaşı Qismətə qarşı etdiyi hərəkətə əsəbləşib Gülnarənin üzərinə getmişdir. Bu zaman Gülnarə yenidən yerdən götürdüyü daşla onu vurmaq istədikdə Gülnarəni özündən qırağa itələmək istəmişdir. Lakin, Gülnarə yerə yıxılmışdır. Bundan sonra o, Gülnarə ilə yerdə süpürləşmişdir. Gülnarə ona yerdə bir neçə zərbə endirmiş və ona müxtəlif dərəcəli bədən xəsarəti yetirmişdir. Onların davasını qonşuluqlarında yaşayan Zəhrə və Xəyalə adlı şəxslər gəlib aralamışdılar. Zəhrə onu, Xəyalə isə Gülnarəni aralaşdırmışdır. Bundan sonra mübahisə və dava-dalaş sakitləşmişdir. Gülnarənin həyat yoldaşı Qisməti vurması və onun Gülnarə ilə dalaşmağı təxminən 1-2 dəqiqə ərzində davam edib yekunlaşmışdır. Həmin vaxtı onların yanında heç kim olmamışdır. Orda bir özü və həyat yoldaşı Qismət olmuşdur. Onun 4 övladı var, həmin vaxt uşaqlarından heç biri evdə olmamışdır. Onun uşaqlarından 3 nəfəri işdə olmuş, balaca oğlu Zəlimxan isə Ramiz adlı qonşusunun oğlu ilə birlikdə Ramizin iş yerində olmuşdur. Qismət isə Gülnarəni vurmamış, Gülnarəni vurub xəsarət yetirən özü olmuşdur. O, Gülnarənin ifadəsinə cavab olaraq, it saxlamadıqlarını, onların yaşadığı yer “Qır gölünün” yaxınlığında olduğu üçün orada kimsəsiz itlər çoxdur. Həmin itlər isə yaşadıqları yerdə çoxluq təşkir edir. Həmçinin, onun oğlu hadisə yerində olmamışdır. Gülnarə Qisməti daşla vurmuş, lakin Qismət Gülnarəni vurmamış, Gülnarənin ərini vurmasına görə əsəbləşib o da Gülnarəni vurub xəsarət yetirmişdir. Onun barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını istəyir, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsi nömrəsiz fərdi yaşayış sahəsində azyaşlı övladı X2 ilə birlikdə yaşayır. Rəsmi iş yeri olmasa da lakin, fərdi olaraq saç ustası kimi işləyib ailəsini dolandırır. Şahid1 qonşu kimi tanıyır, onunla üzbəüz qonşuluqda yaşayır. Qismət ilə bir qonşu kimi münasibəti olmamışdır. Qismət və arvadı ilə danışmamışdır. Belə ki, həmin şəxsə məxsus olan itlər daim açıq vəziyyətdə yaşadıqları evin həyətində olduqları üçün onun övladı itlərə görə həyətdə oynaya bilməmiş və bu səbəbdən də daim aralarında bununla bağlı daim mübahisələr olmuşdur. 13 sentyabr 2021-ci il tarixdə Şahid1 və oğlu Zəlimxan ilə birlikdə onu döyüb xəsarət yetirməsi ilə bağlı Abşeron RPİ-nə şikayət ərizəsi yazmış və bildirmişdir ki, həmin günü işdə olmuşdur. Oğlu isə evdə tək qalmışdır. Belə ki, oğlu evdə qalan zaman həyətdə qonşularının uşaqları ilə birlikdə oynamışdır. Həmin günü Qismət oğlunun evlərdən birinin hasarının üzərinə çıxaraq oynamasına görə oğlunu danlamış, oğluna qarşı nalayiq ifadələr işlətmişdir. Oğlu isə axşam təxminən 19 radələrində işdən evə qayıdıb gələn zaman Qismətin ona qarşı nalayiq ifadələr işlətdiyini bildirmişdir. O isə Qismətin oğluna nalayiq ifadə işlətməsinə görə əsəbləşmişdir. Buna görə də Qismətlə danışmaq qərarına gəlmişdir. Təsadüfən evin həyətinə çıxan zaman uzaqdan Qismətin tək gəldiyini görmüşdür. Təxminən aralarında 30-40 metr ara məsafəsi olan zaman Qismətlə salamlaşıb, Qismətin oğluna qarşı nalayiq ifadələr işlətməsinin səbəbini soruşmuşdur. Qismət isə ona düz etdiyini, oğlunu evdə tək qoymamağı və qonşuların hasarına çıxmamasını bildirmişdir. O isə Qismətə oğlunun azyaşlı olmasını, uşağa nalayiq ifadələr işlətməməsini, iradının isə böyük kimi normal şəkildə ifadə etməsini bildirmişdir. Həmin vaxt Qismət uşağı evdə tək qoyub getməyinə, nəzarətsiz evdə saxladığına və yüngül həyat tərzi keçirdiyini ona bildirib nalayiq ifadələr işlətmişdir. Qismətin ona qarşı nalayiq ifadələr işlətməsinə görə evinin həyətindən çölə çıxıb Qismətə tərəf yaxınlaşmışdır. Bu zaman Qismət onun boğazından tutub arxaya itələmişdir. O, Qismətin əlindən çıxmaq istəyən zaman yerə yıxılmış və yerdə olan daşların üzərinə dəymişdir. Həmin vaxt Qismətin də ayağı büdrəyib onun üzərinə yıxılmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olan zaman yerdən əlinə daş götürmüş, həmin daşı Qismətin sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra Qismət onun üzərindən qalxmışdır. O, yerdən qalxıb evə tərəf gedib, oğlu Əlicahidə evdən mobil telefonunu gətirməsini bildirmişdir. Oğlu mobil telefonu gətirib ona vermişdir. O, telefondan DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermək istəyən zaman Qismətin arvadı evdən çıxıb üzərinə gəlmişdir. Həmin vaxt Xəyalə yanlarında olmuşdur. Müşərrəfin üzərinə əlində daşla gəlməsini görüb, Xəyalə qorxub aralarından qaçmışdır. Kənara çəkilib onların davasının sakitləşməsini bildirmişdir. Lakin, Müşərrəf onunla dalaşmağa onun saçından tutub, onun bədəninin müftəlif nahiyyələrinə vurmuşdur. Həmin vaxtı o da Müşərrəfə müqavimət göstərmişdir. Bundan sonra Müşərrəfin qızı yanlarına gəlmiş, lakin, həmin qız onun bədəninin hansısa nahiyyəsinə vurub xəsarət yetirməmişdir. Bir neçə dəqiqə aralarında olan davadan sonra Qismət və oğlu Zəlimxan da yanlarına gəlmişdir. Zəlimxan da onun bədəninin bir neçə nahiyyəsinə təpiklə vurduqdan sonra davanı bitirmişdilər. Bundan sonra dava qurtaran kimi Xəyalə ona yaxınlaşıb, onu evə aparmış və onun döyülməyi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsində ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Rəsmi iş yeri olmasa da lakin, fəhləliklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs qonşu kimi tanıyır, onun üzbəüz qonşuluğunda yaşayır. Zərərçəkmiş şəxs yüngül və əxlaqsız həyat tərzi keçirdiyinə görə münasibəti yoxdur və danışmırlar. O, 13 sentyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində qonşuluğuda yaşayan onlardan bir qədər aralıda yaşayan Mahir adlı şəxsdən süd almağa getmişdir. Süd alıb evə qayıtdıqdan sonra Zərərçəkmiş şəxs öz evinin qarşısında dayanıb onu görərək, səsləmişdir. O isə Gülnarənin onu çağırmasına görə evinin qarşısında dayanıb Gülnarənin ona yaxınlaşmasını və nə deyəcəyini gözləmişdir. Gülnarə onun yanına gələrək, “Ramizə suka” işləyirsən deyib onu təhqir etmişdir. Daha sonra niyə onun Ramiz adlı şəxsin xeyrinə polisə izahat verməyini bildirmişdir. Onu da əlavə etmişdir ki, Zərərçəkmiş şəxs təxminən 7-8 gün əvvəl qonşuluqda yaşayan Ramiz adlı şəxsin onu döyməsi barədə polisə məlumat vermişdir. O, həmin hadisədə şahid olduğuna görə Ramizin həqiqətən Gülnarəni döymədiyini və hadisə ilə bağlı düzgün polisə məlumat vermişdir. Buna görə də Gülnarə onu niyə Ramiz adlı şəxsin xeyrinə izahat verməyini bəhanə edib, onunla təhqirlə danışmağa başlamışdır. O da Gülnarəyə çıxıb getməsini bildirib, yaşadığı evə daxil olmaq istəmişdir. Həmin vaxt qonşuluqda yaşayan Şahid4 evinin həyətində çöldə dayanmışdır. Gülnarənin onunla danışığını eşitmişdir. Evə daxil olmaq istəyəndə Zərərçəkmiş şəxs yerdən götürdüyü daş parçasını onun sifət nahiyyəsindən vurmuşdur. Həmin zərbənin təsirindən özündə dəhşətli dərəcədə ağrılar hiss etmişdir. Ağrının təsirindən özündə olmamış və qışqırmağa başlamışdır. Onun səsinə həyat yoldaşı Təqsirləndirilən şəxs evin həyətindən çölə çıxmışdır. O, ağrının təsirindən yerə yıxılmışdır. Müşərrəf Gülnarənin üstünə gəlmək istəyən zaman Gülnarə əlində daşla Müşərrəfin üzərinə gəlib vurmaq istəmişdir. Müşərrəf isə Gülnarəni özündən qırağa itələmək istədikdə Gülnarə yerə yıxılmışdır. Bundan sonra Müşərrəf ilə Gülnarə yerdə süpürləşmişdilər. Bundan sonra qonşuluqda yaşayan Zəhrə və Xəyalə adlı qonşuları onlara yaxınlaşmış, Zəhrə onun həyat yoldaşını, Xəyalə isə Gülnarəni aralaşdırmışdır. Bundan sonra mübahisə və dava-dalaş sakitləşmişdir. Gülnarənin onu vurması və həyat yoldaşı Müşərrəfin Gülnarə ilə dalaşması təxminən 1-2 dəqiqə ərzində davam edib yekunlaşmasını bildirmişdir. Həmin vaxtı onların yanında heç kim olmamışdır. Orda özü və sonradan səsinə gələn həyat yoldaşı Müşərrəf olmuşdur. Onun 4 övladı var, həmin vaxt onların heç biri evdə olmamışdır. Onun uşaqlarından 3 nəfəri işdə olmuş, balaca oğlu Zəlimxan isə Ramiz adlı qonşusunun oğlu ilə birlikdə onun iş yerində olmuşdur. Onun oğlu həmin günü hadisə yerində olmamışdır. Gülnarə onu daşla vurmuş, lakin o, Gülnarəni vurmamışdır. Ancaq həyat yoldaşı Gülnarənin onu vurmasına görə onun qışqırıq səsinə çölə çıxaraq Gülnarəni yerə yıxıb vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərilmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsində yaşayır. Fərdi olaraq Gözəllik salonunda saç ustası kimi işləyib ailəsini dolandırır. Şahid1 onun qonşuluğunda yaşayır. Qismətin özü və ailə üzvləri ilə heç bir münasibəti yoxdur. Belə ki, Şahid1 evi ilə bizim evin arasında təxminən 30-40 metr ara məsafəsi vardır. Bundan başqa, Zərərçəkmiş şəxs da tanıyır, qonşu kimi münasibəti yaxşı olmuşdur. Aralarında təxminən 20-25 metr ara məsafəsi vardır. 13 sentyabr 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq, qonşusu Gülnarəni digər qonşusu Qismət və ailə üzvləri tərəfindən döyülməsi barədə məlumat vermişdir. Xəstələndiyi üçün bir neçə gün evdə olmuşdur. Eyni zamanda işə də getməmişdir. 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində evdən çıxıb qonşuluqda yaşayan Gülnarəgilə su gətirmək üçün getmişdir. Həmin vaxt Qismət ilə Gülnarənin mübahisə etdiklərini görmüşdür. O, Gülnarəyə sakitləşməyi, Qismət ilə mübahisə etməməyi bildirmişdir. Lakin, Gülnarə Qismətə oğluna nalayiq ifadə işlətməsinə görə əsəbləşib, Qismətlə mübahisə etmişdir. O, Gülnarəni nə qədər sakitləşdirmək istəsə də Gülnarə sakitləşməmiş, Qismətin yaxınlığına tərəf getmişdir. Qismət mübahisə əsnasında Gülnarənin boğazından tutub arxaya tərəf itələmiş, Gülnarə arxaya tərəf çəkilmək istəyən zaman yerə yıxılmışdır. Həmin vaxt Qismətin də ayağı büdrəyib Gülnarənin üzərinə yıxılmasını görmüşdür. Gülnarə yerdən daş götürüb Qismətin sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra Qismət Gülnarənin üzərindən qalxmışdır. Gülnarə yerdən qalxıb evə tərəf gedib, oğlu Əlicahidə evdən mobil telefonunu gətirməsini bildirmişdir. Oğlu mobil telefonu gətirib Gülnarəyə vermişdir. Gülnarə telefondan DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermək istəyən zaman Qismətin arvadı evdən çıxıb Gülnaəyə tərəf gəlmişdir. Gülnarə 102 xidmətinə zəng vurub məlumat verə bilməmişdir. Həmin vaxt o, həmin şəxslərin yanında olsa da qorxduğu üçün mübahisələrini ayıra bilməmişdir. Həmin vaxt Müşərrəfin əlində hər hansı alət və daş görməmişdir. Müşərrəfin Gülnarənin üzərinə gəldiyini görüb, yanlarından kənarlaşmışdır. Kənara çəkilib davanı sakitləşdiyməyə çalışmışdır. Müşərrəf Gülnarə ilə dalaşmağa saçından tutub, Gülnarənin bədəninin müftəlif nahiyyələrinə vurmağa başlamışdır. Bundan sonra hadisə yerinə Müşərrəfin azyaşlı qızı və azyaşlı oğlu Zəlimxanın gəldiyini görmüşdür. Lakin, uşaqların Gülnarəni konkret olaraq vurmasını görməmişdir. Bir neçə dəqiqədən sonra Zəlimxan köməklik edib Gülnarəni ayırmış və bundan sonra dava bitmişdir. Dava qurtaran kimi Gülnarəyə yaxınlaşıb, Gülnarəni evə aparmış və döyülməyi ilə bağlı Gülnarənin mobil telefonu ilə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Müşərrəfin Gülnarə ilə dalaşmasını görsə də lakin, qorxduğu üçün onların arasına girə bilməmiş, sadəcə sözlə aralaşmalarını xahiş etmişdir. Zəhrə dava zamanı orada olmamışdır. Ümumiyyətlə davanı ayırmamışdır. Zəhrə dava qurtardıqdan sonra Müşərrəfin yanına tərəf gəlmişdir. Hadisənin təxminən 15-20 dəqiqə ərzində davam edərək, yekunlaşmasını, ətrafda ondan başqa qonşu olmadığını, hadisə zamanı ətrafda ondan başqa onun bilmədiyi şəxsin görüb-görməməsi barədə heçnə deyə bilməmişdir. O, həmçinin hadisə yerində Müşərrəfin azyaşlı qızı və oğlu Zəlimxanın olmasını, uşaqların Gülnarəni dəqiq olaraq necə və hansı formada döyməsi barədə heçnə deyə bilmədiyini, ancaq konkret olaraq Müşərrəfin Gülnarəni vurmasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yəni, anası Müşərrəf, atası Qismət, bacısı Lalə ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsi nömrəsiz fərdi evdə yaşayır. Onlar ailədə 6 nəfər olsalar da lakin, digər böyük bacısı ailə qurmuş, onlardan ayrı yaşayır. Həmçinin, böyük qardaşı Yusif də onlardan ayrı yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Atasının himayəsindədir. Zərərçəkmiş şəxs tanıyır, onların qonşuluğunda yaşayır. Gülnarə ilə münasibəti yoxdur. 13 sentyabr 2021-ci il tarixdə o, evdə olmamışdır. Belə ki, qonşusu Ramiz adlı şəxsin oğlu Elcan ilə onlara məxsus tikinti alətlərinin təmiri sexində olmuşdur. Təxminən axşam saat 20 radələrində evə qayıdan zaman anası Müşərrəfin və atası Qismətin xəsarət aldıqlarını görmüşdür. Onlardan nə baş verməsini soruşduqda valideynləri qonşuluqda yaşayan Gülnarə adlı şəxslə dalaşdıqlarını bildirmişdilər. O, həmin günü valideynləri ilə Gülnarə arasında olan dava dalaşda iştirak etməmiş, nədə ki, görməmişdir. Həmçinin, bacısı Lalə də evdə olmamış, həmin günü işdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yəni, həyat yoldaşı Şahid5 və iki azyaşlı övladları ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsi nömrəsiz fərdi yaşayış sahəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs və Şahid1 qonşu kimi tanıyır, onların hər biri ilə qonşu kimi normal münasibəti vardır. Belə ki, Şahid1 və Gülnarə Alxasovun 13 sentyabr 2021-ci il tarixli şikayət ərizələri ilə tanış olaraq bildirmişdir ki, həmin həmin günü təxminən saat 19 radələrində evdə olan olan zaman evin həyətindən səs küy gəldiyini eşitmişdir. O, həyətdə nə baş verməsini öyrənmək üçün evdən çölə çıxmışdır. Həmin vaxt çöldə Gülnarəni, Qisməti, onun həyat yoldaşı Müşərrəfi və qonşuluqdada yaşayan Xəyalə adlı qadını görmüşdür. Gülnarə Qismətin üzərinə qışqıraraq, nəyə görə onun əleyhinə polisdə izahat vermisən deyə Qismətlə mübahisə etmişdir. Həmin vaxt Qismətin sifət nahiyyəsinə baxan zaman Qismətin sifətindən qan axdığını görmüşdür. O, həmin şəxslərə yaxınlaşıb onları aralamaq istəmişdir. Həmin vaxt Qismət sifətindən qan axdığına görə evə çıxıb getmişdir. Sonra Müşərrəf ilə Gülnarə əlbəayaxa dalaşmağa başlamışdılar. Müşərrəf Gülnarəyə həyat yoldaşını vurduğuna görə əsəbələşib dalaşmışdır. O, sonradan Xəyalə ilə birlikdə Gülnarə ilə Müşərrəfi bir təhər aralamışdılar. O, Müşərrəfi aralayıb, Xəyalə isə Gülnarəni aralayıb evinə aparmışdır. Bundan sonra dava sakitləşmişdir. O, hadisə zamanı hadisə yerində ondan, qonşuluqda yaşayan Xəyalə, Qismət, Müşərrəf və Gülnarədən başqa adam olmamışdır. Hadisə vaxtı Qismətin nə oğlu, nədə ki, qızı hadisə yerində olmamış, o da görməmişdir. O, həmçinin Xəyalə ilə Gülnarənin yaxın rəfiqə olduqlarını bildirmiş, ona görə də Xəyalə Gülnarənin dediklərini eynisi ilə ifadəsində göstərmişdir. Ancaq reallıqda o, Qismətin uşaqlarını hadisə yerində görməmiş, hadisə zamanı orada olmamışdılar. Gülnarə Qisməti daşla vurmuş, Müşərrəf isə Gülnarənin ərini daşla vurduğuna görə Gülnarəni vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsi nömrəsiz fərdi yaşayış sahəsində yaşayır. Fərdi olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yolun kənarında tikinti alətlərinin təmiri sexində işləyir. Zərərçəkmiş şəxs tanıyır, qonşuluqlarında yaşayır. Gülnarə ilə münasibəti yoxdur. Həmçinin, qonşuluqda yaşayan Şahid1 da tanıyır, onunla qonşu kimi münasibəti normal olmuşdur. Zərərçəkmiş şəxs ilə bir dəfə aralarında olan münaqişəyə görə 24 avqust 2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şikayəti olmuşdur. Həmin şikayətlə bağlı Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, Xəyyam Rüstəmov tərəfindən araşdırılma aparılmışdır. 03 sentyabr 2021-ci il tarixdə isə həmin faktla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin işlə bağlı qonşusu Şahid1 düzgün izahat verdiyi üçün Zərərçəkmiş şəxs Şahid1 arasında münaqişə olmuşdur. Buna görə də 13 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Nəsirov X3 RPİ-nə qarşılıqlı şikayət ərizələri vermişdilər. Həmin günü yəni, 13 sentyabr 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində işlədiyi sexdə olan zaman Qismətin oğlu Zəlimxan onun oğlu Elcan ilə birlikdə günorta vaxtı olardı sexə gəlmişdilər. Elcan ilə Zəlimxan onun sexində axşam saat 20 radələrinə kimi olmuşlar. Sexdə olan müddət ərzində Elcan ilə Zəlimxan ona bəzi işlərdə köməklik göstərmişdilər. Axşam evə gedəndə isə onlar birlikdə getmişdilər. O, evdə olan zaman Qismət və arvadı Müşərrəf ilə Gülnarə arasında münaqişə olduğunu həyat yoldaşı Zəhrədən eşitmişdir. O, ancaq münaqişəni görməmiş və bu barədə dəqiq olaraq heçnə deyə bilməmişdir. O, həmçinin Gülnarənin yalan danışdığını, Qismətin qızı barəsində dəqiq olaraq heçnə deyə bilməsə də oğlu Zəlimxanın həmin günü onun oğlu Elcan ilə birlikdə onun işlədiyi sexdə olmasını, axşam saat 20 radələrində isə birlikdə evə getmələrini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə - tibbi ekspertizasının 22 sentyabr 2021-ci il tarixli 2217 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində soldan 7-8-9-cu qabırğaların yerdəyişməyən qapalı sınıqları, döş qəfəsinin sol yarısının, onurğa nahiyyəsinin döş şöbəsinin, sol bel nahiyyəsinin, sol budun, sol baldırın qançırları, sol bazunun, hər iki kürək və bel nahiyələrinin çoxsaylı sıyrıqları küt əşya (əşyalar) təsirindən, müayinədən 1 (bir) günə qədər əvvəl əmələ gəlmişlər, qərarda göstərilən tarixdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə insanın bədən hissələrinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində sözügedən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlayaraq, digər bu kimi xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisələri nəzərə alaraq və Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərar qəbul etmişdir. Qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın 23.5-ci hissəsinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ilədək müddət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Qərarın, o cümlədən 10-cu və 11-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində 5 noyabr 2021-ci il tarixli Amnistiyanın tətbiq olunmasına razılığı, həmin Qərara əsasən cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi nəzərə alınaraq, qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin barəsindəki iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, amnistiya aktının dərc olunduğu gündən qanuni qüvvəyə minməsi, aktın barəsində tətbiq ediləcək şəxslərin hüquqi statusunun həmin gündən dəyişməsini nəzərdə tutmur. Amnistiya aktının dərc edildiyi gündən qanuni qüvvəyə minməsi barəsində tətbiq edilən şəxslərin dairəsinin müəyyən edilməsi və aktın tətbiq edilməsi üçün nəzərdə tutulmuş müddətin axımının başlanması üçün zəruri olan zamanı ifadə edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 30 iş saatı müddətinə bərabər tutulduğundan, göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-62/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-62/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver