Məhkəmə qərarları › İş №1(012)-621/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-621/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-621/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, 28-ci məhəllə, ünvan 2, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri, “Daş Bazarı” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,129 qram və 1,015 qram, ümumi təmiz çəkisi 1,144 qram psixotrop maddə metamfetamini 25 manat müqabilində əldə edib üərində olan qara rəngli çantanın içərisinə qoyaraq özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər şəhərciyi”nə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 06:00-da Abşeron rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər Şəhərciyi” ərazisində saxlanılıb Abşeron rayon Polis İdarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan qara rəngli əl çantasının içərisində saxladığı həmin 1,144 qram çəkidə psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, halhazırda göstərdiyi ünvanda yaşayır, özü isə heç bir yerdə işləmir. Narkotik vasitədən və psixotrop maddələdən istifadə edir. 04 iyul 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, “Daş Bazarı”adlanan ərazidən tanımadığı şəxsdən 25 manata psixotrop maddə sayılan metamfetamini istifadə etmək məqsədilə almış və üzərində olan qara rəngli əl çantasına qoymuşdur. 05 iyul 2022-ci il tarixdə səhər saat 06 radələrində Abşeron rayon ərazisində yerləşən “Gənclər şəhərciyi” ərazisinə iş yerinə gələrkən polis əməkdaşları ona yaxınlaşaraq, sənədlərini istəmişlər, lakin özünü şübhəli apardığı üçün onu Abşeron RPİnə dəvət etmişlər. Abşeron RPİ-nin inzibati binasında xidməti otaqların birində müdafiəçisi X4 iştirakı ilə polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmiş və üzərində hər hansı bir maddə gəzdirməsi və saxlanması, qadağan olunmuş əşya və maddənin olubolmamasını soruşmuşlar. Ona görə də üzərində olan qara rəngli əl çantasında olan iki bükümü masanın üzərinə qoyaraq bildirmişdir ki, təqdim etdiyi psixotrop maddə metamfetimindir və onu Sumqayıt şəhərində “Daş Bazarı” adlanan yerdə tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Sonra polis əməkdaşları üzərinə şəxsi axtarışı davam etdirmiş və üzərindən başqa hər-hansı qeyri qanuni əşya və maddə aşkar edilməmişdir. Ondan aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetamin olan iki büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, videoçəkiliş dayandırılmış, protokol ucadan oxunmuş və o, həmin protokola imza etmişdir. Sonda o, əməlindən peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 05 iyul 2022-ci il tarixdə Şahid2lə birlikdə saat təxminən 06:00 radələrində Abşeron rayonu ərazisində yerləşən “Abşeron Gənclər Şəhərciyi” ərazisində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıblar, ondan özünü təqdim etməsini xahiş ediblər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyib. Ona hansı səbələ “Abşeron Gənclər şəhərciyi“ ərazisinə gəldiyini soruşublar. O, tanışı olduğunu və onu görmək üçün gəldiyini deyib. Bu vaxt həmin şəxs qaçmaq istəyib və onlar onu saxlayıb xidməti avtomobilə əyləşdirərək Abşeron RPİ-nə gətirib növbətçi hissəyə təhvil veriblər. Polis İdarəsinə gələrkən həmin şəxs onlara üzərində psixotrop maddə metamfetamin olduğunu və bu səbəblə onlardan qaçmaq istədiyini deyib. Onu növbətçi hissəyə təhvil verdikdən sonra məlum olub ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Ona görə də bu barədə raportla məruzə ediblər. Ona polis əməkdaşları tərəfindən hüquqları izah edildikdən sonra vəkil dəvət edilib. Üzərinə şəxsi axtarış keçirilib və ona üzərində qanunsuz hər hansı bir əşya varsa masanın üzərinə qoyması təklif edilib. Bundan sonra Ağamməd əlindəki qara rəngli çantasından bir ədəd «Winiston» markalı siqaret qutusunu çıxarıb içərisindəki bir ədəd sellofan bükümdə, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş formada bükümü çıxardaraq təqdim edib. Həmin bükümlərin içərisində şüşə kimi tanınan metamfetamin olduğunu, 1 gün əvvəl “İnstaqram” sosial şəbəkəsindən İran İslam Respublikası vətəndaşı Aşqan adlı şəxsdən kart hesabına 25 manat kgcürməklə aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirib. İçərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 2 ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırılıb. Qabdaşdırma aparıldıqdan sonra Ağamməd özü və iştirakçılar imza edərək təsdiq ediblər. Bu barədə protokol tərtib edilib. Protokol ucadan oxunub və imzalarla təsdiq edilib. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 qeyd etdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid X1 elan olunmuş ifadəsindən görünür ki, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır. Himayəsində 3 uşağı var. Təqsirləndirilən şəxs böyük oğludur. Təqsirləndirilən şəxs fərdi işlə məşğul olur və əldə etdiyi pulu da evə gətirir. Oğlu Təqsirləndirilən şəxs son zamanlar narkotik vasitə aludəçisi olduğunu bilmir. 05 iyul 2022-cı il tarixdə oğlu evdə olmuş və onu səhər tezdən Gənclər şəhərciyində olan iş yerinə yola salmışdır. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixotrop maddə ilə tutulmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 05 iyul 2022-cı il tarixdə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və ekspertin 05 iyul 2022-cı il tarixli 6\3679 saylı rəyindən aydın olur ki, «…Təqsirləndirilən şəxs üzərindən….» sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,129 qram, 1,015 qram, ümumi təmiz çəkisi 1,144 (qalıq 1,044) qram olan ağ rəngli kristallik hissəcimklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 07 iyul 2022-ci il tarixdə məhkəmə-narkoloji ekspertizası təyin edilmiş və ekspertin 12 sentyabr 2022-cı il tarixli 5136 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu yəni narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert rəyindən sonra qalıq qalmış Təqsirləndirilən şəxs əl çantasından şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş iki ədəd bükümdə, təmiz çəkisi 1,144 qram psixotrop maddə-metamfetaminin ekspertiza keçirildikdən sonra 1,044 qram qalığı maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin Saxlanc Anbarına təhvil verilmiş, bir ədəd CD diski iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulandan sonra, üzərində şəxsi axtarış keçirilən anları əks etdirən 1 ədəd CD formatlı diskə baxış keçirilmiş, maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Binəqədi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Abşeron Rayon Məhkəməsinin 4(012)-436/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqa 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-38/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd CD diskə baxış keçirlərkən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağa olunmuş hər hansı bir narkotikə bənzər vasitələrin olub-olmamasını soruşduqda o, üzərində olan qara çantanın içərisində saxladığı psixatrop maddə olan metamfetaminə bənzər bir büküm təqdim etdi. Həmin bükümü bir gün əvvəl Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 25 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-38/2021 saylı, xx.xx.2021ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron rayon Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-38/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzası Abşeron rayon məhkəməsinin 7(012)-214/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə amnistiya tətbiq edildiyi üçün təyin edilmiş cəza 01 il azaldılmış, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək cəzasının 01 il 02 ay 24 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 09 ay 02 gün təşkil edir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 4(012)-38/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 ay 02 günü 2 günü azadlıqdan məhrumetmənin 1 gününə hesablanaraq, 04 (dörd) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Bayramov X6 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 4(012)-436/2022 saylı, 06 iyul 2022--ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 05 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 81 (səksən bir ) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,044 qram psixatrop maddə metamfetamin məhv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-38/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 02 (iki) günü 2 (iki) günü azadlıqdan məhrumetmənin 1 (bir) gününə hesablanaraq, 4 (dörd) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək, Bayramov X5 qəti olaraq, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,044 qram psixatrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar