Məhkəmə qərarları › İş №1(012)-621/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-621/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-621/2024 19.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X5, Təqsirləndirilən şəxs, Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 aprel 2024-cü il tarixdə, saat Abşeron rayon Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 24 dekabr 2023-cü il tarixdə saat 21:30-da özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «Hyundai Sonata» markalı, **-KC- *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmin maddənin tələbinə riayət etməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara riayət etməyərək, Abşeron rayonu, Saray qəsəbəsi, «Ticarət mərkəzi»ın qarşısında yolu sağdan sola keçmək üçün yolun hərəkət hissəsinə daxil olaraq adi yerişlə hərəkət edən piyada X3 avtomobilin ön sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyadanın baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, alın nahiyəsinin hematoması və əzilmiş-cırılmış yarasından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına, baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması ölümünə səbəb olmuşdur. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi «Hyundai Sonata» markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Əvvəllər heç bir zaman yol-nəqliyyat hadisəsi törətməmşdir. Hadisə zamanı avtomobildə sərnişin olmamışdır. 24 dekabr 2023-cü il tarixdə, təxminən saat 21:00 radələrində idarə etdiyi nəqliyyat vasitəsi ilə təxminən 40-50 km. sürətlə Bakı şəhərindən yaşadığı Sumqayıt şəhəri istiqamətində hərəkət edən zaman Saray qəsəbəsinə çatarkən təqribi 8-10 metr aralı bir piyada qadının “Ticarət mərkəzininin qarşısında yolu sağdan sola doğru üzü “100 Petrol” yanacaq doldurma məntəqəsi istiqamətinə keçmək istədiyini görmüşdür. O, avtomobili idarə edən zaman elə zənn etmişdir ki, həmin piyadaya çatanadək sonuncu yolu keçmiş olacaq. Bu səbəbdən o, avtomobilin surətini azaltmayaraq, eyni surətlə davam etmiş, idarə etdiyi nəqliyyat vasitəsi yolu keçməkdə olan piyada çatarkən sonuncu yolu keçib qurtarmamış, yolun orta hissəsində dayanaraq, əks yoldan gələn avtomobillər tərəfə baxmışdır. O, piyadanı vurmamaq üçün əyləci basıb, avtomobili saxlamaq istəsədə, lakin artıq həmin piyadanı avtomobilin sol hissəsi ilə vurmuşdur. Piyada aldığı zərbədən onun avtomobilinin qabaq sağ şüşəsinə çırplaraq, yerə yıxılmışdır. O, cəld olaraq avtomobili saxlayaraq, düşmüş və həmin vaxt ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə qadını yerdən qaldıraraq avtomobilinə qoyduqdan sonra onu Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparmışdır. Xəstəxanada həmin qadına ilkin tibbi yardım göstərildikdən sonra o, hadisə yerinə qayıtmış və oraya gələn Abşeron RPİ-nin polis əməkdaşları baş verənləri sənədləşdirərək, fotoşəkillər çəkmiş və onu izahat vermək üçün idarətə dəvət etmişlər. O, hadisədən əvvəl narkotik vasitələrdən, psixotrop maddələrdən və ya alkoqollu içkidən istifadə etməmiş, həmin anda tam ayıq vəziyyətdə olmuşdur. Baş vermiş hadisədə təqsirli olduğunu qəbul edir. Sonda Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, ailədə yeganə gəlir gətirən şəxsin özünün olduğunu, törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsin həyatını xilas etməyə çalışsa da, buna nail ola bilmədiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, ağır cəzaya məhkum olunduğu təqdirdə himayəsində olan aləsinin yaşayış şəraitinin pisləşəcəyini bildirərək, məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

3. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

4. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

5. Məhkəmədə mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, mərhum onun anasıdır. X15 24 dekabr 2023-cü il tarixdə, saat təxminən 21:30 radələrində işlədiyi Abşeron rayonu, Saray körpüsünün yaxınlığından evə qayıdarkən Bağlar yolunun dönəcəyində olan işıqfordan keçərkən sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi «HYUNDAİ SONATA minik» markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə vurmuş və anası Alidə Dəmirova aldığı bədən xəsarətlərindən vəfat etmişdir. O, anasını evə aparmaq üçün sonuncunu qarşılamağa gedən zaman uzaqdan yol nəqliyyat hadisəsi baş verdiyini görmüş, lakin həmin şəxsin anası olduğunu bilməmişdir. O, anası ilə əlaqə yaratmağa çalışsa da sonuncu telefon zənglərinə cavab vermədiyindən narahat qalmış və hadisə yerinə getmişdir. Yerdə olan şəxsin paltarlarını görən kimi anlamışdır ki, baş vermiş hadisədə xəsarət alan piyada anasıdır. Alidə Dəmirova avtomobilə qoyularaq xəstəxanya aparılsa da, orada həkimlər anasının aldığı bədən xəsarətlərindən vəfat etdiyini bildirmişdir. Anasının nəşi məhkəmə-tibbi ekspertizası müayinəsindən keçirilmiş, onlara təhvil verilərək dəfn edimişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ona maddi və mənəvi dəymiş ziyanı ödədiyini, onun təqsirləndirilən şəxsdən hər hansı şikayəti və ya tələbi olmadığını, təqsirləndirilən şəxsin gənc yaşda olmasını və hadisənin ehtiyatsızlıqdan baş verməsini nəzərə alaraq, məhkəmədən ona hər hansı cəza təyin edilməməsini xahiş etdi.

6. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir.

Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

7. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 dekabr 2023-cü i tarixli qərardan görünür ki, 24 dekabr 2023-cü il tarixdə saat 21:50 radələrində Sumqayıt TTY xəstəxanasından tibb bacısı Bayramova Abşeron RPİ-nin NH-nə, Saray qəsəbəsində YNH zamanı 1957-ci il təvəllüdlü X2 xəsarət alması və Sumqayıt TTY-da aldığı xəsarətlərdən vəfat etməsi barədə məlumat əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X12 tərəfindən ********* nömrəli cinayət işi başlanılaraq sonuncu tərəfindən istintaqı davam etdirilmişdir.

8. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol, ona əlavə edilmiş fotocədvəl və sxemdən görünür ki, hadisə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Ticarət Mərkəzi»ın qarşısında baş vermişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 24 dekabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş fotocədvəl və sxemdən görünür ki, sürücü Təqsirləndirilən şəxs və iki nəfər hal şahidinin iştirakı ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayonu, Saray qəsəbəsi, “Ticarət Mərkəzi” marketin qarşısıdır. Baxış axşam saatlarında, qaranlıq havada, 19 dərəcə temperaturda, Abşeron rayonu, Saray qəsəbəsi, “Ticarət Mərkəzi” marketin qarşısından Sumqayıt şəhəri istiqamətində keçirilmişdir. Hadisənin növü – bir nəfər piyadanın vurulmasıdır. Yolun hərəkət hissəsi düz yoldur. Örtüyün növü asfaltdır, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 20 metr, hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 9 metrdir. Hərəkət hissəsini hərəkət yoluna bölən qırıq-qırıq xətti vardır. piyada avtomobil yolunu piyada keçidi ilə yolun qarşı istiqamətinə keçən zaman vurulmuşdur.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli 6479 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır.

10. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 24 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, «HYUNDAİ SONATA minik» markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxlanıldığı Abşeron rayonu, Saray qəsəbəsi, “Ticarət Mərkəzi” marketin qarşısında baxış keçirilmişdir. Avtomobilin qabaq sol qanadının uc hissəsində batıq və ön şüşəsinin sol tərəfinin qatlayıb sınması izləri aşkar olunmuşdur. Avtomobilin sükan və idarə sistemi, tormoz sistemi, əl tormozu vəziyyəti və surət ötürücüsü saz vəziyyətdədir. Baxış zamanı fotoaparatla fotoşəkillər çəkilərək protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Baxış saat 22:55-də başlanılmış, saat 23:15-də bitmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.

11. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında” 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə X2 ölməsi ilə əlaqədar sonuncunun övladı X8 ərizə ilə müraciət edərək zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin “Meyitin məhkəmə tibbi ekspertizasının” 25 dekabr 2023-cü il tarixli 191 saylı rəyindən görünür ki, X2 meyiti üzərində baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, alın nahiyəsinin hematoması və əzilmiş-cırılmış yarası həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən əvvəl, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan Ağır zərər vurmanın əlamətlərinə malikdirlər; mərhum X2 ölümünə səbəb-baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Meyit əlamətlərin inkişaf dərəcəsinə görə əsasən demək olar ki, ölüm onun meyitinin meyitxanadakı (xx.xx.2023, saat 01:00) müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir və bu da mərhumun adına tərtib olunan stasionar xəstənin tibbi kartasında qeyd olunan xx.xx.2023-cü il saat 22:15-də baş verməyə uyğundur, mərhum X2 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 03 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

14. xx.xx.2015-ci il tarixli, AE seriyalı, 017141 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmasına dair vəsiqə verilmişdir.

15. “Məhkəmə yol-nəqliyyat ekspertizasının” 14 fevral 2024-cü il tarixli, 8/116 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Hyundai Sonata” markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır.

16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin 02 mart 2024-cü il tarixli məlumatına əsasən xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AE017141 nömrəli, “BC” kateqoriyalı sürücüük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhrum edilənlər siyahısında aşkar olunmamışdır.

17. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur.

18. “Qətimkan tədbiri seçilməsi barədə” 08 mart 2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir.

19. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə müstəntiq Rəşad Cəfərov tərəfindən ibtidai istintaq tamamlanaraq 13 mart 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktı 14 mart 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir.

20. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən hadisəni özündə əks etdirən videogörüntülər olan bir ədəd disk və Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılmasl nəzərə alınmışdır.

21. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən təqdim olunmuş 28 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir, ona ona heç bir şikayəti və iddiası yoxdur. Təqsirləndirilən şəxs barəsində hökm çıxararkən məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş edir.

22. Azərbaycan Respubliaksı Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatl İstehsalat Birliyinin 10 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqyıt şəhəri, 112-ci mkr, bina 5, mənzil 59 ünvanında yaşayır, barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.

23. Nikah Haqqında 21 iyul 2019-cu il tarili, AZ-İİ 350029 nömrəli və Sumqayıt Asan Xidmət Mərkəzinin xx.xx.2020-ci il tarixli, AZ-İV 447917 nömrəli doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 birgə nikahından himayəsində xx.xx.2020-ci il təvəllüdlü X10 adlı azyaşlı uşağı vardır.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

24. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

25. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

26. CM-in 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir.

27. CM-in 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

28. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmətexniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olubolmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər.

30. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

31. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 263.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər.

32. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilərək başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir.

33. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

34. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

35. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclaslarında verdiyi etirafedici ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.

36. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

37. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması halı tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263.2-ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

39. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

40. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

41. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

42. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X8 ilə barışıq əldə etməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə kömək göstərməklə həyatını xilas etməyə cəhd etməsini, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

43. Məhkəmə CM-nin 60.1–ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

44. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

45. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

46. CM-in 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur.

47. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir.

48. CM-in 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

49. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində 08 mart 2024-cü il tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

50. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır.

51. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkməsinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.

52. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

53. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən ( maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

54. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

55. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur, mülki iddia verilməmişdir.

56. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

57. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

58. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi2 göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir

59. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu işə baxan hakim (hakimlər) tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

60. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

61. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında, “Hyundai Sonata” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsində saxlanılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 150 (bir yüz əlli) manat əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar