Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-621/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 23 avqust 1966-cı il tarixdə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” Yaşayış Kompleksi bina 9 mənzil 77 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 15 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksinin yaxınlığında yerləşən avtobus dayanacağında idarə etdiyi “Daevo” markalı **-TH-*** qeydiyyat nişanlı avtobusun salonunda sərnişin qismində olan Zərərçəkmiş şəxs kartla gediş haqqını ödəmədiyinə və sonuncunun telefonu ilə onu çəkiliş etdiyinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə bir neçə dəfə vuraraq ona sol gözünağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının qançır-şişkinliyi, sol gözün üst göz qapağının qançır-şişkinlik fonunda əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq nahiyəsinin qançırı, boyun və bel nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, "xxxx" MMC-yə məxsus “Daevoo” markalı **-TH-*** qeydiyyat nişanlı, 165 nömrəli xətt avtobusda sürücü olaraq çalışır. Baş vermiş hadisəyədək Zərərçəkmiş şəxs tanımamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə, nahar saatlarında “20 yanvar” metrostansiyası yaxınlığında idarə etdiyi 165 saylı avtobus xətti ilə duracaqdan sərnişinləri qəbul etdikdən sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətində hərəkət etməli olmuş, bir qadın avtobusa kartla ödəniş etmədən keçmiş, o, həmin qadına irad tutaraq ödəniş etməsini tələb etmişdir. Bu zaman həmin şəxs əsəbləşərək, ona “əcəb edirəm, sən kimsən?” ifadəsini işlətmiş, o da sonuncuya avtobusun sürücüsü olduğunu və vəzifəsinin bu olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onun bu sözlərinə məhəl verməmiş, hətta digər sərnişinlər onun yerinə ödəniş etmək istədikdə sonuncu onlara razılıq verməmiş həm onunla, həm də digər sərnişinlərlə mübahisə yaratmışdır. O, Həmin şəxsin aqresiv və mübahisəyə meyilli biri olduğunu görüb buna əmin olduqdan sonra ona heç bir söz deməmişdir. O, hərəkətini davam etdirərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksinin yaxınlığında yerləşən dayanacaqda yolu bitirərək, avtobusu saxlamış, bütün sərnişinlər avtobusdan düşsə də, lakin Zərərçəkmiş şəxs düşməmiş və onu mobil telefonu vasitəsi ilə kameraya çəkmişdir. O, Zərərçəkmiş şəxs avtobusda kameraların olmasını, həmin görüntülərə ehtiyac olmadığını bildirdikdə sonuncu onun sinəsindən tutmuş və ona “sənin ölülərinə nəhlət” ifadəsini işlətmişdir. O, həmin qadının dediklərindən əsəbləşdiyi üçün özünü saxlaya bilməyərək, onu vurub özündən uzaqlaşdırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etməsindən xəbər tutmuşdur. Hadisə idarə etdiyi avtobusda baş verməklə, təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisəyə səbəb Zərərçəkmiş şəxs məqsədli şəkildə mübahisə yaradaraq onu əsəbləşdirməsi özündən çıxarması olmuşdur. Sonda əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin onu bu əməli törətməsinə təşviq etməsini, həmçinin zərərçəkmiş şəxslə barışmaq üçün cəhd etməsini bildirməklə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. O, 15 noyabr 2024-cü il tarixdə günorta saatlarında 20 yanvar metrostansiyasının yaxınlığından 165 saylı xətt avtobusuna minib, iş yerinə getmək istəmiş, müəyyən səbəblərdən avtobus kartına pul vura bilməmişdir. O, işə mütləq getməli olduğundan məcbur qalaraq ödəniş etmədən avtobusa minmərək, boş oturacaqlardan birində əyləşmək istəmiş, sürücü ondan ödəniş etməsini tələb etmiş, o, isə ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu zaman həmin avtobus sürücüsü ilk olaraq onu nəlayiq ifadələrlə təhqir edərək, hədələməyə başlamış, daha sonra isə üzərinə hücum çəkmək istəmiş, bu zaman avtobusdakı digər sərnişinlər araya girmiş və həmin adamın ona xəsarət yetirməsinə əngəl olmuşdur. Sürücü hadisə ilə bağlı çox əsəbi olduğundan və ona xəsarət yetirəcəyindən qorxduğu üçün hələ 3-cü mikrorayon dairəsində olarkən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin gün avtobus sürücüsü sonuncu dayanacağa çatdıqda avtobusda heç kimin olmamasından istifadə edib, qapıları bağlamış, üzərinə hücum çəkərək, bir dəfə yumruqla sifət nahiyəsindən vurmuş, daha sonra yerə yıxaraq təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, bəlkədə ölməsini istəmişdir. Bu zaman avtobusda heç bir sərnişin olmamış, həmin sürücü zərbənin təsirindən avtobusun pəncərəsinə dəymişdir. Sürücü onun sinəsindən tutub özünə çəkmiş və yenidən sol göz nahiyyəsindən yumruqla bir dəfə vurmuş, o, aldığı zərbənin təsirindən huşunu itirmiş və yerə yıxılmışdır. Bir müddət keçdikdən sonra o, özünə gəlmiş və polisə müraciət edərək, döyüldüyünü bildirmişdir. Uzun müddət keçməmiş polis əməkdaşları oraya gəlmiş, o və sürücü Mehdiabad polis bölməsinə aparılaraq, baş verənlər haqqında məlumat almışdırlar. Sonda əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanunauyğun cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 28 noyabr 2024-cü il tarixdə verilmiş 2664 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının qançır-şişkinliyi, sol gözün üst göz qapağının qançır-şişkinlik fonunda əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq nahiyyəsinin qançırı, boyun və bel nahiyyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2024-cü il tarixdə insan bədəni hissələrinin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir;
2. “Cinayət işinin icraata başlanması və aidiyyəti üzrə göndərilməsi barədə” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/2067 nömrəli materialda cinayət əlamətlərinin mövcudluluğuna dəlalət edən kifayət qədər xüsusatlar olmasını nəzərə alınaraq, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqın aparıması üçün Abşeron RPİnin İstintaq Şöbəsinə göndərilmişdir;
3. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilməklə, istintaqı aparılmışdır;
4. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 02 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, onun törətdiyi cinayət əməlini ifşa edən özünün, zərərçəkən şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və sonuncunun əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrı sübut növü kimi qəbul olunmuşdur;
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;
7. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 noyabr 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 221.1-ci maddələri ilə təqsirli bilinərək, 06 ay müddətdə aadlıqdan məhrum edilməklə 775.000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü ildə cəzasının sonu ilə azad olunmuşdur.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, o ifadəsində zərərçəkmiş şəxsin sacından tutduğunu lakin onun barmağını qırmadığını qeyd etmişdir. Ekspertiza rəyi tədqiq edilərkən məlum olmuşdur ki, hər iki şəsin bədəni üzərində müxtəlif xəsarətlər aşkar edilmişdir. Bu da bir daha onu sübut edir ki, təqsirləndiriləniun dediyi kimi münaqişə yalnız saç yonulmasından ibarət olmamış, onun tərəfindən zərərçəkmişə və zərərçəkmiş tərəfindən ona əlavə xəsarətlər də yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün cəhdlərini formal əsaslandırmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi bina 9 mənzil 77 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” Yaşayış Kompleksi bina 9 mənzil 77 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 25 (iyirmi beş) saat hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən: Abusət Qasımov