Məhkəmə qərarları › İş №1(012)-622/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-622/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-622/2024 18.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Goranboy rayon, Nadirkənd kəndində qeydiyatda olan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-173/2024 saylı, 16 may 2024cü il tarixli hökmü ilə 2 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:20 radələrində Abşeron rayonu Xırdalan şəhəri, M.İbrahimov küçəsində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı «Opel Astra» markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomaşınının qapısının açıq və açarının üzərində olmasından istifadə edərək sükan arxasına əyləşib sürərək avtomobili talama məqsədi olmadan ələ keçirərək qaçırıb Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsi istiqamətində idarə edərkən post patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımır, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayon Xırdalan şəhəri “Narzan” adlı kafedə spirtli içki olan pivə içmiş, sonra 1 il əvvəl rəsmi qaydada boşandığı arvadı X4 və az yaşlı övladını görmək üçün onların Abşeron rayon Xırdalan şəhəri M.İbrahimov küçəsində kirayə yaşadıqları ünvana getmişdir. Lakin evdə olmadıqları üçün ona qapını heç kim açmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində piyada geri qayıdan zaman həmin küçədə yolun qırağında dayanmış metalik rəngli “Opel Astra” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsindən baxıb saçını düzəldən zaman avtomobilin açarının üzərində olduğunu görmüş və sürmək məqsədilə həmin avtomobilin qapısını açaraq əyləşmiş, əyləşdikdən sonra avtomaşının üzərində olan açar vasitəsi ilə mühərriki işə salaraq idarə etməyə başlamışdır. Sonra avtomobili Bakı şəhərində bir qədər sürdükdən sonra Qaradağ rayonu Ələt qəsəbəsinə getmiş, Ələt qəsəbəsində hərəkətdə olan zaman PPX-nin əməkdaşları uzun yan verən işıqlardan istifadə edərək avtomaşını sağa çəkməyini tələb etmişlər. O da etiraz etməyərək idarə etdiyi “Opel Astra” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun qırağına çəkərək saxlamışdır. Sonra polis əməkdaşları özlərini təqdim edərək avtomobili qaçırması haqqında ona suallar verməyə başlamışlar. Etdiyi əməldən peşman olduğunu, sərxoş olduğu üçün elə bir hərəkət etdiyini səmimi etiraf etmiş və sonra onu polis bölməsinə dəvət etmişlər. Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda olduğu üçün yalnız sürmək üçün qaçırtmışdır. Nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Həmin avtomobili qaçıran zaman heç kimin köməyindən istifadə etməmişdir. Niyyəti yalnız avtomobili qaçırıb sürmək olmuşdur. O, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxlə barışıq əldə etməsini, ona qarşı zərərçəkmiş şəxsin şikayətinin olmadığını bildirərək barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, , Cəlilabad rayon Ocaqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi, nömrəsiz fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Ailəsini dolandırmaq üçün suvaq, rəngsazlıqla və.s işlərlə məşğul olaraq ustalıq edir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon Xırdalan şəhəri Mirzə İbrahimov küçəsində yaşayan X3 həmin ünvanda yerləşən fərdi yaşayış evinin həyətinin hasarının çöl hissəsinə rəng vurmaq üçün iş təklifi almış və saat 09 radələrində sözügedən ünvana arvadı X2 adına olan, etibarnamə əsasında idarə etdiyi metalik rəngli “Opel Astra" markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişdir. Avtomobili işlədiyi evin qarşısında park etmiş və açarı avtomaşının üzərində saxlamışdır. Evin hasarına rəng vurduqdan sonra ev sahibi ona yemək yeməyi təklif etmiş, o da etiraz etməyərək ev sahibi ilə getmişdir. Evdə yemək yeyib küçəyə çıxdıqda, saat 12:17 radələrində avtomobilini saxladığı yerdə görməmiş, məlum olmuşdur ki, avtomobil naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılmışdır. Bundan sonra o, DİN-nin ”102" xidməti zəng mərkəzi sisteminə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonradan avtomobilini qaçıran şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə gətirilmişdir. Onun avtomaşınına hər hansı bir maddi ziyan dəyməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmasını, ziyanın təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyini, ona qarşı şikayət və tələbinin olmamasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması haqqında” barədə 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci ilə ********* nömrəli cinayət işi başlanılmışdır - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Axtarış elan edilməsi haqqında” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X5 barəsində axtarış elan olunmuşdur. - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırımışdır. - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Nicat Naibov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qisində cəlb edilmiş, müvafiq məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Təqsirləndirilən şəxs yeri müəyyən edildiyindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-376/2024 saylı 01 may 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətmkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 fevral 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixi qərarı ilə ona təyin olunmuşdur azadlığın məhdudlaşdırılması cəzası 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, 19 yanvar 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı **- FJ-*** dövlət nömrə nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-173/2024 saylı, 16 may 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə həbsdə olduğu 04 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmasını, dəymiş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbinin olmamasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmişin ona qarşı şikayətinin olmadığını bildirmişdir. Barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in 72-73-2 və 74-1-ci maddəsində nəzərdə tutulmuş maddələrlə cinayət məsuliyyətinə cəlb edilərək cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan yazılı ərizəsini, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair yazılı razılığını, həmçinin iş üzrə təqsiləndirilən şəxsin əvvəllər CM-in 72-73-2 və 74-1-ci maddəsində nəzərdə tutulmuş maddələrlə cinayət məsuliyyətinə cəlb edilərək cinayət məsuliyyətindən azad edilmədiyini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Lakin təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə qətimkan tədbiri seçilməmişdir. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs məxsus Opel Astra minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs CM-in 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs məxsus “Opel Astra” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar